Xəbər bülleteni №32



Yüklə 0,56 Mb.
səhifə3/4
tarix15.03.2018
ölçüsü0,56 Mb.
#32566
1   2   3   4

Bəyanatda həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında itkin düşmüş şəxslər haqqında məlumatların mübadiləsinin davam etdirilməsi və münaqişənin hərtərəfli həlli üçün növbəti danışıqların iyun ayında keçirilməsinə dair razılıq əldə olunması yer alır. Prezidentlər gələn ay keçiriləcək danışıqların yerini və vaxtını təyin edəcəklər.

Mayın 17-də Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazir Elmar Məmmədyarovun Vyana görüşü ilə bağlı KİV-ə açıqlamasını yayıb. Açıqlamasında nazir deyib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, mayın 16-da keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisinin, beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir”.

Ermənistan prezidenti Serj Sərkisyan isə Vyana səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Novator.az xəbər verir ki, jurnalistlər Sərkisyanın diqqətini danışıqlar masası arxasında Sergey Lavrovla yanaşı oturmasına çəkiblər. Ermənistan prezidenti qeyd edib ki, əvvəlcədən belə razılaşma olmayıb: “Düşünmürəm ki, bu, mühüm əhəmiyyət kəsb edir, özü də bugünkü reallıqları nəzərə alanda”.

Serj Sərkisyan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara toxunarkən deyib ki, Ermənistan növbəti görüşün ATƏT-in atəşkəs rejiminin monitorinqi üzrə sistemi işə düşəndən sonra keçirilməsini təklif edib.

Müharibənin əleyhinə olduğunu iddia edən Ermənistan prezidenti Vyana görüşündən sonra atəşkəs rejiminin pozulma hallarının azalacağına inandığını bildirib.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Azərbaycan və Ermənistan prezidentləri vaxtaşırı bir araya gəlib Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxırlar. Bu tip görüşlərin ümumi sayı mayın 16-da 52-yə çatıb. Bunun 20-si İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.

Tikinti sektorunu necə dirçəltmək olar?

17.05.2016



qubad ibadoglu 1İqtisadçı ekspert Qubad İbadoğlu inşaat bölməsindəki tənəzzülün iqtisadiyyatın digər qollarına mənfi təsirindən yazıb. Transparency.az-ın məlumatına görə, ekspert bu sahədə yaşanan ciddi sərmayə qıtlığı, kapital qoyuluşu probleminin digər bazarları da çökdürməsini labüd hesab edir: “Ötən ildən inşaat bölməsində müşahidə olunan tənəzzülün təsirləri ilə bu ilin ilk 4 ayında tikinti materiallarının istehsalı 28,6 faiz, mebel istehsalı isə 14,2 faiz azalıb. Bununla yanaşı tikinti maşın və avadanlıqlar parkının yeniləşmə sürəti də aşağı düşüb. Hazırda mövsümi amillərin təsiri ilə nisbi canlanma müşahidə edilən bölmədə əsas sifarişlər fərdi xarakter daşıdığından qısamüddətli effekt yarada biləcək, amma uzunmüddətli dövrə gözlənilən tənəzzülün qarşısını ala bilməyəcək.

Tikinti ciddi sərmayə qıtlığı, kapital qoyuluşları problemi yaşayır. İnvestisiya cəlbi bütövlükdə iqtisadiyyatda işgüzar mühitin yaradılması, tikintiyə icazənin verilməsi, inşa olunmuş tikintinin qeydiyyat prosedurlarının sadələşdirilməsi hesabına mümkündür.

Dünya Bankının “Biznesə necə başlamalı” hesabatında göstərilir ki, Azərbaycan tikintiyə icazənin alınması və onun qeydiyyatı ilə bağlı prosedurların mürəkkəbliyi, tələb olunan müddətin uzunluğu və xərclərin bahalığına görə dünyanın 189 ölkəsi arasında 114-cüdür. Hesabata görə, tikintiyə icazə alınması üçün orta hesabla 18 prosedur və 203 gün tələb olunur.

Bu göstərici üzrə Gürcüstan 11, Qırğızıstan 20, Ermənistan 62, Qazaxıstan 92, Türkiyə 98-ci yeri tutur. Azərbaycanın reytinqi yaxşılaşmayınca inşaata yönələn xarici sərmayələr qonşu dövlətlərə yönələcək. Odur ki, iqtisadiyyatın modernləşdirilməsi üçün başlıca bölmələrdən hesab olunan tikinti sahəsində problemlərin həlli həmin bölmədə təxirəsalınmaz islahat tədbirlərindən asılıdır”.

Nazirlik dörd ayda 1275 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

17.05.2016



emek nazirliyi 1Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ümumilikdə 1275 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Peşə hazırlığına cəlb edilənlərin 16,4 faizini əlilliyi olan şəxslərdir.

Dövlət Məşğulluq Xidməti 1136 nəfər, o cümlədən 70 nəfər əlilliyi olan şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edib, 139 nəfər gənc isə Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.

Kurslarda müdavimlərə kompüter istifadəçisi, dərzi, elektrik montyoru, bərbər, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, xalçaçılıq, toxuculuq, tikişçilik, kulinariya peşələri üzrə bilik və bacarıqlar aşılanır. Kursu bitirənlər sertifikatla təmin olunur və yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün müvafiq işlər aparılır.

Yanvar-mart aylarında nazirlik gələcəkdə düzgün peşə seçiminə köməklik göstərilməsi məqsədilə 46,5 min nəfərə yaxın gəncə peşəyönümü məsləhətlər verib.

Parlamentə amnistiya layihəsi təqdim olunub

17.05.2016



mm-yeni 1
Parlamentə “Amnistiya aktı haqqında” qanun layihəsi təqdim olunub. APA xəbər verir ki, deputat Mehriban Əliyevanın təqdim etdiyi layihə 28 May Respublika Günü ilə bağlıdır.

Milli Məclisin 17 may iclasında bu haqda məlumat verən parlament sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, layihə amnistiya aktının 10 minə qədər şəxsi əhatə etməsini, o cümlədən 3500 nəfərin məhkumluqdan azad edilməsini nəzərdə tutur.

Vergi orqanlarına müraciət hesabatı

17.05.2016



vn 1
Aprel ayında vergi orqanlarına 8450 müraciət daxil olub. Transparency.az-ın məlumatına görə, Vergilər Nazirliyi bildirir ki, müraciətlərin 97,3%-i ərizə, 2,5%-i şikayət, 0,2%-i təklifdir.

Hesabata əsasən, müraciətlərin 53%-i müxtəlif arayışların alınması, 21,2%-i kameral vergi yoxlamaları, 6,7%-i vergi borcları, 1,7%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,8%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,5%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 13,9%-i digər məsələlərlə bağlıdır.

Müraciətlərin 72,4%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin aprel ayı ilə müqayisədə 32,9% azalıb.

Ötən ay vergi orqanları ümumilikdə 364 vətəndaşı qəbul edib.

Ümumi daxili məhsul 4,5 faiz azalıb

17.05.2016

faiz 1Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-aprel ayları üzrə makroiqtisadi göstəriciləri yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda deyilir ki, yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 16 milyard 867,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edib. Enişə əsas səbəb kimi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması göstərilir. Əhalinin hər nəfərinə düşən ÜDM 1756,7 manat olub.

Rəsmi hesabata əsasən, əlavə dəyərin 39,5 faizi sənayedə, 12,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi tikinti, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi informasiya və rabitə, 16,3 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizi həcmində olub.

Orta əməkhaqqı 485 manatdan çoxdur

17.05.2016

manatDövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 485,5 manat təşkil edib.

Transparency.az bildirir ki, rəsmi hesabata əsasən, əhalinin gəlirləri yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 9 faiz artıb, 13 milyard 789,5 milyon manata çatıb. Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3 faizi isə yığıma yönəldilib.

TAP-ın təməl mərasimində deyilənlər

18.05.2016



tap - temel 1
Mayın 17-si Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik boru kəməri – TAP-ın təməli qoyulub. Tədbirdə Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov, energetika naziri Natiq Əliyev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev təmsil edib. Mərasimə Yunanıstan, ABŞ, Avropa Komissiyası, Albaniya, İtaliya, Türkiyə, Bolqarıstanın yüksək vəzifəli şəxsləri, konsorsiuma daxil olan şirkətlərin nümayəndələri qatılıblar.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

Mərasimdəki çıxışında TAP üzrə işlərin cədvələ uyğun aparılacağına əminliyini vurğulayan Yaqub Eyyubov bildirib ki, layihə Avropa ölkələrinə enerji təhlükəsizliyi məsələsində ciddi dəstək verəcək.

AZƏRTAC-ın məlumatına görə, Yunanıstanın baş naziri Aleksis Sipras çıxışında deyib ki, Trans-Adriatik qaz kəmərinin inşası region üçün mühüm əhəmiyyət kəsb edir. O, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və mənbələrin şaxələndirilməsində bu layihənin böyük rol oynadığını vurğulayıb. Baş nazir deyib ki, layihə regionda əməkdaşlıq körpüsünü möhkəmləndirəcək və firavanlığı artıracaq.

TAP layihəsinin icraçı direktoru Yan Bradşou bildirib ki, əsas vəzifə Xəzər qazının Avropa bazarına vaxtında çatdırılmasına, tranzit və istehlakçı ölkələrin qarşılıqlı iqtisadi maraqlarının təmin edilməsinə nail olmaqdır: “TAP layihəsi Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq”.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan “Cənub” qaz dəhlizinin müasir dövrün ən böyük infrastruktur layihəsi olduğunu deyib.

“TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni qazın çıxışına şərait yaranacaq”. Bu fikir isə ABŞ dövlət katibi Con Kerrinin TAP-ın təməlqoyma mərasimi iştirakçılarına ünvanladığı məktubda əksini tapıb.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın da çıxış etdiyi mərasim TAP-ın təməlinə qoyulacaq boru kəmərinin imzalanması ilə başa çatıb.

Mərkəzi Bank manatı bahalaşdırıb

18.05.2016



amb 1Mərkəzi Bank mayın 18-də manatı bahalaşdırıb. Transparency.az xəbər verir ki, 1 ABŞ dollarının rəsmi kursu 1,5033 manatdan 1,5017 manata, 1 avronun məzənnəsi 1,7008 manatdan 1,6948 manata enib.

Mayın 17-də 0,0232 manata satılan 1 Rusiya rubluna isə Mərkəzi Bank bu gün 0,0231 manat qiymət qoyub.

Kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz artıb

18.05.2016



kend teserrufati
Transparency.az-ın məlumatına görə, 2016-cı ilin yanvar-aprel ayları üzrə makroiqtisadi göstəriciləri (Hesabat) yayan Dövlət Statistika Komitəsi bildirir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2 faiz artaraq 151 min ton, süd istehsalı 3,9 faiz artaraq 622,4 min ton, yumurta istehsalı 5,2 faiz artaraq 542,8 milyon ədəd, yun istehsalı 5,4 faiz artaraq 2,9 min ton olub.

İlin əvvəlindən 59,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz çox tərəvəz, 8,3 min ton və ya 20 faiz çox kartof toplanıb.

2015-ci ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 12,3 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,1 faiz artıb.

İnvestisiya və ticarət dövriyyəsinə dair statistika

18.05.2016

dsk-yeni 1Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına 4 milyard 291,3 milyon manat məbləğində sərmayə qoyulub. Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında belə deyilir.

Hesabata əsasən, yanvar-aprel aylarında əsas kapitala yönəldilən vəsaitin 3 milyard 724,7 milyon manatı və ya 86,8 faizi məhsul istehsalı obyektlərinin, 405,7 milyon manatı (9,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 160,9 milyon manatı (3,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

İnvestisiyaların 1 milyard 380,3 milyon manatını və ya 32,2 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 984,5 milyon manatı və ya 69,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinə gedib.

Dövlət Statistika Komitəsi həmçinin bildirir ki, 2016-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 8 milyard 738,5 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri 2 milyard 238,8 milyon manatlıq ödənişli xidmət göstərib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunmuş gəlir 1,7 faiz artıb.

Dörd aylıq maliyyə göstəriciləri

18.05.2016

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 4 milyard 713,6 milyon manat vəsait daxil olub, büdcədən 3 milyard 999,8 milyon manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış 713,8 milyon manatlıq profisit ümumi daxili məhsulun 4,2 faizi səviyyəsində olub. Transparency.az bildirir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin 2016-cı ilin yanvar-aprel ayları üzrə makroiqtisadi göstəricilərində yer alır.

Hesabatda qeyd olunur ki, Mərkəzi Bankın məlumatına görə, 2016-cı ilin aprel ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 19 milyard 687 milyon manat təşkil edib, onun 15 milyard 203,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il aprel ayının 1-i ilə müqayisədə 4,6 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizinə bərabərdir.

Əhalinin banklardakı əmanətlərinin isə milli valyuta ekvivalentində məbləği 2016-cı il aprel ayının 1-nə 7 milyard 888,9 milyon manat təşkil etdiyi bildirilir.

Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manat (ilin əvvəlindən 1,56 manat) olub.

Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir

18.05.2016



forum 1
Mayın 18-i Bakıda, ADA Universitetində Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir. AZƏRTAC-ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev biznes forumunda çıxış edərək deyib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır: “2015-ci ildə xarici ticarət dövriyyəsində Avropa İttifaqının payı 47,5 faiz olub, bu ilin birinci rübündə bu rəqəm 43 faizdir”.

Nazir bildirib ki, Avropa İttifaqı Azərbaycanda əsas kapitala 20 milyard dollar investisiya yatırıb, bunun 2,7 milyard dolları qeyri-neft sektoruna aiddir: “Biz çalışırıq ki, iqtisadiyyatın inkişafını qeyri-neft sektoruna yönəldək. Ölkə iqtisadiyyatında son 10 ildə neft sektorunun payı 60 faizdən 10 faizə düşüb. Özəl sektorun payı isə 80 faizi ötüb”.

Avropa İttifaqına 28 ölkə daxildir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Rusiyada dövlət qulluqçularının pensiya yaşını qaldıran qanun parlamentdən keçdi

18.05.2016

совет федерации федерального собрания рф

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası mayın 18-də dövlət qulluqçularının pensiya yaşını mərhələli şəkildə qaldıran qanunu qəbul edib. Novator.az xəbər verir ki, ölkə prezidenti sənədi təsdiqləyərsə, qanun 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Rusiyanın hazırkı qanunvericiliyinə görə, kişilər pensiyaya 60, qadınlar 55 yaşında çıxır. Yeni qanunda dövlət qulluqçularının pensiya yaşını tədricən 60-dan 65-ə çatdırmaq müddəası yer alır.

Layihəyə əsasən, xidmət illərinə görə təqaüdə çıxmaq qaydası da dəyişdirilir. Hazırda 15 il xidmət edən dövlət qulluqçusunun pensiyaya çıxmaq hüququ var, indi müddət 20 ilə qaldırılır.

Dövlət qulluğunda çalışmanın son həddi 60 yaşdan 65 yaşa altı aydan bir artırılacaq.

Nağdsız ödənişlər azalır, ekspert qaydalara yenidən baxmağa çağırır

18.05.2016

samir eliyev 1“Ölkədə nağdsız ödənişlər kəskin azalıb və proses bundan sonra da azalmaqda davam edəcək”. İqtisadçı ekspert Samir Əliyev belə yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, devalvasiyaların fasadları aradan qalxmamış nağdsız ödənişlərə növbəti zərbəni Maliyyə Bazarlarına Nəzarət Palatası vurub: “Palata əvvəlcə xarici valyutada istehlak krediti verilməsini bir aylıq dayandırdı, sonra isə kredit şərtlərini ağırlaşdırmaqla vətəndaşların kreditə, o cümlədən kredit kartlarına əlçatanlığını pisləşdirdi (Daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyuldu). Proses belə davam edərsə, kredit kartı istifadəçilərinin sayı kəskin azalacaq. Bu isə nağdsız ödənişlərin inkişafını tormozlayır.

İlk devalvasiyadan bəri kredit kartlarının sayı 2 dəfəyədək azalaraq 1322 mindən 780 minə düşüb. Kredit kartlarının ümumi plastik kartlarda payı isə bu müddətdə 22%-dən 14%-ə enib. Əhalinin hər 12 nəfərinin cəmi 1-nin cibində kredit kartı var. Bu gedişlə ancaq hər 20-ci şəxs kredit kartı sahibi ola biləcək. Halbuki ilk devalvasiyadan əvvəl hər 7-ci şəxsin kredit kartı vardı.

Kredit kartlarının azalması həm onlarla aparılan əməliyyatların həcminə, həm də sayına mənfi təsir göstərib. Kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin ilk rübündə 644 milyon manat olduğu halda 2016-cı ilin müvafiq dövründə 446 milyon manata düşüb. Belə kartlarla aparılan əməliyyatların sayı ötən ilin yanvar-mart aylarında 4761 olubsa, bu ilin ilk üç ayında 2737-yə enib.

Devalvasiyalar ödəniş kartları vasitəsilə verilən istehlak kreditlərinin həcminə də mənfi təsir göstərib. 2015-ci ilin yanvar ayında, ilk devalvasiyadan əvvəlki ay belə kreditlərin həcmi 685,2 milyon manat idi, bu il aprelin 1-nə 611 milyon manata düşüb. Son statistik məlumata görə, kredit kartları üzrə kreditlərin 362,7 milyon manatı milli, 248,3 milyon manatı isə xarici valyutaların payına düşür.

Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul etdiyi qaydalardan sonra ən azı xarici valyutada olan kredit kartlarının sayı kəskin azalacaq. Çünki aylıq gəlirləri milli valyutada olan şəxslər xarici valyutada kredit götürə bilməyəcəklər. Bundan başqa milli valyuta kreditləri şərtlərinin ağırlaşdırılması ödəniş kart sahiblərinin sayını əhəmiyyətli dərəcədə azaldacaq. Palatanın, misal üçün, 1000 manatlıq kredit kartı üçün 40-50 min manatlıq evi girov qoymaq təşəbbüsü gülməli olmaqla yanaşı təhlükəlidir. DTİ (borcun gəlirə nisbəti) əmsalının aşağı salınması, aylıq gəlir olaraq ancaq xalis gəlirin götürülməsi, yaşayış minimumunun nəzərə alınması, zaminlərin kredit ötürənlərə bərabər tutulması və sair kimi məhdudlaşdırıcı qaydalar tezliklə bankomatların və POS-terminalların xidmətinə ehtiyacı kəskin azalda bilər. Mərkəzi Bankın 2016-cı ilin ikinci rübü üzrə statistik hesabatında bu azalma özünü daha qabarıq şəkildə göstərəcək. Ona görə də Maliyyə Bazarlarına Nəzarət Palatası qaydalara yenidən baxmalı, nağd kreditləşmədən fərqli olaraq ödəniş kartları vasitəsilə kreditləşmə şərtlərini yumşaltmalıdır”.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub.

Mehriban Əliyevanın təqdim etdiyi amnistiya layihəsinin detalları məlum olub

18.05.2016



mehriban aliyeva 1
Deputat Mehriban Əliyevanın parlamentə təqdim etdiyi amnistiya layihəsinin detalları məlum olub. APA-nın məlumatına görə, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkənlər, intizam xarakterli hərbi hissədə saxlama cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayanlar, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş, islah işləri, ictimai işlər növündə cəza təyin edilmiş, əsas cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş, əsas cəza kimi 2 min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və cərimə cəzasının ödənilməmiş hissəsi 2 min manatdan artıq olmayan şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər amnistiya tətbiq edilənlərin dairəsinə düşəcək.

Qadınlar, cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər, birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilər, o cümlədən atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin vaxt SSRİ Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, habelə keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (bu orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla), keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarı ilə bəraət almış şəxslər və onların yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya edilmiş şəxslər, 1988-1993-cü illərdə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinin bir hissəsini işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunubsa), 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

Eyni zamanda bu qərar qüvvəyə mindiyi günədək cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər (amnistiya tətbiq olunmasına məhdudiyyətlər nəzərə alınmaqla) təyin olunmuş cəzalardan azad olunacaqlar.

O cümlədən 4 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılacaq.

Qərar layihəsinə əsasən, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olan şəxslər, əsas cəza kimi 2 min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər və azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər təyin olunmuş cəzalardan azad ediləcək.

28 May Respublika Günü ilə bağlı qəbul olunacaq amnistiya aktının bu il iyunun 15-də qüvvəyə minməsi nəzərdə tutulur.

Britaniyada Avropa İttifaqının tərəfdarları xeyli artıb

18.05.2016



bayraq britaniya 01Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalmasını istəyənlərin sayı artıb. “İpsos MORİ” şirkətinin “Evening Standard” qəzeti üçün apardığı sorğunun mayın 18-də açıqlanan nəticələri bunu göstərir.

İyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirmək üçün referendum keçiriləcək.

Novator.az xəbər verir ki, sorğu zamanı respondentlərin 55%-i Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı keçiriləcək referendumda ölkənin ittifaqa üzvlüyünün saxlanmasına səs verəcəyini bildirib.

Sorğuya cəlb olunanların 37%-i isə Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib. Bu, iki siyasi düşərgə arasında ən böyük fərqdir. Buna qədər müxtəlif qurumların keçirdiyi sorğularda respondentlərin yarıdan çoxu ölkənin Avropa İttifaqından çıxmasını dəstəkləyirdi.

1957-ci ildə əsası qoyulmuş Avropa İttifaqına Böyük Britaniya 1973-cü ildə daxil olub. Hazırda Avropa İttifaqının 28 üzvü var.

Hakimliyə 800-dən çox namizəd var

18.05.2016

meh-huqHakimlik üçün elan edilən müsabiqədə 800-dən artıq hüquqşünas namizəd qeydə alınıb. Məhkəmə-Hüquq Şurasının verdiyi məlumata görə, Hakimlərin Seçki Komitəsi namizədlər üçün imtahanla bağlı kurslar keçirir.

Müsabiqənin test mərhələsi iyunun 9-da Bakı Kristal Zalının mətbuat mərkəzində Dövlət İmtahan Mərkəzi ilə birlikdə təşkil olunacaq. Test sualları imtahan zalında namizədlərin və müşahidəçilərin iştirakı ilə seçiləcək, cavablar imtahan bitdikdən sonra dərhal, yerində yoxlanaraq elan olunacaq.

Müsabiqə iştirak üçün sənəd qəbulu ötən il dekabrın 15-dən başlayıb.

Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.

Ermənistan Silahlı Qüvvələrinin polkovnikinə ittiham irəli sürülüb

18.05.2016

Ermənistan Silahlı Qüvvələrinin polkovniki David Abramyana ittiham irəli sürülüb.

Silahlanma İdarəsinin Avtomobil Xidmətinin rəisi postunu tutan David Abramyan mayın 11-də saxlanıb. Transparency.az-ın məlumatına görə, polkovnik vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlətə külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilir.

Ermənistan İstintaq Komitəsinin mayın 18-də yaydığı açıqlamada qeyd olunur ki, David Abramyan günahını etiraf edib, vurulmuş maddi ziyanı ödəyib. Müstəntiq onun səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Neft Fondunun 2015-ci il büdcəsinin icrası təsdiqlənib (Gəlir mənbələri və xərc istiqamətləri)

19.05.2016

prezident-ferman
Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında prezident sərəncamı imzalanıb. Transparency.az-ın məlumatına görə, 2015-ci il büdcəsinin icrası gəlirlər 7 milyard 721 milyon 84,9 min manat, xərclər 9 milyard 187 milyon 826,9 min manat (gəlirlər üzrə 75,4%, xərclər üzrə 77,8% səviyyəsində) təsdiq edilib.

Gəlirlərin mənbələri 18 may sərəncamında belə sıralanır:

— Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) – 7 milyard 369 milyon 582,1 min manat

— Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün ödədiyi akrhesabı ödənişlər – 2 milyon 220,1 min manat

— Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər – 11 milyon 594,9 min manat

— Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilərin ödədiyi bonuslar (mükafatlar) – 2 milyon 108,3 min manat

— Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər – 335 milyon 579,5 min manat.

Xərclər isə bu istiqamətlərdə olub:

— Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi – 149 milyon 998,4 min manat

— Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinə transfert – 8 milyard 130 milyon manat

— Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi – 89 milyon 997,8 min manat

— Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi – 61 milyon 521,7 min manat

— 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsi 35 milyon 538 min manat

— Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi – 692 milyon 849,4 min manat

— Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər – 27 milyon 921,6 min manat.

Avro və rubl ucuzlaşıb, dolların kursu dəyişməyib

19.05.2016

pul 1Mayın 19-da avro və rubl manata nəzərən ucuzlaşıb. 1 avronun məzənnəsi 1,6948 manatdan 1,6848 manata enib.

Ötən gün 0,0231 manata təklif edilən 1 Rusiya rublunu isə Mərkəzi Bank 0,0226 manata satır.

Transparency.az bildirir ki, 1 ABŞ dollarının rəsmi kursu dəyişməyərək 1,5017 manat qalıb.

Azərbaycanın yük təyyarəsi qəzaya uğrayıb

19.05.2016

Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus AN-12 yük təyyarəsi mayın 18-i Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Dövlət Mülki Aviasiya Administrasiyasından AZƏRTAC-a bildirilib ki, hadisə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində, təyyarə Dvayer hava limanından uçanda baş verib. Beynəlxalq heyətin idarə etdiyi təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

Hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.

APA-nın məlumatına görə, sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır. Onların vəziyyəti ağırdır.

Ekoloji pozuntular: hüquq mühafizə orqanlarına 10, məhkəməyə 5 iş göndərilib

19.05.2016

ekologiya nazirliyi 1
Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, 1-15 may arası Ətraf Mühitin Mühafizəsi Departamenti ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlayıb. Araşdırma zamanı hüquqi və fiziki şəxslərin yol verdiyi qanun pozuntularına görə 116 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 35 müddətli göstəriş verilib.

Transparency.az bildirir ki, hesabata əsasən, 17 iş üzrə 22400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 3 iş üzrə 34753,72 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 147 iş üzrə 13351 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 10, icra qurumlarına 7, məhkəməyə isə 5 iş göndərilib.

Vergilər nazirinin müavini marketləri nədə ittiham edir?

19.05.2016

sahib elekberov 1
“Bəzi tanınmış super-marketlər dövriyyəni 10, 15, hətta 40 dəfə aşağı göstərirlər”. AZƏRTAC xəbər verir ki, bunu mayın 18-i Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, nazirliyin 2016-cı ildə apardığı təhlillər zamanı çox qəribə məsələlər ortaya çıxıb: “Xronometraj müşahidələri zamanı məlum olub ki, iri marketlər dəfələrlə dövriyyəni gizlədir. Bəzi tanınmış iri market şəbəkələrindən dövriyyəni 10, 15, hətta 40 dəfə aşağı göstərənlər var”.

Taxes.gov.az-ın məlumatına görə, iri ticarət şəbəkələrinin sahiblərinin hökumətdən əlavə dəyər vergisi (ƏDV) ilə bağlı güzəşt istəməsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, həm yerli, həm də beynəlxalq ekspertlər Azərbaycanda ƏDV-nin dərəcəsinin ölkədəki iqtisadi reallıqlara, Avropa və MDB ölkələrindəki dərəcələrə tam uyğun olduğunu bildirir. Nazir müavini ƏDV-nin ümumi vergi daxilolmalarının təxminən üçdə birini təşkil etdiyini, bu vergiyə münasibətdə güzəştlərin tətbiqinin büdcə gəlirlərinə ciddi təsir göstərə biləcəyini, beynəlxalq təcrübədə bu cür vergi güzəştlərinin bir qayda olaraq dövlətin inkişafını xüsusi nəzarətə götürdüyü istehsal, innovativ inkişaf və geniş investisiya qoyuluşu tələb edən sahələrin dəstəklənməsi, eləcə də ayrı-ayrı regionların və iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını təmin etmək məqsədilə tətbiq olunduğunu nəzərə çatdırıb: “Populist çıxışlarla bu məsələdən bir təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərənlər isə bilməlidirlər ki, vergi güzəştləri kiminsə istəyi, xahişi ilə deyil, dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq, dövlət qurumlarının ölçülüb-biçilmiş konkret iqtisadi hesablamalarına əsaslanan təhlillər nəticəsində, müəyyən müddətə verilir”.

Vergi qanunvericiliyində ayrı-ayrı sahələrin inkişafı üçün kifayət qədər güzəştlərin mövcud olduğunu qeyd edən nazir müavini indiki mərhələdə ayrı-ayrı ticarət şəbəkələrinə ƏDV ilə bağlı vergi güzəştlərinin verilməsinin məqbul hesab olunmadığını bildirib.

Sahib Ələkbərov qeyd edib ki, ötən ilin 4 ayına nisbətən cari ilin müvafiq dövründə səyyar vergi yoxlamalarının sayı 45,1 faiz, kameral vergi yoxlamaları təxminən 2,5 dəfə, operativ nəzarət tədbirlərinin sayı isə 13 dəfə azaldılıb: “Cari ilin əvvəllərində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına, sahibkarların rahat fəaliyyət göstərməsinə, vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərib. 2016-cı ilin yanvar-aprel ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 104,8 faiz əməl edilib”.

182 və 364 günlük dövlət istiqrazları buraxılıb

19.05.2016



maliyye nazirliyi
Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 182 gün olan 10 milyon manat və tədavül müddəti 364 gün olan 10 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Rəsmi məlumata görə, 182 günlük dövlət istiqrazları üzrə investorların sifarişlərinin nominal üzrə ümumi məbləği 26,2 milyon manat olub. Maliyyə Nazirliyi dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymətini 94,3604 (gəlirlilik 12,0854%) səviyyəsində müəyyən edib. İstiqrazların ödəmə müddəti 15 noyabr 2016-cı ildir.

364 günlük dövlət istiqrazları üzrə təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 20,2 milyon manat təşkil edib. Rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymət 89,4131 (gəlirlilik 11,9056%) səviyyəsində müəyyən olunub. İstiqrazların ödəmə müddəti 16 may 2017-ci ildir.

Daha bir gənc fəal ona verilən işgəncələri açdı

19.05.2016

qiyas ibrahimovVəkil Elçin Sadıqov həbsdə olan gənc fəal Qiyas İbrahimova işgəncə verilməsi barədə açıqlama yayıb.

Qiyas İbrahimov və digər gənc fəal Bayram Məmmədov mayın 10-da tutulublar. Mayın 12-də Xətai Rayon Məhkəməsində onların hər ikisi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Gənclər hazırda Bakı İstintaq Təcridxanasında saxlanırlar.

Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Cinayət Məcəlləsinə görə, bu maddələrlə təqsirli bilinən şəxslər əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Daxili İşlər Nazirliyi bəyan edib ki, Bayram Məmmədovun üzərindən 2,9 qram, evindən 1 kiloqram 150 qram heroin, Qiyas İbrahimovun üzərindən 2,607 qram, yaşadığı mənzildən 1 kilo 10 qram heroin tapılıb.

Müdafiəçiləri isə hər iki gəncin siyasi sifarişlə tutulduğunu iddia edirlər. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etirazçı şüarlar yazılıb. Müdafiəçiləri gənclərin bu şüarlara görə saxlandığını vurğulayırlar.

Mayın 16-da vəkil Elçin Sadıqov Bayram Məmmədovun saxlama təcridxanasından göndərdiyi yazılı izahatının surətini yaymışdı. İzahatında Bayram Məmmədov polislərin ona işgəncə verməsindən söz açırdı (Gənc fəal dəhşətli işgəncələrə məruz qaldığını açıqlayıb).

Qiyas İbrahimova işgəncə verilməsi haqda açıqlamanı Elçin Sadıqov mayın 18-də “Facebook” sosial şəbəkəsində yayıb.

Vəkil yazıb: “Bu gün gənclərlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getdim. Hər iki gənclə görüşdüm. Qiyas İbrahimov ona verilən işgəncələrlə bağlı ətraflı yazmışdı. Həmin işgəncə barədə ərizəni onun əlindən aldılar. Bildirdilər ki, o, işgəncə barədə vəkilinə müraciət edə bilməz. Buna nə qədər etiraz etsəm də, məhəl qoymadılar. Məcbur olub özüm Qiyasa işgəncələr barədə ifadə verməyi təklif etdim və onun ifadəsi əsasında qeydlərimi apardım”.

Daha sonra vəkil Qiyas İbrahimovdan aldığı ifadəni təqdim edib. Həmin ifadədə Qiyas İbrahimov bunları bildirir: “Mayın 10-da günorta saatlarında Bakı Slavyan Universitetinin ikinci korpusunda imtahandan çıxarkən, çıxış qapısından təxminən 30 addım aralanmışdım ki, başımın arxasından bərk zərbə vurdular. Zərbədən səndələdim, dərhal ikinci zərbənin vurulduğunu hiss etdim və ağzı üstə yıxıldım. Tez məni yerdən götürüb göy rəngli furqon formalı avtomobilə basdılar. Hər iki tərəfimdə mülki geyimli şəxslər var idi. Onlar mənə nə üçün heykəli yazdığımı bildirib irad tutdular və döyməyə, söyməyə başladılar.

Avtomobili Bakı Şəhər Baş Polis İdarəsinin həyətinə sürdülər. Buraya gələndə başa düşdüm ki, onlar polisdirlər. Məni sürüyərək böyük bir otağa gətirdilər. Həmin otaqda məni yenidən döyməyə başladılar. Döyən zaman ağır söyüşlərlə məni təhqir edirdilər. Hər yerimdən vururdular. Ən çox şapalaq və əllərinin içi ilə başıma, boynumun arxasına vururdular. Vurulan zərbələrdən mən huşumu itirdiyimi hiss etdim. Qollarımı arxadan qandallamışdılar. Sonra hiss etdim ki, üzərimə su tökdülər. Bir az ayıldım. Mənə dedilər ki, iki nəfər hal şahidi çağırmışıq. İndi səndən narkotik çıxaracağıq, onlar da görəcəklər. Onlar mənim gödəkcəmin sol cibindən nəsə götürdülər və “narkotik” deyə bərkdən danışdılar. Mən onu birinci dəfə görürdüm. İndiyə qədər siqaret belə çəkməmişəm. Dedim ki, həmin götürdükləri şey mənim deyil, huşumu itirəndə cibimə qoymusunuz. Bu zaman məni yenidən döyməyə başladılar. Ağrılar dözülməz idi.

Bir müddət döyəndən sonra məni qarşıdakı otağa sürüdülər. Həmin otaqda Bayramı gördüm. Onu da döyürdülər. Qışqırıb Bayramı çağırmaq istəyəndə ağzımı tutub başımı burdular, qarnımdan zərbə vurdular. Sancıdan səsim batdı. Həmin an Bayramı otaqdan çıxardılar. Məni yenidən döyməyə başladılar və tələb etdilər ki, heykəldən üzr istəyim, gül qoyum, AzTV gəlib çəksin. Mən imtina etdim. Onlar tələb etdilər ki, o zaman narkotik ittihamını etiraf etməliyəm. İmtina etdikdə məni yenidən döyməyə başladılar. Şalvarımı çıxardılar və dubinka ilə yaxınlaşaraq əxlaqsız hərəkət edəcəklərini bildirdilər. Mən məcbur olub saxta narkotik ittihamını qəbul etdim.

Sonra bildirdilər ki, evimizə də gedib narkotik tapacaqlar, mənə deyəcəklər, mən də deyim ki, hə, filan yerə qoymuşam. Bildirdim ki, heç yerə narkotik qoymamışam axı. İstehza ilə biri dedi ki, sən qoymamısan, biz qoyarıq, sonra da taparıq. Yoxsa sənin ananı, atanı da tutub soxarıq içəri. Mənim yeriməyə də halım yox idi. Məni sürüyərək avtomobilə basdılar və yaşadığımız birotaqlı evə gətirdilər. Anam qapını açan kimi polislər zorla doldular içəri. Anamın yatağının altına narkotiki qoydular və sonra “buradadır, tapdıq” dedilər. Anam çox narahat idi. Mən onunla danışmağa cəhd etdim. İstəyirdim başa salam ki, bu siyasi bir işdir. Məni anamla danışmağa qoymadılar.

Dərhal məni maşına basdılar və Bakı Şəhər Baş Polis İdarəsinə gətirdilər. Yolda məni yenidən döyməyə başladılar, daha sonra saçımdan tutub üzümə tüpürməyə başladılar. Məni Bakı Şəhər Baş Polis İdarəsinə gətirdikdən sonra yenidən döyüb etirafedici izahat, ifadə yazdırdılar ki, guya narkotik vasitəni Əkrəm adlı İran vətəndaşından almışam. Halbuki mən ümumiyyətlə Əkrəm adlı şəxs görməmişəm, tanımamışam və eşitməmişəm.

Sonra məni Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun yanına apardılar. Qollarım arxadan qandallı idi. Otaqda olan bir nəfər mənə dedi ki, otur. Mən oturmaq istədikdə Mirqafar Seyidov bildirdi ki, mənim qabağımda oturmurlar, diz çökürlər. Həmin an məni gətirən əməkdaş dizimin arxasından təpiklə vurdu və mən dizi üstə düşdüm. Mən qalxmağa cəhd edəndə Seyidovun yanında olan keçəlbaş (özünü dövlətşünas kimi təqdim edirdi) kəmərimi çıxarmağı əmr etdi. Mənim saqqalımdan və saçımdan tutaraq kəmərimi çıxardılar və kəmərimlə məni döyməyə, alçaltmağa başladılar.

Məndən heykəli yazmaq üçün kimdən əmr aldığımı, kiminlə əlbir olduğumu, nə üçün belə etdiyimi soruşdular. Mən bildirdim ki, biz demokratiya istəyirik, o olmayanda etiraz edirik. Seyidov uca səslə “hanı sənin demokratiyan!” dedi. Bildirdi ki, sənin qohumlarının heç biri Qarabağda döyüşməyib, amma mən ayağımdan yaralanmışam. Belə söhbət və işgəncələr təxminən 1 saata yaxın davam etdi.

Sonra məni Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirdilər. İçəri daxil olan kimi oranın rəisi “sənsən, ə, heykəli yazan?” deyib məni vurdu. Mən yıxıldım. Sonra onun yanında olan şəxslər məni döyməyə başladılar. Huşumu yenidən itirmişdim, bədənim keyimişdi. Sonra məni kamerama sürüdülər.

Sübh tezdən rəis məni müvəqqəti saxlama yerinin həyətinə apardı və həyəti süpürməli olduğumu bildirdi. İmtina etdikdə məni yenidən döyməyə başladılar. Bədənimin hər yeri ağrıyırdı. Onlar məni həyəti süpürməyə, siqaret kötüklərini yığmağa məcbur etdilər. Daha sonra ayaqyolunu da təmizləməyim üçün möhkəm döyməyə başladılar. Onlar ətrafdan gülüşərək telefonları ilə mənim şəklimi çəkirdilər. Bu işgəncə və qeyri-insani rəftar sürəkli davam etdi.

Mayın 12-də məni yenidən müvəqqəti saxlama yerinin həyətini süpürməyə, siqaret kötüklərini yığmağa məcbur etdilər. Bu zaman vəkilim Elçin Sadıqov həyətə daxil oldu və mənim işgəncəyə məruz qaldığımı gördü. Elçin Sadıqov buna etiraz edəndə rəis onu zorla idarədən çölə çıxardı, “get müstəntiq gələndə gələrsən” dedi. Mən bu işgəncələr barədə 12 may 2016-cı il tarixli məhkəmə iclasında dedim və hakim qərar qəbul etdi ki, mənə verilən işgəncələr araşdırılsın. Mənə verilən işgəncələri araşdırmaq əvəzinə yenidən Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə gətirdilər, işgəncələr yenidən başlandı və Bakı İstintaq Təcridxanasına gətirilənə qədər davam etdi. İndi bütün bədənim, sümüklərim, xüsusilə də başım ağrıyır”.

Valyuta hərracında 48,4 milyon dollar satıldı

19.05.2016

dnf 1Mayın 19-da Dövlət Neft Fondu valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Vəsaitin 48,4 milyon dolları alınıb: 41,4 milyon dollar məbləğində vəsait 7 banka, 7 milyon dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun 2016-cı ilin valyuta hərraclarında satdığı vəsaitin həcmi 1 milyard 837,4 milyon dollara çatıb.

Mərkəzi Bank isə 2016-cı ilin hərraclarında 685,4 milyon ABŞ dolları satıb.

Qəzada ölənlərin adları açıqlanıb

19.05.2016

dmaaƏfqanıstanın Dvayer hava limanında mayın 18-də qəzaya uğramış Azərbaycan təyyarəsi ilə bağlı yeni məlumat var. Qəza AN-12 yük təyyarəsinin havaya qalxması zamanı baş verib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından APA-Economics-ə verilən məlumata görə, təyyarə Əfqanıstanda yük daşımaq məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurmaq üçün Marı şəhərinə (Türkmənistan) yola düşürmüş. Təyyarənin göyərtəsində yük olmayıb.

Göyərtədəki 9 ekipaj üzvünün adları açıqlanıb:

Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü

Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü

Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü

Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bortmühəndis, 1964-cü il təvəllüdlü

Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü

Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü

Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü

Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü

Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü

Əldə olan məlumata görə, hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb. Hazırda komissiyanın sədri, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimov və komissiya üzvləri hadisənin araşdırılmasında iştirak etmək üçün Dvayer hava limanına yola düşüblər.

Qazaxın icra başçısı başqa vəzifəyə getdi

19.05.2016



ayaz esgerov 1
Mayın 19-da prezident İlham Əliyev Ayaz Əsgərovu Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Başqa sərəncamla o, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Rəcəb Abas oğlu Babaşov isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb.

Transparency.az bildirir ki, Əsgərov Ayaz Nəriman oğlu 6 oktyabr 2011-ci ildən Qazaxın icra başçısı idi.

1964-cü ildə Tovuzun Qovlar qəsəbəsində anadan olan Ayaz Əsgərov 1989-cu ildə Moskva Ət və Süd Məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.

2006-2011-ci illərdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ötən ilin büdcəsi necə icra olunub? (Qanun layihəsi və hesabat)

19.05.2016

Maliyyə Nazirliyi Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini (Layihə) açıqlayıb. Transparency.az xəbər verir ki, layihəyə əsasən, dövlət büdcəsinin icrası gəlirlər 17 milyard 497 milyon 964,7 min manat, xərclər 17 milyard  784 milyon 535,2 min manat məbləğində olmaqla təsdiq edilir.

Hesabata görə, 2016-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında 1 milyard 433 milyon 928 min manat qalıq olub. Qalıq (sərbəst qalıq) 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə  yönəldilir.

Maliyyə Nazirliyi 2015-ci il büdcəsinin icrasına dair hesabat da yayıb.

Davudoğlunun yerinə Yıldırım gəlir

19.05.2016



binali yildirim 1
Mayın 19-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi icra orqanının iclası keçirilib. İclasda mayın 22-də keçiriləcək fövqəladə qurultayda partiya sədrliyinə namizəd olacaq şəxsin adı açıqlanıb. Mayın 22-də partiya sədrliyinə və Türkiyənin baş naziri vəzifəsinə hazırkı nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırımın namizədliyinin irəli sürülməsi qərara alınıb.

Binəli Yıldırım 1955-ci il dekabrın 20-də Ərzincanda anadan olub. İstanbul Texniki Universitetini bitirib. AZƏRTAC-ın məlumatına görə, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifəsinə dörd dəfə təyin olunan və bu vəzifədə ən çox xidmət edən ilk şəxsdir.

Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Əhməd Davudoğlu mayın 5-də partiya sədrliyinə namizəd olmayacağını deyib. Partiya sədrinin dəyişməsi isə baş nazirin dəyişməsi deməkdir.

Əhməd Davudoğlu 2014-cü ilin avqust ayından Ədalət və İnkişaf Partiyasının lideri və baş nazirdir.

Prezident bəzi tikinti obyektlərinin istismarına icazə verilməsini sadələşdirdi

19.05.2016



prezident-11Prezident İlham Əliyev mayın 19-da bəzi tikinti obyektlərinin istismarına icazə verilməsini sadələşdirən fərman imzalayıb.

Fərmana görə, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatını Nazirlər Kabineti müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir:

— 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçinin tikinti obyekti barəsində tərtib etdiyi memarlıq-planlaşdırma bölməsi əlavə edilir) Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir;

— yerli icra hakimiyyəti orqanı aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

Nazirlər Kabineti fərmanda nəzərdə tutulmuş tikinti obyektlərinin istismar təyinatının siyahısını və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin formasını bir ay müddətində müəyyən etməlidir.

İndən belə dövlət əmlakı necə özəlləşdiriləcək? (Yeni fərman)

19.05.2016

prezident sarayi 2
Mayın 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanın 1-ci bəndində deyilir: “Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan Respublikası prezidentinin qərarları ilə həyata keçirilir”.

2-ci bənddə Nazirlər Kabinetinə tapşırılır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində; özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə ölkə prezidentinə təqdim etsin.

2016-cı ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini isə Nazirlər Kabineti prezidentə bir ay müddətində təqdim etməlidir.

Fərmanın 3-cü bəndində Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılır ki, bu fərman qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanununa və prezidentin 2000-ci il 10 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırsın.

Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılır ki, bu fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində prezidentə təqdim etsin.

Əmlak Məsələləri Dövlət Komitəsi bu fərman qüvvəyə mindiyi günədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və barəsində özəlləşdirmə əqdi bağlanmış dövlət əmlakının özəlləşdirilməsi prosesini ən qısa müddətdə başa çatdırmalı və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində prezidentə təqdim etməlidir.

Ağdaş dairəsində 3 nəfərin namizədliyi qeydə alınıb

19.05.2016

msk 190 saylı Ağdaş dairəsindən Milli Məclisə təkrar seçkiyə qatılan iddiaçıların qeydə alınmaq üçün sənədləri təhvil vermə müddəti mayın 19-da bitib. Mərkəzi Seçki Komissiyasının sözçüsü Şahin Əsədli Transparency.az-a bildirib ki, namizədliyi təsdiq olunan 14 nəfərdən 9-u imza vərəqələrini geri qaytarıb: “İndiyəcən 3 nəfər namizəd kimi qeydə alınıb”.

Azərbaycanda son parlament seçkisi 2015-ci ilin noyabrında 125 dairə üzrə keçirilib. Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası dairə üzrə şikayətlərə baxarkən belə qərar verib.

Aprelin 12-də prezident İlham Əliyev 90 saylı dairə üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Seçki bu il iyunun 18-nə təyin edilib.

“ABŞ dolları Azərbaycan Mərkəzi Bankının təzyiqinə davam gətirə bilmir”

19.05.2016

vuqar bayramov“Mərkəzi Bankın monetar siyasəti mili valyutanın gələcək məzənnəsi üçün risklər yaradır”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov belə deyir.

Ekspert son bir neçə gündə dünya valyuta bazarında gedən dəyişikliyə nəzər salaraq yazır ki, son iki həftədə avroya nisbətən 5 faizə yaxın, bu gün isə 1 faizdən çox bahalaşan ABŞ dolları Azərbaycan Mərkəzi Bankının təzyiqinə davam gətirə bilmir, son günlər manata nisbətən ucuzlaşır: “Əgər mayın əvvəlində 100 avro almaq üçün 116 dollara yaxın vəsait ödəmək lazım idisə, indi hətta 112 dollardan az pul tələb olunur. Çox maraqlı mənzərədir: dünya bazarında dollar bahalaşanda Azərbaycanda ucuzlaşır, qlobal arenada dəyər itirəndə bizdə güclənir. Hətta neftin dünya bazarında ucuzlaşması da manata təsir göstərə bilməyib.

Maraqlıdır ki, ABŞ Federal Ehtiyat Sisteminin açıqlamasından sonra bu gün dollar bütün aparıcı valyutalara nisbətən dəyər qazandı, yalnız Bakıda məzənnə dəyişmədi. Baş bankın dünya bazarı və hətta özünün bivalyuta səbətindəki valyutaların məzənnəsinə uyğunlaşdırılmayan və koordinasiya edilməyən monetar siyasəti milli valyutamızın gələcək məzənnəsi üçün risklər yaradır. Mərkəzi bank dolların acığına deyil, pul bazarındakı mövcud və strateji dəyişikliklərə uyğun məzənnə müəyyənləşdirməlidir. Əks halda Mərkəzi Bankın sürprizləri ilə tez-tez rastlaşmalı olacağıq”.

Mərkəzi Bank mayın 19-da 1 ABŞ dollarının rəsmi kursunu dəyişməyib, 1,5017 manat müəyyən edib.

Vergilər Nazirliyində struktur və kadr dəyişiklikləri aparılıb

20.05.2016



vn 1
Vergilər Nazirliyində Vergi Cinayətlərinin Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsi yaradılıb. Rəsmi məlumata görə, məqsəd vergi borclarının dövlət büdcəsinə alınması işinin təşkilinin daha da təkmilləşdirilməsi, cinayət xarakterli hüquqpozmaların qarşısının alınması sahələrində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, eləcə də cinayət tərkibi yaratmayan borc materiallarının əvvəlcədən araşdırılması və təhlili nəticəsində vergi cinayətlərinin sayının azalmasına nail olmaqdır.

Nazirliyin Hüquq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Zeynalabdin Məmmədzadə yeni baş idarənin rəisi vəzifəsinə keçirilib.

Qeyd olunur ki, vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsi, vergi məlumatlandırılması işinin və vergi qanunvericiliyinə əməl edilməsi səviyyəsinin artırılması, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi sahəsində aparılan işlərin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin Çağrı Mərkəzi və Xidmət Mərkəzi ləğv edilib, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti yaradılıb.

Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsi rəisinin müavini vəzifəsində işləyən Məhəmməd Yunusov yeni departamentin rəisi vəzifəsinə təyin olunub.

Həmçinin Vergilər Nazirliyinin Vergi Borclarının Alınması və Ərazi Vergi Orqanları ilə İş üzrə Baş İdarəsinin adı dəyişdirilərək Ərazi Vergi Orqanları ilə İş üzrə Baş İdarə adlandırılıb. Baş idarənin adı dəyişdirildikdən sonra da bu idarəyə əvvəlki kimi Elçin Bəylərov rəhbərlik edəcək.

Vergilər nazirinin digər əmrləri ilə buna qədər nazirliyin Aparatının rəhbəri işləyən Əli Həsənov Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi, İnsan Resursları İdarəsi rəisinin birinci müavini vəzifəsində işləmiş Ağasəməd Əfəndiyev isə Vergilər Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Xarici valyutaların 20 may məzənnəsi

20.05.2016



amb 1Mərkəzi Bank mayın 20-də 1 ABŞ dollarının kursunu 1,5017 manatdan 1,4987 manata salıb. Transparency.az-ın məlumatına görə, avro da ucuzlaşıb. Ötən gün 1,6848 manata satılan 1 avro 1,6787 manata təklif olunur.

Digər valyutaların rəsmi məzənnəsi belə müəyyən edilib:

1 gürcü larisi  – 0.6987 manat

1 ingilis funt sterlinqi – 2,1871 manat

1 Rusiya rublu – 0,0225 manat

1 türk lirəsi – 0,5016 manat.

55 sahibkara 5,4 milyon manat güzəştli kredit verilib

20.05.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu mayın 19-u Goranboy rayonunda işgüzar forum keçirib. Economy.gov.az-ın məlumatına görə, 100-dən çox sahibkarın iştirak etdiyi forumda Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan südlük istiqamətli cins heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, gips əsaslı üzlüklərin və dam örtükləri istehsalı müəssisələrinin, 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu il 895 sahibkar 55 milyon manatdan çox güzəştli kredit alıb: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1900-dan çox yeni iş yerinin yaradılmasına imkan verir”.

Bildirilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5856 investisiya layihəsinin maliyyələşdirilməsinə 217,4 milyon manat güzəştli kredit ayrılıb.

Tədbir çərçivəsində Goranboy və ətraf rayonlardan olan 55 sahibkara 5,4 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, quşçuluq, üzümçülük, pambıqçılıq, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu investisiya layihələrinin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması imkanı yaranacaq.



forum 1

forum 2

Eldar Həsənov 5+2 variantını qəbuledilməz adlandırdı

20.05.2016

eldar-hasanov
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri Eldar Həsənov Dağlıq Qarabağ münaqişəsinin həlli variantlarından biri kimi təklif edilən 5+2 variantının (bu təklif öncə Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının geri qaytarılmasını, sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə eyni vaxtda Kəlbəcər və Laçının geri qaytarılmasını nəzərdə tutur) qəbuledilməz olduğunu bildirib.

“Yeni Müsavat”a açıqlamasında Eldar Həsənov qeyd edib ki, 2003-cü ildən bu günə kimi Azərbaycan prezidenti Qarabağ məsələsində hər bir Azərbaycan vətəndaşının istəyi, arzusu nədirsə, onu etmək istiqamətində çalışıb: “Azərbaycan prezidentinin apardığı siyasət, ordu quruculuğunun nəticəsi Qarabağ məsələsində status-kvonu dəyişib. Lakin burda bir şey nəzərə alınmalıdır. Belə söhbətlər səslənir ki, bəzi beynəlxalq vasitəçilər Qarabağ məsələsini 5+2 rayonun qaytarılması formulu ilə həll etmək istəyirlər. Nəzərə almaq lazımdır ki, bu formul qəti surətdə Azərbaycan üçün əlverişli formul deyil. Unutmaq olmaz ki, ən strateji yüksəkliklər məhz Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşir. 5+2 formulu isə, bəllidir ki, Kəlbəcərlə Laçının azad edilməsinin sonrakı mərhələyə saxlanmasını nəzərdə tutur.

Kəlbəcər və Laçın, yəni çox ciddi əhəmiyyət kəsb eləyən yüksəkliklər Ermənistanın əlində qalırsa, azad edilən o 5 rayona qayıdan yüz minlərlə azərbaycanlı əhalinin taleyi və təhlükəsizliyi hər an təhlükə altında olacaq. Müharibə tarixlərindən də bəllidir ki, yüksəkliklər kimdədirsə, üstünlük onda olur. Ermənistan məhz buna görə bütün vasitələrlə çalışır ki, Kəlbəcər və Laçın digər rayonlardan ayrılsın və onların nəzarətində qalsın. 5+2 adlanan həll formulu o deməkdir ki, Murovdan başlamış Laçının Minkənd kəndinin başının üstünə qədər olan yüksəkliklər qalır ermənilərin əlində və beləliklə, azad edilən 5 rayon təhlükə altında qalır. Ermənistan taleyi öz əlində olan ölkə olmadığı üçün tarix göstərir ki, imzaladığı razılaşma sənədlərinə belə əməl etmir və edə bilmir. 1992-ci ilin mayında İranda Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən parlament sədri ilə Ermənistan prezidenti Levon Ter-Petrosyan arasında atəşkəs sənədi imzalanmışdı. Həmin günün səhərisi Ermənistan Şuşanın işğalını həyata keçirməyə başladı.

Bu təcrübə onu deməyə əsas verir ki, Ermənistan hətta 5 rayonu geri qaytardıqdan sonra imzasına məhəl qoymayaraq yüksəkliklərdən yenidən həmin rayonlara hücum edə bilər. Nə qədər ki, Ermənistan özü öz taleyinin sahibi deyil, kənardan idarə olunur, onların hətta öz imzasına hər an xəyanət etmələrini görmək mümkündür.

Odur ki, Azərbaycan aprelin əvvəlindəki hərbi əməliyyatlardan sonra əldə etdiyi üstünlüyün və ədalətli mövqeyinin diktəsi ilə hərəkət etməli və sülh prosesinin maraqlarımıza uyğun getməsinə nail olmalıdır və inanıram ki, nail olacaq”.

Eldar Həsənov vurğulayıb ki, Qarabağ savaşında informasiya müharibəsi, diplomatik müstəvidə iş son dərəcə mühümdür: “Şübhəsiz ki, əvvəlki illərdəkindən daha çox geniş təbliğata, həqiqətləri dünyaya çatdırmağa ehtiyacımız var. Hər ölkənin dilində, onun anlama üslubunda Qarabağ həqiqətləri Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatları əsasında çox intensiv şəkildə həyata keçirilir. Sizə tam məsuliyyətimlə deyə bilərəm ki, artıq Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatları heç zaman olmadığı qədər çox aktiv informasiya müharibəsi aparır.

Nəzərə almaq lazımdır ki, qarşımızdakı ermənilərin dünyanın bir çox mühüm mərkəzlərində uzun illər oturuşmuş lobbi və təbliğat maşını var. Azərbaycan dövləti artıq bu təbliğat maşınının təbliğatının təsirini öldürmək, reallıqları, həqiqəti dünyaya çatdırmaq üçün özünün sistemini qura bilib. Müdafiə Nazirliyinin verdiyi bir bəyanatı, dövlətin mövqeyini bir neçə saatın içində səfirliklərimiz təmsil olunduqları ölkələrdə yayır, bütün lazımi ünvanlara çatdırır. Azərbaycanın haqq səsi anındaca çatdırılır və artıq dünya ölkələrində Ermənistanın dağıdıcı mövqedə olan bir dövlət olduğuna inam yaranıb. Bununla belə düşünürəm ki, gördüyümüz iş hələ də tam yetərli deyil. Daha artıq şəkildə iş aparmalıyıq”.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəkliklər və strateji əhəmiyyətli ərazilər işğaldan azad edilib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-u Kəlbəcər rayonunda doğulub. Bakıda Politexnik İnstitutunu, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Ali Hüquq Akademiyasını bitirib. Uzun müddət Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb – müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəisi, Bakı Şəhər Nizami Rayon Milis Şöbəsinin rəisi, Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəhbəri, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə Azərbaycan Respublikası baş prokurorunun birinci müavini işləyib, 1995-2000-ci illərdə baş prokuror vəzifəsini tutub. Ədliyyə general-leytenantıdır.

2001-ci ildən 2013-cü ilə qədər Eldar Həsənov Rumıniyada, 2009-cu ildən iqamətgahı Buxarest şəhərində olmaqla həmçinin Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda iqamətgahı Belqrad şəhərində olmaqla Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirdir. Eldar Həsənov həmçinin bir çox beynəlxalq təşkilatın üzvü və rəhbəri, Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlıqla mübarizə üzrə Regional Mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir.

İsrailin müdafiə naziri hökumətdən də, parlamentdən də getdiyini açıqladı

20.05.2016

moshe yaalon
İsrailin müdafiə naziri Moşe Yaalon vəzifəsindən və siyasətdən getdiyini bəyan edib. Novator.az xəbər verir ki, Moşe Yaalon mayın 20-də “Twitter” səhifəsində belə yazıb: “Bu gün səhər baş nazirə bildirdim ki, mənə göstərilən etimadsızlığa görə hökumətdən, parlamentdən gedirəm və siyasi fəaliyyətimə fasilə verirəm”.

Bu günlərdə İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri postuna rusdilli israillilərin “İsrail Bizim Evimizdir” Partiyasının rəhbəri Aviqdor Libermanın təyin olunmasını təklif edib.

Təyyarə maneəyə dəyibmiş

20.05.2016

Azərbaycanın “Silk Way” şirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması səbəblərini təhqiq edən komissiya hazırda olay yerindədir. Xəbəri AZƏRTAC mayın 20-də yayıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimovun başçılıq etdiyi komissiya Əfqanıstan Mülki Aviasiya Xidmətinin nümayəndələri ilə birlikdə hadisənin təfsilatını öyrənir. Komissiya həm də həlak olmuş pilotların meyitlərinin vətənə çatdırılması məsələsi ilə məşğul olur.

Qəza mayın 18-də yerli vaxtla saat 14:30 radələrində Əfqanıstanın Dvayer aeroportunda baş verib. AN-12 yük təyyarəsi havaya qalxarkən maneə ilə toqquşub. Təyyarədəki 9 nəfər heyət üzvündən 7-si həlak olub. Ölənlərin 5-i Azərbaycan vətəndaşıdır.

Təyyarə Əfqanıstanda yükdaşımaların yerinə yetirilməsi üçün “Silk Way” şirkətindən icarəyə götürülüb. Baqrandan (Əfqanıstan) Dvayerə gəlmiş təyyarə əlavə yanacaq doldurmaq üçün Marı şəhərinə (Türkmənistan) getməli imiş.

Deputat: “Hər birimiz azadlığa çıxan insanlara yardımçı olmalıyıq”

20.05.2016



mehriban eliyeva 2Mayın 20-də Azərbaycan parlamenti deputat, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May — Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsinə həsr olunan xüsusi iclas keçirir.

AZƏRTAC xəbər verir ki, amnistiya layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Həmçinin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərin, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumların amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır.

APA-nın məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən Mehriban Əliyeva deyib ki, məhkum edilmiş şəxslər və onların ailə üzvlərinin son vaxtlar Heydər Əliyev Fonduna ünvanladığı çoxsaylı müraciətlə əlaqədar aparılan təhlillər cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və digər zəruri hallar nəzərə alınmaqla həmin şəxslərə münasibətdə humanizm və mərhəmət prinsiplərinin nümayiş etdirilməsini zəruri edir: “Heydər Əliyev Fondu yarandığı dövrdən bir neçə amnistiya aktının qəbul edilməsinin təşəbbüskarı olub. Parlamentin 8 may 2007-ci il qərarı ilə 9877, 17 mart 2009-cu il qərarı ilə 9564, 7 may 2013-cü il qərarı ilə 10040 məhkum barəsində amnistiya tətbiq edilib. Hər birimiz azadlığa çıxan insanlara yardımçı olmalıyıq. Mərhəmət və humanizm prinsipi ilə yaşayan cəmiyyətlər həmişə inkişaf edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Biz onlara bu şansı verməliyik. Ümidvaram ki, amnistiyaya düşən şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olacaqlar”.

Mehriban Əliyeva deputat həmkarlarını qərar layihəsinə dəstək verməyə çağırıb.

İlham Əliyev qida sənayesi və kənd təsərrüfatı sərgiləri ilə tanış olub

20.05.2016

Prezident İlham Əliyev mayın 20-si Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi və X Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub.

Kənd təsərrüfatı naziri Heydər Əsədov dövlət başçısına sərgilərlə bağlı məlumat verib. İlham Əliyev sərgilərdə nümayiş olunan stendlərə baxıb.

Xəbəri AZƏRTAC yayıb.



sergi 1

Amnistiya aktı qəbul olundu

20.05.2016

mm-yeni 1
Mayın 20-də Milli Məclis deputat Mehriban Əliyevanın təqdim etdiyi amnistiya aktını qəbul edib. 28 May Respublika Günü ilə bağlı qəbul olunan amnistiya aktı bu il iyunun 15-də qüvvəyə minəcək.

Sənədə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkənlər, intizam xarakterli hərbi hissədə saxlama cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayanlar, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş, islah işləri, ictimai işlər növündə cəza təyin edilmiş, əsas cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş, əsas cəza kimi 2 min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və cərimə cəzasının ödənilməmiş hissəsi 2 min manatdan artıq olmayan şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər amnistiya tətbiq edilənlərin dairəsinə düşəcək.

Qadınlar, cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər, birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilər, o cümlədən atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin vaxt SSRİ Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, habelə keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (bu orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla), keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarı ilə bəraət almış şəxslər və onların yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistan SSR-dən deportasiya edilmiş şəxslər, 1988-1993-cü illərdə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinin bir hissəsini işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunubsa), 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

Eyni zamanda cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər (amnistiya tətbiq olunmasına məhdudiyyətlər nəzərə alınmaqla) təyin olunmuş cəzalardan azad olunacaqlar.

O cümlədən 4 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılacaq.

Qərara əsasən, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olan şəxslər, əsas cəza kimi 2 min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş şəxslər, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər və azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər təyin olunmuş cəzalardan azad ediləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Attestasiya Komissiyası fəaliyyətə başlayıb

20.05.2016

Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 nəfərdən ibarət Attestasiya Komissiyası fəaliyyətə başlayıb. AZƏRTAC-ın məlumatına görə, ilk iclasda üç nəfər bank inzibatçısının attestasiyası keçirilib və hər üç namizəd iddia etdikləri vəzifələrə uyğun hesab edilib.

Attestasiya Komissiyası Azərbaycanda fəaliyyət göstərən bankların və xarici bank filiallarının idarə heyəti üzvlərinin, daxili audit bölmələrinin rəhbərlərinin, baş mühasiblərinin, investisiya şirkətlərinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının rəhbər işçilərinin attestasiyasını həyata keçirəcək.

Sığorta şirkətlərinin rəhbər işçilərinin (Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinin, daxili audit xidmətinin rəhbərinin və baş mühasibin), aktuari fəaliyyəti ilə məşğul olan şəxslərin, sığorta agentlərinin və ya onların rəhbərlərinin və investisiya xidmətlərini həyata keçirən şəxslərin attestasiyası isə testlə olacaq.

Dövlət başçısının 3 fevral fərmanı ilə yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulub, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulub.

Nizamnaməyə görə, palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət orqanıdır.

Ekspert özəlləşdirmə fərmanına münasibət bildirib

20.05.2016

qubad ibadoglu 1
İqtisadçı ekspert Qubad İbadoğlu prezidentin dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı fərmanına münasibət bildirib.

Mayın 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər fərmanı imzalayıb.Fərman dövlət əmlakının özəlləşdirilməsinin prezidentin qərarları ilə həyata keçirilməsini nəzərdə tutur. Nazirlər Kabinetinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində, özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə ölkə prezidentinə təqdim etmək tapşırılıb.

Transparency.az bildirir ki, fərmanı ölkə iqtisadiyyatının rəqabətliliyinə, geniş sahibkarlıq təbəqəsinin formalaşmasına, iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına yardım məqsədi daşıdığını qeyd edən Qubad İbadoğlu bir neçə nüansa diqqət çəkir: “Fərmanda göstərilir ki, Nazirlər Kabineti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. Nazirlər Kabineti bu işi görərkən özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmalıdır. Əslində hökumətə verilən bu tapşırıq heç yerinə düşmür. Belə ki, dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarının işlənilməsi qanunun deyil, özəlləşdirmə qaydalarının predmeti ola bilər.

Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim etmək tapşırırlıb. Bu isə o deməkdir ki, özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə ən yaxşı halda bu ilin avqust ayında tanış ola biləcəyik. Fikrimcə, hazırkı situasiyada yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur, mövcud qanunu təkmilləşdirmək və modifikasiya etməklə özəlləşdirmənin yeni, üçüncü mərhələsinin hüquqi bazasını formalaşdırmaq mümkün idi.

Hazırda özəlləşdirmənin fərdi investisiya müsabiqələri üzrə həyata keçirilməsi yeni mərhələnin aparıcı xəttini təşkil etməlidir. Digər tərəfdən də nəzərə alsaq ki, özəlləşdirilməli müəssisələr əsasən kommunal, rabitə və enerji sektorlarını əhatə edir, bu halda da onların özəlləşdirilməyə açıq elan edilməsi prezidentin fərmanları ilə olmalıdır. İstənilən halda Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə tanış olmaq çox maraqlıdır. Çünki həm siyahı, həm də özəlləşdirmədə xarici investorların iştirakı şərtləri bu mərhələnin ən cəlbedici məqamlarıdır”.

Bu ay Əmlak Məsələləri Dövlət Komitəsi “Azərbaycanda mülkiyyət islahatları və özəlləşdirmə: sosial-iqtisadi nəticələr və inkişaf meylləri” adlı hesabat yayıb. Hesabatda qeyd olunur ki, 1996-cı ildən indiyədək 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirilib: “Özəlləşdirmə prosesində orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində 1600-ə yaxın səhmdar cəmiyyət yaradılıb və sonradan özəlləşdirilib. Özəlləşdirmənin başlandığı dövrdən dövlət büdcəsinə müəssisə və obyektlərin özəlləşdirilməsindən təxminən 600 milyon manat daxil olub.

Özəlləşdirmə prosesində 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib, 550 milyon ABŞ dolları məbləğində vəsait investisiya şəklində qoyulub”.

Hər il müsəlmanlar islam banklarına 1,8 trilyon dollar pul qoyur

20.05.2016

bank_islamHər il müsəlmanlar islam banklarına 1,8 trilyon dollar pul qoyur. Novator.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin  iqtisadiyyat nazirinin müavini Abdulla əl-Saleh mayın 20-də Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən Rusiya – islam dünyası sammitində belə deyib.

Kazanda keçirilən sammitə dünyanın 35 müsəlman ölkəsindən nümayəndələr qatılıb.

Abdulla əl-Saleh sammitdə çıxışı zamanı islam iqtisadiyyatının stabil şəkildə inkişaf etdiyini vurğulayıb: “Bizim islam bankları ənənəvi banklara nisbətən daha sürətlə inkişaf edir. Bu, dünyada müsəlmanların sayının artdığı bir dövrdə çox mühüm faktordur. Müsəlmanlar hər il islam banklarına 1,8 trilyon dollar pul qoyurlar. Bu, islam bankçılığının inkişafı üçün yüksək perspektivin olduğunu göstərir”.

Saleh qeyd edib ki, dünyada islam bankçılığını ən çox tətbiq edən ölkələrdən birincisi Malayziya, ikincisi Birləşmiş Ərəb Əmirlikləridir.

Dünyada ilk islam bankı 1975-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində açılıb.

İslam dini sələmi qadağan etdiyinə görə islam bankları pulu faizlə vermir. Belə banklar maliyyə yardımı göstərdiyi biznes layihələri mənfəət əldə etdikdə gəlir qazanır.

Amnistiya qərarının mətni

20.05.2016

Milli Məclisin 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında 20 may qərarı dərc olunub. Transparency.az bildirir ki, qərar 4 hissədən, 31 bənddən ibarətdir:


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə