Xəbər bülleteni №39



Yüklə 332,86 Kb.
səhifə1/3
tarix20.03.2018
ölçüsü332,86 Kb.
  1   2   3

Xəbər bülleteni № 39

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

İyul 2016

Prezident Nəqliyyat Nazirliyini bir hüquqdan məhrum etdi

21.07.2016

nn 1
Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında 12 oktyabr 2006-cı il sərəncamında dəyişikliklər edib. Transparency.az bildirir ki, iyulun 20-də imzalanan sərəncama əsasən, Nəqliyyat Nazirliyi “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin sərəncamçısı hüququndan məhrum edilib. Bu hüquq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ötürülüb.

Başqa bir yenilik də var. Bundan sonra “Avtomobil yolları” Məqsədli Büdcə Fondu həm də iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr hesabına formalaşacaq.

“Avtomobil yollan” Məqsədli Büdcə Fondunun digər mədaxil mənbələri bunlardır:

— yol vergisi;

— mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə
sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfındən ödənilən sadələşdirilmiş vergi;

— idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər;

— idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu;

— Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu;

— nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu;

— dövlət büdcəsindən ayrılan vəsait.

Azərbaycanda Türkiyə hərbi bazası yaradılır?

21.07.2016



ramiz tahirov 1Dövlət başçısının 20 iyul fərmanı ilə Azərbaycan və Türkiyə hökumətləri arasında bu il iyunun 3-ü Bakıda imzalanmış protokol təsdiq edilib. Protokol “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılmasını nəzərdə tutur.

İlham Əliyev Müdafiə Nazirliyinə protokolun müddəalarının həyata keçirilməsini tapşırıb.

AZƏRTAC-a danışan müdafiə nazirinin müavini Ramiz Tahirov deyib ki, bu, Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması anlamına gəlmir: “Hacı Zeynalabdin qəsəbəsindəki aerodromdan hələ 1999-cu ildən beynəlxalq sülhməramlı missiyada iştirak edən Azərbaycan hərbi qulluqçularının Kosovo, İraq və Əfqanıstana yola salınması məqsədilə istifadə edilir. Burada yerləşən bir terminalda təyyarələrə texniki xidmət göstərən personal və pilotlar üçün istirahət otaqları nəzərdə tutulub.

Azərbaycan sülhməramlılarının Əfqanıstana aparılması və oradan gətirilməsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilir. Təyyarə aerodroma enməzdən 1 saat əvvəl Türkiyə hərbi attaşeliyi aparatının nümayəndəsi buradakı 2 otağı açır. Aerodromda təyyarəyə texniki qulluq göstərilməsi zamanı pilotların qısamüddətli istirahəti bu otaqlarda təmin edilir. Təyyarə yola düşdükdən sonra otaqlar bağlanır, Azərbaycan tərəfinə təhvil verilir, mühafizəyə götürülür, Türkiyə hərbi attaşeliyi aparatının nümayəndələri ərazini tərk edirlər.

Nazir müavini vurğulayıb ki, “Qızıl Şərq” hərbi şəhərciyi ərazisində yerləşən bina hələ keçən əsrin 90-cı illərindən Türkiyənin Azərbaycandakı hərbi attaşelik aparatına müvəqqəti icarəyə verilib: “Təsdiqlənən protokol həmin tikilidə təmir-bərpa işlərinin aparılması üçün hüquqi imkan yaradır”.

Dollar 1 manat 57 qəpiyi haqlayır

21.07.2016

manat-dollar-01İyulun 21-də ABŞ dolları yenə bahalaşıb. 1 dolların rəsmi məzənnəsi 1,5662 manatdan 1,5693 manata qalxıb.

Avronun da məzənnəsində yüksəliş qeydə alınıb. Transparency.az-ın məlumatına görə, dünən 1,7252 manata dəyişdirilən 1 avro 1,7314 manata təklif olunur.

1 Rusiya rublunun kursu isə 0,0247 manatdan 0,0246 manata enib.

Mərkəzi Bankın məzənnə cədvəlinə əsasən, digər valyutalara belə qiymət qoyulub:

1 gürcü larisi – 0,6692 manat

1 ingilis funt sterlinqi – 2,0769 manat

1 İsveçrə frankı – 1,5938 manat

1 türk lirəsi – 0,5093 manat

1 Ukrayna qrivnası – 0,0633 manat.

Yerevanda polis aksiyaçıları dağıdıb

21.07.2016

aksiya 1
İyulun 21-nə keçən gecə Ermənistan polisi paytaxt Yerevanda patrul-mühafizə polkunun binası önünə toplaşmış aksiyaçıları dağıdıb. Ötən gün axşamdan başlayan toqquşmalarda 51 nəfər xəsarət alıb. Novator.az-ın məlumatına görə, onların 28-i polis əməkdaşıdır.

İyulun 17-nə keçən gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb. Onlar radikal müxalifətçi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 1 basqınçı, 5 polis yaralanıb.

İndiyədək basqınçılar 5 polis əməkdaşını azad edib. Bir neçə nəfər, o cümlədən Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyan hələ də girov saxlanır.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti basqınçıları təslim olmağa çağırır.

Müxalifət fəalları bir neçə gündür paytaxtın mərkəzində, o cümlədən girovların saxlandığı məntəqənin həndəvərində toplaşaraq həbsdə olan müxaliflərin azadlığa buraxılmasını tələb edir, hakimiyyəti güc tətbiq etməməyə çağırır, istefa şüarları səsləndirir.

“Yeni Ermənistan” və “Müəssislər parlamenti” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ay tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur.

49 yaşlı Jirayr Sefilyan Livanın paytaxtı Beyrutda doğulub. 1990-cı ildə hərbi təlimçi kimi Ermənistana göndərilib. 1991-ci ildə Dağlıq Qarabağa gəlib və Azərbaycan torpaqlarının işğalında iştirak edib. Uzun müddət Dağlıq Qarabağdakı işğalçı orduda yüksək vəzifələr tutub.

2000-ci ildən siyasi fəaliyyətlə məşğul olan Jirayr Sefilyan radikal müxalif mövqedə durur və buna görə bir neçə dəfə həbs edilib.

Türkiyə fövqəladə vəziyyətə gedir

21.07.2016

erdogan 1
Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan olunur. Bunu iyulun 20-də Türkiyə Nazirlər Kabinetinin toplantısından sonra prezident Rəcəb Teyyub Ərdoğan bəyan edib. Qərar Türkiyə Böyük Millət Məclisinin təsdiqinə göndərilib.

Dövlət başçısı fövqəladə vəziyyət rejimində valilərin səlahiyyətlərinin artacağını, təhlükəsizlik qüvvələrinin onların təlimatı ilə hərəkət edəcəyini vurğulayıb.

İyulun 15-i gecə ölkədə bir qrup hərbçi hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. Həmin gecə dövlət başçısı Rəcəb Teyyub Ərdoğan ölkə əhalisini hakimiyyəti müdafiə etmək üçün küçə və meydanlara çağırıb. Qarşıdurmalar zamanı hökuməti müdafiə edən 60 polis, 3 hərbçi, 145-i mülki şəxs həlak olub, 1491 nəfər yaralanıb. 24 qiyamçının öldüyü, 50-nin yaralandığı qeyd edilir.

Hakimiyyət çevriliş cəhdinin ABŞ-da mühacirətdə olan islamçı alim Fətullah Gülənin planı olduğunu iddia edir. Türkiyədə kütləvi həbslər, işdən çıxarmalar aparılır.

AZƏRTAC-ın məlumatına görə, 20 iyul açıqlamasında Türkiyə prezidenti deyib ki, Silahlı Qüvvələr hökumətin əmrindədir: “Baş komandan olaraq əsgərlərimizlə birlikdə Silahlı Qüvvələrimizin içərisindəki bütün virusları təmizləyəcəyik”.

İnşaat sektorunda orta aylıq əməkhaqqı 830 manata yaxındır

21.07.2016

2016-cı ilin yanvar-iyun aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı 90,4 min nəfər olub. Bu sektorda orta aylıq əməkhaqqı isə 2015-ci ilin müvafiq dövrünə nisbətən 24,6 faiz artaraq 829,8 manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixtisaslaşdırılmış tikinti sahəsində işləyənlərin əməkhaqqı 42,4 faiz, binaların tikintisində işləyənlərin əməkhaqqı 14,8 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əməkhaqqı isə 5,4 faiz artıb.

inshaat 1

Xızıda işgüzar forum, yeni kreditlər

21.07.2016

Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 32 sahibkara 660 min manat güzəştli kredit verilib. Əsasən heyvandarlıq, əkinçilik, quşçuluq, polietilen paket, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcək kreditlərin reallaşdırılması hesabına 50 yeni iş yerinin açılması mümkün olacaq.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, kreditlər iyulun 21-i Xızıda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda təqdim olunub. 100-dən çox sahibkarın iştirak etdiyi forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövründə 1383 sahibkara 76,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3300-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır.

Qeyd edilib ki, ümumilikdə indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1115 investisiya layihəsinin maliyyələşdirilməsinə 315,4 milyon manat güzəştli kredit ayrılıb.



forum 1

forum 2

Manata xərclənən pul 3 milyard yarımı keçdi

21.07.2016

manat 1Dövlət Neft Fondu iyulun 21-də keçirilən valyuta hərracında yenidən 50 milyon ABŞ dolları satıb. Vəsaiti 28 bank alıb. Bununla milli valyutanın sabitliyi üçün xərclənən vəsait 3 milyard yarımı keçib.

Transparency.az bildirir ki, Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı valyutanın həcmi 2 milyard 707,4 milyon dollardır. Mərkəzi Bankdan isə bu il 835,4 milyon dollar həcmində valyuta alınıb. İki qurtum birlikdə 3 milyard 542,8 milyon dollar satıb.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Hazırda 1 ABŞ dolları 1,5693 manata satılır.

İstintaq Komitəsi istintaq olunur: axtarışlar aparılıb, məmurlar tutulub

21.07.2016

rusiya ik 2Rusiya İstintaq Komitəsinin yüksək rütbəli əməkdaşlarının evlərində və iş yerlərində axtarış aparılıb. Novator.az-ın məlumatına görə, Moskva, Sankt-Peterburq şəhərlərində və Moskva ətrafında aparılan axtarışlar zamanı 79 min avro və 30 min dollar məbləğində pul, 500 min avro dəyərində saat kolleksiyası aşkar olunaraq götürülüb.

İyulun 19-da Rusiya Federal Təhlükəsizlik Xidməti bəyan etmişdi ki, İstintaq Komitəsinin bir sıra əməkdaşlarına qarşı istintaq tədbirləri həyata keçirilir. Tədbirlərin komitə məmurlarının vəzifə səlahiyyətlərini aşması və cinayətkar birliklərdən rüşvət alması faktları ilə bağlı olduğu bildirilirdi.

Bəyanatdan dərhal sonra Moskvanın Lefortovo Rayon Məhkəməsi İstintaq Komitəsinin Xüsusi Təhlükəsizlik İdarəsinin rəhbəri Mixail Maksimenko, onun müavini Aleksandr Lamonov və komitənin Moskva Baş İdarəsinin rəis müavini Denis Nikandrov barəsində həbs qətimkan tədbiri seçib. Onlar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

Konstitusiya Məhkəməsi prezidentin layihəsinə haçan baxmalıdır?

21.07.2016

km1
Prezident İlham Əliyev iyulun 18-də konstitusiyaya dəyişikliklər təşəbbüsü ilə çıxış edib. İyulun 19-da rəsmi mətbuatda dərc olunan referendum aktı rəy üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Konstitusiya Məhkəməsi prezidentin layihəsinə hansı müddətdə baxmalıdır? Transparency.az bildirir ki, bu məsələni “Konstitusiya Məhkəməsi haqqında” qanunun 61-ci maddəsi tənzimləyir. Həmin maddəyə görə, Konstitusiya Məhkəməsi Milli Məclisin və ya prezidentin konstitusiya mətnində dəyişikliklər edilməsi təkliflərinə rəy verməkdən imtina edə bilməz.

Milli Məclisin və prezidentin təkliflərinə Konstitusiya Məhkəməsinin Plenumunda baxılması onların dərc olunduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.

Prezident İlham Əliyevin konstitusiyaya dəyişikliklər layihəsinin iyulun 19-da dərc olunduğunu nəzərə alsaq, Konstitusiya Məhkəməsi məsələyə ən geci iyulun 26-da baxmağa başlamalıdır.

Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin konstitusiyanın 155-ci maddəsinin tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.

Konstitusiyanın 155-ci maddəsi ana qanuna dəyişikliklər təklif edilməsi təşəbbüsünü məhdudlaşdırır. Maddənin tələbinə görə, konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

İyulun 18-də təqdim olunmuş referendum aktı layihəsində konstitusiyanın 9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126-cı maddələrində dəyişikliklər təklifi yer alır. Eyni zamanda konstitusiyaya bir neçə yeni maddə təklif olunur.

Dəyişikliklər prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir. Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.

Azərbaycanda yaşlıların sayı artır

21.07.2016



adamlar 1Azərbaycanda yaşı 65 və ondan yuxarı insanların sayı 597 min 500 nəfərdir. Statistik rəqəmlər bu il yaşlı insanların sayında artım müşahidə olunduğunu göstərir. Yaşı 65 və ondan yuxarı insanların sayı 1990-cı ildə 341 min 200 nəfər, 2005-ci ildə 547 min 400 nəfər, 2010-cu ildə 535 min nəfər, 2014-cü ildə 553 min 700 nəfər, 2015-ci ildə isə 570 min 700 nəfər olub.

AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, ölkədə 2016-cı ilin əvvəlinə 14 yaşınadək əhalinin sayı 2 milyon 186 min 200 nəfər, 15-64 yaşlı əhalinin sayı isə 6 milyon 921 min 200 nəfər təşkil edib.

31 qəpiyin məntiqi

21.07.2016



natiq ceferliBu il mayın sonundan manat yenidən ucuzluğa istiqamət alıb. Mərkəzi Bank mayın 26-da 1 dolların qiymətini 1 manat 49 qəpik müəyyən edəndən kurs durmadan düşür.

Son bir ayda Mərkəzi Bank 100 dolları əvvəlki gündən 31 qəpik baha satmağa üstünlük verir. İyunun 23-dən iyulun 13-nə qədər 100 dollar hər gün əvvəlki günlə müqayisədə 31 qəpik bahalaşıb.

İyul ayının 14-də 100 dollar 155 manat 49 qəpikdən 155 manat 76 qəpiyə (+27 qəpik), iyulun 15-də 155 manat 81 qəpiyə (+5 qəpik), iyulun 18-də isə 156 manata (+19 qəpik) yüksəlib. İyulun 19-dan 100 dollar yenə hər gün 31 qəpik bahalaşır.

İqtisadçı ekspert Natiq Cəfərli Transparency.az-a milli valyutanın bu tendensiya ilə ucuzlaşmasının heç bir iqtisadi məntiqinin olmadığını deyib: “Bu o deməkdir ki, ölkədə üzən məzənnə yoxdur və məzənnə inzibatidir. Mərkəzi Bank, sadəcə, milli valyutanın dəyərini həftədə 1-1,5 qəpik aşağı salmaq yolu tutub”.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. 2015-ci il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçdiyini bəyan edib.

Sabiq prezident azadlığa buraxılıb

21.07.2016

gloria_macapagal_arroyoFilippinin 5 ilə yaxındır həbsdə olan sabiq prezidenti Qloriya Makapaqal Arroyo azadlığa buraxılıb. Sabiq prezident xeyriyyə fondunun vəsaitini mənimsəmə ittihamı ilə tutulmuşdu.

Novator.az-ın məlumatına görə, Filippin Ali Məhkəməsi iyulun 19-da sabiq prezidentin üzərindən ittihamını götürüb və 69 yaşlı Qloriya Makapaqal Arroyonun həbsdən buraxılmasına qərar verib.

Ali Məhkəmənin sədri Teodor Te jurnalistlərə deyib ki, eks-prezidentə verilmiş hökmün ləğv olunmasını 15 nəfərlik məhkəmə komissiyasının 11 üzvü dəstəkləyib. Səbəb kimi kifayət qədər dəlilin olmadığı göstərilib.

Qloriya Makapaqal Arroyoya və 9 sabiq məmura iddianı ölkə ombudsmanı qaldırmışdı. İddiaya görə, Qloriya Arroyo və məmurlar 2007-ci ildən 2010-cu ilə qədər olan dövrdə xeyriyyə fondundan 8 milyon dollara yaxın vəsait mənimsəyiblər.

Qloriya Makapaqal Arroyo Filippinin sabiq prezidenti Diostado Makapaqalın qızıdır. Qloriya 1998-ci ildə vitse-prezident postunu tutub. Həmin vaxt dövlət başçısı postuna Cozef Estrada seçilib. Amma 3 il sonra Filippin Senatı Cozef Estradanı korrupsiyada  ittiham edərək ona etimadsızlıq göstərməyə çalışıb. Etimadsızlıq cəhdi baş tutmasa da, kütləvi aksiyalar dalğasında Estrada prezident postunu tərk etməli olub. Estrada devriləndən sonra Qloriya 3 il ərzində onu prezident postunda əvəzləyib. O, 2004-cü il seçkisində öz namizədliyini irəli sürərək 6 il müddətinə prezident seçilib. Amma prezidentlik müddətinin sonuna yaxın ona qarşı korrupsiya ittihamı ilə bir sıra cinayət işləri qaldırılıb və Qloriya postundan getməli olub. Vəzifəsini tərk edəndən az sonra o, həbs edilib.

Müəllimlərin işə qəbulu: test mərhələsi başlanır

21.07.2016

imtahan1
İyulun 22-dən ölkənin ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlanır. Avqustun 3-dək aparılacaq imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında keçiriləcək.

Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt veriləcək.  İmtahan bitdikdən sonra namizədlər topladığı balı öyrənə biləcəklər.

Vakant yerlərin seçimini test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər aparacaq.

Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31779 nəfərinin elektron ərizəsi təsdiq edilib. Ümumtəhsil müəssisələrində olan 3346 vakansiya müsabiqəyə çıxarılıb.

Prezident Azərbaycan Jurnalistikası Günü ilə bağlı sərəncamlar imzalayıb

22.07.2016



prezident-fermanPrezident İlham Əliyev iyulun 22-də qeyd olunan Azərbaycan Jurnalistikası Günü ilə bağlı iki sərəncam imzalayıb. Sərəncamların birinə görə, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılır.

Digər sərəncamla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuat işçiləri üçün inşa olunan yaşayış binasının tikintisini davam etdirmək məqsədilə büdcədən 3 milyon manat alır.

Jurnalistlər üçün bina Bakının Bibiheybət qəsəbəsində tikilir.

İyulun 22-də milli mətbuatın 141 illiyi qeyd olunur. 3 il əvvəl Azərbaycan Jurnalistikası Günü Bibiheybət qəsəbəsində jurnalistlər üçün 156 mənzilli bina istifadəyə verilib. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun tikdirdiyi binanın mənzilləri jurnalistlərə pulsuz paylanıb. O vaxt 255 mənzilli başqa bir binanın təməli qoyulub. Həmin binanı da Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tikdirir.

Dollar və avro bahalaşıb, rublun kursu düşüb

22.07.2016



valyuta 1Mərkəzi Bank iyulun 22-də 1 ABŞ dollarının kursunu 1,5693 manatdan 1,5724 manata qaldırıb.

Transparency.az-ın məlumatına görə, avronun da rəsmi məzənnəsi dəyişib. Ötən gün 1,7314 manata təklif olunan 1 avro 1,7345 manata satılır.

1 Rusiya rublunun kursu isə 0,0246 manatdan 0,0245 manata düşüb (Məzənnələr).

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Manatın sabitliyi üçün Dövlət Neft Fondu və Mərkəzi Bank bu il valyuta hərraclarında üst-üstə 3 milyard 542,8 milyon dollar satıblar.

Milli valyuta mayın sonundan yenidən ucuzluğa istiqamət alıb. Mərkəzi Bank mayın 26-da 1 dolların qiymətini 1 manat 49 qəpik müəyyən edəndən kurs durmadan düşür. Son bir ayda Mərkəzi Bank 100 dolları əvvəlki gündən 31 qəpik baha satmağa üstünlük verir.

4 bankın lisenziyası ləğv olundu

22.07.2016

rufet aslanli 1
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul qərarı ilə “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın lisenziyaları ləğv edilib. APA-Economics xəbər verir ki, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı iyulun 22-də keçirdiyi mətbuat konfransında deyib.

Rüfət Aslanlının sözlərinə görə, palata qərarı bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədikləri, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqları, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədikləri, təhrif edilmiş hesabatlar təqdim etdikləri, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədikləri, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədikləri üçün çıxarıb.

Bağlanan banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin qorunan əmanətləri ödənəcək. İyulun 22-dən lisenziyaları ləğv olunmuş banklara müvəqqəti inzibatçı təyin edilib. Palata banklara ləğvedicinin təyin edilməsi üçün məhkəməyə üz tutub və onların ləğvi MBNP-nın nəzarəti altında aparılacaq.

Lisenziyası ləğv olunan 4 bankda əhalinin üst-üstə 140 milyon 300 min manat məbləğində qorunan əmanəti var.

Konstitusiya Məhkəməsi referendum aktı ilə bağlı iclas təyin etdi

22.07.2016



km 1Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, iyulun 18-də Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsi ilə bağlı plenum iclası iyulun 25-i səhər saat 10-a təyin olunub.

Prezident İlham Əliyev iyulun 18-də konstitusiyaya dəyişikliklər təşəbbüsü ilə çıxış edib. İyulun 19-da rəsmi mətbuatda dərc olunan referendum aktı rəy üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin konstitusiyanın 155-ci maddəsinin tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil olunmalıdır.

Konstitusiyanın 155-ci maddəsi ana qanuna dəyişikliklər təklif edilməsi təşəbbüsünü məhdudlaşdırır. Maddənin tələbinə görə, konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

İyulun 18-də təqdim olunmuş referendum aktı layihəsində konstitusiyanın 9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126-cı maddələrində dəyişikliklər təklifi yer alır. Eyni zamanda konstitusiyaya bir neçə yeni maddə təklif olunur.

Dəyişikliklər prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir. Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.

Fövqəladə vəziyyət tətbiqi parlamentdən keçdi

22.07.2016



turkiye 1
Türkiyə Böyük Millət Məclisi ölkədə 3 aylıq fövqəladə vəziyyət elan olunması barədə qərarı təsdiqləyib. İyulun 21-də keçirilən səsvermədə 550 deputatın 346-sı fövqəladə vəziyyət rejiminin tətbiqinə tərəfdar çıxıb. Cümhuriyyət Xalq Partiyası və Xalqların Demokratik Partiyası fraksiyaları qərarın əleyhinə olublar.

Parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının 317, Cümhuriyyət Xalq Partiyasının 133, Xalqların Demokratik Partiyasının 59, Milliyyətçi Hərəkat Partiyasının 40 mandatı var. 1 millət vəkili partiyasızdır.

Fövqəladə vəziyyət rejimi zamanı Avropa İnsan Hüquqları Konvensiyasının Türkiyədə tətbiqi təxirə salınıb.

3 aylıq fövqəladə vəziyyət qərarını iyulun 20-də Nazirlər Kabineti qəbul edib.

İyulun 15-i gecə ölkədə bir qrup hərbçi hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. Həmin gecə dövlət başçısı Rəcəb Teyyub Ərdoğan ölkə əhalisini hakimiyyəti müdafiə etmək üçün küçə və meydanlara çağırıb. Qarşıdurmalar zamanı hökuməti müdafiə edən 246 nəfər həlak olub, 2000 nəfər yaralanıb. 100-dən çox qiyamçının öldüyü, 1500-nün yaralandığı qeyd edilir.

Ekoloji pozuntuların statistikası

22.07.2016

ekologiya nazirliyi 1
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyulun birinci yarısı ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlayıb. Rəsmi hesabatda bildirilir ki, araşdırma zamanı atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntuları aşkarlanıb. Ekoloji pozuntulara görə 79 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 34 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə 35 iş üzrə 33 min 450 manat məbləğində inzibati cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 4 iş üzrə 429,67 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 133 iş üzrə 29 min 816,15 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 13, icra qurumlarına isə 7 iş göndərilib.

2005-ci ildən bəri problemli kreditlərin həcmi necə artıb?

22.07.2016

merkezi bank
Transparency.az Azərbaycan Mərkəzi Bankının kredit qoyuluşları hesabatında son illərin göstəricilərinə nəzər salıb.

Hesabata görə, 2005-ci ildə vaxtı keçmiş kreditin həcmi 68,2 milyon manat olub.

2006-cı ildə 77,7 milyon manatlıq problemli kredit yaranıb.

2007-ci ildə qaytarılmayan kredit həcmi 100,3 milyon manata, 2008-ci ildə 159,8 milyon manata yüksəlib.

2009-cu ildə 303,5 milyon manatlıq vaxtı keçmiş kredit problemi yaşanıb.

2010-cu ildə məbləğ 492,9 milyon manata çatıb.

2011-ci ildə ölkədə 633,8 milyon manatlıq problemli kredit olub.

2012-ci ildə vaxtı keçmiş kreditin həcmi 748,8 milyon manata, 2013-cü ildə 792,8 milyon manata qalxıb.

2014-cü ildə kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında problemli kreditlər 976,3 milyon manat göstərilib.

Ötən ilin göstəricisinə görə, həcm 1 milyard 508,5 milyon manata çatıb.

2016-cı il iyunun 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 514,2 milyon manat olub.

Hesablama Palatası yoxlamaların nəticələrini açıqlayıb

22.07.2016

hesablamapalatasi 1Hesablama Palatasının Kollegiyası bu ilin altı ayı ərzində 42 nəzarət tədbirinin başlanması və 19 tədbirin nəticələri ilə bağlı qərar qəbul edib. Rəsmi məlumata görə, nəticələrinə baxılmış nəzarət tədbirlərinin 17-si audit, 2-si isə analitik təhlil işləri olub. Hesabat dövründə 2015-ci ilin iş planına aid 2 audit tədbirinin nəticələri üzrə də qərarlar təsdiq edilib.

2016-cı ilin 6 ayında dövlət büdcəsinin xərcləri üzrə aparılmış 15 audit tədbirinin əhatə dairəsi 1 milyard 178,6 milyon manat təşkil edib. Həmin məbləğin 6,7 faizi 2013-cü ildə, 33,6 faizi 2014-cü ildə, 53,3 faizi 2015-ci ildə və 6,3 faizi 2016-cı ildə xərclənmiş vəsaitlərdir.

Hesabat ilində büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlir və xərcləri ilə bağlı aparılmış nəzarət tədbirləri Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üzrə 1 tədbirdən ibarət olub və bu nəzarət tədbiri ilə 97,3 milyon manat vəsait əhatə edilib.

Beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbiri ilə 2,2 milyon manat və 63,8 milyon ABŞ dolları məbləğində vəsaiti əhatə olunub.

Auditlərdə əsasən 2014-2015-ci illər üzrə olmaqla müxtəlif nöqsanlar üzə çıxıb. Nöqsanların 50,2 faizi büdcə qanunvericiliyinin, 13,4 faizi dövlət satınalmaları, 11,5 faizi mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması, 8,8 faizi sosial müdafiə və sosial təminat, 6,9 faizi dövlət investisiya xərcləri, 2,7 faizi vergi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulması ilə bağlı olub.

Büdcə sahəsində qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi ilə bağlı nöqsanların tərkibində iki əsas qrupun xüsusi çəkisi daha yüksək olub. Birinci qrup nöqsanlara vəsaitin icrası prosesində Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş iqtisadi təsnifat kodunun və funksional istiqamətinin dəyişdirilməsi, həmçinin xərclər smetasında nəzərdə tutulmayan və funksional fəaliyyətə aid olmayan istiqamətlərə vəsaitin yönəldilməsi ilə bağlı nöqsanlar aid edilib. Bu, 33,7 milyon manat, o cümlədən 2013-cü ildə 1,6 milyon manat, 2014-cü ildə 4,1 milyon manat, 2015-ci ildə 27,6 milyon manat və 2016-cı ilin birinci rübündə 0,4 milyon manat təşkil edib.

İkinci qrup nöqsanlara əməyin ödənilməsi ilə bağlı müəyyən olunmuş nöqsanlar aid edilib və 31,3 faiz xüsusi çəkiyə malik olub. Əməyin ödənilməsi sahəsində əsasən tarif və ixtisas dərəcələrinin, həmçinin əlavələrin düzgün hesablanmaması, dövlət qulluğu sahəsində mövcud normativ-hüquqi aktların tələblərinə riayət olunmaması kimi nöqsanlara yol verilib, həmin nöqsanların müəyyən hissəsi artıq saxlanmış ştatlar, dərs saatları, həmçinin artıq və paralel siniflərin saxlanılması ilə bağlı olub.

Bu ilin altı ayı ərzində aparılmış nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 217,7 milyon manat təşkil edib. Bu məbləğin 106,3 milyon manatı və ya 50,1 faizi bir mənbədən satınalma, 51,2 milyon manatı və ya 24,1 faizi tender, 43 milyon manatı və ya 20,2 faizi təkliflər sorğusu və 12 milyon manatı və ya 5,6 faizi isə kotirovka sorğusu metodları tətbiq edilməklə həyata keçirilmiş satınalma müqavilələrini təşkil edib.

Beynəlxalq və yerli maliyyə təşkilatlarından alınmış kreditlər hesabına həyata keçirilən layihələr üzrə aparılmış nəzarət tədbiri ilə malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş 73,3 milyon manat, 17,8 milyon ABŞ dolları məbləğində vəsait əhatə olunub. Ümumi məbləğdən 5,2 milyon manat satınalma prosedurları tətbiq edilmədən, 7,5 milyon manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.

Hesabat dövründə malların (işlərin və xidmətlərin) satın alınması ilə bağlı müəyyən edilmiş nöqsanlar bir neçə istiqamətdə fəaliyyəti əhatə edib, o cümlədən 69 halda ehtimal olunan qiymətin düzgün müəyyən olunmaması, 116 halda malgöndərəndən (podratçılardan) ixtisas dərəcəsinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı zəruri məlumatların, o cümlədən maliyyə vəziyyəti ilə bağlı məlumatların alınmaması, 31 halda satınalma üzrə elanların və nəticələrin, habelə bağlanmış satınalmaların rəsmi internet saytında yerləşdirilməməsi, 6 halda müvafiq qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğun gəlməyən iddiaçılarla müqavilələrin bağlanması, 37 halda müqavilə üzrə tenderin əsas şərtlər toplusunda göstərilməyən hallarda satınalma müqaviləsi ilə nəzərdə tutulmuş şərtlərin (o cümlədən qiymətin və müddətin) dəyişdirilməsi hallarına rast gəlinib.

Həmçinin nəzarət tədbirləri nəticəsində büdcə vəsaiti hesabına alınmış müxtəlif inventar və avadanlıqların anbarda uzun müddət istifadəsiz saxlanması, əvəzsiz verilmiş məhsulların alınmasına vəsait yönəldilməsi, zərurət olmadan və qısa müddət ərzində xidmətlərin təkrarlanması, müxtəlif xidmətlər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edilməməsi, real tələbata, həmçinin faktiki xərcə uyğun olmayan alış və xidmətlərə görə xərclərin aparılması kimi hallara yol verilməklə ümumilikdə 4,1 milyon manat və 2,9 milyon ABŞ dolları büdcə vəsaitinin səmərəli istifadə olunmadığı müəyyən edilib.

Bu ilin 6 ayı ərzində dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı aparılmış tədbirlərin nəticəsi olaraq 2,5 milyon manat və 3,8 milyon manat məbləğində, ümumilikdə isə 6,3 milyon manat məbləğində vəsait dövlət büdcəsinə, 23,5 min manat məbləğində vəsait büdcədənkənar fondun büdcəsinə bərpa edilib. Göndərilmiş təqdimatların icrası olaraq 111 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq olunub, o cümlədən 4 nəfər işdən çıxarılıb.

Türkiyə nəyi təxirə salır?

22.07.2016



turkiye - yeni 1350-dək adamın həlak olması, 3500-dən çox adamın yaralanması ilə nəticələnən 15 iyul çevriliş cəhdinin ardınca Türkiyədə 3 aylıq fövqəladə vəziyyət tətbiq olunub. İyulun 21-dən qüvvəyə minən fövqəladə vəziyyət rejimi zamanı Avropa İnsan Hüquqları Konvensiyasının Türkiyədə tətbiqi təxirə salınır.

Transparency.az bildirir ki, Avropa İnsan Hüquqları Konvensiyası 3 sentyabr 1953-cü ildə qüvvəyə minib. 1949-cu ildə yaradılmış Avropa Şurasına üzv olan 47 dövlət bu konvensiyanı imzalayıb (Türkiyə 1949-cu ildən Avropa Şurasının üzvüdür). Dövlətlər konvensiya ilə bu hüquq və azadlıqları təmin etmək öhdəliyi götürüblər:

Yaşamaq hüququ – Hər kəsin yaşamaq hüququ qanunla qorunur.

İşgəncələrin qadağan olunması – Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.

Köləliyin və məcburi əməyin qadağan olunması – Heç kəs köləlikdə və ya asılılıqda saxlanmamalıdır. Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.

Azadlıq və toxunulmazlıq hüququ – Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz.

Ədalətli məhkəmə hüququ – Hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Qanunsuz cəzalandırılmamaq – Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz, habelə cinayət əməlinin törədildiyi zaman tətbiq olunandan daha ağır cəza ala bilməz.

Şəxsi və ailə həyatına hörmət hüququ – Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

Fikir, vicdan və din azadlığı – Hər kəsin fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq, yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.

İfadə etmək azadlığı – Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanlarından hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.

Yığıncaqlar və birləşmək azadlığı – Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ var.

Konvensiya nikah hüququ, səmərəli hüquqi müdafiə vasitələri hüququ, ayrı-seçkiliyin qadağan olunması kimi məsələləri də əks etdirir. Sənədə görə, müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı dövlət onun beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə zidd olmamaq şərti ilə konvensiya üzrə öhdəliklərindən geri çəkilən tədbirlər görə bilər.

Sərkisyan silahı yerə qoymağa çağırdı

22.07.2016

ermenistan 1
İyulun 22-də Ermənistan prezidenti Serj Sərkisyan hüquq mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirib. Novator.az-ın məlumatına görə, prezident paytaxt Yerevanda polis məntəqəsini ələ keçirən şəxsləri silahı yerə qoymağa çağırıb.

Dövlət başçısı deyib ki, hökumət problemin dinc həlli üçün hər şey edir: “Mən yenə silahlı qrupu tezliklə silahı yerə qoymağa çağırıram. Biz dözüm göstərdik və yenə səbirli olacağıq. Hər bir vətəndaşımızın həyatı və sağlamlığı bizə əzizdir”.

Serj Sərkisyan hüquq mühafizə orqanlarını qanun çərçivəsində hərəkət etməyə çağıraraq qeyd edib ki, hakimiyyət silahlı qrupa geri çəkilmək üçün şans verir: “Ümid edirəm onlar yaxşı-yaxşı fikirləşəcək. Ancaq biz bütün cəmiyyətimizi bu gərginliyin girovuna çevirə bilmərik. Bir daha hamını Ermənistan və xalqımızın gələcəyi naminə səbirli olmağa çağırıram”.

İyulun 17-nə keçən gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb. Onlar radikal müxalifətçi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 1 basqınçı, 5 polis yaralanıb.

İndiyədək basqınçılar 5 polis əməkdaşını azad edib. 4 nəfər, o cümlədən Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyan hələ də girov saxlanır.

4 bankın bağlanması: ekspert şərhləri

22.07.2016



bank 1İyulun 21-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın lisenziyalarını ləğv edib. Qərar bankların fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi, nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməməsi və digər problemlərlə əsaslandırılıb.

İyulun 22-də iqtisadçı ekspertlər sosial şəbəkədə bu qərarla bağlı fikirlərini bölüşüblər.

Transparency.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, pis idarə olunan bir sıra bank maliyyə mötəbərliliyini və adekvatlığını itirdiyi üçün defolt vəziyyətə düşüb: “Bankları bundan sonra daha ciddi sınaqlar gözləyir. Onların hazırkı ağır vəziyyətdən çıxması bütövlükdə milli iqtisadiyyatın, xüsusilə də biznesin və ev təsərrüfatlarının durumundan asılıdır. Bu da yaxın dövrlər üçün həlli mümkün olan məsələlərdən sayıla bilməz. Çünki islahatlar ləngiyir, milli iqtisadiyyatda geriləmələr genişlənir, həm də sürətlənir.

Bankların bağlanması mümkün olan pis variantlardan ən yaxşısı hesab oluna bilər. Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortalanması Fondu, ləğvetmə komissiyası qərarın ümumi sistemə neqativ təsirlərinin neytrallaşdırılması üçün əhali və xüsusilə də müştərilər arasında izahat işi aparmalıdır. Bu isə operativ açıqlamalar, qaynar xətlərin yaradılmasını tələb edir. Əks təqdirdə banklarla müştərilər arasında yaranacaq problemi tənzimləmək çox çətin olacaq. Fikrimcə, bankların kapitalının təmərküzləşməsi və onların konsolidasiyası davam etməlidir. Bu isə hələ bir neçə bankın birləşməsi və bağlanmasını zəruri edəcək”.

Əkrəm Həsənov yazır: “Bank sisteminin çökməsi bank sahiblərinin və menecerlərinin acgözlüyü, əliəyriliyi və savadsızlığının, habelə onlara indiyədək nəzarət etmiş Mərkəzi Bankın səlahiyyətlərini bərbad şəkildə icra etməsinin nəticəsidir. Amma indi əsas sual başqadır: bankları bu hala salanlar məsuliyyətə cəlb ediləcəkmi?

Lisenziyası ləğv olunan 4 bankda əhalinin üst-üstə 140 milyon 300 min manat məbləğində qorunan əmanəti var. Deməli, Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qaytarmalıdır. Amma pulu yoxdur, necə qaytaracaq? Yenə də Mərkəzi Bankdan kredit götürəcək. Nəticədə Mərkəzi Bankın vəsaiti əriməkdə davam edəcək.

“Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”da sığortalanmayan əmanət də az deyil (əsasən yüksək faiz dərəcəsi ilə cəlb olunanlar). Həmin əmanətlər batdı! Vətəndaş bir neçə min manat borca görə az qala çarmıxa çəkilir, amma bank sahiblərinin və menecerlərinin mənimsədiyi pula görə heç kəs cavab vermir. Bankın pulu bata bilməz, amma bankda pul bata bilər?”

Vüqar Bayramov yazır ki, lisenziyasını itirən 4 bankın hamısı Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğu üçün onların müflis elan edilməsi artıq sığorta hadisəsinin baş verməsi deməkdir: “Əmanətçilər öz sığortalanan pullarını fonddan geri almalıdırlar. Bu zaman əmanətlərin hissə-hissə deyil, tam şəkildə qaytarılması həyata keçirilməlidir. İyulun 22-də Maliyyə Bazarlarına Nəzarət Palatası bu banklara müvəqqəti inzibatçı təyin edib. Əmanətlərin Sığortalanması Fondunun sığortalanan hər bir depoziti son qəpiyinədək əmanətçiyə qaytarması olduqca vacibdir. Mövcud qanunvericilikdə məbləğindən asılı olmayaraq bütün depozitlər sığortalanır. Sadəcə, maksimum dividend faizi dollar əmanətləri üzrə 3, manat əmanətləri üzrə isə 12 faizdən çox olmamalıdır”.

Jurnalist evi: ikinci binaya nə qədər pul gedib?

22.07.2016



kivdf 1Bakının Bibiheybət qəsəbəsində jurnalistlərə tikilən yeni yaşayış binası 2016-cı ilin sonuna hazır olmalıdır. Transparency.az bildirir ki, prezident İlham Əliyevin dörd sərəncamı ilə tikintiyə dövlət büdcəsindən üst-üstə 16 milyon manat ayrılıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu binanın tikintisinə öncə üç il əvvəl vəsait alıb. Dövlət başçısının 2013-cü il iyulun 22-də verdiyi sərəncamla fondun hesabına büdcədən 5 milyon manat köçürülüb.

Növbəti belə sərəncam 2014-cü il dekabrın 30-da verilib, fond 3 milyon manat alıb.

Ötən ilin iyulunda bina ilə bağlı daha bir sərəncam verilib və tikintinin başa çatdırılması üçün 5 milyon manat ayrılıb.

Bu il iyulun 21-də dövlət başçısı binaya maliyyə vəsaiti ayıran dördüncü sərəncamı imzalayıb: fonda yenə 3 milyon manat verilib.

Jurnalistlər üçün tikilən bina 255 mənzillidir. Mənzillərin hansı şərtlər əsasında paylanacağı hələ məlum deyil. Bölüşdürmə meyarlarının bina tam hazır olandan sonra müəyyənləşəcəyi bildirilir.

156 mənzilli ilk bina 3 il əvvəl Azərbaycan Jurnalistikası Günü mətbuat işçilərinə pulsuz təqdim olunub.

İlk binada mənzillərin bölüşdürülməsi meyarlarına əsasən, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilib. Media quruluşların uzağı 3 namizəd vermək hüququ olub.

Konstitusiya Məhkəməsi kompensasiya işi ilə bağlı qərar çıxarıb

25.07.2016



qerar 1Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar çıxarıb.

Rəsmi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciətində Mülki Məcəllənin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsini istəyib.

Müraciətdə qeyd edilib ki, V.Həsənov cavabdeh T.Həsənovaya qarşı 6000 manat kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma barədə iddia ilə Bakının Nizami Rayon Məhkəməsinə müraciət edib. Birinci instansiya məhkəməsi iddianı təmin etmədiyindən iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verib. Apellyasiya məhkəmə icraatı zamanı iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək kompensasiya məbləğini 8000 manatadək artırmaq istədiyini bildirib.

Bakı Apellyasiya Məhkəməsi kompensasiya məbləğinin artırılması təklifinə dair ərizəni qəbul etməyib, bunu onunla əsaslandırıb ki, kompensasiyanın məbləğinin artırılması iddia predmetinin dəyişdirilməsini ehtiva edir, apellyasiya məhkəmə icraatı zamanı iddia predmetinin dəyişdirilməsinə isə mülki prosessual qanunvericiliklə yol verilmir.

Bu səbəbdən iddiaçı yenidən Nizami Rayon Məhkəməsinə müraciət edərək 8000 manat kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma barədə iddia qaldırıb.

Bakı Apellyasiya Məhkəməsi ikinci iddia üzrə işə baxarkən Mülki Məcəllənin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə Konstitusiya Məhkəməsində şərh edilməsinin zəruri olduğu qənaətinə gəlib.

Transparency.az bildirir ki, işi araşdıran Konstitusiya Məhkəməsinin Plenumu belə bir qərar çıxarıb:

— Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil.

Birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.

Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

Dolların yüksəlişi dayanıb

25.07.2016



dollar 1ABŞ dollarının kursu uzunmüddətli yüksəlişdən sonra sabit qalıb. Mərkəzi Bank iyulun 25-də 1 dolları ötən həftənin son iş günündə olduğu kimi 1,5724 manata təklif edir.

Avronun və Rusiya rublunun rəsmi məzənnəsi isə dəyişib. Transparency.az-ın məlumatına görə, 1 avro 1,7345 manatdan 1,7259 manata, 1 rubl 0,0245 manatdan 0,0243 manata enib.

Milli valyuta mayın sonundan yenidən ucuzluğa istiqamət alıb. Həmin vaxt 1 dolların qiyməti 1 manat 49 qəpik idi.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb və dollar qarşısında 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Manatın sabitliyi üçün Dövlət Neft Fondu və Mərkəzi Bank bu il valyuta hərraclarında üst-üstə 3 milyard 542,8 milyon dollar satıblar.

Basqınçılar təslim olmur, sərt addımlara əl atır

25.07.2016



yerevan 1
Ermənistanın paytaxtı Yerevanda gərginlik səngimir. Gərginlik iyulun 17-nə keçən gecə başlayıb. Həmin gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb, radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar. Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 1 basqınçı, 5 polis yaralanıb.

İlk günlərdə basqınçılar bir neçə polis əməkdaşını azad etmişdilər. Sonuncu 4 polis, o cümlədən Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyan isə iyulun 23-də girovluqdan buraxılıblar. İndi basqınçıların əlində heç bir girov olmasa da, onlar silahı yerə qoymaqdan imtina edir, Jirayr Sefilyanın, başqa müxalifətçilərin azadlığa buraxılması və hökumətin istefası tələbləri səsləndirirlər.

“Yeni Ermənistan” və “Müəssislər parlamenti” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ay tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur.

49 yaşlı Jirayr Sefilyan Livanın paytaxtı Beyrutda doğulub. 1990-cı ildə hərbi təlimçi kimi Ermənistana göndərilib. 1991-ci ildə Dağlıq Qarabağa gəlib və Azərbaycan torpaqlarının işğalında iştirak edib. Uzun müddət Dağlıq Qarabağdakı işğalçı orduda yüksək vəzifələr tutub.

2000-ci ildən siyasi fəaliyyətlə məşğul olan Jirayr Sefilyan radikal müxalif mövqedə durur və buna görə bir neçə dəfə həbs edilib.

Novator.az-ın məlumatına görə, iyulun 24-ü axşam basqınçılar patrul mühafizə polkundan 15 metr aralıda olan polis mikroavtobusunu yandırıblar. Onlar havadan çəkiliş aparan dronu da məhv ediblər. Basqınçıların bu addımı elektrik enerjisinin, rabitənin, ərzaq təminatının kəsilməsinə etiraz əlaməti olaraq atdığı bildirilir.

İyulun 23-də basqınçılarla danışıq aparmış Dağlıq Qarabağ təmsilçisi, general Vitali Balasanyan jurnalistlərə deyib ki, Ermənistan prezidenti Serj Sərkisyan məhbus Jirayr Sefilyanla görüşməyə hazırdır, ancaq bunun üçün patrul mühafizə polkunu ələ keçirmiş şəxslər silahı yerə qoyub təslim olmalıdırlar.

Basqınçılar Vitali Balasanyanın vasitəçiliyindən imtina ediblər. Onlar hökumət nümayəndələri ilə danışıqlarda Qarabağ müharibəsi zamanı polk komandiri olmuş Aşot Minasyanın vasitəçi olması təklifini irəli sürüblər.

Neft niyə ucuzlaşır?

25.07.2016



neft 1Dünya birjalarında neftin ucuzlaşması davam edir. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,14 dollar ucuzlaşaraq 44,10 dollar, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar azalaraq 45,58 dollar olub.

AZƏRTAC-ın məlumatına görə, neftin qiymətini Avropa, Çin və ABŞ-da benzin ehtiyatlarının rekord səviyyədə artması aşağı salır. Avropada benzin ehtiyatları 12 faiz artaraq rekord həddə çatıb. İyunda isə Çinin benzin ixracı 2 dəfə artaraq gündəlik 312 min barrelə çatıb. ABŞ-da benzin ehtiyatları ötən həftə 0,9 milyon barrel və ya 0,4 faiz artaraq 241 milyon barrelə çatıb. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 25 faiz çox olmaqla son 10 ilin rekord səviyyəsidir. Analitiklərin fikrincə, benzin ehtiyatlarının rekord səviyyədə artması “qara qızıl”ı ucuzlaşdırır.

Nazirlik həbs cəzasından azad edilmiş 3484 nəfərə pul müavinəti verib

25.07.2016



emek nazirliyi 1Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həbs cəzası çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3484 nəfərə birdəfəlik pul müavinəti verib. Rəsmi məlumata görə, həmin şəxslərin hər birinə minimum əməkhaqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində müavinət ödənib.

Həbsdən çıxmış şəxslərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarına iş üçün müraciət edən insanların kvota üzrə ayrılmış iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülüb. Nazirlik penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Qobustan rayonunda 50 yerlik Sosial Adaptasiya Mərkəzi də inşa etdirir. Mərkəzin yaradılmasında məqsəd həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara müvafiq sahələrdə zəruri yardımların göstərilməsi, onların sosial adaptasiyasının daha dolğun şəkildə dəstəklənməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin əmək bazarına çıxışının və gələcək məşğulluğunun dəstəklənməsi də diqqətdə saxlanır. Keçən il və cari ilin ötən dövründə 200 nəfərə yaxın belə şəxs üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib.

Referendum aktı layihəsi Konstitusiya Məhkəməsindən keçdi

25.07.2016

km1
İyulun 25-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinin rəyi üçün iyulun 18-də təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında”referendum aktının layihəsinə baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq işə baxan Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib. Sonra Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev məruzə ilə çıxış edərək prezidentin konstitusiyaya təklif etdiyi dəyişikliklər barədə ətraflı məlumat verib. Digər məruzəçi — Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze çıxışında Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi qaydaları haqqında danışıb.

Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin hüquqi əsaslarından danışıb, bildirib ki, bu dəyişikliklər dünya təcrübəsində də əksini tapıb.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər. Bunun ardınca Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı oxuyub. Qərara əsasən, Konstitusiya Məhkəməsi referendum aktının layihəsinə rəy verib.

Referendum aktı layihəsində konstitusiyanın 9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126-cı maddələrində dəyişikliklər təklifi yer alır. Eyni zamanda konstitusiyaya bir neçə yeni maddə təklif olunur.

Dəyişikliklər prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir. Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.

Ermənistanı qarışdıran basqınçıların sayı açıqlanıb

25.07.2016



ermeni quldurlar 1
İyulun 25-də Ermənistan Polisi bir həftədən çoxdur paytaxt Yerevanda patrul mühafizə polkunu əlində saxlayan basqınçıların adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, siyahıda 30 nəfərin adı keçir. Basqınçı qrupun daha 1 nümayəndəsi yaralandığı üçün xəstəxanadadır.

Yerevanda gərginlik iyulun 17-nə keçən gecə başlayıb. Həmin gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb, radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar. Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 1 basqınçı, 5 polis yaralanıb.

İlk günlərdə basqınçılar bir neçə polis əməkdaşını azad etmişdilər. Sonuncu 4 polis, o cümlədən Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyan isə iyulun 23-də girovluqdan buraxılıblar. İndi basqınçıların əlində heç bir girov olmasa da, onlar silahı yerə qoymaqdan imtina edir, Jirayr Sefilyanın, başqa müxalifətçilərin azadlığa buraxılması və hökumətin istefası tələbləri səsləndirirlər.

“Yeni Ermənistan” və “Müəssislər parlamenti” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ay tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur.

İyulun 24-ü axşam basqınçılar patrul mühafizə polkundan 15 metr aralıda olan polis mikroavtobusunu yandırıblar. Onlar havadan çəkiliş aparan dronu da məhv ediblər. Basqınçıların bu addımı elektrik enerjisinin, rabitənin, ərzaq təminatının kəsilməsinə etiraz əlaməti olaraq atdığı bildirilir.

İyulun  25-i patrul mühafizə polkunun yaxınlığında mətbuat konfransı keçirən “Müəssislər parlamenti”nin üzvü Alek Yeniqomşyan deyib ki, polku əlində saxlayan şəxslər 32 saatdır yeməkdən, sudan, işıqdan və rabitədən məhrum ediliblər. Onun sözlərinə görə, hökumət bu problemləri aradan qaldırmasa, vəziyyət nəzarətdən çıxa bilər. Alek Yeniqomşyan deyib ki, silahlı qrup problemləri həll etmək üçün hakimiyyətə bu gün axşama qədər vaxt verib.

Bankların bağlanması bitməyib

25.07.2016



samir eliyev 1İqtisadçı Samir Əliyev bir neçə bankın çökməsini şərh edib.

Maliyyə Bazarlarına Nəzarət Palatası iyulun 21-də “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın lisenziyalarının ləğvinə qərar verib. Qərar bankların fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi, nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməməsi və digər problemlərlə əsaslandırılıb.

Transparency.az-ın məlumatına görə, Samir Əliyev yazır ki, birinci devalvasiyadan sonra bankları kiçik istisnalarla qorumaq mümkün idisə, ikinci devalvasiyadan sonra bunun mümkünsüz olduğu aydın idi: “Bu vaxtadək 12 bank devalvasiyanın qurbanı olub. Onların 2-si birinci, 10-u ikinci devalvasiyadan sonra bağlanıb. Bir bank – “NBC Bank” lisenziyasını bərpa edə bilib.

Bankların dörddə biri lisenziyasız qalıb. Devalvasiyalardan sonra bankların valyuta mövqeləri pozulub, aktivləri pisləşib, beynəlxalq reytinqləri aşağı düşüb, kreditləşmələri məhdudlaşıb, əmanətləri dollarlaşıb. Bütün bunlara görə bankların gəlirləri kəskin azalıb, problemli kreditlərin artması nəticəsində bankların əhali və xarici qurumlar qarşısında öhdəliklərinin yerinə yetirməsində çətinliklər ortaya çıxıb. Bu isə ölkənin maliyyə sabitliyini təhlükə altına qoyur.

Maliyyə Bazarlarına Nəzarət Palatası bankları bağlayanda bir sıra səbəbləri əsas götürüb: aktivlərin qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirilməməsi, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaradılmaması, məcmu kapitalın minimum məbləği tələbinə əməl edilməməsi, təhrif edilmiş hesabatların təqdim olunmaması, bütövlükdə cari fəaliyyətlərin etibarlı və prudensial qaydada idarə olunmaması, nəzarət orqanının verdiyi yazılı göstərişlərin yerinə yetirilməməsi. Qanunvericiliyə görə, bu səbəblərin biri onların bağlanması üçün əsasdır. Bəs oxşar vəziyyətdə olan digər banklara, o cümlədən Beynəlxalq Bank və “Bank Standard”a münasibətdə niyə analoji addım atılmadı? Təkcə Beynəlxalq Banka verilən yardımın həcmi ilə yerdə qalan bütün bankları xilas etmək olardı. Beynəlxalq Bankın arxasında dövlət durub. “Bank Standard”ı isə cəlb etdiyi depozitlərin həcmi qorudu”.

Ekspert yazır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası əsaslandırmaları çox ümumi şəkildə təqdim edir: “Oxşar səbəbləri digər banklara da şamil etmək olar. Sistem əhəmiyyətli bankları çıxmaq şərti ilə həmin əsaslarla bağlanmalı digər banklar da var. Prosesin şəffaf aparılmaması çoxlu sual yaradır və arxasız bankların sıradan çıxarılması fikrini qüvvətləndirir”.

Samir Əliyevin fikrincə, yaxın dövrdə daha 3-4 bankın bağlanması ehtimalı var: “Depozit portfelinin kiçikliyi bankların bağlanmasını asanlaşdıran meyarlardan biridir. Bankların sağlamlaşdırılması və bağlanması prosesi şəffaf aparılmadığından qərarların subyektiv şəkildə verilməkdə davam edəcəyini deməyə əsas yaranır. Hər bir halda bankaların maliyyə problemlərinin aradan qaldırılması, sağlamlaşdırılması onları bağlanmaq təhlükəsindən xilas etməyəcək. Manat getdikcə mövqelərini itirir və proses zəif olsa belə davam edəcək. Problemli kreditlər banklar üçün mina rolunu oynamaqda davam edir. Real sektor zəif inkişaf etdiyindən və getdikcə də kiçildiyindən bankların fəaliyyəti məhdudlaşdır.

Bankların kapitallaşması onları bir müddət qorusa da, gələcəkdə iflasdan xilas edə bilməyəcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarları daha çox strateji xarakter daşıyır. Yəni bankların getdikcə sayının azaldılması prioritet olaraq qalacaq. Ona görə də banklar təcili birləşməyə qərar verməlidir”.

Dəmir yolu 6 ayda

25.07.2016



demir yolu 1Bu ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə 7 milyon ton yük, 902,6 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 20,4 faiz, sərnişin daşınmasında 12 faiz azalma müşahidə olunub.

6 ayda orta hesabla sutkada 426 vaqon yüklənib, 397 vaqon boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,4 min ton, Qərb istiqaməti üzrə 4,7 min ton, Cənub istiqaməti üzrə isə 1,8 min ton yüklənmə işi yerinə yetirilib.

Politoloq: “Türkiyədə ciddi islamlaşma gedəcəyi inandırıcı deyil”

25.07.2016



turkiye 1
2002-ci ildən bəri Türkiyədə hakimiyyət başında olan Rəcəb Teyyub Ərdoğana və onun komandasına əsas ittihamlardan biri ölkədə siyasi islamı gücləndirməsidir. İyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdindən sonra siyasi islamın mövqelərinin daha da güclənəcəyi haqda mülahizələr var.

Çevriliş cəhdinin ardınca Türkiyə hakimiyyətinin atdığı sərt addımları (həbslər, işdən çıxarmalar) kütləvi repressiya saymaq mümkündürmü? Bu sərt addımlar ölkəni davamlı qarşıdurmalara sürükləyə bilərmi?

Ölkənin prezident idarə üsuluna keçməsi çevrilişdən sonra daha da aktuallaşırmı? Bu yöndə nələr ola bilər?

Transparency.az politoloq Elxan Şahinoğlunu bu mövzu ətrafında danışdırıb.

İyulun 15-i gecə Türkiyədə bir qrup hərbçi hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. Həmin gecə dövlət başçısı Rəcəb Teyyub Ərdoğan ölkə əhalisini hakimiyyəti müdafiə etmək üçün küçə və meydanlara çağırıb, qiyam yatırılıb. 350-dək adamın həlak olması, 3500-dən çox adamın yaralanması ilə nəticələnən 15 iyul çevriliş cəhdinin ardınca Türkiyədə 3 aylıq fövqəladə vəziyyət tətbiq olunub. Hakimiyyət çevriliş cəhdinin ABŞ-da mühacirətdə olan islamçı alim Fətullah Gülənin planı olduğunu iddia edir. Türkiyədə kütləvi həbslər, işdən çıxarmalar aparılır.

Elxan Şahinoğlu qeyd edib ki, indiki prezident Rəcəb Teyyub Ərdoğan hakimiyyətə gəldikdə əslində liberal islahatlara başlamışdı: “Amma tədricən mülayim islamın hakimiyyətdə və cəmiyyətdə yer alması üçün addımlar atıldı. Təhsil müəssisələrində baş örtüyü ilə bağlı müəyyən qadağalar aradan qaldırdı. Bu məsələdə hakimiyyət müxalif Milliyyətçi Hərəkat Partiyasından da dəstək almışdı. Çevriliş cəhdindən sonra Ərdoğan güclənib və təbii ki, o, bir sıra addımlar atacaq. Prezidentin səlahiyyətlərini artırmaq məqsədi ilə konstitusiya dəyişikliklərinə gediləcək, orduda ciddi islahatlar aparılacaq, ordu tamamilə prezident və hökumətdən asılı vəziyyətə salınacaq, digər iqtisadi və siyasi islahatlar da dərinləşə bilər.

Amma bir məsələ də var. Ərdoğan nə qədər güclənsə də, həmişə arxaya baxmaq məcburiyyətində qalacaq. Ona aydın oldu ki, çoxluğun dəstəyini almasına baxmayaraq təkbaşına qərarlar vermək Türkiyə cəmiyyətində problemlər yaradır. Ona görə ölkədə ciddi islamlaşma gedəcəyi inandırıcı deyil”.

“Türkiyə hakimiyyətinin çevriliş cəhdinin ardınca atdığı sərt addımlar, həbslər, işdən çıxarmalar davamlı qarşıdurmaya sürükləyə bilərmi” sualına cavab verən politoloq bir məsələdə diqqətli olmağı vacib bilib: “Bu çevriliş cəhdi ölkə tarixində ən qəddar hadisədir. Türkiyə 1960, 1971 və 1980-ci illərdə hərbi çevriliş yaşayıb. Həmin hadisələrdə mülki şəxslərə güllə atılmamışdı, harasa bomba yağdırılmamışdı. Bu dəfə isə sıravi vətəndaşları qırdılar, polisə atəş açdılar, yüzlərlə insan həlak oldu. Ona görə də, fikrimcə, Türkiyə hökuməti çox ciddi tədbirlər görəcək. Amma qorxulu olan günahsız insanların həbsə məruz qalmasıdır. Türkiyənin yaxın tarixində belə bir hadisə baş verib. Yüzlərlə hərbçi günahsız ola-ola yalanla, saxta ittihamlarla azadlıqdan məhrum edilib.

Həmin hadisələrdə Fətullah Gülən şəbəkəsinin rolu olub. Orduda, prokurorluq orqanlarında kök salan həmin şəbəkə onlarla razı olmayan generallara tələ qurdu və təəssüf ki, Türkiyə hökuməti bu tələyə düşdü, xeyli günahsız insan həbsə alındı, hərbçilər özünü güllələdi. Əlbəttə, bu hadisənin təkrarlanmasını kimsə istəməz. Amma hər halda çevrilişə cəhd baş verib, 300-dən artıq insan qətlə yetirilib. Buna görə ciddi tədbirlər görülməlidir. Sadəcə məsuliyyətə cəlb edilən minlərlə insanın içində günahsızların qurban getməməsi üçün diqqətli olmaq gərəkdir. Yoxsa “Ergenekon”, “Balyoz” əməliyyatlarına oxşar repressiyalar baş verə bilər”.

Bağlanan banklar: əmanətin faizi dayanır, kreditin yox

25.07.2016

vuqar bayramov 1İqtisadçı ekspert Vüqar Bayramov bağlanan banklarda əmanəti və krediti olan vətəndaşlara faiz məsələsində fərqli qaydaların tətbiq olunduğunu yazır.

Maliyyə Bazarlarına Nəzarət Palatası iyulun 21-də “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın lisenziyalarının ləğvinə qərar verib. Qərar bankların fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi, nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməməsi və digər problemlərlə əsaslandırılıb.

Bağlanan banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin qorunan əmanətləri ödənəcək. Lisenziyası ləğv olunan 4 bankda əhalinin üst-üstə 140 milyon 300 min manat məbləğində qorunan əmanəti var.

Transparency.az-ın məlumatına görə, Vüqar Bayramov Əmanətlərin Sığortalanması Fondunun geri qaytardığı əmanətlər üzrə faizləri ədalətli hesablamadığını düşünür: “Bağlanan banklarda müflisləşmə qərarından sonra əmanətlər üzrə faizin hesablanmasının dayandırılması, amma kreditlər üzrə faizin hesablanmasının davam etdirilməsi diqqəti çəkən məqamlardandır. Məsələn, bir şəxsin bağlanan bankların birində əmanəti, digərindən isə krediti var. Hər iki bank müflis elan edilib. Bu zaman bir bankda onun əmanətinə faiz hesablanması dayandırılır, amma digərində kreditinə faiz hesablanmaqda davam edir.

Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən, əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənir. Sığorta hadisəsi baş verəndən sonra yaranan xərclərə isə fond məsul deyil. Amma vətəndaşın qorunan əmanətini geri alması bəzən bir neçə ay zaman tələb edir və həmin aylara faiz hesablanmır. Kredit faizlərini isə vətəndaş banka fasiləsiz ödəmək məcburiyyətindədir. Bu isə o deməkdir ki, vətəndaşın öhdəliyi ilə bankın öhdəliyi bir-birindən fərqləndirilir.

Fondun qoruduğu əmanətlərə görə hesablanmış faizin sığorta hadisəsi baş verən günədək deyil, məhz əmanətçinin öz pulunu aldığı günədək hesablanmasına ehtiyac var. Digər tərəfdən mövcud qaydalara əsasən, əmanətçiyə kompensasiyanı ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində fond ödəyir. Eyni zamanda müstəsna hallarda Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər. Deməli, əmanətçi öz pulunu 6 aydan sonra da ala bilər. Əgər vətəndaşa əmanət 180 gündən sonra ödəniləcəksə, o zaman bankın müflisləşməsindən keçən həmin müddətə faiz niyə hesablanmasın ki?”

Referendum necə olur?

25.07.2016



sechki 1
İyulun 25-də Konstitusiya Məhkəməsi prezident İlham Əliyevin iyulun 18-də təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsinə rəy verib.

Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Eyni zamanda ana qanuna bir neçə yeni maddə təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir. Başqa bir yenilik vitse-prezidentlər postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

Transparency.az bildirir ki, Azərbaycan Konstitusiyasına əsasən, referendum keçirilməsinə dair qərarı Milli Məclis və ya prezident qəbul edə bilər. Seçki Məcəlləsinə görə, seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan edilir. Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Referendum keçirilməsinə dair qərarda referendumun keçirilməsi tarixi; referenduma çıxarılan aktın adı; referenduma çıxarılan aktın məzmununun qısa təfsiri; referendumun maliyyələşdirilməsi qaydası yer almalıdır. Qərara referenduma çıxarılan aktın layihəsi əlavə olunmalıdır. Aktın layihəsi referendum elan edildikdən sonra dəyişdirilə və ona əlavələr edilə bilməz.

Referenduma çıxarılan aktın layihəsi kütləvi informasiya vasitələrində referendumun təyin edilməsi haqqında qərarla birlikdə dərc edilməlidir. Seçici referendum aktının layihəsini səsvermə gününə azı 30 gün qalmış məntəqə seçki komissiyasından almaq hüququna malikdir.

Referendumda vahid seçici siyahısında olan seçicilərin 25%-dən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.

Referendumun rəsmi nəticələrini referendumdan sonra 25 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası elan edir. Referenduma çıxarılmış məsələ səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu onun lehinə səs verəndə qəbul edilmiş sayılır.

Ümumxalq səsverməsinə Mərkəzi Seçki Komissiyasının iclasında yekun vurulur və yekunlar referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir.

Mərkəzi Seçki Komissiyası referendum yolu ilə qəbul olunmuş qərarı və referendumun yekunları haqqında rəsmi elanı referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək dərc edir.

Referendum yolu ilə qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir. Həmin akt qətidir, Azərbaycan Respublikasının bütün ərazisində məcburi hüquqi qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər.

Konstitusiya Məhkəməsi Plenumunun referendum aktı layihəsinə verdiyi rəy

25.07.2016



konstitusiya mehkemesi 3
Xəbər verdiyimiz kimi, iyulun 25-də Konstitusiya Məhkəməsinin Plenumu prezident İlham Əliyevin təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsinə rəy verib. Plenumun sözügedən layihəyə rəy verilməsinə dair qərarını tam həcmdə təqdim edirik.




Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə