***
Təbiət elə bil bu dağı Bakıya keşik çəkmək üçün yaradıb. Buradan Bakının hər
səmti, hər tərəfi görünür, soyub, sorub taladığımız gözəllər gözəli Xəzərin genişliyi
açılır. Duman təbiətin insanlardan incikliyidir. Duman çəkilir, hava açılır və biz yaxın-
uzaq Xəzər adalarını da görürük. Böyük Zirəni - Nargini görürük. Bu adalarda 20-ci
illərdən bəri nə qədər günahsızlar güllələnib. Lüt soyundurur, güllələyir, ayaqlarına daş
bağlayıb dənizə atırmışlar.
Toğrul Nərimanbəyovun keçən il tamamladığı dəhşətli bir tablosu var - dənizin
içi və dənizin dibinə doğru gedən ayağına daş bağlanmış, sinəsi güllələrlə deşilmiş
meyitlər. Güllələnmişlər, qurbanlar, şəhidlər... Şəhidlərin şahidləri - Xəzər adaları.
Xəzər adalarından, dənizin mavi səthindən yüngül bir meh qalxır, xəfif bir nəsim əsir -
Şəhidlər dağına çatır, təzə qurbanların qəbirlərini ussufluca sığallayır. Dəniz yelinin
yanıqlı ahı anaların göynəkli oxşamalarına, ağılarına qarışır.
***
Şəhidlər dağı... Bu gün bu dağdan yalnız Bakı və Xəzər deyil, bütün Azərbaycan
görünür - o taylı, bu taylı. Bu gün bura Azərbaycanın ən yüksək dağı, ən uca zirvəsidir.
Bu dağın zirvəsindən keçmişimizi də görürük, gələcəyimizi də. Tariximizin rəmzidir
Şəhidlər dağı - min bir əzab-əziyyətli, məşəqqətli, kəşməkəşli tariximizin. İgidliyin,
qeyrətin, qürurun rəmzidir Şəhidlər dağı. İtkilərimizin, müsibətimizin rəmzidir - yalnız
bir ayın, bir neçə günün deyil, illərin, əsrlərin dərd-qəmi, ağrısı, matəmi çöküb bu dağa -
duman, çis çökən kimi, çən düşən kimi.
Şəhid qəbirlərinin üstü götürülüb. Məzarlar səliqə-sahmana salınıb. Bu nəcib işdə
əməyi olanların hamısı sağ olsun. Amma Şəhidlər dağının tariximizin, azadlıq
mübarizəmizin möhtəşəm abidəsi kimi əbədiləşməsi üçün hələ çox işlər görmək
gərəkdir.
Götürülmüş heykəlin yerində, onun özül daşının yanında üç şümal sütunun da
ucaldığını xəyalən təsəvvür edirəm. Bu üç sütunun üstündə üç od - üç məşəl yanır - həm
Bakımızın məşhur gerbi kimi, həm Odlar yurdunun rəmzi kimi, həm də Şəhidlər
qəbiristanlığının əbədi alovu kimi.
Üç məşəlin, üç dilim alovun altında yerləşən muzey də tamam başqa cür qurulur.
Bura Şəhidlər muzeyidir. Burda qara Yanvar günlərinin tükürpədici əşyayi-dəlilləri də
nümayiş etdirilir - tank tırtılları altında xıncım-xıncım əzilmiş maşın - bədbəxt alimlərin
avtomaşını, gülləbaran olunmuş təcili yardım karetası da, güllələrdən dəlik-deşik
pəncərə şüşələri, çopur-çopur divarların maketi, məktəbli qızın çantası, qanlı pal-
paltar da, acıdan-acı fotolar, adların qəmli siyahısı, sənədlər də.
Amma bu muzey yalnız Qanlı Yanvar abidəsi deyil. 18-ci ilin mart qurbanlarına
həsr olunmuş guşə də var burda, 20-ci ildə boğulmuş cümhuriyyətin faciəvi tarixi də əks
olunub. Vətəndən uzaqlarda "Azərbaycan, Azərbaycan" sözləriylə can verən Məmməd
Əmin Rəsulzadə, daşnak güllələrinə hədəf olmuş Fətəli xan Xoylu, Həsən bəy Ağayev,
Behbud xan Cavanşir, namərdcəsinə öldürülən Nəsib bəy Yusifbəyli, Azərbaycanın ilk
səhiyyə naziri, Xəzər adasında güllələnmiş ana babam Xudadat bəy Rəfibəyli - uzun
illərin ayrılığından, həsrətindən sonra bu muzeydə görüşüb qovuşurlar.
Xiyabani də burdadır, Pişəvəri də...
Hüseyn Cavid də, Əhməd Cavad da, Mikayıl Müşfiq də, 37-ci ilin və başqa illərin
neçə-neçə qurbanları, gedər-gəlməzdən qayıtmayanları da.
Qətl günü üzünü tərtəmiz təraş edib, ağ köynək geyinən, səliqəylə qalstuk
bağlayıb edam yerinə qalxan Firudin İbrahimi də, Savakın sularda boğduğu Səməd
Behrəngi də... şəhid qadınlarımız Mədinə xanım Qiyasbəyli də, Gülarə Göylü qızı da,
Mərziyə Üsküyü də... Kürd qəhrəmanı Məhəmməd Qazi də... Bu muzeydə xalqların
formal, rəsmi, boğazdan yuxarı dostluğu yox, halal qardaşlığı, həqiqi həmrəyliyi, tale
birliyi əks olunmalıdır. 90-cı ilin Yanvar faciəsi haqqında mərkəzi mətbuatda ilk
həqiqətləri söyləyən rus recissoru Stanislav Qovoruxinin yazısı da bu muzeydə yer
tapmalıdır, qazax dostumuz Oljasın təyyarə bileti - Bakının ağır günündə onu bura
yetirən təyyarənin bileti... Tiflisin 89-cu il 9 Aprel faciəsi də əks olunmalıdır bu
muzeydə, Ermənistan zəlzələsindən sonra yardıma tələsən, hava qəzasında həlak olan
və qəzaya uğradıqları yerdə nankorluqla unudulanların xatirəsi də... Ayrıca bir lövhədə,
- Qobustan daşları kimi əbədi bir daşın üstündə - kənd, çay, dağ, meşə, bulaq adları
yazılmalıdır - Ermənistandan qovulmuş Azərilərin - yurd yerləri, qədim dədə-baba
məskənlərinin adları. Axı bu adlar da repressiyaya məruz qalmış adlardır.
Muzeydə hər saatdan bir həzin musiqi səslənir - Üzeyir bəyin ölməz "Şəbi-
hicran" xoru, Böyük Füzulinin sözləri elə bil məxsusi Şəhidlər dağı üçün yazılıb:
Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım.
Oyadar xəlqi əfğanım,
Qara bəxtim oyanmazmı?
Bu muzeydə bir guşə də var. Dairəvi salondur. Ortada, döşəmədə mis bir dairə -
qalxan kimi. Ətrafında dairəvi divarlar. Divarların üzərində böyük sənətkarlarımızın
sözləri. Nəsimidən, Xətaidən, Vaqifdən, Vidadidən, Hadinin:
Dağa dersən eşidər, sonra verər əks-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım -
beytinəcən, Sabirin:
Ey dərbədər gəzib ürəyi qan olan cocuq,
Ey ehtişami-milləti talan olan cocuq -
misralarına qədər.
Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Yekə bir
millətin dili, namusu, hüququ, vətəni təhlükədədir. Axıtmalı qanımız, ehsan etməli
pulumuz varsa - gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı
durur" (Mirzə Cəlil).
Bu sarsıdıcı sözlərdən çağdaş şairlərimizin, yazıçılarımızın təsirli kəlamlarınacan
- bütün mətnləri dairəvi divarlarda həkk etmək olar, mərkəzdə, mis dairənin üstündə isə
məncə ikicə sətir yazılmalıdır. Bu sətirlərin müəllifi - gənc şəhid şair dahilərin, uluların,
böyüklərin məclisində mərkəz yeri öz halal qanıyla, taleyilə, qismətiylə qazanıb! Onun
sətirlərinin saf həqiqəti qarşısında baş əyməliyik:
Həyat üçün doğulmuşduq,
Vətən üçün ölməliyik.
***
Şəhidlər dağı, ürəklərə dağdan ağır dağ çəkən Şəhidlər dağı... Xalqın matəmi,
hüznü, dərdi. Xalqın mütilik, köləlik, əsarət üzərində qələbəsi...