284
qalxmasına kömək etdi. 1979-cu ildə İranda baş verən inqilab və yeni islam
hökumətinin yaranması həmçinin anti-Qərb hissiyyatını qidalandırdı. Ayatolla
Xomeyninin gözündə Birləşmiş Ştatlar “böyük şeytan” idi, İsrailin qüdrətli
himayəçisi və hər yerdən olan müsəlman xalqlarının düşməni idi.
Amerika Birləşmiş Ştatlarının 1991-ci ildə İran körfəzi müharibəsində
Küveytin azadlığı uğrunda mübarizəyə cəlb edilməsi islamla Qərb arasındakı
münasibətlərdə görünməmiş nəticələrə səbəb oldu. Müharibə dövründə Birləşmiş
Ştatlar qüvvələri Səudiyyə Ərəbistanında yerləşmişdi, bu ölkə isə məlum olduğu
kimi islamın müqəddəs şəhərlərinin məkanıdır. Amerikan qüvvələrinin burada
olması anti-qərbçi islam qrupları tərəfindən, xüsusilə Üsamə ben Laden və onun
ardıcılları tərəfindən islama təhqir kimi qiymətləndirildi. Radikal islam qrupları
2003-cü ildə Madriddə bomba, 2005-ci ildə isə Londonda metro vaqonlarını
partlatdılar.
Birləşmiş Ştatların 2003-cü ildə İraqa hücumu Qərbə qarşı bir sıra islam
qruplarının qəzəbini daha da alovlandırdı. Səddam Hüseyn rejimi ilə Əl-Qayda
arasında hansısa əlaqənin olmasına elə bir sübut tapılmasa da, ABŞ İraqa qarşı
priventiv müharibə başladı. İraqlıların çoxunun Səddamın devrilməsini
alqışlamasına baxmayaraq, günahsız mülki adamların ölümü və amerikan əsgərləri
tərəfindən İraq dustaqxanalarında cəza çəkənlərə işgəncə verilməsi müsəlman
dünyasında anti-amerikan hissinin dərinləşməsinə xidmət göstərdi.
Əlbəttə, yuxarıda sadalanan cinayətlər müsəlman terrorçular tərəfindən
həyata keçirilmişdir. Onların dini mənsubluğuna heç bir şübhə yeri qalmır. Lakin
bir ovuc qatilin əməlini bu dinə inanc gətirənlərin sayı 1,5 milyard olan islamın
adına yazmaq, hansısa cinayətkarlara görə bütövlükdə müsəlman aləminə qarşı
ağır ittihamlar irəli sürmək ağılsız olmaqla yanaşı, ən azı insafsızlıqdır və reallığın
mahiyyətinə göz yummaqdır. Çox işlədildiyindən artıq bayağı səslənən
“cinayətkarın milləti və dini yoxdur” sözlərini yenidən təkrar etmək lüzumundan
qaçmaq olmur.
Qərblə Şərq arasında tarixi etimadsızlıq və bəzi
transformasiyalar
İslama qarşı hücumlar dini dözümsüzlükdən qidalandığı kimi, bünövrəsində
daha dərin tarixi köklər gizlənir. İslamdan əvvəlki dünyada da Qərblə Şərqin
münasibəti vaxtaşırı konfliktlərlə müşayiət olunurdu. XIX və XX əsrlərin
hüdudlarında yazıb yaratmış ingilis yazıçısı və imperializmin apologeti kimi
tanınan Redyard Kiplinq bu iki qütbü təmsil edənlər arasında fərqin dərin olduğunu
vurğulamaq xatirinə demişdi ki, “Yerlə Göy birləşə bilər, lakin Qərblə Şərq heç
vaxt birləşə bilməz”. Belə təsdiq ilk növbədə Böyük Britaniyanın imperialist
siyasətinə haqq qazandırmaq məqsədini güdürdü. O, bəzən şərqliləri, Hindistanda
bir yerdə yaşadığı yerli əhalini təhqiramiz ifadələrlə yad etməkdən də çəkinmirdi.
Həmin dövrdə onun kimi düşünənlər, Şərqi aşağılamağa çalışanlar heç də az
deyildi. Daha obyektiv yanaşılsa, Qərblə Şərqin bir-birinə ittihamlar irəli sürməsi,
nifrət hissləri formalaşdırması yeni bir hadisə deyildi, dərin kökləri olan qocaman
285
ağacın yalnız gözə çarpan yarpaqları idi.
Həqiqətən də minilliklər ərzində Qərblə Şərq arasında vaxtaşırı baş verən
münaqişələr daimi xarakter alan qarşılıqlı etimadsızlığın mövcudluğunu nümayiş
etdirirdi. Bürünc dövrünün sonlarında, bizim eradan əvvəl XIII əsrdə Mikena
hökmdarı Aqamemnonun başçılığı altında Yunanıstanın birləşmiş ordu qüvvələri
Füsunkar Yelenanı geri qaytarmaq bəhanəsi altında Kiçik Asiyadakı varlı Troya
şəhər-dövlətinə hücum edib, bu şəhəri dağıtmışdı. Homer özünün ölməz
“İliada”sında on il davam edən bu müharibəni hər cür təfərrüatı ilə təsvir edir.
Asiyalılar həmin dövrdə həmçinin Suriyanın timsalında misir faraonu II Ramzeslə
Kadeş döyüşündə özünü müdafiə etmək məcburiyyətində də qalmışdı, Avropaya
müdaxilə onların yadına da düşə bilməzdi. Bundan bir qədər sonra “dəniz xalqları”
hücum edib Yeni Hett dövlətini məhv etmişdilər.
Lakin səkkiz əsrdən sonra Şərq də Avropa barədə öz iştahını məmnun etmək
yolunu tutdu. Böyük Kirdən sonra Persiya imperiyasının ərazisini xeyli böyüdən və
qüdrətini möhkəmləndirən I Dara öz dövlətinin sərhədlərini daha da
genişləndirmək üçün Avropaya keçdi, Trakiyanı və Makedoniyanı işğal etdi, lakin
bizim eradan əvvəl 490-cı ildə Afinaya qarşı Marafon döyüşündə məğlubiyyətə
uğradıqdan sonra geri çəkilməyə məcbur oldu. On il sonra onun varisi Kserks yüz
əlli min nəfərlik qoşunla (daha böyük rəqəmlər də gətirilir) Balkan yarımadasına
girmək istədikdə, Fermopil keçidində sonralar rəmzə çevrilmiş 300 spartalının
ağıla sığmayan müqaviməti ilə üzləşmiş, yalnız bir yunanın xəyanəti nəticəsində
başqa dağ yolu ilə yarımadanın içərilərinə doğru irəliləmişdi. Perslər Afinanı
tutmuş, oda vermiş və qarət etmişdilər. Femistoklun başçılıq etdiyi Afina
donanması Persiya hərbi-dəniz qüvvələrini Salamin adası yanındakı boğazda
darmadağın etmişdi. Sonrakı ildəki məğlubiyyətlər də Kserksi Elladanı zəbt etmək
fikrindən daşınmağa məcbur etmişdi.
Artıq qonşu əraziləri özünə tabe etmiş Makedoniyanın timsalında Avropa
Persiyanı öz müdaxiləsinin hədəfi seçərək, b.e.ə. 334-cü ildə iki il əvvəl taxt-tacda
qətlə yetirilmiş atasını əvəz edən 22 yaşlı III Aleksandrın başçılığı altında qoşunlar
Hellespont boğazını keçib, Persiya ilə müharibəyə başladı. İss döyüşündə sayca
özününkündən çox üstün olan III Daranın ordusu üzərində möhtəşəm qələbə çaldı.
Persiya çarı qaçıb canını qurtarsa da, xəzinə və çarın ailə üzvləri Aleksandrın əlinə
keçdi. Qavqamela döyüşündə isə Aleksandr perslər üzərində qəti qələbəyə nail
oldu. Sonra o, Soqdiananı, Baktriyanı və Hindistanın şimalını işğal etdi. Böyük
Aleksandrın məqsədi o vaxtlar məlum olan dünyanı, onun qurtaracağını (bu,
Yaponiya idi) fəth etmək idi. Lakin ordusunun qiyamı bu planın icrasına mane
oldu və onu Hindistandan geri dönməyə məcbur etdi.
Aleksandrın Şərqə yürüşü vaxtı iki qütb arasındakı köhnə və yeni
münasibətləri əks etdirən üç hadisə baş verdi. Plutarxın yazdığına görə sərkərdəni
müşayiət edən getera Taida Afinanın perslər tərəfindən yandırılmasının qisasını
almaq üçün Persepolisdəki məclisdə əylənənlərin hamısını çarın gözləri qarşısında
Kserksin sarayını yandırmağa çağırdı. Saray oda verildi və bu hadisə yunan
qadınlarının öz vətənlərinin taleyinə görə perslərdən necə intiqam aldıqlarının
simvoluna çevrildi. Köhnə münasibət relikti həm də özünü bu qaydada nümayiş
Dostları ilə paylaş: |