535
gecə biçarə Brecnevin bağrı çatlayıb və Yura da kamal-ədəblə keçib oturub onun taxtında.
Dedim yaxşı, mən ki bunu elədim, day məndən əl çəkərlər. Amma deyir, sən öz saydığını
say, gör fələk nə sayır. Bir neçə ay keçdi, nəhayət ki, «İdiotlar» romanını oxuyub bitirdim
və hətta başıma belə bir fikir gəldi ki, bu əsəri dilimizə çevirsəm, lap yerinə düşər. Mən bu
təmənnada ikən bir gün pürrəngi çay içdiyim vaxt yenə Moskvadan telefon oldu. Bu səfər
zəng eləyən Çernenko idi. Dedi ki, heç o yan bu yanı yoxdur, Brecnev məsələsindən
agaham, indi də gərək mənim işimə əncam çəkəsən. Xahiş edirəm bir şey toqquşdur ki,
Andropovu aşırıb onun yerinə keçim. Xeyli çənə-boğaz olduq, axır ki, razılıq verdim,
"Dədə Qorqud" kinosunu yazdım və Andropov bədbəxt də bu kinoya baxan kimi canını
Çernenkoya tapşırdı.
Tolstoyla Dostoyevskinin «İdiotlar» romanının tərcüməsinə təzə başlamışdım ki,
pürrəngi çay içdiyim dəmdə telefonum yenə yetim quzu kimi mələdi. Bəli, düz tapmısınız,
Qorbaçov idi ki, vardı. Dedi, əşi, nə qədər bu qocaların əlində qalacayıq, ölüb getmirlər ki,
biz cavanlara da yol açılsın. Eşitməmisan, at öləndə itin bayramıdır. İndi gərəkməzmi ki,
bizim küçəmizdə də bayram olsun.
Hərifin könlündəkini göydə tutdum. Dedim, xeyir, keçəl suya getməz, macalım
yoxdur, əlimdə işim var, uzun zamandır vaxtımı "İdiotlar»a sərf edirəm. Dedi, əşi nə
tələsik işdir, «İdiotlar» qaçmır ki, bu gün var, sabah var, istədiyin vaxt bununla məşğul
olarsan, «İdiotlar» cabəca durub yerində... Sən gəl, bu günün işini sabaha qoyma, gəl bu
Çernenkonun işini bitirək. Əlqərəz, axır məni razı saldı və oturub «Evləri köndələn yar»
telepyesimi yazdım. Elə ki, dostum Ramiz Həsənoğlu bu tamaşanı Bakı televiziyasıyla
göstərdi, sabahı xəbər gəldi ki, Çernenko buna baxıb ömrünü bizə bağışlayıb. Odur ki, əziz
qardaşlar, «Azadlıq»da nə yazıblar hamısı düpbə-düzdür, intəhası bir az müxtəsər yazıblar,
görünür, yerləri olmyıb.
Amma, doğrusu, bilmirəm, bir məsələ var, ondan xəbərdardırlar, ya yox. Qoy onu da
danışım ki, ürəyim sakit olsun. Bəli, nə gizlədim, günlərin bir günündə Budyonnı da mənə
zəng eləmişdi. Dedim, ay Allah, yəni bu şeşəbığ da hakimiyyət həvəsinə düşüb? Demə
yox, başqa dərdi varmış. Məndən ayrı şey xahiş elədi. Dedi, amanın günüdür, halım
536
fənadır, məni qurtar. Bilirsan ki, hələ vətəndaş müharibəsi illərindən mən dovğanın
dəlisiyəm. Di gəl, arvadım xörək bişirəndə qəzetlərdəki səfeh yazılara elə aludə olur ki,
dovğanı bulamağı unudur, dovğa çürüyür və mən də qalıram ac. Gəlsənə elə bir şey
yazasan ki, arvadağa dovğa bulayanda qəzet yox məzəli bir roman oxusun.
Fikirləşdim ki, qoca kişidir, nə ömrü qalıb, yazıqdır, könlünü sındırmayım. Dedim
xub, oturub bir gecədə «Beşmərtəbəli evin altıncı mərtəbəsi»ni yazdım. Sonralar eşitdim
ki, şeşəbığ Budyonnunun arvadı romanımı oxuyub qəşş edib neçə gün əri yazığı dovğasız,
bozbaşsız qoyub, bədbəxt marşal da acından ölüb. Necə deyərlər, Qəribi də elə bax burda
ağlamaq tutur.
Ağlamaq dedim, Mirzə Cəlil rəhmətliyin bir sözü yadıma düşdü: "Ağlamağımın
səbəbi? Ağlamağımın səbəbi budur ki, belə insanların içində yaşamağa məcbur oluram, bir
çarəm də yoxdur».
28 noyabr 2000
P.S. Bu felyetonun yazılma səbəbi «Azadlıq» qəzetində çıxan bəzi yazılarla
bağlıdır.Milli Məclisə seçgilərdə mənim rəqibim olmuş bir cavan muxalifətçi
jurnalist,seçgidə uduzandan sonra sonra «Azadllıq» qəzetində mənim əleyhimə
«Ljedeputat və Ədədiyyat naziri» adlı iri bir yazı çap etdirdi.Yazıda elə təxminən «Etiraf»
felyetonunda olduğu şəkildə mənim «Yaxşı padşahın nağılımı» Andropovu dəstəkləmək və
Brejnevi yıxmaq üçün yazdığım iddia olunurdu.Belə ittihama ciddi cavab vermək
olmazdı,odur ki, məzəli şəkildə yazı yazdım.
Amma məsələnin ən məzəli tərəfi odur ki,o vaxt məni iqtidar tərəfdarı olduğum üçün
«ifşa» edən müxalifətçi jurnalist, az sonra siyasi mövqeyini,əqidəsini və sifətini 180 dərəcə
dəyişdi və hazırda iqtidarın ən şaqraq televiziya bülbülüdür.
537
ŞƏKƏR ZƏHƏR ARASINDA
Ədəbiyyat çabalayır
Kəndlə şəhər arasında
Yazır,yazır,hey yazırlar
Axşam - səhər arasında
Mətbuat zəhərlədikcə
Artır qanımda şəkərim
Boylə keçdi ömrüm mənim
Şəkər - zəhər arasında.
Azad sözü,sərbəst fikri buxovlayan Sovet rejiminin çökə-çök vaxtı bir az hürriyyət
havası əsməyə başlayanda buna sevinən,ciyər dolusu nəfəs alanlarla bərabər azadlığı
azğınlıq kimi dərk edən bir para cızma-qaraçılar da gündəyməzdə çiban tək pırtlayıb
çıxdılar. İllər boyu içlərində ziyalılara qarşı boğduqları nifrəti,həsədi,hikkəni kürül-kürül
mətbuat səhifələrinə ifraz etməyə başladılar Senzuranın aradan götürülməsini sovet
dönəmində başları Qlavlitdən çox bəlalar çəkənlər sevinclə qarşıladı, o dövrdə çıqqırını
belə çıxarmayanlar isə birdən birə yaman qoçaqlaşdılar, «icazəli cəsarətdən» istifadə edib
ziyalılara qarşı mənəvi (arzu və xəyallarında isə fiziki) terrora başladılar. Belə təşəbbüslər
təzə -təzə başlayanda ziyalıları fiziki cəhətdən belə aradan götürmək,məhv
etmək,öldürmək təklifləri səslənirdi.
Hələ keçən əsrdə, 1991 -ci ilin mart ayında Azərbaycan Yazıçılarının 1X qurultayında
etdiyim məruzədən bu mövzuüla bağlı bir parçanı burda gətirmək istəyirəm:
«Azərbaycan» qəzetində bir oxucu məktubu çap olunub,qəzet,ədbəttə, bu oxucunun
mövqeyini tənqid edir,amma məktubun özü səciyyəvidir. Məktub müəllifi yazır ki,
«Şəxsən mən yanvarın 20-də baş verən hadisələrin səbəbinin doxsan faizini resbilikamızıın
ziyalılarında görürəm». Soruşasan ki, niyə, ay qardaş, nə səbəbdən,nə cür günahkardırlar
ziyalılar? Amma görünür,bu sualların heç bir mənası yoxdur,çünki məktub müəllifinin