ZəLİmxan yaqub seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə33/50
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73531
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

___________________Milli Kitabxana__________________
Bu nə səsdi, bəlkə bu gün həzrəti Davud dirilib,
Heyranların heyranıyam, məni bu heyran öldürür.
Allah belə ölümləri duyanlara çox görməsin,
"Şüştər" bu gün verib yenə qətlimə fərman, öldürür.
Məni sevən dostuma bax, çevrilib cəlladım olub,
Vallah, Zəlimxan ölməzdi, onu Ağaxan öldürür.
GƏTİRƏ
Bu şeir qarmonçalan Rəhmanın filarmoniyada
keçirilən yaradıcılıq gecəsində oxunmuşdur.
Çəkilə zülmət gecələr, vaxt üzümə dan gətirə,
Azadlığın səhər yeli cansıza da can gətirə.
Gözlədiyim o günləri öz vaxtında gətirməsə,
Qorxum budur, həsrət mənim gözlərimə qan gətirə.
Görüş yeri Təbriz ola, sevdamız bir dəniz ola,
Bu görüşlər ömrümüzə ən istəkli an gətirə.
Vurğun ilə Şəhriyarın səsi gələ qulaqlara,
Bir millətin tarixinə şərəf verə, şan gətirə.
Seyid, Cabbar şad xəbərə məzarından baş qaldıra
Qarabağdan məclisimə şikəstəni Xan gətirə.
Durna kimi səf-səf ola Azərbaycan gözəlləri,
Elin bayram günlərinə gül dərə, reyhan gətirə.
Kamil yenə qaboy çala, yandıra Habil kamanı,
Uzaq yollar yaxın ola, qarmonu Rəhman gətirə.
Ulu Tanrı, eşit məni, rəhm elə Rəhmanımıza
Bəlkə, onun barmaqları dərdlərə dərman gətirə.
Haqqın səsi bayraq ola, Bakı, Təbriz qucaqlaşa,
Bu xoş günün müjdəsini xalqa Zəlimxan gətirə.


___________________Milli Kitabxana__________________
QAN DAMLATSAN, CAN BİTƏR
İstanbulda  bizi
-
bir  qrup  Azərbaycan  ziyalısını  "Zaman"  qəzetinin
redaksiyasına dəvət eləmişdilər. Xalqımızın, torpaqlarımızın ağrılı-acılı taleyindən
qızğın  və göynərtili  söhbətlər  gedirdi. Qəzetin  baş  redaktoru  Nacib  Tosun
Azərbaycan torpaqlarına qan damlatsan can bitər" - deyib ağladı. Ürəkləri titrədən
bu  mənzərədən  hamının  gözləri  yaşardı.  Bu  unudulmaz  görüşdən  mənə kövrək
misralar yadigar qaldı.
Gözəl dedin, arkadaşım, qardaşım,
Bu torpağa qan damlatsan, can bitər!
Könüldaşım, məsləkdaşım, qandaşım,
Yer şumlanar, toxum düşər, dən bitər.
Bu torpağa qan damlatsan, can bitər!
Ala bilməz nə müxənnət, nə yağı,
Qeyrətimdi millətimin dayağı.
Palıd durar sal qayalar sayağı,
Çinar qalxıb zirvələrlə tən bitər.
Bu torpağa qan damlatsan, can bitər!
Bu torpaqdı, hey yoğrular, yapılar,
Hər qarışı məbəd kimi öpülər.
Haqqın sözü cərgələnər, səpilər,
İnsaf bitər, iman bitər, din bitər.
Bu torpağa qan damlatsan, can bitər!
Düşmən sayar hər yamanı, hər bədi,
Tutduğu yol haqsızlığa zərbədi.
Hər məzarı bir müqəddəs türbədi,
Bu torpağa qan damlatsan, can bitər!
Dağlarından dözüm alıb səbrimiz,
Sinəsində ruhum naxış, qəbrim iz.
Qucağında çiçək açar qəbrimiz,
Bu torpağa qan damlatsan, can bitər!
Aya, günə tən yeriyəm dünyanın,
İşığıyam, dan yeriyəm dünyanın,


___________________Milli Kitabxana__________________
Bir tükənməz dən yeriyəm dünyanın,
Kim becərsə, şöhrət bitər, şan bitər.
Bu torpağa qan damlatsan, can bitər!
Ondan ayrı saçlarıma dən düşər,
Bulud enər, gözlərimə çən düşər,
Hansı alma budağından gen düşər,
Hansı budaq gövdəsindən yan bitər?
Bu torpağa qan damlatsan, can bitər!
Amanımı payız kəsər, qış qırar,
Ruhum yenə "Vətən" deyib qışqırar.
Hər zərrədən şəhid qanı fışqırar,
Bu torpağa qan damlatsan, can bitər!
Hədər yerə vaxtı, anı itirməz,
Canda ruhu, ruhda canı itirməz.
Öldürsə də, Zəlimxanı itirməz
Sabah yenə xan göyərər, xan bitər
Bu torpağa qan damlatsan, can bitər!
İstanbul, yanvar, 1994
HAQQI AXTARA-AXTARA
Haqqı axtaranlar gəlsin yanıma,
Haqqın, ədalətin əsasıyam mən.
Məkkə, Mədinədi ziyarətimiz,
O zəmzəm suyunun kasasıyam mən.
Oruc Əlizadə
Üz tutduq gələn sabaha,
Haqqı axtara-axtara.
Əl açdıq qadir Allaha,
Haqqı axtara-axtara.


___________________Milli Kitabxana__________________
Dəmir əsalar əyildi,
Dəmir çarıqlar yeyildi.
Kimi döydü, kim döyüldü,
Haqqı axtara-axtara.
Əzildik, quma çevrildik,
Yumşaldıq, muma çevrildik.
Əkildik, şuma çevrildik
Haqqı axtara-axtara.
Kimi oğru, kimi doğru,
Daşıdıq dərd, çəkdik ağrı.
Haqq deyənin yandı bağrı,
Haqqı axtara-axtara.
Dəvələr itdi səhrada,
Gəmilər batdı dəryada.
Könüllər gəldi fəryada
Haqqı axtara-axtara.
Süzüldük eşqin camına,
Yağ olduq yanan şamına.
Döndük Allah adamına,
Haqqı axtara-axtara.
Sel tökülür çaya doğru,
Çay axır dəryaya doğru,
Dəniz baxır Aya doğru,
Haqqı axtara-axtara.
Zirvələr boylanır göyə,
Bəlkə haqqı gördüm deyə.
Qamışlar da döndü neyə,
Haqqı axtara-axtara.
Çox yolçular dizdən oldu,
Dağdan oldu, düzdən oldu.
Çox gözlülər gözdən oldu
Haqqı axtara-axtara.


___________________Milli Kitabxana__________________
Var olan yoxa çəkildi,
Dağ uçdu, arxa çəkildi,
İsa çarmıxa çəkildi
Haqqı axtara-axtara.
Nəfəs dərdik, cana gəldik,
Dolduq, ətə-qana gəldik,
İncilə, Qurana gəldik
Haqqı axtara-axtara.
Baxmadı xərcə-xəraca,
Hac deyənlər getdi haca.
Məhəmməd çıxdı meraca
Haqqı axtara-axtara.
Əqidə, məslək tacımız,
"Ənəlhəq"dir əlacımız.
Öldü Mənsur Həllacımız
Haqqı axtara-axtara.
Çox qayalar çapasıyıq,
Çox qalalar yapasıyıq.
Axır bir gün tapasıyıq
Haqqı axtara-axtara.
Çaldı zili, çaldı bəmi,
İnsan oğlu çəkdi qəmi.
Qocalırıq, Oruc əmi,
Haqqı axtara-axtara.
KİM NƏ BİLƏRDİ
Kim nə bilərdi ki, mən adda mən var,
Toxumtək torpaqdan cücərməsəydim.
Özüm bağban olub arzularıma,
Bağımı vaxtında becərməsəydim.
Sazımla, sözümlə, şeriyyətimlə,
Zəlimxan olmağı bacarmasaydım.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə