90
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2 Sosial-siyasi elmlər seriyası 2010
İQTİSADİYYAT
MÜASİR DÖVRDƏ BEYNƏLXALQ İQTİSADİ ƏMƏKDAŞLIQ VƏ
İNTEQRASİYA PROBLEMLƏRİ
A.M.MƏHƏRRƏMOV
Bakı Dövlət Universiteti
amagerramov@gmail.com
Bu məqalə olduqca aktual problemə həsr olunub. Məqalənin müəllifi iqtisadi
inteqrasiya və əməkdaşlıq probleminə diqqət yetirib və hər tərəfli təhlil edib. Məqalədə elmi
ədəbiyyat və internet mənbəyi istifadə olunub. Əsas diqqət BTT-nın fəaliyyətinə ayrılıb.
Həmçinin iqtisadi inteqrasiya və əməkdaşlıq kontekstində qloballaşma məsələlərinə
toxunulub. O cümlədə, yekunda problemin hüquqi aspektləri öyrənilib.
Ümumiyyətlə, bəşəriyyətin mövcudluğunun və inkişafının əsas element-
lərindən biri dövlətlərin iqtisadi əməkdaşlığıdır. Bu əməkdaşlığın əsasında bir çox
elementlər dayanır. Dövlətlərin iqtisadi və sosial maraqları, ticarət münasibətlərinin
genişlənməsi, dövlətlərin iqtisadiyyatlarının inkişaf etməsi nəticəsində bir-birlərindən
asılılıqlarının, yəni qarşılıqlığın güclənməsi və s. Lakin müvafiq münasibətlərin
hüquqi əsası, bu münasibətlərin əsaslandığı rəhbər müddəaların mövcudluğu zəruri
amildir. Dövlətlərarası iqtisadi əməkdaşlığın əsasını beynəlxalq hüququn əsas rəhbər
başlanğıclarından biri olan əməkdaşlıq prinsipi təşkil edir. Ona görə də, ilk növbədə
əməkdaşlıq prinsipinin hüquqi məzmununu təhlil etmək zəruridir.
Dövlətlərin iqtisadi əməkdaşlığının əsasları BMT Nizamnaməsində təsbit
edilmişdir. Nizamnamənin 1-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq, BMT-nin
əsas məqsədlərindən biri, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və iqtisadi,
sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həll edilməsidir [3,
197]. Bütövlükdə əməkdaşlıq prinsipi beynəlxalq hüququn bütün digər prinsiplərinin
praktiki realizəsi forması kimi 1970-ci il tarixli Beynəlxalq hüququn prinsipləri
haqqında Bəyannamədə, 1975-ci il tarixli ATƏM-in Helsinki Yekun Aktında təsbit
edilmişdir. Bu sənədlərdə dövlətlərin BMT Nizamnaməsinə müvafiq surətdə bir-biri
ilə müxtəlif sferalarda əməkdaşlığı nəzərdə tutulur. Məsələn, 1970-ci il tarixli
Beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə beynəlxalq iqtisadi sabitlik və
inkişaf, xalqların ümumi rifahına yardım məqsədilə bir-birləri ilə əməkdaşlıq öhdəliyi
prinsipini beynəlxalq hüququn əsas prinsiplərindən biri elan etmişdir. Dövlətlər bütün
dünyada iqtisadi inkişafa yardım işində əməkdaşlıq etməlidirlər [7, 9].
Dövlətlərin iqtisadi sferada əməkdaşlıq öhdəliyi 12 dekabr 1974-cü il tarixli
Dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında Xartiyada da bəyan edilmişdir.
91
Xartiyanın 8-9-cu maddələrinə əsasən dövlətlərin bu öhdəliyi daha səmərəli və
ədalətli beynəlxalq iqtisadi münasibətlərə yardım göstərilməsi və bütün dünya
dövlətlərinin iqtisadi və sosial inkişafına nail olması ilə şərtlənir. Hər bir dövlət öz
xalqının iqtisadi, sosial və mədəni inkişafında əsas məsuliyyət daşıyır. Bu məqsədlə
hər bir dövlətin öz ehtiyatlarından istifadə, proqressiv iqtisadi və sosial islahatların
həyata keçirilməsi, inkişaf vasitələri və məqsədlərini seçmək hüququ var. Xartiyanın
7-ci maddəsində qeyd edilir ki, ehtiyatlardan istifadəyə mane olan vasitələrin aradan
qaldırılmasında bütün dövlətlər fərdi və birgə şəkildə əməkdaşlıq etməlidir [7, 9-10].
Regional təşkilatlar, xüsusilə də ATƏT çərçivəsində iqtisadi dəyişikliklərə və
müvafiq sferada əməkdaşlığa mübahisələrin qarşısının alınmasında və ilkin xəbər-
darlıq edilməsi yolunda mühüm bir vasitə kimi diqqət ayrılır. Yuxarıda qeyd etdi-
yimiz beynəlxalq-hüquqi aktların təhlili dövlətlərin əməkdaşlığı prinsinin mahiyyətini
aşağıdakı elementlərdən ibarət olması haqqında fikir yürütməyə imkan verir. Bütöv-
lükdə əməkdaşlıq prinsipi dövlətlərin aşağıdakı hüquq və vəzifələrini müəyyən edir:
•
Beynəlxalq iqtisadi münasibətlərdə tərəfdaş seçimində və iqtisadi əməkdaşlığın
forma və metodlarının seçimində sərbəstlik.
•
Beynəlxalq iqtisadi, maliyyə və valyuta problemlərinin tənzimlənməsi üçün qərar
qəbulu prosesində iştirak hüququ.
•
Beynəlxalq əmək bölgüsü və beynəlxalq ticarətdən mənfəət əldə etmək hüququ.
•
İnkişaf etməkdə olan dövlətlərin (İEOÖ) iqtisadi yardım almaq hüququ.
•
Üçüncü dövlətlərə, xüsusilə də İEOÖ-ə münasibətdə onların qanuni maraqlarının
nəzərə alınması üzrə dövlətlərin öhdəliyi.
•
Xarici iqtisadi əlaqələrdə suveren hüquqlar və qanuni maraqları zəiflədən iqtisadi
və digər vasitələrdən istifadə etməmək öhdəliyi.
•
Daha rasional və ədalətli beynəlxalq iqtisadi münasibətlərin inkişafına yardım
göstərilməsi öhdəliyi.[7, s. 10]
Beynəlxalq iqtisadi əməkdaşlıq beynəlxalq əməkdaşlığın əsas istiqamət-
lərindən birini təşkil edir. Bununla belə, beynəlxalq iqtisadi hüquq anlayışında əks
olunan beynəlxalq iqtisadi əməkdaşlıq anlayışının müəyyən edilməsi hələ də
mübahisəli olaraq qalmaqdadır. Bir tərəfdən, beynəlxalq iqtisadi əməkdaşlıq –
dövlətlərin və beynəlxalq təşkilatların beynəlxalq iqtisadi münasibətlərin sabitliyinin
möhkəmləndirilməsinə, milli maraqların təmin edilməsinə və qarşılıqlı faydalı hüquqi
mexanizmlərin təkmilləşdirilməsinə yönəlmiş razılaşdırılmış fəaliyyət sistemidir.
Dövlətlərin, beynəlxalq təşkilatların və beynəlxalq hüququn digər subyektlərinin öz
aralarındakı beynəlxalq iqtisadi əməkdaşlığı beynəlxalq iqtisadi hüququn tənzimetmə
predmetinə daxildir. Digər tərəfdən, beynəlxalq iqtisadi əməkdaşlıq – müstəqillik,
dövlətlərin milli suverenliyi və iştirakçıların qarşılıqlı iqtisadi fayda prinsiplərinə
əsaslanmış, dövlətlərin, beynəlxalq təşkilatların, həmçinin ayrıca subyektlərin iştirakı
ilə dinamik, dərinləşdirici, siyasi və təsərrüfat əlaqələrinin kompleksidir [4, 98].
Beynəlxalq iqtisadi əməkdaşlığa verilən bu anlayışdan belə bir nəticəyə
gəlmək olar ki, onun subyekt tərkibi yalnız beynəlxalq ümumi hüququn subyektləri
ilə məhdudlaşmır. Dövlətlərlə yanaşı, beynəlxalq əməkdaşlığın iştirakçıları dövlətin
inzibati-ərazi qurumları, hüquqi və fiziki şəxslər ola bilər. Digər sözlərlə desək,
beynəlxalq iqtisadi əməkdaşlıq anlayışına dövlətin təsərrüfat subyektlərinin xarici
iqtisadi fəaliyyəti də daxildir [7, 11].
Beləliklə, beynəlxalq iqtisadi əməkdaşlıq sabit qarşılıqlı iqtisadi inkişafın
92
təmin edilməsinə və iqtisadi fayda əldə edilməsinə yönəlmiş beynəlxalq sistemin
bütün subyektləri arasında beynəlxalq qarşılıqlı iqtisadi münasibətlərin qlobal çoxsə-
viyyəli sistemidir. Beynəlxalq iqtisadi əməkdaşlıq hakimiyyət xarakterli ümumi-
hüquqi fəaliyyəti özündə əks etdirir. Bununla yanaşı, beynəlxalq iqtisadi əməkdaşlıq
sistemi 4 səviyyədə əlaqə və münasibətləri təsbit edir. Birinci səviyyəli münasibətlərə
beynəlxalq ümumi hüququn sahəsi kimi beynəlxalq iqtisadi hüququn tənzimetmə
predmetinə daxil olan beynəlxalq dövlətlərarası münasibətlər daxildir. Dövlətlər və
beynəlxalq təşkilatlar beynəlxalq iqtisadi münasibətlərin hüquqi əsasını, rejimini
müəyyən etməklə, xarici iqtisadi fəaliyyətin vahid hüquqi tənzimləmə mexanizmini
formalaşdırır. İkinci səviyyəli münasibətlərə xarici tərəfdaşlarla (federasiya subyekt-
ləri, inzibati-ərazi qurumları, fiziki və hüquqi şəxslər) yaradılan münasibətlər daxildir.
Üçüncü səviyyəli münasibətlərə federativ dövlətlərin xarici iqtisadi əlaqələri daxildir.
Bu əlaqələrin əsas məqsədi federativ dövlətlərin ayrıca subyektlərinin iqtisadi inki-
şafını stimullaşdırmaqdır. Xarici dövlətlərin fiziki və hüquqi şəxsləri arasındakı mü-
nasibətlər dördüncü səviyyəli münasibətlərə daxildir. Bu tip münasibətlər xarici iqti-
sadi əqdlərin bağlanması yolu ilə sistematik olaraq gəlir əldə edilməsinə istiqamət-
lənmişdir. Məhz belə münasibətlər xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində
həlledici rola malikdir. Birinci, ikinci və üçüncü səviyyəli münasibətlər ümumi-hü-
quqi, dördüncü səviyyəli münasibətlər isə xüsusi-hüquqi xarakter daşıyır [10, 14-57].
Yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq iqtisadi əməkdaşlıq, ilk növbədə
sabitliyin möhkəmləndirilməsinə və beynəlxalq iqtisadi münasibətlərin hüquqi
tənziminin təmin edilməsinə yönəlmişdir. Müasir beynəlxalq iqtisadi münasibətlər –
ayrı-ayrı dövlətlərin milli iqtisadiyyatları arasında təsərrüfat əlaqələri sistemidir.
Beynəlxalq əmək bölgüsünə əsaslanan beynəlxalq iqtisadi münasibətlər əmtəə və
xidmətlərlə ticarətdə öz praktiki həllini tapır. Beynəlxalq iqtisadi münasibətlərin
qurulması və inkişafı dövlətlərin iqtisadiyyatlarının qarşılıqlı asılılığı və əlaqəsinin
güclənməsi ilə müəyyən olunur. Bütövlükdə, beynəlxalq iqtisadi münasibətlər dünya
təsərrüfatı fəaliyyətinin aşağıdakı sferalarını əhatə edir:
•
Beynəlxalq ticarət.
•
dövlətlər arasında valyuta-maliyyə və kredit münasibətləri.
•
Beynəlxalq investisiya münasibətləri.
•
Maliyyə və əmək resurslarının hərəkəti.
•
Beynəlxalq iqtisadi təşkilatların fəaliyyəti.
•
Beynəlxalq iqtisadi yardım münasibətləri.
Beynəlxalq iqtisadi münasibətlərin əsas formalarından biri olan beynəlxalq
ticarət ölkələrarası əmtəə və xidmət axınını özündə əks etdirir. Bu zaman alqı-satqı
üzrə əməliyyatların həyata keçirildiyi beynəlxalq əmtəə və xidmət bazarları
formalaşır. Əmək resursları ilə təminatda ölkələrarası fərqlər və əhalinin məşğulluq
şəraiti dövlətlərarası işçi qüvvəsi axınlarının yaranmasına və inkişafına gətirib çıxarır.
Nəticədə beynəlxalq əmək bazarı formalaşır.
Beynəlxalq iqtisadi münasibətlər dünya təsərrüfatının ayrılmaz tərkib hissə-
sidir. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər öz növbəsində bu münasibətlərin
xarakter və dinamikasına da təsir göstərir. Beynəlxalq iqtisadi münasibətlər daha
yaradıcı xarakter almaqla müasir çoxqütblü dünyanın yoxsulluq, iqlim dəyişkənliyi,
enerji ehtiyatları ilə təminat kimi qlobal problemlərin həllinə yönəlmişdir.
İstehsalın inkişaf qanunauyğunluğu və beynəlxalq əmək bölgüsü bütün dünya
93
dövlətlərinin obyektiv şəkildə beynəlxalq iqtisadi münasibətlərin əhatə dairəsinə daxil
olmasına səbəb olmuşdur. Müasir istehsalın beynəlxalq xarakteri qlobal iqtisadiyyat
təzahürünə gətirib çıxarır. İkitərəfli münasibətlər artıq öz yerini çoxtərəfli münasi-
bətlərə vermişdir. Əgər əvvəllər dünya dövlətlərinin təsnifatında siyasi meyarlar əsas
götürülürdüsə, müasir bazar iqtisadiyyatı şəraitində dövlətlərin iqtisadi şəraiti əsas
meyardır. Müasir qloballaşma və inteqrasiya şəraitində beynəlxalq iqtisadi münasibət-
lərin və dövlətlərarası iqtisadi əməkdaşlığın inkişafına aşağıdakı amillər təsir göstərir:
•
Elmi-texniki inkişafın intensivliyi, rabitə, nəqliyyat və silahlanma sferalarında
yeni texnologiyaların genişlənməsi.
•
Sənayenin inkişafı və ekoloji bazanın istismarı ilə ətraf mühitə ciddi təsir.
•
Əhalinin artımı və daimi yerdəyişməsi.
•
Dövlətlərarası iqtisadi artımın fərqliliyi, daha dəqiq desək kasıb və varlı dövlətlər
arasında fərqin azalmaması.
•
Dövlətlərarası iqtisadi asılılığın inkişafı. Bu amil hüquq normalarının, həyat
tərzinin və davranış qaydalarının unifikasiyasına gətirib çıxarır.
•
Federasiya subyektlərinin beynəlxalq iqtisadiyyatda rolunun genişlənməsi və daha
fəal iştirakı [7, 15-17].
Beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı ilə paralel olaraq, əmtəə, xidmət,
maliyyə və əmək resurslarının sərbəst hərəkət edə biləcəyi vahid iqtisadi məkanın
yaradılması məqsədilə suveren dövlətlərin birliyini özündə təcəssüm etdirən iqtisadi
inteqrasiya prosesi də geniş vüsət almışdır. Hüquqi tənzimetmə metodu qismində iq-
tisadi əməkdaşlıq üçün əlaqələndirmə metodu daha xarakterikdirsə, iqtisadi inteq-
rasiya üçün subordinasiya (milli tənzimetmə) metodu daha uyğundur [9, 53-56].
Fikrimizcə, beynəlxalq iqtisadi inteqrasiyanın məzmununa nəzər salmaq
məqsədəmüvafiq olardı. Müasir dünya təsərrüfatı milli iqtisadiyyatların məcmusu və
qarşılıqlı əlaqəsi ilə yanaşı, həmçinin bir neçə dövlətin milli təsərrüfatlarını özündə
birləşdirən inteqrasiya kompleksidir. Hazırda dünyada dünya ticarətinin 60%-dən
çoxunu tənzimləyən 85 regional ticari-iqtisadi saziş və razılaşma fəaliyyətdədir.
İnteqrasiya birliklərinin əsas formaları - azad ticarət zonası, ümumi bazar, gömrük
ittifaqı və iqtisadi ittifaqdır [6, 20].
Azad ticarət zonası - qarşılıqlı ticarətdə rüsum və digər məhdudlaşdırıcı
tədbirlərin ləğv olunduğu iki və daha çox dövlətlər qrupunu özündə əks etdirir.
Zonadan kənar dövlətlərə münasibətdə isə saziş iştirakçısı olan hər bir dövlət ayrıca
ticarət siyasəti həyata keçirir. Gömrük ittifaqı - azad ticarət zonasında olduğu kimi
burada da qarşılıqlı ticarətdə vergi, rüsum və digər məhdudlaşdırıcı tədbirlər aradan
qaldırılır. Azad ticarət zonasından fərqli olaraq gömrük ittifaqında iştirakçı-dövlətlər
üçüncü dövlətlərə münasibətdə vahid gömrük siyasəti həyata keçirirlər. Ümumi bazar
– gömrük ittifaqı dövlətlərarası qarşılıqlı ticarət, işçi qüvvəsi və kapitalın hərəkətində
maneələrin aradan qaldırılması ilə tamamlandıqda formalaşır. İqtisadi ittifaq – yu-
xarıda qeyd etdiyimiz inteqrasiya birliklərinə əlavə olaraq iştirakçı-dövlətlər
tərəfindən vahid iqtisadi siyasətin həyata keçirilməsini, sosial-iqtisadi proseslərin
tənzimlənməsinin dövlətlərarası sisteminin yaradılmasını nəzərdə tutur.
Ən mühüm və intensiv iqtisadi inteqrasiya prosesləri 1957-ci ildə Avropa
İqtisadi Birliyi, Avropa kömür və polad Birliyi və Atom enerjisi üzrə Avropa
Birliyinin yaradılmasını nəzərdə tutan Roma Müqavilələrinin imzalanması ilə Qərbi
Avropada baş vermişdir. 1 noyabr 1993-cü ildə Maastrixt Müqaviləsinin qüvvəyə
94
minməsindən sonra Avropa Birliyi rəsmi olaraq Avropa İttifaqı adlanmağa başladı.
Avropa İttifaqı dünyanın əksər dövlətləri ilə xüsusi ticari-iqtisadi sazişlər
bağlamışdır. Məsələn, Lome Konvensiyalarına (bu konvensiyalardan birincisi 1975-ci
ildə imzalanmışdır) müvafiq olaraq, Afrika, Karib Hövzəsi və Sakit Okean zonasının
70-dən çox dövlətindən gətirilən əmtəə və xidmətlər Avropa İttifaqı bazarlarında
rüsumsuz rejim əldə etmişdir. Analoji sazişlər Aralıq dənizi sahilinin 12 dövləti ilə də
mövcuddur. Bununla yanaşı, Türkiyə və Kiprlə gömrük ittifaqı da var. 1991-95-ci
illərdə Mərkəzi və Şərqi Avropa ölkələri ilə 9 belə saziş imzalanmışdır [6, 20-25].
Roma Müqaviləsində Avropa Birliyi çərçivəsində əmtəə, xidmət, kapital və
işçi qüvvəsinin azad hərəkətini nəzərdə tutan ümumi bazarın yaradılması haqqında
müddəa da təsbit edilmişdi. Hazırda Avropa İttifaqı çərçivəsində regional siyasət və
elmi-texniki sferada əməkdaşlıq məsələləri geniş yayılmışdır. Regional siyasət İtti-
faqın zəif inkişaf etmiş regionlarına (İttifaq üçün orta göstərici olan Ümum Daxili
Məhsulun adambaşına 75%-dən az olan regionlar) yardım göstərilməsini nəzərdə
tutur. Bu ərazilərə Yunanıstan, Portuqaliya, İrlandiya, Şimali Şotlandiya və s. Region-
lar daxildir.
80-ci illərin sonlarından başlayaraq, Avropada elmi-texniki yeniliklər və
müvafiq sferada əməkdaşlıq geniş vüsət aldı. Bu vaxt Avropa İqtisadi Birliyinin
yaradılması haqqında Roma Müqaviləsinə elmi-texniki sahədə əməkdaşlıq haqqında
xüsusi fəsil daxil edildi. Müvafiq sferada əməkdaşlığın əsasını informasiya texnologi-
yaları, rabitə sahəsində texnoloji vasitələr, biotexnologiya, energetika sahəsində
İttifaqın rəqabət qabiliyyətinin gücləndirilməsi təşkil edir.
Avropa iqtisadi inteqrasiyasının ən mühüm nailiyyətlərindən biri də vahid
valyutanın (AVRO) yaradılması oldu. 1979-cu ilin mart ayından valyuta məzənnə-
lərinin sabitliyinin saxlanılması və inteqrasiya proseslərinin stimullaşdırılması məq-
sədilə Avropa Valyuta Sistemi yaradılmışdı. Sistem çərçivəsində Birliyin üzv-döv-
lətlərinin valyuta səbəti əsasında Avropa valyuta-hesablaşma vahidi (EKYU) forma-
laşdırılmışdı. AVRO hesablaşma valyutası kimi dünya maliyyə bazarlarına 1999-cu
ildə təqdim olunmuşdur. 1 yanvar 2002-ci ildən isə dövriyyəyə buraxılmışdır. Avro
1979-1998-ci illərdə Avropa Valyuta Sistemində istifadə olunan EKYU-nu əvəz etdi.
Hazırda AVRO Avrozonanın 16 dövlətində rəsmi valyutadır.
Avropa İttifaqı Qərbi Avropada yeganə inteqrasiya birliyi deyil. 1959-60-cı
illərdə Böyük Britaniya və Skandinaviya dövlətlərinin təşəbbüsü ilə Avropa Azad
Ticarət Assosiasiyası təsis edilmişdi. Əvvəllər üzv-dövlətlər bu quruma Avropa İqti-
sadi Birliyinə daxil olma üzrə aparılan danışıqlarda mövqelərinin möhkəmləndi-
rilməsi vasitəsi kimi baxırdılar. Doğurdan da, 1972-ci ildə Böyük Britaniya və Dani-
marka, 1985-ci ildə Portuqaliya, 1995-ci ildə Avstriya, İsveç və Finlandiya Təşkilatı
tərk etmişdir. Hazırda Təşkilatın üzvləri Norveç, İsveçrə, İslandiya və assosiasi-
yalaşmış üzv olan Lixtenşteyndir. Avropa İttifaqından fərqli olaraq, bu Təşkilat üzv-
dövlətlərin suveren hüquqlarının saxlanılması və qanunvericilik səlahiyyətinə malik
millətüstü orqanların olmadığı regional iqtisadi qruplaşmadır. Assosiasiya – üzv-
dövlətlər arasında sənaye məhsullarının sərbəst rüsumsuz ticarətini təmin edən azad
ticarət zonasıdır. Üçüncü dövlətlərlə münasibətlərdə isə hər bir üzv-dövlət müstəqil
xarici ticarət siyasəti həyata keçirir və öz gömrük rüsumlarını qoruyub saxlayır.
Dünya bazarında ABŞ və Yaponiyanın mövqelərinin və rəqabət qabiliyyə-
tinin daha da güclənməsi Avropa İttifaqı və Azad Ticarət Assosiasiyası arasında
yaxınlaşma zərurətini meydana çıxardı. Nəticədə Avropa İqtisadi Məkanının yara-
95
dılması haqqında 2 may 1992-ci il tarixli Porto Müqaviləsi imzalandı.
1991-ci ildə Sovet İttifaqının süqutundan sonra keçmiş sosialist dövlətləri
arasında da inteqrasiya prosesləri meydana çıxdı. 1992-ci ilin dekabr ayında Polşa,
Çexiya, Slovakiya və Macarıstan arasında Azad ticarət haqqında Mərkəzi Avropa
Sazişi imzalandı. Saziş sənaye məhsulları ilə ticarət üzrə azad ticarət zonasının yara-
dılmasını müəyyən edirdi. Kənd təsərrüfatı məhsullarına münasibətdə isə liberallaşma
məhdudlaşdırıcı xarakter daşıyırdı. Bir qədər sonra bu inteqrasiya birliyinə Sloveniya,
Rumıniya və Bolqarıstan da qoşuldu.
Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında iki əsas inteqrasiya sazişi
imzalanmışdır. 1996-cı ilin yanvar ayında Rusiya, Belarus və Qazaxıstan Gömrük
ittifaqının yaradılması haqqında Saziş imzaladılar. Gömrük ittifaqı üçüncü dövlətlərə
münasibətdə vahid ticarət rejimi və gömrük ərazisinin birliyini nəzərdə tuturdu. Hə-
min ilin aprel ayında isə Rusiya və Belarus Rusiya-Belarus Birliyinin yaradılması
haqqında Müqavilə imzaladılar. Müqavilə hər iki dövlətin iqtisadi və siyasi inteq-
rasiyasını müəyyən etməklə, əmtəə, xidmət, kapital və işçi qüvvəsinin azad hərəkət
etdiyi vahid iqtisadi məkanın yaradılmasını nəzərdə tuturdu.[6, s. 30]
İqtisadi inteqrasiya proseslərinin intensiv şəkildə inkişaf etdiyi əsas region-
lardan biri Şimali Amerikadır. 1989-cu ilin yanvar ayında Azad ticarət haqqında
Amerikan-Kanada Sazişi qüvvəyə mindi. Nəticədə ildə təqribən 200 mlrd. dollarlıq
(ABŞ Dolları) ikitərəfli ticarəti əhatə edən azad ticarət zonası təsis edilmişdi. Növbəti
10 il ərzində ABŞ və Kanada arasında qalmaqda olan bütün tarif və qeyri-tarif
məhdudiyyətləri aradan qaldırılmalı idi. Bununla belə, üçüncü dövlətlərlə ticarətdə
hər iki tərəf öz ticarət siyasətini müəyyən edirdi. 1991-ci ilin iyun ayında Meksikanın
təşəbbüsü ilə başlanmış üçtərəfli danışıqlar 17 dekabr 1992-ci ildə Şimali Amerika
Azad Ticarət Zonasının (NAFTA) yaradılması ilə nəticələnən Sazişin imzalanması ilə
tamamlandı. Saziş dövlətlərin ratifikasiyasından sonra 1 yanvar 1994-cü ildə qüvvəyə
mindi. Sazişin müəyyən etdiyi əsas müddəalar aşağıdakılardır:
•
2010-cu ilə qədər qarşılıqlı ticarətdə bütün gömrük rüsumlarının aradan qaldırıl-
ması.
•
əmtəə və xidmətlərlə qarşılıqlı ticarətdə çoxsaylı qeyri-tarif maneələrinin mər-
hələli şəkildə qaydaya salınması.
•
Meksikaya Amerikan-Kanada kapital qoyuluşu rejiminin yüngülləşdirilməsi.
•
Amerikan-Kanada banklarının Meksika bazarlarında fəaliyyət şərtlərinin libe-
rallaşdırılması.
•
Amerikan-Kanada-Meksikan Arbitraj Komissiyasının yaradılması.
Əldə edilmiş razılaşmaların realizəsi əhalisi 378 mln., ümumdaxili məhsulu
10 trln. Dollar olan dünyanın ən nəhəng ticarət blokunun yaradılmasına gətirib çıxara-
caq. NAFTA ABŞ-ın iqtisadi gücünü, Kanadanın təbii ehtiyatlarını və Meksikanın
ucuz işçi qüvvəsini özündə birləşdirir. Hazırda NAFTA və Avropa İttifaqını birləş-
dirən Atlantik Azad Ticarət Zonasının yaradılması ideyası ətrafında qızğın müza-
kirələr aparılır [15, 18].
Asiya-Sakit okean regionunda isə əsas iqtisadi inteqrasiya birliyi Asiya-Sakit
okean İqtisadi Əməkdaşlığıdır. NAFTA və Avropa İttifaqından fərqli olaraq, bu
Birlik daha amorf (qarışıq formalı) və çoxtəbəqəli təsisatdır. Birliyin əsas fəaliyyəti
özəl sektorun inkişaf etdirilməsinə yönəlmişdir [5, 154].
Hazırda dünyada İEOÖ arasında müxtəlif səviyyəli inteqrasiya qruplaşmaları
96
da mövcuddur. Məsələn, And Qrupu (Boliviya, Venesuela, Kolumbiya, Peru, Ekva-
dor), Cənub Konusunun Ümumi Bazarı (Braziliya, Argentina, Paraqvay, Uruqvay),
ASEAN (İndoneziya, Malayziya, Tayland, Vyetnam, Laos, Kamboca, Myanma),
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi və s.
Hazırda dünya iqtisadiyyatında əsas proses qloballaşma ilə bağlıdır. Bü-
tövlükdə dünya iqtisadiyyatının qloballaşmasına istiqamətlənmiş meyar və amilləri
aşağıdakı kimi qruplaşdırmaq olar:
•
İqtisadi amil – kapitalın təmərküzləşməsi, öz fəaliyyətində milli sərhədləri aşan və
dünya iqtisadi məkanını mənimsəyən iri korporasiyaların, firma və maliyyə
qruplaşmalarının artması.
•
Siyasi amil – dövlət sərhədləri get-gedə öz əhəmiyyətini itirir və bütün növ
ehtiyatların azad hərəkətinə şərait yaradır.
•
Beynəlxalq amil – qloballaşmanın dinamikası mühüm beynəlxalq hadisələrin ta-
rixləri ilə əlaqələnir. Bu məsələdə xüsusilə, 3 hadisəni – Avropa Birliklərinin
1985-ci ildə Lüksemburqda keçirilmiş və Kapital, əmtəə, xidmət və işçi qüv-
vəsinin azad hərəkətini müəyyən edən Avropa Aktının qəbul edilməsi, 1986-ci il
tarixli Uruqvay Raundu və 1990-cı ildə Almaniyanın birləşməsi, Qarşılıqlı
İqtisadi Yardım Şurası və Varşava Müqaviləsi Təşkilatının süqutunu qeyd edirlər.
Belə ki, «soyuq müharibə»nin başa çatması, Qərblə Şərq arasında ideoloji müha-
ribənin sona çatması iqtisadiyyatın qloballaşmasında mühüm addım olmuşdur.
•
Texniki amil – rabitə və nəqliyyat vasitələri əmtəə, maliyyə ehtiyatları və xid-
mətlərin tez bir zamanda yayılması, mübadiləsi üçün imkanlar yaradır.
•
İctimai amil – adət-ənənələrin, ictimai münasibətlərin zəifləməsi, ruhi və emosio-
nal anlamda insanların coğrafi hərəkətliliyinə (mobilliyinə) səbəb olur [2, 20-32].
Əmtəə və kapital bazarlarının liberallaşması iqtisadi fəaliyyətin beynəlmiləl-
ləşməsini gücləndirmişdir. Qloballaşmanın əsasını mübadilənin deyil, istehsalın
beynəlmiləlləşməsi təşkil etməyə başlamışdır. Bu prosesin təşkilati forması Transmilli
Korporasiyalardır. Dünya iqtisadiyyatında ticarət və istehsala mühüm təsir göstərən
maliyyə bazarlarının inkişafı müasir qloballaşma prosesi üçün xarakterikdir.
Hazırda beynəlxalq ticarətin dinamik şəkildə inkişafı müvafiq münasibətlərin
tənzimlənməsində yeni və daha qənaətbəxş vasitələrdən istifadə zərurətini meydana
çıxarır. Beynəlxalq ticarət daha çox çoxtərəfli əsasda tənzimlənir. Müasir şəraitdə
dünya ticarətinin çoxtərəfli əsasda tənzimlənməsinin əsas istiqamətləri aşağıdakılar-
dır:
•
Maraqlı dövlətlər tərəfindən ticari-iqtisadi münasibətlərin əsas prinsip və nor-
maların daxil olduğu müqaviləvi-hüquqi əsasının yaradılması.
•
Dünya təsərrüfatı əlaqələrinə təsir göstərən ticari-siyasi vasitələr kompleksinin
milli səviyyədə tətbiqinə münasibətdə razılaşmaların əldə olunması, ticarət
siyasətinin ayrıca istifadəsi imkanları və çərçivələrinin müəyyən olunması.
•
dövlətlərarası ticari-iqtisadi mübahisələrin həllində beynəlxalq institutların ya-
radılması.
•
Ticari-iqtisadi əlaqələrin təşkili üzrə təcrübə və informasiya mübadiləsi [9, 59].
XXI əsrin başlanğıcı müasir dünya iqtisadiyyatında, ilk növbədə onun inkişaf
edən qloballaşması ilə bağlı yeni tendensiyaları özündə əks etdirir. Dünya iqtisadiy-
yatının qloballaşması prosesi beynəlxalq ticari-iqtisadi münasibətləri tənzimləyən
beynəlxalq təşkilatlar sisteminə keyfiyyət baxımından yeni tələblər təqdim edir.
97
Dünya iqtisadiyyatının qloballaşmasında Ümumdünya Ticarət Təşkilatı (ÜTT) əhə-
miyyətli rola malikdir. 2001-ci ilin noyabr ayında ÜTT-nin Doha şəhərində keçirilmiş
Konfransında Çin və Tayvanın Təşkilata üzv qəbul edilməsindən sonra ÜTT üzv-
dövlətlərinin dünya ticarətindəki payı 95%-ə çatmışdır [11, 5].
Qeyd etmək lazımdır ki, İkinci Dünya Müharibəsindən sonra beynəlxalq tica-
rətdə hökmranlıq edən proteksionizm siyasətinin zəifləməsi baş vermişdir. Nəticədə
1948-2000-ci illər arasında dünya ticarəti dinamik şəkildə inkişaf etmiş, əmtəələrin
ixracı 346 mlrd. Dollardan 6,3 trln. Dollara (yəni, 18 dəfədən çox) qalxmışdır [11, 5].
Hazırda beynəlxalq ticarətin liberallaşdırılması əleyhinə olan ideyalar da
formalaşmışdır. Bu ideyanı dəstəkləyən, alim və mütəxəssislər hesab edirlər ki, bey-
nəlxalq ticarətin liberallaşdırılması İEOÖ-də kasıb təbəqədən olan əhalinin vəziyyə-
tini daha da pisləşdirir, yoxsulluğu artırır. Nəticədə isə çoxlu varlılar və çoxlu ka-
sıbların meydana gəlməsinə şərait yaradır. Bu ideya əsassız və izahsız deyil, belə ki,
müasir ticari-iqtisadi münasibətlərin liberallaşdırılması bütün təsərrüfat subyektlərinin
bərabər şəkildə rəqabətini istisna edir.
Yuxarıda qeyd etdiyimiz fikri Çinin ÜTT-yə daxil olması üzərində izah edək.
Çin 2001-ci ildə 15 ildən çox aparılan danışıqlardan sonra 200 qeyd-şərtlə Təşkilata
üzv qəbul edilmişdir. Xüsusilə də, Çin öz daxili sığorta bazarını xarici investorlar
üçün tam şəkildə açıq elan etməli və xüsusi iqtisadi zonalarda investisiyalaşmanın
xüsusi şərtlərini ləğv etməlidir. Onu da qeyd edək ki, məhz bu şərtlər ölkə iqtisa-
diyyatının intensiv inkişafında həlledici amillərdən olmuşdur. Bununla yanaşı, Çin 15
il müddətinə bazar iqtisadiyyatlı ölkə olmayacaq, bu isə o deməkdir ki, Çin antid-
empinq prosedurları tətbiq edə və ÜTT-nin Kvaziarbitraj Məhkəməsinə (Roster) mü-
raciət edə bilməz. Çinin iqtisadi sferada qanunvericiliyi üzərində ÜTT-nin
monitorinqi aparılmalı, kənd təsərrüfatı məhsulları üzərində idxal gömrük rüsumları
aşağı salınmalıdır. Bütün bu amillərin Çin iqtisadiyyatına mənfi təsir göstərməməsi
isə qeyri-mümkündür [8, 12].
Bütün bunlarla yanaşı, ÜTT-nin dünya iqtisadiyyatında rolu böyükdür,
hazırda ÜTT-nin 153 üzvü və 30 müşahidəçi statuslu üzv-dövləti var [12]. Bununla
yanaşı, 60-dan çox beynəlxalq təşkilat (BMT, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq
Yenidənqurma və İnkişaf Bankı, FAO və s.) ÜTT-də müşahidəçi statusuna malikdir,
dünya ticarət dövriyyəsinin 95%-ni məhz bu Təşkilat tənzimləyir.
Son zamanlar ÜTT üzvləri arasında Təşkilatın statusunun və bütövlükdə
fəaliyyətinin dəyişdirilməsi ilə bağlı ideyalar da formalaşmışdır. Müvafiq sferada
əsasən iki istiqamət özünü daha aydın biruzə verir. Birincisi, dövlətlərin milli maraq
və mənafelərinin Təşkilatın normaları üzərində üstünlüyü, ikincisi, əqli mülkiyyət
hüququnun tənzimlənməsi məsələsinin elmin biznesə çevrilməsinə gətirib çıxarması
ilə bağlıdır. İkinci ideyanın tərəfdarları hesab edirlər ki, hazırda dünyada tropik
xəstəliklərin müalicəsinə nisbətən kosmetik vasitələrin hazırlanmasına daha çox
vəsait sərf olunur. Lakin onu da qeyd edək ki, bu məsələlər hələ hüquqi əsası olma-
yan, lakin müzakirə obyekti olan məsələlərdir.
ƏDƏBİYYAT
1.
Авдокушин Е.Ф. Международные экономические отношения. М.: Юристь, 2001,
366 с.
2.
Бандурин В.В., Рацич Б.Г., Чатич М. Глобализация мировой экономики и Россия.
М.: Буквица, 1999, 279 с.
98
3.
Блатова Н.Т. Международное право в документах. М.: Юридическая литература,
1982, 853 с.
4.
Бублик В.А. Публично- и частно-правовые начала в гражданско-правовом регули-
ровании внешнеэкономической деятельности. Дисс. на соиск. уч. ст. д.ю.н. Екате-
ринбург, 2000, 329 с.
5.
Герчикова И.Н. Международные экономические организации: регулирование миро-
хозяйственных связей и предпринимательской деятельности. М.: АО «Консалтбан-
кир», 2000, 621 с.
6.
Зверев Ю.М. Мировая экономика и международные экономические отношения:
Учебное пособие. Калининград: Калинингр. Ун-т, 2000, 81 c.
7.
Ковалев А.А. Международное экономическое право и правовое регулирование эко-
номической деятельности. М.: Научная Книга, 2007, 424 с.
8.
Смитиенко Б.М. Всемирная торговая организация в мировой экономике и перспек-
тивы вступления России в ВТО. М., Финансовая академия, 2002, 385 с.
9.
Шреплер Х.А. Международные экономические организации. Справочник. М.: Меж-
дународные отношения, 1998, 456 с.
10.
Шумилов В.М. Международное экономическое право в эпоху глобализации. М.: ИМО,
2003, 272 с.
11.
World Trade Slows Sharply in 2001 Amid the Uncertain International Situation. WTO
News: 2001 Press Releases. Press. 249. 19 October, www.wto.org. 2001.
12.
www.wto.org/english/news_e/pres01_e/pr249_e.htm
ПРОБЛЕМЫ МЕЖДУНАРОДНОЙ ИНТЕГРАЦИИ
И ЭКОНОМИЧЕСКОГО СОТРУДНИЧЕСТВА
А.М.МАГЕРРАМОВ
РЕЗЮМЕ
Данная статья посвящена весьма актуальной проблеме. Автор статьи обратился к
проблеме экономической интеграции и сотрудничества. Анализировал проблему с ее
различными составными частями. В статье использована научная литература и интернет
ресурс. Особое внимание уделено деятельности ВТО. В том числе затронуты вопросы
глобализации в контексте экономической интеграции и сотрудничества. Также подве-
дены итоги и изучены правовые аспекты проблемы.
PROBLEMS OF THE INTERNATIONAL INTEGRATION
AND ECONOMIC COOPERATION
A.M.MAHARRAMOV
SUMMARY
The article deals with the problem of economic integration and cooperation, one of the
most actual problems of nowadays. The problem is investigated with its constituent parts. The
author refers to scientific literature and internet resources, and focuses on the illustration of the
activity of WTO. Issues of globalization in the context of economic integration and
cooperation and the legal aspects of the problem are elucidated and summarized in the article
as well.
Dostları ilə paylaş: |