Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə10/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

Gənc olmaq, bir qadın həsrəti ilə yaşamaq, kübar həyatını arzulamaq, qarşısında iki evin qapılarının 
açıldığını görmək, Sen-Jermen məhəlləsində möhkəm addımlarla vikontessa de Boseanın evinə daxil 
olmaq və Şosse d’Anten* məhəlləsində qrafinya de Restonun qarşısında diz çökmək, Paris salonlarının 
anfiladasını nəzərdən keçirmək və qadın qəlbində himayə və yardım tapmaq üçün özünü kifayət qədər 
gözəl saymaq, misilsiz bir sıçrayışla bərk çəkilmiş kəndir üzərinə sıçramaq üçün özündə kifayət qədər 
şöhrət ehtirası duymaq, heç vaxt yıxılmayan bir akrobat cəsarəti ilə bu kəndirin üzərində yerimək və 
cazibədar bir qadın simasında ən sınanmış bir çiyinlik ağacı tapmaq nə gözəldir! Torf sobası, yoxsulluq və 
“Qanun məcəlləsi” ilə yanaşı doğan bu fikirlərin və gözləri qarşısında əzəmətlə yüksələn bu qadının təsiri 
altında, bu dalğın fikirlər arasında, kim Ejen kimi öz gələcəyini yoxlamamış, gələcəyini müvəffəqiyyətlə 
bağlamamışdır?! Coşub-daşan fikirlər gələcək sevinclər üçün o qədər şirin vədlər verirdi ki, Ejen artıq 
özünü qrafinya de Resto ilə yalqız təsəvvür edirdi. Lakin bu halda  əzrət  Yusifin dərdli ahına bənzəyən bir 
inilti gecənin sükutunu pozdu. İnilti gəncin qəlbində can verən bir insanın xırıltısı kimi səsləndi. Ejen 
yavaşca qapını açdı, dəhlizə çıxanda Qorio atanın qapısı altından gələn işığı gördü. Ejen qonşusunun halı 
pozulmuş olduğunu zənn edərək, gözünü qapının açar dəliyinə dayayıb, otağın içərisinə nəzər saldı. Qoca 
işləyirdi, lakin tələbənin gördüyü şey o qədər şübhəli idi ki, o, özünü vermişel fabrikantı kimi qələmə 
verən bu şəxsin gecə fırıldaqlarını yaxşıca aydınlaşdırmaqla cəmiyyətə xidmət göstərmək istədi. 
Göründüyü kimi, Qorio ata hələ qabaqcadan stolu yıxıb, ayaqlarını yuxarı çevirmişdi; stolun ara taxtasına 
şorba kasasına bənzəyən bir şey və gümüş bir qab bağlayıb, bu zəngin nəqşlərlə bəzənmiş şeylərin 
ətrafına kəndirə bənzər nə isə dolayaraq, onları elə bir qüvvətlə sıxırdı ki, hamısı əzik-əzik olurdu. 
Anlaşıldığına görə, o, bu şeyləri gümüş külçəsinə çevirmək fikrində idi. 
Rastinyak qızıllanmış gümüş qabları kəndirin köməyi ilə xəmir kimi əzən qocanın damarları görünən 
əllərinə baxdıqca:  “Aha! Kişinin gücünü görürsən! – deyə düşünürdü. Ejen belini düzəldərək, öz-özündən 
soruşdu: – Bəlkə, bu, özünü zəlil, əbləh göstərən və öz peşəsi ilə sakit məşğul olmaq üçün dilənçi kimi 
yaşayan bir oğru, yaxud oğurluq mal alıb-satan bir tacirdir?” 
Tələbə yenə gözünü açar dəliyinə dayadı. Qorio ata kəndiri açdı, bir ovuc gümüş götürüb, yorğanla 
örtülmüş stolun üstünə qoydu və gümüşü yumru şəklə salmaq üçün yoğurmağa başladı. O, bu əməliyyatı 
çox məharətlə eləyirdi. 
Gümüşün yuvarlaq şəklə düşdüyünü gördükdə Ejen öz-özünə: 
– Bəli, – dedi – bu qocanın gücü Polşa kralı II Avqustun* gücündən heç də az deyil! 
Qorio ata qəmgin nəzərlə əlindəki gümüşə baxdı, gözləri yaşardı, sonra isə otağında yanan burma şamı 
söndürdü. Onun ah çəkərək yatağına uzandığını Rastinyak eşidə bildi. 
Tələbə öz-özünə: 
– Bu, divanədir! – deyə düşündü. 
Qorio ata ucadan: 
– Zavallı balam! – dedi. 


Ejen bu sözlərdən sonra belə qərara gəldi ki, bu hadisəni yaymaqdansa susmaq yaxşıdır, bir də, tez-
tələsik qonşunu ittiham etmək mənasızdır. Tələbə yenicə öz otağına girmək istəyirdi ki, birdən xəfif xışıltı 
eşitdi. Bu xışıltı yumşaq başmaq geymiş adamların pilləkəndən düşməsini xatırladırdı. Ejen diqqətlə qulaq 
asdı. Həqiqətən, iki şəxsin nəfəs aldığını duymaq olurdu. Nə qapı cırıldadı, nə ayaq səsləri eşidildi. 
Rastinyak ancaq üçüncü mərtəbədə Votrenin otağında zəif işıq yandığını dərhal gördü. 
Öz-özünə: 
– Ailə pansionunda nə qədər sirr var imiş! – dedi. 
Ejen bir neçə addım aşağı enib dinləməyə başladı, qulağına qızıl cingiltisi gəldi. Bir az sonra işıq söndü, 
qapı yenə cırıldamasa da, qaranlıqda iki şəxsin nəfəsini duymaq olurdu. Sonra bu iki şəxs pilləkəndən 
aşağı düşdükcə səs də uzaqlaşaraq itib gedirdi. 
Voke pəncərəsini açıb: 
– Orada gəzən kimdir? – deyə bağırdı. 
Votren astadan yoğun səsi ilə cavab verdi: 
– Mənəm, Voke cici, öz otağıma gedirəm. 
Ejen isə otağına dönərkən öz-özünə fikirləşirdi: 
“Çox qəribədir! Kristof qapının rəzəsini çəkmişdi. Parisdə, ətrafda baş verən hadisələri yaxşı bilmək üçün 
gecələr qətiyyən yatmaq yaramaz”. 
Bu iki kiçik hadisə Ejeni şöhrətpərəstlik və eşq xülyalarından uzaqlaşdırdı. O əyləşib çalışmağa başladı. 
Lakin fikirləri çox dağınıq idi, çalışa bilmirdi. Qorio atanın şübhəli işləri və xüsusilə parlaq bir gələcək 
müjdəsi kimi hər an gözləri qarşısında canlanan qrafinya de Restonun xəyalı onu çalışmağa qoymurdu. 
Nəhayət, Ejen yatağına uzanıb, ölü kimi yatdı. Gənclər gecə çalışmaq üçün vəd verdikdə, on hadisədən 
yeddisində onların yəqin yatacaqlarına inanmaq olar. Gecələr yatmamaq üçün iyirmi yaşı ötmək lazımdır. 
Ertəsi gün Parisin göylərini duman bürümüşdü. Duman elə sıx idi ki, hər şeyin üzərinə pərdə çəkmişdi; 
hətta ən dəqiq adamlar belə vaxtı təyin etməkdə çətinlik çəkirdilər. Zənglər günorta vaxtını xəbər 
verirdisə də, səhər saat səkkiz olduğunu zənn etmək olardı. Madam Voke saat onun yarısında hələ də 
yatağından qalxmamışdı. Kristofla yoğun Silviya da vaxtından gec oyanmış, indi isə kirayənişinlər üçün 
alınmış südün qaymağı ilə qəhvə bişirib, rahat-rahat içməklə məşğul idilər. Madam Voke bu qeyri-qanuni 
işi sezməsin deyə Silviya kirayənişinlərin südünü yenidən xeyli qaynatmışdı. 
Kristof quru çörəyi qəhvəyə birinci dəfə batıraraq: 
– Silviya, – dedi, – nə deyirsən de, amma cənab Votren yaxşı adamdır. O, bu gecə də iki şəxslə görüşdü, 
ancaq sahibə soruşsa, ona heç nə demək lazım deyil. 
– Bəs o, sənə bir şey verdimi? 


– Bir ay ərzində yüz su vermişdir, bunun da mənası “ağzını yum” kimi bir şeydir. 
Silviya dedi: 
– Elə özünü çəkməyən bir odur, bir də madam Kutür. Yerdə qalanlar      il münasibətilə sağ əlləri ilə 
verdiklərini sol əlləri ilə geri almaq üçün can atırlar. 
Kristof: 
– Verdikləri də nədir? – dedi. – Vur-tut yüz su. Düz iki il tamam olur ki, Qorio ata çəkmələrini özü 
təmizləyir. Hələ bu simic Puare çəkmə yağı belə işlətmir. O, öz sürütmələrini dili ilə yalayar, ancaq 
təmizləməyə verməz. Bu ölüvay tələbəyə gəlincə, o, mənə qırx su verir. Halbuki elə tək fırçalar mənə 
bundan baha qiymətə başa gəlir. Hələ bir tərəfdən də köhnə paltar alıb-satır. Qəribə alverdir! 
Silviya balaca qurtumlarla qəhvəni içərək, etiraz etdi: 
– Hələ bu harasıdır! Hər halda, bizim yer məhəllədə ən yaxşı yer sayılır. Dolanmaq olar. Amma Kristof, 
mən yenə hörmətli Votren dayıdan danışmaq istəyirəm. Onun barəsində sizinlə danışmayıblar ki? 
– Belə bir iş olmuşdur. Bir neçə gün bundan qabaq küçədə bir kişiyə rast gəldim. O, məndən soruşdu ki, 
saqqalına rəng vuran yoğun bir cənab sizdəmi yaşayır? Mən ona cavab verdim ki, xeyr, ağa, o, saqqalına 
rəng vurmaz. Onun kimi kefi duru adamın belə şeylərlə işi yoxdur. Mən bu əhvalatı cənab Votrenə xəbər 
verdim. O dedi: 
– Oğlan, çox yaxşı cavab vermisən! Sən elə həmişə belə cavab ver. Başqaları sənin zəif cəhətinə bələd 
olanda, heç ləzzət vermir. Belə işlərin nəticəsində ərlə arvadın boşandığını    görmüşəm. 
– Elə mənə də bazarda yanaşan olub. Soruşurlar ki, mən onu köynək geyinəndə görmüşəm, ya yox. Lap 
adamın gülməyi gəlir! – Sonra öz sözünü kəsərək: – Mənə bax, – dedi, – Val-de-Qras saatlarının səsini 
eşidirsənmi? Saat ona    beş dəqiqə qalmışdır, amma heç kəs yerindən tərpənmir. 
– Nə cəld olubsan! Evdə heç kəs yoxdur. Madam Kutür öz qızı ilə səhər saat səkkizdə müqəddəs Etyen 
kilsəsinə ibadətə getmişdir. Qorio ata əlində bir bağlama ilə küçəyə çıxdı. Tələbə saat onda, mühazirədən 
sonra qayıdacaq. Onlar gedəndə mən aşağıda pilləkən  təmizləyirdim. Hələ Qorio ata bağlaması ilə mənə 
toxundu, dəmir kimi bərk şey idi. Görəsən, bu qoca kaftar nə ilə məşğul olur? Hamı onu fırfıra kimi 
hərlədir, amma o, yenə də yaxşı adamdır, hamısından yaxşı adamdır. Verdiyi bir şey deyil, ancaq bəzən 
məni yanlarına göndərdiyi xanımlar yaxşı araqpulu verirlər. Onlar hara, bizimkilər hara! Paltarlarına 
baxırsan, başdan-ayağa bəzək içindədirlər. 
– Yoxsa onlar Qorio atanın “mənim qızlarım” dediyi xanımlardır? Onlar bir düjündür. 
– Mən ancaq ikisinin yanına getmişəm, buraya gələn xanımların yanına. 
– Görünür, sahibənin başı qarışmışdır. Bu saat gəlib səs-küy salacaq, getmək lazımdır. Kristof, südü 
pişikdən gözlə. 
Silviya sahibənin yanına qalxdı. 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə