M.Ə.Sabir satirasının təsir gücü onun mahiyyətində, ictimai
funksionallığında, həyata nüfuzetməsində idi. Onun satirası da, məhz
bu amillərdən güc alır və “qoxumuş, əskimiş mühiti idealına uyğun-
laşdırmaq, onun nöqsanlarını açıb göstərməklə bir mühit, başqa bir
aləm yaratmaq üçün çalışırdı” (2, 49).
Ədəbiyyatın ictimai idealı olaraq xalqın gələcəyini, azadlığını
ifadə etməsi vətəndaş-şair tandemini, istər-istəməz, önə çıxarır. Bu
prosesdə ictimai-siyasi satira və realist təsvirlərin başlıca yer tutması
sənətin və sənətkarın həqiqi vəzifəsini müəyyən edir. M.Ə.Sabir sati-
rasının milli-estetik idealı yalnız müəyyən bir mərhələ ilə məhdudlaş-
mır, həm də özündən sonrakı satirik şeirin inkişaf yollarını müəyyən-
ləşdirir. Xalqın səadəti və vətənin azadlığını bütün ideallardan yuxarı
tutan vətəndaş-şair şeiri ictimai hadisələrin qiymətləndirilməsində,
xalqın dərdlərinin təsvirində mütərəqqi mövqe tutan C.Məmmədqulu-
zadə yaradıcılığı, əslində yalnız bir ədəbi hadisə deyil, həm də ictimai-
siyasi hadisələrin bədii ədəbiyyatda inikasıdır. Sənətin və sənətkarın
həqiqi vəzifəsinin xalqa həqiqəti deməkdən ibarət olduğu bir zamanda
hər iki məsləkdaş bu vəzifəsinin öhdəsindən məharətlə gəldilər, hətta
xalqa həqiqəti deməyin cəsarət nümunəsi məktəbinin əsasını qoydular.
Ədəbiyyatşünas M.Əlioğlu bu dövrdə ədəbiyyatın, sənətkarın vətən-
daşlıq qürurundan danışarkən yazırdı: “Sabirin acı kinayə, şiddətli
sarkazm və satirik gülüşlə meydana çıxardığı eybəcərlikləri C.Məm-
mədquluzadə ciddi səpkidə kəskin tənqid atəşinə tutmuşdur.
C.Məmmədquluzadə Sabirdən fərqli olaraq həyat hadisələrinə
və ictimai məsələlərə münasibətində daha çox siyasi xadim kimi hə-
rəkət etmişdir. O, nəsr əsərlərində olduğu kimi, məqalə və felyeton-
larında da xalqın azadlıq mübarizəsinə kömək edən fikirləri xüsusi bir
aydınlıq və qətiyyətlə söyləmişdir (3, 133).
Bu dövrdə xalqla br yerdə olmaq, həqiqəti və həyatda görmək
istədiyi idealları qələmə almaq, vətəndaş kimi yüksəlmək Ü.Hacıbə-
yov, Ə.Haqverdiyev, Ə.Müznib, Ə.Qəmküsar, Ə.Nəzmi yaradıcılığın-
da daha qabarıq şəkildə üzə çıxır. Əslində bu dövrü ədəbiyyatımızda
satira mərhələsi, yaxud ədəbiyyata və sənətdə vətəndaşlıq epoxasının
təşəkkülü dövrü də adlandırmaq olar. Ədəbiyyatla sənət
sanki satirada,
tənqidi realizmdə olduğu kimi, bu qədər bir-birinə yaxın olmamış və
biri digərini bu qədər reallıqla tamamlamamışdı. İlk dəfə olaraq, sati-
rada xalqın ictimai idealları, arzu və istəkləri bütün reallığı və kəskin-
liyi ilə əks olunur. Ədəbiyyat ictimai prosesləri təsvir etmək gücünə
malik olduğu kimi, həyat da ədəbiyyata yeni mövzular, ideyalar verir,
ictimai proseslərdə onun rolunun artmasına imkan yaradırdı. Satira
təkcə ayrı-ayrı nöqsan və çatışmazlıqları tənqid etməklə kifayətlənmir,
bütövlükdə həyatı realist təsvirə çalışır, mövcud ictimai-siyasi qurulu-
şa qarşı çıxırdı. Hətta poeziyadakı M.Ə.Sabir fenomeni ictimai-siyasi
mübarizədə böyük təsir vasitəsi rolunda çıxış edirdi.
Akademik İ.Həbibbəyli Sabir satirasının mahiyyətini çox doğru
olaraq belə ifadə edir: “Mirzə Ələkbər Sabirin satirik şeirləri hər şey-
dən əvvəl Azərbaycan xalqının konkret tarixi şəraitdəki ərzi-halının
bədii ifadəsindən ibarətdir. Yaşadığı dövrün Azərbaycan üçün yarat-
dığı sosial-siyasi çətinlikləri, mənsub olduğu xalqın əksəriyyətinin
mədəni və ictimai geriliyindən doğan ciddi problemlər, mövhumat və
cəhalət əleyhinə barışmaz mübarizə, qadın azadlığı məsələsi Sabirin
satira yaradıcılığının əsas mövzularını təşkil edir” (4, 114).
Lakin tarixən satira cəmiyyətin müxtəlif dövrlərində eyni təsir
qüvvəsinə və arealına malik olmamışdır, onun cəmiyyətdəki dominant
rolu tarixin və ictimai-siyasi proseslərin mərhələləri ilə şərtləndiril-
mişdir. Buna görə də satiranın tənqidi pafosu, gücü, ya “dişsizliyi”
çox zaman konkret zaman və məkanla bağlı olmuşdur. Bu cəhətdən
ayrı-ayrı dövrlərdə satiranın hərəkət trayektoriyasının qabarma və çə-
kilmələrlə getdiyini müşahidə etmək mümkündür. XIX yüzil boyu rus
ədəbiyyatında müşahidə edilən satirik qabarma Azərbaycan ədəbiyya-
tında da anoloji inkişaf yolu keçmişdir. Satiranın təşəkkülü prosesində
onun inkişafını şərtləndirən digər amillər də vardır ki, bu amillər
Azəraycan ədəbiyyatının M.Ə.Sabirdən sonrakı
inkişaf prosesinə əsas-
lı şəkildə təsir göstərmişdir. Bundan başqa demokratik cəmiyyətdə ya-
şayan xalqlarla, ağır sosial-iqtisadi və müəyyən siyasi senzura şə-
raitində yaşayan xalqların satirik düşüncə tərzi arasındakı fərqi də nə-
zərdən qaçırmaq olmaz. Deməli, satira müəyyən mənada cəmiyyətin
inkişaf qanunauyğunluğu olaraq təzahür edir və dövrü, mühiti doğru-
düzgün əks etdirməyə yönəlir. Lakin bəzən hakim ideologiya müəy-
yən müddətə olsa da, satiranın, ümumiyyətlə, ədəbiyyatın istiqamətini
dəyişməyə, yaxud onu istədiyi səmtə yönəltməyə müvəffəq olur. XX
yüzilin 20-ci illərində bolşevik diktaturası satiranın istiqamətini də-
yişmək yolunda müəyyən addımlar atdı. Əsrin əvvəllərində yüksələn
xətlə inkişaf edərək özünün M.Ə.Sabir və C.Məmmədquluzadə zirvə-
sinə çatan satira siyasi sistemin dəyişməsilə əlaqədar olaraq bir müd-
dət özünün tənəzzül dövrünü yaşayır, daha sonra isə yeni və özünə-
məxsus inkişaf yolu keçir.
Bütün dövrlərdə olduğu kimi, iyirminci illərdə də əsl ədəbiy-
yatın əsas vəzifəsi həyatı obyektiv göstərmək, cəmiyyət və onun ayrı-
ayrı problemlərilə bağlı zamanın suallarına aydın cavab vermək ol-