625
Bir dəfə redaksiyada idik, baş redaktor girdi içəri. Gördük, Anar bir ayağını
çəkir,yaman axsayır. Elə axsaya-axsaya də keçib getdi. Baxdıq ki, ayaqqabılarını taykeş,
dəyişik geyinmiş. Qaldıq məəttəl, bilmirdik neyləyək. Kimi dedi ki, xəbəri yoxdur, kimi
dedi ki, yəqin ayaqqabı ayağını döyüb, o da belə geyinib. Özünə deməyə də utanırdıq.
Axırda Tofiq ürəkli çıxdı. Anar bir azdan bizim otağa gələndə Tofiq irəli durub soruşdu ki,
Anar müəllim, bu nə məsələdir, xeyir ola sən Allah? Anar təəccüblə qayıtı ki, Tofiq nə
olub, nəyi deyirsən? Tofiq çəkinə-çəkinə dedi ki, axı sizin ayaqqabılarınızın biri bir cürdür,
o biri ayrı cür. Anar ayaqqabılarına baxıb başını buladı, dedi, buna bax e, mən də səhərdən
fikirləşirəm ki, görəsən niyə axsayıram.
Sən demə Anarın evində iki dəbə uyğun ayaqqabı varmış, o da fikirli olduğundan,
bir tayı ondan geyinib, bir tayı bundan.
AZƏR ABDULLAYLA müsahibədən.
«525-ci qəzet» 5 avqust 1999
Anarın şərhi: Doğrudan da belə bir hadisə olmuşdu. O gün redaksyadan sonra
Toğrul Nərimanbəyovla görüşməliydim, amma evə gedib ayaqqabımı dəyişməyə vaxt
qalmırdı. Toğrula məsələni izah etdikdə, zarafatla dedi ki, bir-iki gün belə taykeş ayaqqabı
geyinsən, bəziləri düşünəcək ki, yəqin bu təzə dəbdir və bu dəbə riayət edəcəklər.
AİLƏ ÜZVLƏRİNİN SÖZLƏRİ:
Əzizim, oğlum, qardaşım, mənim mehriban dostum, inamlı, etibarlı, ümidli arxam,
yoldaşım Anar bala!
Nə üçün bu qədər nigaranlıq keçirirsən? Məgər sən atanın həyatda ilk qədəm
qoyduğu gündən mübarizələrdən, həyatın sınaqlarından, illərin, günlərin imtahanından
keçdiyini bilmirsənmi? Nə üçün mənim gücüm, davamım, dözüm və iqtidarım haqqında
sən şübhə edirsən? Niyə nigaransan? Məgər mən inandığım, seçdiyim həyat və sənət
yolunda azmı ədəbi və qeyri-ədəbi mığmığaların sancaqlarını görmüş, dızıltısını
eşitmişəm?
626
Paxıllar zümrəsinin, nadanlar dəstəsinin, talantsızlar güruhunun tənə daşları hansı
sənətkarı yolundan qaytara bilmişdir? Məgər sən mənim az-çox sənət adamları qəbilindən
olduğuma şübhə edirsən?
Anarım, mən axır günlər yumoristik şeirlər yazıram. Bu son hadisələrə mənim necə
baxdığıma sübut deyilmi?…
…Oğlum! İnsan anlamağa qadirdisə, heç bir məhrumiyyət, çətinlik, zərbə onu
sarsıda bilməz. Mən xoşbəxtəm ki, anlamağa qadirəm. Bu söz sənə özündən dəm vurmaq,
«özünü bəyənən ağam vay!» qəbilindən gəlməsin. Mən söz gəzdirən ədəbi fahişələrin nə
üçün belə etdiklərini anlamasaydım, qəzəblərinə səbəb olan nədir bilməsəydim, bügünki
yeni ədəbi cərəyanın, xüsusilə Azərbaycan şeirində hər gün daha artıq bir qüvvətlə
səslənən yeni şeirin müarizlərinin bir sıraya toplandığını anlamasaydım bəlkə də məyus
olar, ruhdan düşərdim. Bütün bunların şah səbəbini aydın-aşkar gördüyüm üçün, anladığım
üçün bu hadisələr(əgər bunları hadisə adlandırmaq olsa) məndə bir təbəssümdən, bəlkə də
təəsüfdən başqa bir şeyə səbəb olmur. Yeni yaradıcılıq səfərinə, yeni mübarizələrə özümdə
hər zaman olduğundan artıq qüvvət hiss edirəm.
…Yeni şeirlər yazıram. Gələcək yarış və mübarizələrə qüvvət toplayıram. Sən
bilirsən ki, yarışı qazana bilmək üçün biz üçqat artıq layiq olmalıyıq. O gün səninlə
danışanda mən səsində bir məyusluq çaları duydum. Nə üçün? Son zamanlar işləyə
bilmirdim. Fikrimi toplaya bilmirdim, səninlə danışandan sonra elə bil qəlbimə sakitlik,
fikrimə tam aydınlıq gəldi. Oturub yazmağa başladım. Bu sikldən olan birinci şeiri sənə
göndərirəm.
Kim nə desə inanma. Sənin atan kefi kök, damağı çağ, əlində hələ gücünü, axtarışını,
yeni boyalarını itirməmiş bir qələm olaraq «Bənzəyir bir qocaman dağə ki, dəryada durar».
…Məni Balakən rayonundan deputatlığa namizəd veriblər. Həyat belədir, oğlum,
gün çıxır, göy buludlanır, yaz olur, qış olur. İnsanın ən böyük ləyaqəti ondadır ki, bütün bu
istilər, soyuqlar, işıqlar, qaranlıqlar içində yolunu İnsan kimi keçsin. Bəlkə də ədəbi
mığmığalar bu sözləri oxuyub «yenə də mücərrəd İnsan» - deyə dızıldayacaqlar. Olsun.
Konkret heyvan olmaqdan mücərrəd İnsan olmağın nəyi pisdir?
627
Mənim Anarım, səni və sənin Zemfiranı öpürəm.
RƏSUL (R.Rza)
Anarın şərhi: 1962-64-cü illərdə Moskvada Ali Ssenari kurslarında oxuduğum vaxt
atam məni bir neçə Bakı qəzetinə abunə yazdırmışdı. Hər həftə «Ədəbiyyat və incəsənət»
qəzeti gəlirdi və hər həftə bu qəzetin səhifələrində atamın «Rənglər» silisilə haqqında bir-
birindən rəzil və cahil yazılar çıxırdı. Atamın mənə yazdığı məktub da bu hadisələrlə
bağlıdır. Anamın məktubu da həmin illərdə Moskvaya yazılıb.
Anarım! Səni anadan olduğun gün münasibətilə təbrik edir, bağrıma basır, bərk-bərk
öpürəm. 26 il əvvəl sən yox idin, mən tək və kimsəsiz idim. Sonra sən dünyaya gəldin,
təsəvvür edə bilmiəyəcəyin qədər sevinc gətirdin, ümid və məna gətirdin, sağ ol oğlum,
dostum və yoldaşım…
…Anarım, hərənin bu dünyada bir ehtirası var, mənimki yalnız əməkdir, çox kiçik
yaşlarımdan zəhmətə öyrəşdiyim üçün işsiz dayana bilmirəm. Ömürmün bir hissəsi yazı
masası arxasında qalın-qalın kitabların tərcüməsi,ya mütaliəsi ilə keçib, zalım ürək vəfasız
çıxdıqdan sonra isə mən mətbəxə,piltə başına keçmişəm. Mən havayı çörək yeməmişəm.
Əgər paltar təknəsinin arxasında,piltə başında, yaxud yazı stolumun arxasında ölsəm,
özümü ən xoşbəxt adam hesab edərdim. Bu günə qədər heç kəsə yük olmamışam, bu
gündən sonra da olmaq istəmirəm. Bu sözlərin səmimi olduğuna inan. Bilmirəm bunları
sənə nə münasibətlə yazıram, ancaq üzündəki istehzalı təbəssümü görürəm. Əgər yersiz
söhbətdirsə bağışla. Zemfiraya çoxlu salam…Öpürəm bərk-bərk.
Anan NİGAR (N.Rəfibəyli)
10 mart 1964
«Ardı yaşanılır!». Əlbəttə, həyat davam edir. Bu kitabda adı yad olunanların bir
çoxu dünyasını dəyişsə də, öz qiymətli irsləriylə mənəviyyatımızda indi də böyük rol
oynayır- - yaşayırlar: Üzeyir Hacıbəyov, Qara Qarayev, Rəsul Rza, Nigar Rəfibəyli… Elm,
sənət, mədəniyyət aləmində mühüm işlər görmüş şəxsiyyətlər…
628
Düzü mən əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor Zemfira xanım
Səfərovanı müsiqişünas kimi tanıyırdım. Amma onun hələ üstəlik nəsrdə qələm sahibi
olduğunu bilmirdim. «Sən beləsənmişsən? Afərin sənə!» deməkdən özümü saxlaya
bilmədim. Kitabda Zemfira xanımın dolaşdığı Aləm- bir ədəbiyyat, incəsənət, musiqi
aləmidir. Bu təbiidir, axı , o özü alimlikdən başqa həm də musiqidən yoğrulmuş bir
xanımdır.
Zemfira xanım şəxsi həyatını, ailəsini elə bir məhəbbətlə, sədaqət və inamla təqdim
edir ki, bunların bu gün çox tərbiyəvi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Axı o, üç
Xalq şairi və nasirinin - Rəsul Rzanın, Nigar Rəfibəylinin, Anarın ailəsində yaşayıb və
yaşayır. Ona Rəsul müəllim kimi qayınata, Nigar xanım kimi müdrik qayınana, Anar kimi
ömür-gün yoldaşı nəsib olub. Yadımdadır, bir dəfə görüşdə bir tamaşaçı Anara
məhəbbətdən sual verdi. Anar qısa və aydın bir cavab verdi, təxminən belə dedi: Yeddi
yaşımdan bir qızla bir partada oturmuşuq, indi də həmin qız evimizdədir. Bu, böyük Rəsul-
Nigar məhəbbət dastanının davamı kimi səslənən ünsiyyət, səmimi bağlılıq hər ikisinin -
Anarla Zemfiranın məktublarında, müsahibələrində çağlayr. Hər qadın öz baş yoldaşına
məhəbbətini belə şükranla yad etməz. Kitab bir növ «Sizsiz»liyin davamıdır sanki.
ƏZİZƏ CƏFƏRZADƏ
«Ardı yaşanılır»
« 525-ci qəzet» 25 may 2000
Cavan olanda Anar hər şeyi mənə danışardı. Anarı «Kirpi»yə vuranda özümə yaman
dərd eləmişdim. Sonra belə qərara gəldi ki, yersiz tənqidləri, mətbuatda yazılanları nə
mənə desin,nə də göstərsin. Amma yenə xəbər tuturdum. Axır illərdəsə özüm deyirəm ki,
yenə mənə xəbər çatdı, özün ver, oxuyum, görüm nə yazıblar. Yenə də Anarın ünvanına
söylənilən ədalətsiz fikirlər, böhtanlar mənə elə «Kirpi»dəki həmin yazı kimi təsir edir.
Həm də onun bu böhtanlara,çıxışlara cavab yazakən itirdiyi vaxta,enerjiyə heyfim gəlir.
Deyirəm, niyə belə şeylərə fikir verirsən? Bu cavabların əvəzinə təzə əsər yazsan daha
629
yaxşıdır. Mənə deyir ki,yox, Zemfira, gərək bu böhtan cavabsız qalmaya,bizdən sonra
tarixlə maraqlananlar mənim cavabımı da oxumalıdırlar. Fikirləşirəm ki, düz deyir.
Evin işini həmişə özüm görmüşəm. Bizim evimiz də ki, daim qonaq -qaralı olur.
İndiki məşhur yazıçıların, rəssamların, bəstəkarların ən yaxşı məclisləri bizim Vaqif
küçəsindəki yarızirzəmi evimimzdə qurulardı. Son kitabımın təqldimatında Elçin çıxış
edərkən dedi ki, vaxtilə Anargilin evi gənc incəsənət adamlarının, yazıçıların klubuna
bənzəyirdi. İndi görün biz həmin məclislərimizlə Zemfiranın vaxtını nə qədər almışıq.
Şadam ki,Anar həmişə məni başa düşüb,məni təkcə mətbəxə, ailəyə bağlamayıb.
Görəndə ki, işləyirəm, yazıram, məni işimdən ayrımayıb. Rəhmətlik Nigar xala da həmişə
deyərdi ki, üç övladımdan heç biri elmin ardınca getmədisə, heç olmasa gəlinim elm
yolunu tutdu.
ZEMFİRA SƏFƏROVANIN
Gülər Cahandarlı ilə müsahibəsindən.
«Zaman» qəzeti, 1999
Ömrümün yalnız yeddi ilini, yəni məktəbə gedənə qədər Anarı tanımamışam.
Sevincli, şirinli, həm də qüssəli, acılı altmış illik ömrümüzün əlli üç ilini Anarla birgə
keçirmişik. Orta məktəbi bir yerdə oxumuşuq, sonra o, universitetə, mənsə
konservatoriyaya daxil olmuşuq. Yeddi il görüşmüşük, bu yeddi ilin son iki ilini nişanlı
olmuşuq. Sonra evlənmişik, 36 ildir ki, evliyik, iki balamız, üç nəvəmiz var. (indi nəvələri
dörddür-red.).
Nazım Hikmətin xoşbəxtlik haqqında məşhur kəlamını tez-tez yad edirlər,
xoşbəxtlik işə sevinclə, həvəslə getmək və evə sevinclə, həvəslə qayıtmaqdır. Mən də
deyərdim ki, işə gedəndə də xoşbəxt oluram, evimizə qayıdanda da.
Mən Anarı həm ailədə - iç mühitdə, həm də kənarda müşahidə edirəm. Anar
insanlara ancaq yaxşılıq eləməyə gəlmiş, bəlkə də göndərilmiş nadir insanlardandır. Bu
fikri əlli üç il çox yaxından tanıdığım insan haqqında deyirəm. Bəzən onunla
razılaşmadığım məsələlər olur, aylar, illər ötəndən sonra görürəm ki, yenə də Anar
630
haqlıymış. Hərdən hirslənib deyirəm ki, bəsdir ona-buna yaxşılıq elədin, bir az da özünü
düşün, səhhətinə fikir ver. Onsuz da bunu bilən yoxdur. Anarsa belə cavab verir: «Balığı at
dəryaya, balıq bilməsə də Xalıq bilər». Evdə, qohumlar arasında, işlədiyi yerdə Anar elə
bir mühit, elə bir aura yaradır ki, onun ətrafındakı adamlar da yaxşılaşır, yaxşılaşa
biləyənlər həmin mühtdən öz-özünə uzqlaşırlar.
Səyahətlərdə olmuşuq, başqa yerlərdə daha gözəl, daha rahat yaşamaq imkanımız
olsa da, Anar Bakısız, Azərbaycansız dayana bilməyib, üzü, fikri, düşüncəsi həmişə vətən
sarı olub. Vətənimizin, xalqımızın sevinci, kədəriylə yaşayıb, mən onu həmişə oxuyan,
mütaliə edən, yazıb-yaradan, dincəlmədən çalışan görmüşəm. Məzuniyyətə çıxıb
dincəlməyə gedəndə belə gecələr yatmayıb, səhərəcən elə öz hekayələri, povestləri,
məqalələri üstündə çalışan ğörmüşəm. O, yazıb yaratmaq üçün dünyaya gəlib. Qələmindən
çıxan hər cümləsi mənim üçün dəyərli və əzizdir. O, mənim üçün canlı ensiklopediyadır.
Bəzən zarafatla gənc müğənnilərin, kino artislərinin adını soruşuram, deyirəm, bəlkə cavab
verə bilmədi, onların da adını bilir…
«Görkəmli adamların həyatı» seriyasından Üzeyir bəy Hacıbəylinin həyat və
yaradıcılığına aid ikimizin birgə kitabımız çıxmalıydı. Anarın ideyası idi, Moskvadan
sifariş də almsışdıq. Məlum hadisələrdən sonra bu məsələ yarımçıq qaldı, ancaq dahi
bəstəkarın ruhu qarşısında borcumuzut verə bildik. Anar bu dahi şəxsiyyət barəsində film
çəkdi, mənimsə onu həsr elədiyim monoqrafıyam çıxdı,elmi kütləvi kitabım yeddi dilə
tərcümə olundu.
Anar dorstluqda bütöv, sədaqəlti adamdır, hər yerdə, istənilən səviyyədə ailəsinə,
dostuna, qohumuna, tanışına və xalqına başucalığı gətirən insandır. Onu deyim ki, mənim
üçün ikinci doktorluq işini yazıb bitirmək belə Anar barəsində danışmaqdan asan olardı. O,
mənim həyat yoldaşım, sirdaşım, məsləkdaşımdır. Mən ona çətin, çox-cəhətli fəaliyyətində
yeni uğurlar arzulayıram.
ZEMFİRA SƏFƏROVA
«Yazıçı» qəzetinin Anara həsr olunmuş xüsusi buraxılışında.
Mart 1998.
631
Anar məndən beş yaş böyükdür. Bacı-qardaş münasibətindən başqa biz həm də
dostuq. Mənim iyirmi, Anarın iyirmi beş yaşı olana qədər ata evində olmuşuq.
Valideynlərimdən sonra o mənim yol göstərənim olub. Ruhən çox yaxınıq. Hekayələrini
ilkin mənə oxuyub. Hər hansı bir iş görəndə o mənim məsləhətçim olub. Ondan uzaqda hər
hansı bir addımı atanda, bir iş tutanda «bu məsələyə Anar necə baxar?» düşünmüşəm.
O,mənim üçün vicdan ölçüsü, vicdan kriteriyasıdır. Ağlıma gətirə bilmərəm ki, Anar öz
xeyri, öz mənafeyi üçün kiminsə haqqını tapdalasın. Nöqsanı da ola bilər, çünki insandır.
Ancaq Anar mənim gözümdə peyğəmbərdir.
FİDAN RƏSUL QIZI (Anarın bacısı)
«Yazıçı» qəzetinin xüsusi buraxılışı. 1998 mart.
-Mənim dünya ilə işim yoxdur. Mən dünya ilə birgə yaşayıram. Hərəmiz özümüz
üçün.Məndə dünyanı dəyişmək qüdrəti yoxdur. Anar belə deyil, onda passionarlıq
güclüdür. Bu cəhətdən o atama oxşayıb, mən isə anama. Anam sahib olduqları ilə
kifayətlənən qadın idi. Anar mənə çox deyir ki, yazmalıyam. Amma mən içimdə yazmaq
üçün nəyinsə çatışmadığını hiss edirəm.
-Xoşbəxt gülüşümüz
Səslənəcək cənnətdə.
Qorxusuz, itkisiz,ölümsüz cənnətdə.
Siz yazmısınız .
-İraqda yazmışam. Anamdan sonra Bakı həyatı mənimçün dözülməz idi, elə İraqa da
bu səbəbdən getdim. Həmin şeiri onun ad günü ərəfəsində yazmışam, onda qəribə bir hiss
keçirirdim, ilham desəm, təmtəraqlı səslənər, elə bil kimsə bu şeiri mənim qulağıma-dedi.
Mən də yazdım. Qayıdandan sonra Anara oxudum. O şeiri məndən alanda tapşırdım ki, heç
kimə göstərməsin. «Sissiz» əsəri çıxan ərəfədə Anar gəldi, bir saat mənə ürək-dirək verdi
ki, özümü ələ alım. Ürəyim düşdü, dedim,görəsən nə olub? Sən demə, şeiri kitaba salıbmış.
Məndə yaratmaq üçün qığılcım var, hərdən çırtıltısı eşidilir.
632
-İndi o şeir sizə necə təsir edir?
-Kövrəlirəm. O itkilərdən sonra özümü daxilən xəstə hiss edirəm. Elə bil içimdə
nəsə kəsilib atılıb. Bu indi də belədir. Bizim ailənin üzvləri bir-birlərini hamı kimi
istəməyiblər, bizim sevgimizdə nə isə artıqlıq var idi. Anam heç vaxt işləməyib, həmişə
bizimlə olub. Atam uzunmüddətli səfərlərə gedib gəldiyindən onu daha az görmüşük. Mən
anama o dərəcədə bağlı olmuşam ki, hətta ailə qurandan sonra da hər gün yanına qaçırdım.
Anam haqqında danışmaq mənim üçün ağırdı…
-Kimdir özünə hörmət edən adam?
-Ora-bura vurnuxmayan, yəni meyllərə görə dəyişməyən adam. Özünə hörmət edən
adam dünən kommunist olubsa bu gün «mənfur kommunist» ifadəsini işlətməməlidir.
-Axırıncı dəfə hansı filmə baxmısınız?
-«Təhminə» filminin baxışına getmişəm. İnliyədək Anarın filmlərindən biri də
mənim ürəyimə yatmayıb. Ssenari ilə ekran eyni şey deyil. Kitabda əsas sözdür,filmdə isə
aktyor oyunu,operator işi,intonasiya,qrim, texniki cəhəti demirəm. Hətta ploynkanın
keyfiyyəti belə. Doğrusu bu dəfə də pis gözləyirdim,gözlədiyimdən yaxşı çıxdı,buna
sevinirəm. Keçən il bu vaxt fikirləşirdim ki, indi belə bir faciələr baş verdiyi zamanda bu
intim dram kimi maraqlandıracaq?
Etiraz etməyəcəklərmi? İndi filmə baxandan sonra onu dəhşətlər içərisində bulağa,
təmiz, şəffaf bir bulağa bənzədirəm. Demə dünyada məhəbbət də varmış, qan, nifrət yox,
insanın təbiətinə daha məhrəm, doğma hisslər varmış, bu hisslərə görə əzab çəkmək də
olarmış. Bu film sakit,qansız günlərə bir xatırlatmadır, o günlərə qayıdışdır. Demə belə
şeylər də olurmuş.
FİDAN RZAYEVANIN Aynur Bəşirli ilə müsahibəsindən
«Dalğa» qəzeti 2-8 fevral 1993
Mənə elə gəlir ki, dünyada ondan yaxşı qardaş ola bilməz.
TƏRANƏ RƏSULQIZI (Anarın bacısı)
«Yazıçı» qəzetinin xüsusi buraxılışı. 1998, mart
633
Mənim üçün ən gözəl atadır, onunla fəxr edirəm. O, mənim böyüyüm, ağsaqqalım,
həm də dostumdur, istər Bakıda olanda, istərsə də başqa məmləkətlərdə - Suriya, Liviya,
Türkiyədə işləyəndə şəxsi məsələlərimlə, yaxud işimlə bağlı hər hansı bir məsələ
qarşısında duruxanda - tərəddüd edəndə atamdan məsləhət almışam, düzgün yolu mənə o
göstərib. Ondan gözəl ata ağlıma gətirə bilmirəm.
TURAL ANAROĞLU
«Yazıçı» qəzetinin xüsusi buraxılışı. 1998 mart
Mən bu dünyada atam kimi səmimi, alicənab, nəcabətli bir insan tanımıram.
Atamdan başqa onu bir ziyalı kimi də duyuram,atamı düşünərək hər hansı bir addım
atıram. Allah atamı bəladan, şərdən,böhtandan qorusun.
GÜNEL ANARQIZI
«Yazıçı» qəzetinin xüsusi buraxılışı. 1998 mart
634
ÖMRÜN ŞEİRDƏN KEÇƏN ANLARI
Gənclik bir də geri dönməz, ha səsləyək, ha çağıraq,
Ulduzlar da bir-bir sönür, qalıbdı ancaq son çıraq.
Qürbətin həsrəti başqa, mənimki belə gətirdi,
Öz elimdə, məmləkətdə, məmləkətdən oldum iraq.
***
Ölümdən o yana kənd yox,axırıncı kəndə çatdıq,
Bir vaxt necə umudluyduq,o kənd uzaqdı, çox uzaq.
Bu bir doğru,bir həqiqət,düz deyibdi Nazım Hikmət
Nə ölümdən qorxmaq ayıb,nə də ki ölümdən yazmaq..
Taksi gəncliyimə apararmısan,
Keçmiş ünvanları axtararmısan.
Bircə gün, bircə an geri dönsəydim,
Zamanın hökmünü sındırarmısan?
***
Taksi gəncliyimə apararmısan,
Ötən illərimi qaytararmısan.
Bu özləm, bu həsrət üzdü qəlbimi
Məni bu həsrətdən qurtararmısan?
Sayqacda rəqəmlər ötdü yaşımı,
İllər də yollar tək geridə qaldı.
Saçları ağarmış bəyaz başımı
635
Arxaya baxmağa qaldırarmısan?
Taksi gəncilyimə apararmısan,
İtən sevdaları arayarmısan.
Zaman qürbətinə düşmüşəm indi,
Məni öz vaxtıma çatdırarmısan?
***
Ey dünya, gidi dünya,
Üzün ikidi dünya.
Namərdi əzizlədin,
Yıxdın igidi dünya.
Qəlbim mənə qalx deyir,
Yan-yörənə bax -deyir.
Hay-küy səni üzməsin,
Kütlə hələ xalq deyil.
***
Üstüsmə yüz çirkab atdı hər yetən cahil, avam,
Bu qədər böhtana, föhşə gəl görüm eylə davam.
Qədirbilməz bir mühitdə eylədim ömrü tamam,
Haqqa qahmar durmağa cürət, cəsarət görmədim.
***
636
Şüurlara fikir əkdim,
Çox vaxt bu meydanda təkdim.
Çəkən bilər nələr çəkdim,
Keçən keçdi,olan oldu.
***
Dağların qarından ağ bəyaz döşün,
Üstünə yıxılıb öləsim gəlir.
Ünvanı unutdum, yolu itirdim,
Yenidən qapına gələsim gəlir.
Axşamlar qaralıb gecə olacaq,
Ulduzların sayı neçə olacaq,
Dünyanın axırı necə olacaq,
Bax bunu yamanca biləsim gəlir.
Özgələrçün əlləş, çalış,
Özün üçün yaşamamış,
Yaşamağa başlamamış,
Öldüyüm üçün ağlaram.
Doğma Qarabağın gen qucağında,
Şuşa qalasının bir bucağında,
Səkili bulağın lap qırağında,
Ölməyimdən öncə olasım gəlir.
Ürək də ətdəndir,dəmir deyil ki,
637
Dünyanın sirri çox, sirr bir deyil ki,
Bir gün gedəsiyəm bu sirr deyil ki
Yenə də dünyada qalasım gəlir.
***
Özgələrçün əlləş, çalış,
Özün üçün yaşamamış,
Yaşamağa başlamamış
Öldüyüm üçün ağlaram.
Dostları ilə paylaş: |