474
almamışdı, bundan sonra əmr də alsaydı, yəqin ki, Tehrana
Şahzadənin yanına getməzdi, çünki hamı intizar içində Şahımızın
Səfəvilərin qətlinə görə onu necə cəzalandıracağını gözləyirdi.
Məndən ötrüsə, bir məsələ çox maraqlıydı: Şahımız qardaşı-
nın qisasını almaq üçün yönünü quzeyə nə vaxt çevirəcəkdi
və həmin vaxt onun yanında olmaq üçün neyləməliydim?
Şübhəsiz, Mirzə Mehdi olan yerdə mənə ehtiyac yox idi, amma
Mirzə Mehdi xeyirxahlıq eləyib kefinin kök vaxtında qocalığım,
xəstəliyim, yurd nisgilim barədə Şahımıza təsirli sözlər söyləyə
bilərdi, üstəlik, Məhəmməd Kazım məqsədinə çatsaydı, Şahımıza
mənim istəyimi yetirməyə imkan yaranardı. Günlərim beləcə
intizar içində keçirdi, ehtiyat üzündən nə Mirzə Mehdiyə, nə də
Məhəmməd Kazıma namə yazmağa cəsarət eləyirdim. Mirzə Hü-
seyn də Şirvandan və Kaxetdən həyəcanlı xəbərlər gəldiyindən,
dağlı basqınlarının ara vermədiyindən danışırdı, görünür, aradan
keçən iki il ərzində ciddi müqavimətə rast gəlmədiklərinə görə
şirnikmişdilər, ola bilsin, Şahımızın Hindistanda öldüyü barədə
şayiələr ora da gedib çatmışdı, zəfərlə dönməsi xəbərinisə hələ
almamışdılar. Mirzə Hüseynin verdiyi o xəbərləri həyəcan içində
dinləyirdim, beynimdən keçirirdim ki, dünyanın işinə bax, mənim
taleyim uzaq quzeydə kimlərinsə əməllərindən asılıdı. O intizarlı
günlərdə özümə təzədən ürək-dirək verməyə, əgər qismətimdə
varsa, istəyimin gerçəkləşəcəyinə, insanın ümidinin sonsuzlu-
ğuna da inanmağa başlamışdım, əslində, şübhə eləmirdim ki,
həyatımın mənası elə bundan ibarətdi. Ona da inanırdım ki,
Şahımız dediyindən dönməyən adamdı, əgər and içibsə ki, Hin-
distandan dönəndən sonra dağlıları diz çökdürəcəm, deməli, de-
diyini yerinə yetirəcək, ola bilsin, bu vədi bir qədər geciksin,
amma taxta çıxmazdan əvvəl o tərəfdə yarımçıq qoyduğu işini
mütləq axıra çatdıracaq.
469. Rəbiül-axır ayının sonunda Təbrizə Şahımızla Şahzadə
arasında çəkişmələr olduğu barədə şayiələr gəlib çatdı, ondan bir
neçə həftə sonra da Məhəmməd Kazımdan müfəssəl namə aldım.
Axır dediyini eləmiş, Mərv heyətilə Şahımızın hüzuruna getməyə
müvəffəq olmuşdu. Yazdığına görə, Şahzadənin Herata, atası-
nın hüzuruna getməyi elə hey təxirə salması, Tehran da dövlət
işlərilə məşğul olduğu barədə bəhanələri can hövlündənmiş,
475
Şahımızın Səfəvilərin qətlinə görə onu bağışlamayacağını bi-
lirmiş, üstəlik, çox güman ki, «göz-qulaqları» artıq oğlunun
taxt-taca iddia elədiyini hökmdara çatdırıblarmış; Şahzadə nə
qədər gecikdirsə də, o görüş Heratda yox, Qaratəpədə baş tu-
tub, Şahımız bərbəzəkli filin belindən düşüb oğlunun on iki
min nəfərlik şahanə xüsusi qoşununa baxıb, bir söz deməyib,
vəliəhdlə mehribancasına görüşüb, amma elə o axşam da diva-
nı yığıb Şahzadənin dəbdəbəli qoşununun buraxıldığını bildirib;
Şahzadə bundan bərk sarsılıbmış, Şahımızsa onu çadırına aparıb,
qoşunun halından əndişə duyduğunu, camaatın məmləkətdə iki
Şah olduğunu düşünməsinin ziyanını söyləyib, nəhayət, qərarını
açıqlayıb: Şah Təhmasibi öldürtdüyünə görə oğlunu Səltənət
Naibliyindən uzaqlaşdırdığını, yerinə Nəsrullah Mirzəni təyin
elədiyini, Rzaqulu Mirzəni özüylə Türküstan səfərinə aparacağını
bildirib. Məhəmməd Kazım yazırdı, mən onda Mirzə Mehdinin
yanındaydım, Şahzadənin qorxudan ağarmış sifətini, böyümüş
gözlərini Şahımızın çadırından çıxanda gördüm, hətta o qədər
yaxındım ki, yanağının dartıldığını belə sezdim; yazırdı, sonra
Şahımız Mirzə Mömini yanına çağırtdırdı, bu hökmünü fərmana
salmağı əmr elədi; yazırdı, Şahımızın hüzuruna Əliqulu xan da
gəlmişdi, eşitdiyimə görə, hökmdar ona başsağlığı verib, deyib
Türküstan səfərindən qayıdandan sonra mütləq atasının qisasını
alacaq. Deməli, Şahımız Türküstan səfərinə gedirdi, o səfərin nə
qədər çəkəcəyini də bir Allah bilirdi, bu müddət ərzində mən
yenə ümidimi Allaha bağlamalı, səbir eləməli, gözləməliydim…
476
XII
DAHA BİR ÜMİD ARXASINCA
Keçər dövran, belə qalmaz,
Şad ol könül, nə məlulsan?
«Koroğlu» dastanından
470. Şahımız Türküstana yola düşməzdən qabaq Əmiraslan
xan Qırxlunu da, Məhəmməd xan Əfşarı da Herata çağırtdırmış-
dı. Mən bilən, qardaşının faciəli ölümünü ona bağışlaya bilmir-
di. Muğan çölündə Mirzə Mehdidən eşitmişdim ki, Məhəmməd
xanla uşaqlıq, cavanlıq illəri bir yerdə keçmişdi, əmisi Bəktaş
bəyin oğlunu qardaşı İbrahimdən seçmirmiş; cəsur, mərhəmətli
olan İbrahim xan hərb məsələlərində o qədər də qabiliyyətli
deyildi, Şahımız da bunu yaxşı bilirdi, əmisi oğlunu Təbrizdə
ona görə saxlamışdı ki, Vəliəhdin yanında olsun, onu qorusun;
amma Məhəmməd xan borcunu yerinə yetirə bilməmişdi, taxt-
tacın varisi elə ilk döyüşlərdəcə güdaza getmiş, üstəlik, meyiti
düşmən əlində qalmış, ən pisisə, qardaşının ruhu təhqir olun-
muşdu. Məhəmməd xan Əfşar köç-külfətini yığışdırıb Herata
yola çıxanda saray meydanında toplaşmışdıq, onun halətindən
özündə olmadığını sezirdim, yəqin beynində Şahımızın han-
sı cəzasına layiq görüləcəyini çək-çevir eləyirdi. Bu məqamda
mənim sevindiyim bir şey vardı: Pərixan xatun da Herata ge-
dirdi, Məhəmməd Kazımın bəxtinə gün doğur, vüsal imkanı
yaranırdı. Yəqin, Mirzə Mehdiyə, ya da başqa bir kəsə desəydi,
cavanın dərdini Şahımıza çatdırar, o da bircə kəlməsilə hər
şeyi yerbəyer eləyərdi. Bu gedişin başqa bir tərəfi də vardı:
Şahımız Məhəmməd xanın yerinə elə onun qardaşı Aşur xan
Əfşarı göndərmişdi, indən sonra Xanımızın yanında Aşur xan
olacaq, Azərbaycan qoşunlarının sərdarlığını eləyəcəkdi. Şahı-
mızın Dehlidən zəfərlə dönməsi çoxlarının murazını gözündə
qoymuş, əl-ayağını yığışdırmışdı, amma qınlarına çəkilib fürsət
Dostları ilə paylaş: |