Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə2/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   2   3   4   5   6   7   8   9   ...   179

8

adım  kimi  unudulsun.  Bu  səbəbdən,  Allahın  rizası,  yaddaşımın 

təhrikilə  görüb-bildiklərimi  mərhəmətli  cavan  mirzəyə  söyləmək 

istədim ki, kağıza köçürüb saxlasın, əgər könlündə səxavət varsa, 

lazım  biləndə  üzə  çıxarsın.  Mən  əlim  qələm  tutandan  yazmışam, 

başıma  gələnləri  söyləməkdə  nə  qədər  məharət  göstərdiyimi 

bilmirəm.  Dörd  ildən  bəri  qərq  olduğum  zülmətin  içindən  nələri 

üzə  çıxara  bilsəm,  Allahıma  şükür  eləyəcəyəm.

2. Dedim ki, Tiflis-ül-əsləm, atam da, babalarım da yeddi arxa 

dönəninəcən  Tiflisdə,  Şeytanbazar  meydanından  bir  az  yuxarıda 

yaşayıblar.  Çarvadarlıq  da  atama  nəsil  mirası  kimi  keçib.  Baba-

larım,  ən  azı,  Böyük  Şah  İsmayılın  vaxtından  Gəncəyə,  Bərdəyə, 

Naxçıvana,  Təbrizə  gedib  mal  gətiriblər,  gətirdiklərini  Borçalıda, 

Kaxetdə,  Car-Balakən  tərəflərdə  satıblar.  Bu  ənənəni,  mən  bilən, 

bircə  nəfər  pozub  –  babam  Mirzə  Sədrəddin  bir  az  yazı-pozu 

bildiyindən,  Böyük  Şah  Abbasın  Tiflis  əmirinin  yanında  qulluq 

eləyirmiş,  Şeytanbazar  meydanının  yaxınlığındakı,  düz  çayın  qı-

rağındakı  Şah  Abbas  məscidinin  inşası  vaxtı  haqq-hesab  işləri  də 

ona  tapşırılıbmış.  Amma  Mirzə  Sədrəddin  haqq-hesab  sarıdan 

elə  qorxaqmış  ki,  ondan  sonra  pul-para  işlərinə  bilmərrə  yaxın 

düşməyib,  çünki  gəlir-çıxarında  bir  abbası  oyan-buyan  olanda 

gecələr  yata  bilmir,  yeməkdən-içməkdən  kəsilirmiş.  Bəlkə  elə 

ona  görə,  məscidin  inşası  başa  çatandan  sonra  evinə  çəkilib, 

cüzi  haqq  müqabilində  namə,  ərzi-hal,  başqa  cürbəcür  şeylər 

yazmaqla  məşğul  olub.  Atamqarışıq  üç  oğlu  da  çarvadar  olmuş-

du,  amma  əmilərimin  ikisinin  də  taleyi  gətirmədi:  biri  Alazan 

çayını  keçəndə  boğuldu,  heç  meyiti  də  tapılmadı,  o  biri  namərd 

fitnəsinin  qurbanı  oldu:  hallavarlı  erməni  tacirlər  əlinin  yaxşı 

gətirdiyini  görüb  ona  tor  qurmuşdular,  atamın  dediyinə  görə, 

şirin  dillə  qonaq  aparıb  yeməyinə  zəhər  qatmışdılar,  zavallı  üçcə 

günün  içində  gül  kimi  saralıb-solub  canını  Allaha  tapşırmış-

dı.  Hələ  ağlım  bir  şey  kəsməsə  də,  o  vaxtdan  atamın  fikirli, 

qaşqabaqlı,  kədərli  olduğunu  görürəm,  ocağımızı  dağıdan  məşum 

gecəyəcən  alnının  qırışı  açılmadı.

3. Anamı  həmişə  zülmət  içində  nur  topası  kimi  xatırlayıram.  O, 

beş-on  ev  o  tərəfdə  yaşayan  sərrac  Əhmədin  yeganə  övladıydı, 

necə  deyərlər,  atamın  gözünün  qabağında  böyümüşdü,  arada 

eşq-filan  olmuşdumu,  bunu  deyə  bilmərəm,  amma  evdə  canbir 



9

qəlbdə yola gedirdilər. Anamın gözəl qamətini, ağ yelənli örpəyini, 

adamın  canına  işləyən  baxışlarını,  sol  yanağındakı  dodaqlarına 

yaxın  xalını  xatırlayıram.  Danışanda  azacıq  gülümsəməyi,  atam 

səfərlərdə  olanda  gözlərinin  yol  çəkməyi,  tez-tez  eyvana  çıxıb 

Şeytanbazar  meydanına  boylanmağı,  Hallavar  tərəfdən  enən  yola 

baxmağı  yadımdadı.  Gecələr  otuzluq  çırağın  sısqa  işığında  ya-

nımızda  uzanıb  başımızı  sığallaya-sığallaya,  arabir  ah  çəkə-çəkə 

nağıllar,  rəvayətlər  danışdığı  gözlərim  önündən  getmir.  Deyirdi, 

sən  boynuma  düşən  il  qonşuya  gəzərgi  aşıq  gəlmişdi,  deyəsən, 

Faxralı  tərəflərdəndi,  adına  Aşıq  Ömər  deyirdilər,  «Yusif  və  Zü-

leyxa»  dastanını  elə  gözəl  danışıb-oxudu  ki,  atam  dedi,  oğlum 

olsa,  adını  Yusif,  qızım  olsa,  Züleyxa  qoyacam.  Yusif  adı  mənim 

qismətimə  düşdü,  amma  sən  demə,  aşağı  məhəllədən  çörəkçi 

Salman  da  bu  arzudaymış,  Züleyxa  adı  da  məndən  altı  ay  son-

ra  dünyaya  gələn  qonşu  qızının  taleyinə  yazıldı.  Anam  bunu 

sonralar  danışanda  «Adı  biz  verdik,  qismətinizi  Allah  versin» 

deyirdi.  Əlbəttə,  qismət  anamın  əlində  deyildi.  Məndən  dörd  yaş 

böyük  qardaşım  Qəribin  adını  da  atam  özüylə  Borçalıdan,  hər 

dəfə  yolu  o  tərəfə  düşəndə  görüşdüyü  Yadigaroğlu  Bağır  bəyin 

ocağındakı  dastan  gecəsindən  gətirmişdi.  Təkcə  bacıma  nənəmin 

adı  qismət  olmuşdu,  yatalaq  Mirzə  Sədrəddinlə  nənəm  Mələyi 

aparandan  sonra  atam  çox  sevdiyi  anasının  xatirəsini  yaşatmağı 

vacib  bilmişdi.

4.  Məhəlləmiz  cürbəcür  qövmlərin  ağlagəlməz  qatışığıydı: 

türk,  gürcü,  çərkəz,  kürd,  erməni,  avar,  ləzgi,  fars,  aysor,  minq-

rel…  danışığını,  demək  olar,  hər  gün  eşidirdik,  amma  ayrı-ay-

rı  qövmlərə  mənsub  adamlar  bir-birini  türkcə  dindirirdi.  Yay 

günlərində  tez-tez  Qəriblə  Şeytanbazar  meydanına  enir,  misgər, 

dəmirçi,  dabbağ,  papaqçı,  bəzzaz,  dulusçu,  sərrac,  dərzi,  xalça-

çı,  çörəkçi,  şirniyyatçı,  əttar...  dükanlarına  baxır,  at,  eşşək,  qa-

tır,  arabayla  keçib-gedənlərə  tamaşa  eləyir,  alıb-satanların  söh-

bətlərinə  qulaq  asırdıq.  Hərdən  Kürə  tərəf  enib  çayın  qırağın-

da  paltar  yuyan  qadınlara  göz  qoyduğumuz  da  olurdu,  sonra 

anam  bundan  xəbər  tutub  o  tərəfə  hərlənməyi  bizə  qadağan 

elədi,  dediyinə  görə,  suya  çox  yaxın  gedəndə  adamı  çəkib  apa-

rar,  amma  güman  ki,  gözdən  iraq  yerdə  yaşmaqsız,  tumanları-

nın  ətəyini  bellərinəcən  qaldırıb  qıçlarını  açığa  qoyan  qız-gəlinə 




10

naməhrəm  nəzərlərin  baxmasını  istəmirmiş  –  bunu  ağlım  bir 

qədər  kəsəndən  sonra  anladım.  Başlarındakı  iri  sinidə  meyvə, 

şirniyyat,  pendir,  çoxlu  cürbəcür  şeylər  satan,  qollarından  tərəzi 

asılmış,  əllərində  səbət  olan  kintolara  baxmaq,  arabaların  ça-

ğından  sallaşmaq,  meyxanadan  gələn  saz,  tar,  kamança,  rübab, 

ney,  davul,  çonquri...  səslərinə  qulaq  asmaq,  çayın  bu  tayındakı 

məscidə,  o  tayındakı  qalaya,  bir  az  uzaqdakı  kilsəyə,  yuxarıdakı 

Narınqala  divarlarına  tamaşa  eləmək  xoşuma  gəlirdi.  Bir  dəfə 

Qəriblə  qala  divarlarına  lap  yaxın  getdik,  hətta  qardaşım  enli 

divarın  üstünə  də  dırmaşdı,  amma  anam  bundan  xəbər  tutan-

da  ikimizə  də  qulaqburması  verdi  ki,  oradakı  pis  ruhlar  sizi 

çəkib  aparar  –  görünür,  yıxılıb  əzilməyimizdən  qorxurdu.  Heç 

körpüdən Hallavar səmtinə keçməyə də izin vermirdi, Şah Abbas 

məscidindən  o  tərəfə  keçməyi  atam  da  qadağan  eləmişdi.

5.  Səhərin,  günortanın,  axşamın  çatdığını  məsciddən  ucalan 

azan  səsindən  bilirdik.  Xüsusilə,  axşam  azanı  vaxtı  eyvana  çıxıb 

ilahi  səsin  dalğa-dalğa  meydana,  məhəllələrə,  evlərə  yayılmasını 

duymaq,  qürub  günəşi  altında  minbərdəki  qara  əbalı,  ağ  çalmalı 

azançının  üzü  Qibləyə  durub,  əllərini  qulaqlarına  aparıb  necə 

şövqlə  oxuduğuna  baxmaq  məni  vəcdə  gətirirdi.  Məscidin  ağ  və 

göy  kaşılarla  dama-dama  bəzədilmiş  minarəsinə,  yeddi  dirəkli, 

məhəccərli  minbərinə,  minbərin  örtüyü  üzərində  alov  dili  forma-

sında  qüllə  üstündə  üç  girdə,  qızılı  rəngli  lövhəni  tamamlayan 

ayparaya,  cüt  qübbəsinə,  məhəccərli  eyvanına  doya-doya  baxır-

dım,  hərdən  mənə  elə  gəlirdi,  minarədən  Allahın  yanına  uzanan 

gözəgörünməz  yol  var.  Atam  səfərlərdə  olmayanda  cümə  günləri 

namazını  məsciddə  qılırdı,  hər  dəfə  də  evə  gözgörəti  dincəlmiş, 

rahatlanmış  qayıdırdı.  Artıq  Qərib  də  atamla  namaza  durmağa 

başlamışdı,  üstəlik,  atamın  verdiyi  haqq  müqabilində  həftədə 

üç  dəfə  axund  Səməndərin  yanına  savad  öyrənməyə  gedirdi.  O, 

Qurani-Şərifi  höccələyə-höccələyə  oxuyanda,  kağıza  yöndəmsiz 

hərflərlə  anlamadığım  sözlər  cızanda  sehrli  aləmə  tamaşa  eləyən 

təki  gözlərimi  dodaqlarından,  əllərindən  çəkə  bilmirdim.  Atam 

deyirdi,  yeddi  yaşın  olanda  sən  də  gedib  savad  öyrənərsən,  çar-

vadarlıq  alnımıza  yazılmayıb,  istəmirəm  ki,  balalarım  da  mənim 

kimi  yollarda  pəsələng  olsunlar;  yola  çıxırsan,  deyirdi,  bilmirsən 

başına  nələr  gələcək,  qarşına  kimlər  çıxacaq,  külfətini  bir  də 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə