286
etdirdi. Yeni münasibətin təməlini isə Böyük Aleksandrın özü qoyurdu. Suriyanı,
Palestinanı və Misiri işğal etdikdən sonra o, misir faraonunun ənənəvi titulunu
qəbul etdi. Onu artıq Amonun oğlu kimi salamlayırdılar, bu yunanlara görə Zevsin
oğlu adlanmağa bərabər idi. Yeni “faraon” Misirdə öz adını əbədiləşdirən
Aleksandriya şəhərini saldı və bu şəhər Misirin yunan inzibati paytaxtına çevrildi.
Aleksandr Asiyada işğal etdiyi ərazilərdə 70-dən artıq şəhərin əsasını qoymuşdu.
Üçüncü hadisə isə ondan ibarət idi ki, Hindistandan geri döndükdən sonra
Aleksandr Suzada on min nəfər öz döyüşçüsünün yerli qızlarla evləndirilməsi
mərasimini keçirdi. O, özü də Baktriya zadəganının qızı Roksana ilə ailə qursa da,
bu vaxt ikinci dəfə, Daranın qızı Statiraya evləndi. Böyük Aleksandr bu tədbirdən
daha uzağa gedən məqsədlər güdürdü, o, Qərblə Şərqi yaxınlaşdırmaq üçün digər
mühüm işlərlə yanaşı bu vasitədən də faydalanmaq istəyirdi.
Böyük Aleksandr tarixdə ən müəmmalı böyük şəxsiyyətlərdən biridir. O,
Homerin daim özü ilə gəzdirdiyi “İliada”sındakı qəhrəman döyüşçü Axillesi təqlid
etməyə çalışırdı. Faraon kimi isə, o, Misir ənənələrinə görə yaşayan allah idi və
hətta yunan şəhərlərinə təlimat göndərmişdi ki, “onu allah kimi tanısınlar”.
Aleksandr ümumi bəşəriyyət idealına inanırdı. Ona görə də 324-cü ildə yerli
qadınlarla öz döyüşçülərinin kütləvi qaydada evlənmə şənliyini təşkil etmişdi.
Özünü Böyük Çar adlandırır və tələb edirdi ki, təbəələri onun qarşısında perslərə
məxsus olan qaydada təzim etsinlər. O, pers paltarı geyinirdi, perslərdən
inzibatçılar kimi istifadə edirdi və yerli gəncləri Makedoniya hərbi metodları
qaydasında məşq etdirirdi. Aleksandr hiss edirdi ki, makedoniyalıların, yunanların,
perslərin idarəedici bir sinifdə əriməsinə ehtiyac vardır və güman edirdi ki, bu, onu
belə nəhəng imperiyaya uğurla nəzarət etməyə qadir edəcəkdir. O, özünün böyük
dövlətində, nəhəng imperiyasında bütün təbəə xalqları partnyorlar kimi
birləşdirmək istəyirdi. Bu isə köhnə düşmənçiliyi unutdurmağa kömək edəcəkdi.
Ona görə də, o, narazı Makedoniya veteranlarını vətənə yola salmışdı. Bütün bu
yeni, böyük əhəmiyyət daşıyan tədbirləri, əməlləri ilə Böyük Aleksandr özünü
sözün həqiqi mənasında yunanların təbirincə “kosmopolit” adlanan ilk dünya
vətəndaşı kimi təsdiq etmişdi. Ondan altı əsr sonra Roma imperatoru olan, böyük
filosof Mark Avreli də özü barədə bu cəhəti vurğulayaraq demişdi ki, “Bir Antonin
kimi mən Roma vətəndaşıyamsa, bir insan kimi dünya vətəndaşıyam”.
Beləliklə, Aleksandr fəthlərindən az əhəmiyyət kəsb etməyən yeni era,
Ellinistik era yaratdı. Onun imperiyasının miqyasını ötüb keçənlər oldu, Roma
imperiyası Aleksandrın imperiyasından iki dəfə, Çingiz xanın imperiyası isə dörd
dəfə böyük idi. Lakin bir çox yeni ideyaları təcəssüm edən Ellinistik eranın banisi
kimi dünya tarixində heç kəs onunla müqayisə oluna bilməz. Ellinistik yunan sözü
olub “yunanları təqlid etmək” mənasını verirdi. Bu erada yunan dili və ideyaları
qədim Yaxın Şərqin qeyri-yunan dünyasına yayıldı. Persiya monarxiyası
Aleksandr tərəfindən məhv edildikdən sonra yunan-Makedoniya idarəçiliyi nəhəng
əraziyə genişlənmişdi. Bu, yunan mühəndisləri, intellektualları, tacirləri, əsgərləri
və inzibatçıları üçün münbit şərait yaratdı və heç də nəticəsiz qalmadı. Onun yeni
imperiya görüşləri, heç şübhəsiz, yoxa çıxmadı, sonralar romalıları ilhamlandırdı
və onlar əslində Aleksandr irsinin varislərinə çevrildilər.
287
Aleksandr həm də böyük mədəni irs qoyub getmişdi. Yunan dili, incəsənəti,
arxitekturası və ədəbiyyatı bütün Yaxın Şərqə yayılmışdı. Ellinistik eranın şəhər
mərkəzləri, onlardan çoxunun əsası Aleksandr və onun varisləri tərəfindən
qoyulmuşdu, yunan mədəniyyətinin başqa xalqlara nüfuz etməsi üçün tramplin
rolunu oynadı. Yaradılan şəhərlərin və hərbi koloniyaların sakinlərinin çoxu yunan
muzdlularından ibarət idi.
Yunanlar öz mədəniyyətini Şərqə yayanda, onlar həm də Şərqin təsirinə
məruz qalırdılar. Beləliklə, Aleksandrın irsi Ellinistik dünyanın möhürlərindən
birinə çevrildi. Bu isə fərqli mədəniyyətlərin görüşməsi və bir-birinə nüfuz etməsi
idi.
Aleksandr tarixdə ilk və bəlkə də son dəfə olaraq öz dövrünün daha
sivilizasiyalanmış Avropasını (Yunanıstanı) və Asiyanın böyük bir hissəsini – həm
iqtisadi, həm də mədəni cəhətdən birləşdirməyə səy göstərmişdi. Onun vaxtsız
olümü bu möhtəşəm layihənin həyata keçməsinə ciddi maneəçilik törətdi. Onun
imperiyası bir neçə dövlətə parçalandı. İmperiyadan əsər-əlamət qalmadı, onun
yerində Makedoniya, Selevkid dövləti, Perqamın Attalid çarlığı və Ptolomeylərin
hökmranlığı altında Misir monarxiyası meydana gəldi. Onun varisləri olan
diadoxlar təkcə öz sələflərini deyil, imperiyanı da qəbirə gömdülər. Blez Paskalın
Kleopatra barədə dediyi sözlərdən istifadə edərək qeyd etmək olar ki, Aleksandrın
varislərinin burnu bir qədər gödək olsaydı, yəqin ki, ən azı birləşdirdiyi ərazilərdə
Avropanın və Asiyanın sifəti tamam başqa cür olardı. Qərbin və Şərqin
münaqişələrlə naxışlanmış münasibətinə son qoyular və onlar birgə yaşanılan
həyatın üstünlüklərini və mədəni ziyafətinin zənginliyini daha uzun müddət və
böyük həzzlə dadmış olardılar. Lakin bədbəxtlikdən Makedoniya ordusunun hərbi
liderlərini heç də Qərblə Şərqin bir-birinə nüfuz etməklə inkişaf etmiş yeni
sintezini qoruyub saxlamaq deyil, hakimiyyət uğrunda mübarizə daha çox cəlb
edirdi.
Bu parçalanmaya, bölünməyə baxmayaraq ellinistik şəhərlər qeyri-yunan
dənizində yunan mədəniyyəti adaları olaraq qaldılar. Bu vahədən ətrafa gur
energetika şüaları yayılırdı. Eranın yunan şəhərləri ellinistik mədəniyyətin Yaxın
Şərqdə, həmçinin müasir Əfqanıstan və Hindistan kimi uzaq ərazilərdə baş
hərəkətverici qüvvə rolunu oynadı. Bizim eranın IX-XII əsrlərində də çoxtərəfli
islam və ya əl-Əndəlus mədəniyyəti İspaniyada da məhz bundan geri qalmayan və
əyani nümunələri ilə Avropanı sivilizasiyalanmağa çağıran bir rol oynadı.
Bu proses həmçinin şəhərlərin çiçəklənməsində mühüm rol oynayırdı. İki
baş ticarət yolu Aralıq dənizi ilə Şərqi birləşdirirdi. Mərkəzi marşrut başlıca rol
oynamaqla, dəniz vasitəsi ilə Hindistanı İran körfəzi ilə, Dəclə çayı vasitəsi ilə isə
Babil şəhərini əvəz edən Selevkiyanı birləşdirirdi. Çox müxtəlif adda əmtəələrlə
ticarət aparılırdı. İspaniyadan qızıl və gümüş, Kiçik Asiyadan duz, Makedoniyadan
meşə materialı, Tirdən al qırmızı boya, Hindistandan ebonit, qiymətli daşlar, fil
sümüyü və ədviyyat, Ərəbistandan ətirli maddələr, Trakiyadan, Suriyadan və Kiçik
Asiyadan qullar, Suriyadan və Kiçik Asiyanın qərbindən yaxşı şərablar, Afinadan
zeytun yağı, həmçinin başqa ölkələrdən bir sıra ekzotik mallar gətirilirdi. Ən
başlıca ticarət isə həyat üçün təməl əhəmiyyət daşıyan ərzaqla – taxılla aparılırdı.
Dostları ilə paylaş: |