Azərbaycan. 012. yanvar.№ S tolerantlıq Azərbaycan xalqının bəşər sivilizasiyasına töhfəsidir



Yüklə 91,96 Kb.
Pdf görüntüsü
tarix29.09.2017
ölçüsü91,96 Kb.
#2359


Azərbaycan.-2012.-7 yanvar.-№ 3.-S.4. 

 

Tolerantlıq Azərbaycan xalqının bəşər sivilizasiyasına töhfəsidir 

 

Aytən MUSTAFAYEVA, 

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, 

Milli Məclisin deputatı, 

hüquq elmləri üzrə fəlsəfə doktoru 



 

Bəşəriyyətin tarixi təkamül prosesinin yeni dövrü üçün səciyyəvi olan qloballaşma dalğası bir 

sıra mütərəqqi  cəhətləri ilə  yanaşı,  xalqların  tarixən formalaşmış  etnik  düşüncə  sisteminin, milli-

mənəvi mədəniyyət arxetiplərinin ciddi təhdidlərə, ideya avtoritarizminə məruz qalması ilə müşayiət 

olunur.  Bu  proses  suveren  dövlətlər  arasındakı  sədləri  dağıdaraq  cəmiyyət  daxilində  sosial 

münasibətləri  yeni  məcraya  yönəldir,  milli  özünəməxsusluğu  xüsusi  dünyagörüşü  çərçivələrinə 

salaraq  sərt  şəkildə  məhdudlaşdırır:  mədəniyyət  və  ənənələrin  öncüllüyünü  dağıdaraq 

özünəməxsusluqdan uzaqlaşmanı gücləndirir, coğrafi və iqtisadi vəziyyətindən, siyasi quruluşundan, 

habelə milli mentalitetindən asılı olmayaraq cəmiyyəti qərbləşdirir. 

  

Bu  da  təsadüfi  deyil  ki,  son  onillikdə  bütün  dünyada  milli  identikliyin,  mental-əxlaqi 



xüsusiyyətlərinin  qorunub  saxlanılması,  kütləvi  mədəniyyət  stereotiplərindən  qaçma  meyilləri 

güclənmişdir.  Başqa  sözlə,  müasir  dünyada  tranzitar  proseslərin  nəticəsi  kimi  ortaya  çıxan 

sivilizasiyalararası  toqquşma  və  ziddiyyətlər  hər  bir  xalqın  milli-mənəvi,  dini  dəyərlərinin  qorunması 

zərurətini dövrün aktual məsələlərindən birinə çevirmişdir. Lakin ilk baxışdan təbii və mütərəqqi görünən 

bu  meyillər  bəzi  hallarda  sivil  bəşər  cəmiyyətinin  minilliklər  boyu  əxz  etdiyi  bir  fenomen  dəyərə  – 

tolerantlığa  kölgə  salır,  onun  etnik,  irqi,  dini  və  siyasi  dözümsüzlüklə  əvəzlənməsinə  rəvac  verir.  Milli 

özünəməxsusluğu  qoruma  instinkti  və  yaxud  da  bəhanəsi  altında  son  nəticədə  başqa  mədəniyyətlərə, 

dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük, ksenofobiya halları artır. 

Qloballaşma  meyilləri  gücləndikcə,  xüsusən  də  bəzi  Avropa  dövlətlərində  milli  mövcudluğu 

qoruyub  saxlamaq  cəhdləri  aşkar  aqressivliklə  müşayiət  olunur.  Dövlətlər  səviyyəsində  islamın  və 

müsəlmanların sıxışdırılmasına yönələn cəhdlər son nəticədə “daha çox tolerant olmaq” şüarı ilə çıxış edən 

Avropada  dözümsüzlük  əhval-ruhiyyəsini  gücləndirir.  Bunun  nəticəsidir  ki,  son  zamanlar  müsəlman 

mühacirlərin  kütləvi  şəkildə  Avropadan  çıxarılmasına  açıq  çağırışlar  artır.  Belə  çağırışların  həm  də 

“islamafobiya”  və  terror  cəhdləri  ilə  müşayiət  olunması  çox  ciddi  təhlükələrdən  xəbər  verir.  2011-ci  il 

iyulun  22-də  Norveçdə  70  dinc  insanın  ölümü  ilə  nəticələnən  dəhşətli  terror  aktı  Avropada  antiislam 

kampaniyasının hələ güclü olduğunu, bu coğrafi arealda müsəlmanlara qarşı tolerant olmayan münasibətin 

hökm sürdüyünü bir daha təsdiqləmişdir. Avropanın ən firavan və dinc ölkələrindən birində baş vermiş 

dəhşətli faciə postsosialist dövlətlərinə “demokratiya ixracı”na çalışan bəzi Qərb ölkələrində ksenofobiya 

meyillərini  qabarıq  şəkildə  təzahür  etdirmişdir.  Aşkar  görünür  ki,  bir  neçə  il  əvvəl  Məhəmməd 

Peyğəmbərin  müsəlmanların  heysiyyətinə  toxunan  karikaturasının  çəkilməsi  və  hicab  qadağasının 

genişlənməsi ilə başlanan sivilizasiyalararası qarşıdurma meyilləri yenidən güclənir. Əslində bu, sözügedən 

coğrafiyada milli kökə qayıtmaq adı altında qatı millətçilik ovqatının genişlənməsinə işarədir. 

  

Tolerantlıq düşüncəsi – bəşəriyyətin nicatı 

  

Sivil bəşəri cəmiyyət formalaşandan ayrı-ayrı insan cəmiyyətləri həmişə inteqrasiyaya can atmış, 



vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə çalışmışlar. 

Tarix belə nümunələr yaradaraq bu və ya digər imperiyaya öz hərbi-siyasi və iqtisadi nüfuz dairəsini iki, 

bəzən də üc qitəyə genişləndirmək imkanı vermiş, üc dünya dininin meydana gəlməsi dünya məkanının 

qlobal  inteqrasiyasının  yeni  nümunəsini  yaratmışdır.  İudaizm,  xristianlıq,  sonra  isə  islam  gercəkliyin 

sosiomədəni,  siyasi  və  iqtisadi  qavrayışına  təsirin  hüdudlarını  genişləndirərək  bu  və  ya  digər  dinin 

nümayəndələrinin  məskunlaşdığı  məkanlar  formalaşdırmışlar.  Fərqli  məkanlarda  formalaşan  etnosların 

sivil  dialoqu,  qarşılıqlı  anlaşması  isə  antik  dövrlərdən  formalaşaraq  mürəkkəb  təkamül  və  inkişaf 

mərhələləri keçmiş tolerantlıq düşüncəsi sayəsində mümkün olmuşdur. 

Bir qayda olaraq təkcə mənəvi deyil, həm də siyasi və hüquqi tələbat kimi özünü göstərən tolerantlıq 

insan hüquq və azadlıqlarının etirafı əsasında formalaşmış düşüncə sərbəstliyidir; o, insanın təbii-başlanğıc 

və sonradan qazanılmış hüquqlarının pozulmasına heç bir halda bəraət qazandırmır, eyni zamanda hər kəsin 

qanun qarşısında bərabərliyi prinsipini inkar etmir. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil 




birgəyaşayış  normaları,  habelə  fikir  və  əqidə  müxtəlifliyi,  siyasi  plüralizm  təmin  olunur,  demokratik 

ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır. Dözümlü davranış tərzi liberal cəmiyyətin nail 

olmaq  istədiyi  əsas  nailliyyətdir.  Sivilizasiyaların  toqquşması  nəzəriyyəsinin  banisi  S.Hantinqton  hesab 

edir  ki,  tolerantlıq  bir  dəyər  normativi  olaraq  kompromisin  legitimliyini  və  həmçinin,  sosial  və  siyasi 

qruplar arasında mövcud olan fərqlərə və ziddiyyətlərə dözümlülüyü özündə ehtiva edir. 

Tolerantlıq mahiyyətcə insanın ali şüur və düşüncə tərzi ilə bağlı olan fenomenal anlayışdır. Əgər 

hansısa bir insanı fiziki cəhətdən ram etmək, onun varlığına hakim kəsilmək, azadlığını məhdudlaşdırmaq 

mümkündürsə, onun fikir və düşüncələri, baxışları üzərində qələbə çalmaq qeyri-mümkündür. Orta əsrlərdə 

yerin  günəş  ətrafında fırlandığını  iddia  edən  N.Kopernik,  yaxud  “Həqq  mənəm,  həqq  məndədir”  deyən 

hürufi  təliminin  davamçısı,  dahi  şair  İmaməddin  Nəsimi  fiziki  cəhətdən  məhv  edilsə  də,  sonadək  öz 

fikirlərindən dönməmişlər. Məhz bu və digər mübariz insanların sayəsində plüralizm tarixi inkişafda olmuş, 

demokratik cəmiyyətlərin başlıca xüsusiyyəti kimi qəbul edilmişdir. 

Araşdırmalar  göstərir  ki,  tolerantlıq  ideyası XVI-XVII  əsrlərdə  Avropada  baş  verən  dinlə  əlaqəli 

münaqişələr  nəticəsində  aktuallaşmağa  başlamışdır.  1648-ci  ildə  imzalanmış  Vestfal  sülhü  dini 

dözümlülüklə bağlı ilk sənəd sayılır. Tolerantlıq düşüncəsi Qərb dünyasında əsasən, dini təəssübkeşliyin 

hakim olduğu ölkələrdə əsrlər boyu formalaşaraq inkişaf etmişdir. 

Ağır  müharibə  və  münaqişələr  əsri  kimi  dəyərləndirilən  XX  yüzilliyin  gerçəklikləri  bir  daha 

təsdiqləmişdir ki, tolerantlığı inkişaf etdirmədən ayrı-ayrı xalqların vahid sosium kimi sivil birgəyaşayışı, 

habelə insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması mümkün deyil. Tolerantlıq düşüncəsinin 

inkişafında Birləşmiş Millətlər Təşkilatının 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqlarına dair Ümumi 

Bəyannamə”si mühüm əhəmiyyətə malik olmuşdur. Bəyannamədə göstərilirdi ki, “İnsan ailəsinin bütün 

üzvlərinə  məxsus  ləyaqətin  etirafı  və  onların  bərabər,  ayrılmaz  hüquqları  azadlıq,  ədalət  və  ümumi 

dünyanın əsasını təşkil edir”. 

Ötən əsrin 90-cı illərində də tolerantlıqla bağlı bəzi mühüm konsepsiya və sazişlər imzalanmışdır. 

Avropa  Şurasına  üzv  dövlətlərinin  rəhbərlərinin  1993-cü  il  oktyabrın  8-9-da  Vyanada  keçirilmiş  zirvə 

toplantısında  irqçiliyin  yüksəlişi;  xaricilərə  qarşı  qərəzli  münasibət  və  antisemitizm;  dözümsüzlük 

mühitinin  inkişafı,  əsasən,  mühacirlərə  və  mühacir  mənşəli  insanlara  qarşı  zorakılıq  aktlarının  artması; 

aqressiv  millətçilik  və  etnomərkəzçilik  formasında  xaricilərə  qarşı  yeni  qərəzli  münasibətin  inkişafı  ilə 

bağlı  həyəcan  təbili  səslənmişdir.  Bunun  nəticəsi  olaraq  irqçilik,  xaricilərə  qarşı  qərəzli  münasibət, 

antisemitizm  və  dözümsüzlüyə  qarşı  mübarizə  üzrə  Fəaliyyət  Planı  qəbul  olunmuşdur.  Fəaliyyət  Planı 

cəmiyyətin  səfərbərliyi,  belə  halların  mübarizəsinə  yönəlmiş  təminat  və  siyasətlərin  təkmilləşdirilməsi, 

habelə səmərəli icrası üçün görüləcək tədbirləri özündə əks etdirmişdir. 

1995-ci il noyabrın 16-da keçirilmiş UNESCO baş konfransının 28-ci sessiyasında isə “Tolerantlıq 

prinsiplərinə  dair  bəyannamə”  qəbul  olunmuşdur.  Həmin  bəyannamədə  göstərilir  ki,  “Dözümlülük,  ilk 

növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”. Sənəddə 

həmçinin  vurğulanır  ki,  “Dözümlülük  insan  hüquqlarına  dair  beynəlxalq  hüquq  aktlarında  müəyyən 

olunmuş  normaları  iddia  edən,  həqiqətin  mütləqləşdirilməsindən  və  ehkamçılıqdan  imtina  edən  bir 

anlayışdır”. 

2001-ci ilin sentyabrında Cənubi Afrikada keçirilmiş ümumdünya konfransının iştirakçıları irqçilik, 

ksenofobiya və onlarla bağlı dözümsüzlüyü demokratiyaya zidd hallar kimi  qiymətləndirərək bu qənaətə 

gəlmişdilər ki, “Demokratik dövlətlər bütün etnik qrupların, mədəniyyətlərin və dinlərin nümayəndələrinə 

bərabər həyat tərzi yaratmalıdırlar”. 

  

Tolerantlıq azərbaycanlılar üçün mental dəyərə çevrilib 

  

Tolerantlıq düşüncəsi hər bir xalqın keçdiyi inkişaf yolundan, qarşıya qoyduğu məqsədlərdən, habelə 

yerləşdiyi coğrafi məkandan asılı olaraq formalaşaraq inkişaf edir. Bu baxımdan Azərbaycanda tolerantlıq 

düşüncəsinin tarixi xalqın və dövlətin formalaşma mərhələləri ilə bilavasitə bağlıdır. Tarixən müxtəlif dinə, 

məzhəbə, dilə, mədəniyyətə malik insanların ümumi Vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi 

getdikcə inkişaf etmişdir. 

Tarixçilər yazmışlar ki, Babil hökmdarı II Novuxodonosurun (e.ə. 586 il) Yerusəlimi zəbt etməsi 

nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri məhz Azərbaycan torpağında özlərinə 

sığınacaq tapmışlar. Eramızın birinci yüzilliyinin ortalarında isə xristianlığın ilk ardıcılları Azərbaycana 

pənah  gətirmiş  və  sonradan  burada  yaranan  Alban  aftokefal  kilsəsinin  əsasını  qoymuşlar.  İslamın 

Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. İslamda tolerantlıq dinin əsas 

ünsürü kimi qəbul edilir, müqəddəs “Qurani-Kərimdə” bununla bağlı buyrulur: “Sizin dininiz sizə, mənim 

dinim mənə aiddir” (“Kafirun” surəsi, 6). Bu ayədən insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və 



həmin  insanlara  qarşı  münasibətin  necə  formalaşacağı  aydın  görünür.  İslama  görə,  tolerantlıq  güclü 

qarşısında  dözümlülük  nümayş  etdirmək  deyildir,  əksinə,  özündən  zəifə,  yaxud  bərabər  olana  eyni  cür 

münasibəti bəsləməyi bacarmaqdır. 

Azərbaycanda tarixən azsaylı xalqların yaşadığını, onların öz dilini, mədəniyyətini, dinini qoruyub 

saxladığını  təsdiqləyən  mötəbər  mənbələrdən  biri  də  şifahi  xalq  ədəbiyyatımızdır.  Xüsusən  də  epik 

folklorun ən mükəmməl nümunələri olan dastanlarımızda azərbaycanlıların digər xalqlarla qarşılıqlı hörmət 

şəraitində yaşadığını göstərən çoxsaylı epizodlar mövcuddur. 

Azərbaycan  fəlsəfi  fikrinin  görkəmli  tədqiqatçısı,  Azərbaycan  Respublikası  Prezidenti 

Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev rəsmi mətbuatda çap olunan “Müasir milli ideyanı 

zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə 

görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur” adlı müsahibəsində haqlı olaraq deyir 

ki, azərbaycanlılar minilliklər boyu bu ərazidə mövcud olmuş  dövlətlərin, orada məskunlaşmış xalqların 

obyektiv xələfləri və varisləri olan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Akademikin qənaətincə, 

əlverişli  iqlim  şəraiti  sayəsində  Cənubi  Qafqaz  insanların  qədim  məskəni  olmuş,  müasir  Azərbaycanın 

ərazisində çoxlu dövlətlər, etnoslar yaranmış və yox olmuş, onların hər biri tariximizdə öz izini qoymuşdur. 

Beləliklə, Azərbaycan milləti bu coğrafi məkanda yaşayan bütün etnosların tarixi yolunun vəhdətini əks 

etdirən “qaynar qazan” kimi formalaşmışdır. “Burada güclü türk təməli ilə yanaşı, İran, ərəb başlanğıcları, 

alban  layı,  digər  qədim  etnoslar  mövcud  olmuş,  onlar  hamısı  əsrlər  boyu  təbii  şəkildə  vahid  xalq  kimi 

assimilyasiya  olmuş,  azərbaycanlıların  milli  identikliyinə  xas  cizgilər,  komponentlər  kəsb  etmişlər. 

Qətiyyətlə demək olar ki, hər bir azərbaycanlı müasir Azərbaycanın ərazisində yaradılmış qədim dövlətlərin 

varisidir. Azərbaycanlıların damarlarında bizim bu qədim əcdadlarımızın da qanı axır. Bu, reallıqdır. Bunu 

etiraf etməyi antropologiya – insanın mənşəyi və təkamülü, irqlərin yaranması və insanın fiziki quruluşunun 

normal variasiyaları haqqında elm öyrədir” – deyə akademik bildirir. 

Fikrimizcə,  Azərbaycanda  tolerantlıq  düşüncəsinin  inkişafına  ölkəmizin  mühüm  coğrafi-siyasi 

məkanda yerləşməsi və zəngin karbohidrogen ehtiyatlarına malik olması da həlledici təsir göstərmişdir. 

Xüsusən  də  XIX  əsrdə  Bakıda  sənaye  üsulu  ilə  ilk  neft  quyularının  qazılması  Azərbaycana  müxtəlif 

ölkələrdən  neft  maqnatlarının  gəlməsinə  stimul  yaratmışdır.  Nobel  qardaşlarının  həmin  dövrdə  Bakıda 

həyata  keçirdiyi  mühüm  layihələr  buna  misal  göstərilə  bilər.  Eyni  zamanda,  XX  əsrin  əvvəllərində 

Almaniyadan,  Polşadan,  Türkiyədən,  Rusiyadan,  İrandan  çox  sayda  tacirlər,  neftçilər,  habelə  fəhlələr 

gələrək Bakıda və Azərbaycanın digər bölgələrində çalışmışlar. Beləliklə, ötən əsrin əvvəllərində iqtisadi 

fəallığın artması, sənayenin inkişafı, orta burjuaziyanın formalaşması və digər obyektiv tarixi proseslərlə 

əlaqədar Azərbaycanda tolerantlıq mədəniyyəti inkişaf etmişdir. Bədnam qonşularımız olan ermənilərdən 

fərqli olaraq, azərbaycanlılar başqa xalqlara daim hörmət və qayğı ilə yanaşmış, onların sıxışdırılmasına, 

diskriminasiyasına yol verməmişlər. 

 XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya 

daxilində  bir  araya  gətirilmiş  xalqların  azadlıq  uğrunda  mübarizəyə  qalxması  1918-ci  il  mayın  28-də 

Azərbaycana  istiqlaliyyətini  elan  etmək  şansı  yaratmışdır.  İstiqlal  Bəyannaməsində  demokratik  dövlətə 

məxsus  atributların  –  hakimiyyətin  xalqa  məxsusluğu,  vətəndaşların  mülki-siyasi  hüquqlarının  təmini, 

bütün  xalqların  və  hər  bir  kəsin  milli,  dini,  sinfi,  silki  və  cinsi  mənsubiyyətindən  asılı  olmayaraq  azad 

inkişafı üçün şəraitin yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin əksini tapması suveren, 

demokratik, hüquqi dövlət yaradılması istəyinin, habelə tolerantlığın bariz təcəssümü olmuşdur. 

Cümhuriyyətin  Rusiyanın  hərbi  müdaxiləsi  ilə  süqutundan  sonra  Azərbaycan  70  il  sovet 

imperiyasının  tərkibində  yaşamalı  olmuşdur.  Bu  illərdə  mərkəzin  qondarma  “vahid  sovet  xalqı” 

formalaşdırmaq məqsədinə xidmət edən beynəlmiləlçilik ideologiyası digər respublikalarda olduğu kimi, 

Azərbaycanda da etnik tolerantlığın güclənməsinə təkan vermişdir. Lakin ateizm siyasəti yürüdən imperiya 

ayrı-ayrı xalqların mental dəyərlərinin, mədəniyyətinin, dininin inkişafına yol verməmiş, milli identikliyə 

qarşı dözümsüzlük nümayiş etdirmişdir. Həmin illərdə respublikada məscidlər bağlanmış, din xadimləri 

sıxışdırılmış, islami dəyərlərin yayılmasına qarşı sərt tədbirlər həyata keçirilmişdir. Bununla belə, 70 illik 

totalitar  sovet  rejimi  xalqın  tolerantlıq  düşüncəsinə  hakim  kəsilə  bilməmiş,  onu  öz  milli-mənəvi,  dini 

dəyərlərindən, adət-ənənələrindən ayıra bilməmişdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, ötən əsrin 70-

80-ci illərində məhz ulu öndər Heydər Əliyevin himayəsi altında onlarca məscid tarixi abidə adı altında 

qorunub saxlanılmış, əsaslı təmir edilib, xalqa qaytarılmışdır. 

  

Yüksək tolerantlıq mədəniyyəti 

  

Müstəqil  Azərbaycan  son  20  ildə  qazandığı  bir  sıra  nailiyyətlərlə  yanaşı,  həm  də  regionda  və 



bütövlükdə Avropa məkanında fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan kimi tanınmışdır. 


Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə 

dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması 

naminə ardıcıl tədbirlər həyata keçirmiş, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim 

diqqətlə yanaşmışdır. Heydər Əliyev hesab edirdi ki, yalnız milli zəmin – azərbaycançılıq, Azərbaycanda 

yaşayan  bütün  millətlərin  nümayəndələrinin  bərabərliyi  və  əməkdaşlığı,  milli  həmrəylik,  milli-mənəvi 

dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir 

azərbaycanlıya özünü hamı üçün ümumi evin qurulmasına səfərbər edilmiş müstəqil insan kimi hiss etmək 

imkanı verəcəkdir. 

1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə 

vətəndaşının vicdan azadlığı birmənalı təsbit edilmişdir. “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər 

dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa 

dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa 

xalqı  da  öz  dinimizə  itaət  etməyə  məcbur  etməmişik.  Ümumiyyətlə,  başqa  dinlərə  dözümlülük,  başqa 

dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu 

Azərbaycanda  da,  Qafqazda  da  öz  əksini  tapıbdır.  Azərbaycanda  islam  dini  ilə  yanaşı  xristian  dini  də, 

yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır” – deyən ümummilli lider ölkədə mütərəqqi islam 

dəyərlərinin  inkişafına  xüsusi  diqqət  yetirməklə  yanaşı,  başqa  dinlərin  inkişafına  da  tolerant  mühitin 

yaradılmasını  təmin  etmiş,  dini  konfessiyalar  arasında  qarşılıqlı  hörmətə  söykənən  münasibətlərin 

formalaşmasına  çalışmışdır.  Milli-dini  mənsubiyyətindən  asılı  olmayaraq,  hər  bir  vətəndaşın  bu  torpaq 

üçün milli yiyəlik hissini yaşaması tolerantlığın ən bariz nümunəsidir. Xüsusi vurğulamaq lazımdır ki, ulu 

öndər  Heydər  Əliyevin  müəllifi  olduğu  azərbaycançılıq  ideologiyası  eyni  zamanda  dini  tolerantlığın 

polietnik mövcudluğunun qarantı kimi çıxış edir. 

Müstəqilliyin  bərpasının  ilk  illərində  dövlətin  maliyyə  imkanlarının  məhdudluğuna  rəğmən,  ulu 

öndər Heydər Əliyev ölkədə mövcud olan dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına da xüsusi 

diqqət yetirmişdir. Ulu öndər hələ 1994-cü ildə Bibiheybət məscidini ziyarət etmiş, onun təmiri və bərpası 

ilə bağlı göstərişlərini vermişdir. 1997-ci ildə Heydər Əliyevin göstərişi ilə Bibiheybət məscidinin bərpa 

olunmasına vəsait ayrılmış, 1998-ci il iyulun 12-də ümummilli liderin iştirakı ilə ziyarətgahın böyük bir 

hissəsinin açılışı olmuşdur. Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət 

yetirməklə  yanaşı,  başqa  dinlərin  inkişafına  da  tolerant  mühitin  yaradılmasını  təmin  etmiş,  dini 

konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Ulu öndərin 

diqqəti və qayğısı ilə Bakı şəhərinin mərkəzində Qafqazda ən böyük Sinaqoqun inşa edilməsi də bunu bir 

daha təsdiqləyir. 

Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 2002-ci ilin mayında ölkəmizə etdiyi tarixi 

səfəri zamanı Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Eləcə də Rum patriarxı 

I  Varfolomey  2003-cü  il  aprelin  16-dan  18-dək  Azərbaycanda  rəsmi  səfərdə  olmuşdur.  Şərqi  Roma 

pravoslav kilsəsi başçısının səfərinin əsas məqsədi dinlərarası dialoqu daha irəli aparmaq idi. O da etiraf 

etmişdir ki, respublikamızdakı dövlət-dini konfessiyalar münasibətləri, habelə ənənəvi və qeyri-ənənəvi 

dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir. 

Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, 

ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail 

olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasəti inamla davam etdirən Azərbaycan 

Prezidenti  İlham  Əliyevin  milli  mədəniyyətin,  dini-mənəvi  dəyərlərin,  adət-ənənələrin  qorunması  və 

inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti bu baxımdan çağdaş dövrün reallıqları ilə 

şərtlənir. 

Azərbaycan  Prezidenti  total  mədəniyyətin  mütərəqqi  cəhətlərinin  mənimsənilməsi  tərəfdarı  kimi 

çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən etnik-milli dəyərlərin qorunmasını da vacib 

məsələ  kimi  önə  çəkir.  Prezident  İlham  Əliyevin  konsepsiyasına  görə,  milli  ruhu  qorumağın,  inkişaf 

etdirməyin  və  yeni  nəsillərə  çatdırmağın  ən  mühüm  şərti  məhz  milli  dövlətçilikdir.  Milli  dövlət  ancaq 

ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Eyni zamanda, 

milli  dövlət  Azərbaycanın  hüdudlarında  yaşayan  hər  bir  milli  azlığın  mənafelərinin  azərbaycanlılarla 

bərabər səviyyədə təminatını özünün başlıca vəzifəsi sayır, dövlət funksional imkanlarını işə salaraq hər bir 

etnosun milli-mənəvi, dini dəyərlərinin, mədəniyyətinin qorunmasının təminatçısı qismində çıxış edir. 

Dövlət başçısı cənab İlham Əliyevin tolerantlıq və  milli münasibətlər probleminə dair baxışları onun 

siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının bununla bağlı irəli sürdüyü prinsiplər, 

müəyyənləşdirdiyi  strateji  xətt,  atdığı  konkret  addımlar  onun  Azərbaycanı  həm  də  sivilizasiyalararası 

dialoq,  mədəni-intellektual  konsolidasiya  və  əməkdaşlıq  mərkəzinə  çevirmək  məqsədindən  irəli  gəlir. 

Şübhəsiz,  hər  bir  xalqı  milli-mənəvi  və  dini  dəyərlər  qədər  birləşdirən  ikinci  qüvvə  yoxdur. 



Azərbaycanlıları  da  vahid məqsədlər  ətrafında  birləşdirən  də  məhz  onların  zəngin  mədəniyyəti,  mənəvi 

dəyərləri, adət-ənənələridir. 

Azərbaycan  Prezidenti  həmişə  azsaylı  xalqlara,  milli-dini  azlıqların  nümayəndələrinə  həssaslıqla 

yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri görür. Dövlət başçısı respublikamızda 

bütün milli və dini azlıqların birgə yaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla 

bildirir.  Prezident  İlham  Əliyev  2011-ci  il  aprelin  7-9-da  Bakıda  keçirilmiş  “Ümumdünya 

mədəniyyətlərarası dialoq forumu”nda bununla bağlı demişdir: “Azərbaycanda milli və dini dözümlülüyün, 

tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və  bu bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin 

gücü  onun  dini  və  milli  müxtəlifliyindədir.  Biz  tam  əminik  ki,  dini  və  milli  amildən  asılı  olmayaraq, 

istənilən cəmiyyətdə  normal  münasibətlər  qurmaq  mümkündür.  Əlbəttə,  bunun  üçün  ənənələr  lazımdır, 

eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur. 

Həm  tarixi  keçmişimiz  bugünkü  şəraiti  bizim  üçün  yaradır,  həm  də  bu  sahədə  dövlət  siyasətimiz 

birmənalıdır. Bir daha demək istəyirəm ki, bizim gücümüz birliyimizdədir. Milli və dini mənsubiyyətindən 

asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs bizim dəyərli vətəndaşımızdır. Mən şübhə etmirəm ki, 

Azərbaycanda milli və dini dözümlülük məsələləri bundan sonra da uğurla öz həllini tapacaq. Azərbaycan 

vətəndaşları bundan sonra da bir ailə kimi yaşayacaqlar”. 

Hər bir insan hansısa millətə, xalqa, etnosa mənsubluq hissi daşıyır. Bu özünəməxsusluq hissi ilə 

səciyyələnən, milli kimliyi ifadə edən mənəvi dəyər xalqın toxunulmaz sərvətidir. Bu reallıqdan çıxış edən 

dövlət başçısı İlham Əliyev  vurğulayır ki, demokratik prinsiplərlə yaşamaq, bu yönümdə inkişaf etmək 

arzusunda olan hər bir dövlət ölkəsində cəmiyyətdaxili tolerantlığın bərqərar olmasını təmin etməlidir. Bu, 

regionda, sonda isə bütün dünyada tolerant durumun formalaşmasına olan xidmətdir. Tolerantlıq düşüncə 

tərzi, cəmiyyətin tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyət və lokal insan birliklərinin birgəyaşayışı 

nəticəsində  əldə  olunmuş  tarixi  nailiyyətidir.  Bu,  demokratik  cəmiyyətin,  mədəniyyətlərarası 

münasibətlərin təməl prinsiplərindəndir. Tolerantlıq ayrıca götürülmüş bir dövlətin deyil, hazırda bütün 

dünyanın qlobal, sosial-mədəni problemi statusunu kəsb etmişdir. Məhz bu baxımdan bu gün tolerantlığa 

münasibətin konkretləşməsinə böyük ehtiyac var. 

Azərbaycan Prezidenti bu fikirdədr ki, tolerantlıq hər bir ölkənin demokratiklik səviyyəsini müəyyən 

edən  başlıca  amillərdən  biridir.  Ölkəmizdə  tolerantlıq  –  etnik  milli  və  bəşəri  müstəviləri  əhatə  etmək 

baxımından  yekcinsliyin  təsdiqi  deyil,  müxtəlifliyin  vəhdəti  kimi  bugünün  həm  lokal,  həm  də  qlobal 

gerçəkliyinin  tələblərinə  cavab  verir.  Söhbət,  ilk  növbədə,  dini,  milli  və  siyasi  tolerantlıqdan  gedir. 

Dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunu milli xüsusiyyətlərin nəzərə alınması ilə həyata keçirən 

Azərbaycan da bu kontekstdə tolerantlığın gerçəkləşdiyi bir məkandır. Geostrateji mövqeyinə görə çeşidli 

dünyagörüşünün, həyat tərzinin, mədəni və mənəvi dəyərlərin, dini konfessiyaların qovuşduğu bu torpaq 

milli-etnik tərkibi ilə dünyanın nadir mədəni sivilizasiyalarından birinə çevrilmişdir. 

Dövlət başçısı İlham Əliyev son 8 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, 

xüsusən  də  dini  ziyarətgahların  əsaslı  təmiri  və  yenidənqurulmasına  da  xüsusi  diqqət  ayırmışdır.  Onun 

İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs 

dini  sitayiş  və  inanc  yerlərinin  təmiri,  bərpası  ilə  bağlı  xüsusi  sərəncamlar  imzalaması  və  bu  işi  şəxsi 

nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son illərdə Bibiheybət, Təzəpir və digər məscidlər 

əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Bundan başqa, cənab İlham Əliyevin 

göstərişi ilə paytaxtın ən gözəl guşələrinin birində Katolik Kilsəsi inşa edilmiş, habelə pravoslav kilsəsi 

təmir və bərpa olunmuşdur. Əhalinin əsas hissəsinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda gürcü 

pravoslav kilsəsi, rus pravoslav kilsəsinin yepiskopu müstəqil fəaliyyət göstərir. Əhalisinin tərkibi etnik, 

dini  və  məzhəb  baxımdan  zəngin  olan  Azərbaycanda  indiyədək  dini  zəmində  heç  bir  qarşıdurma  baş 

verməmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 

6 sinaqoq fəaliyyət göstərir. 

Prezident  İlham  Əliyevin  sərəncamı  əsasında  Bakıdakı  Əjdərbəy  məscidinin  əsaslı  təmir  və 

yenidənqurmadan sonra istifadəyə verilməsi də respublikadakı tolerantlığın təcəssümüdür. Dövlət başçısı 

məscidin açılış mərasimindən sonra  Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşdə demişdir: “Biz 

hamımız  Qafqazda  sülh,  əmin-amanlıq,  əməkdaşlıq,  inkişaf  olmasında  maraqlıyıq.  Siz  hamınız  öz 

xalqlarınızın  parlaq  nümayəndələrisiniz  və  əminəm  ki,  bütövlükdə  bizim  regionda  əməkdaşlıq  da  çox 

cəhətdən  Qafqazın  din  xadimləri  arasında  sıx  qarşılıqlı  əlaqələrdən,  əməkdaşlıqdan  və  dostluqdan  asılı 

olacaqdır”. 

Ölkədə  tolerantlıq  düşüncəsinin  inkişafında  Heydər  Əliyev  Fondunun  xidmətlərini  də  xüsusi 

vurğulamaq lazımdır. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin 

deputatı  Mehriban  xanım  Əliyevanın  vətənpərvər  fəaliyyəti  sayəsində  bir-birinin  ardınca  Azərbaycanın 

mənəvi  inciləri  dünya  qeyri-maddi  mədəni  irs  siyahısına  salınmış,  ölkəmiz  sözün,  əsl  mənasında  fərqli 



sivilizasiyaların və  mədəniyyətlərin dialoqu və ortaq məxrəc axtardığı məkana çevrilmişdir. Tolerantlıq 

nümunəsi  sayılan  Azərbaycan  Heydər  Əliyev  Fondunun  xətti  ilə  Parisdə  Versal  Sarayının  parkında 

abidələri  bərpa  edir,  Strasburqda  Müqəddəs  Məryəm  kafedral  kilsəsinin  yenidən  qurulmasına  yardım 

göstərir,  Pakistanda  zəlzələdən  zərər  çəkən  qızlar  məktəbini  yenidən  inşa  edir,  Hollandiya,  Rusiya, 

Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarını müasirləşdirir, Afrika ölkələrinin qeyri-

maddi mədəni irsinin qorunmasına dəstək verir, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal 

və mükəmməl layihəyə imza atır. 

Son 7 ildə Fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam 

Konfransı  Təşkilatının  və  digər  nüfuzlu  qurumların  savadsızlığın  aradan  qaldırılmasına,  gender 

bərabərliyinə,  milli-mədəni  müxtəlifliyin,  habelə  uşaq  hüquqlarının  qorunmasına,  sivilizasiyalararası 

dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərin 

məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur. Hələ 2004-cü il iyulun 6-da Fondun təşəbbüsü ilə 

Parisdə UNESCO-nun iqamətgahında “Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları” mövzusunda 

beynəlxalq  konfrans  keçirilmiş,  2005-ci  ilin  avqust  ayında  isə  Bakıda  “UNESCO-Azərbaycan: 

Azərbaycanın təhsil problemləri və perspektivləri” mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda 

çıxış  edən  Azərbaycanın  birinci  xanımı  ölkəmizdə  milli  təhsilin  problemlərindən  söz  açmış,  həyata 

keçirilən islahatlar barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Konfrans milli təhsilimizin 

ümumi  vəziyyəti  ilə  bağlı  UNESCO  nümayəndələrində  tam  təsəvvür  yaratmaq,  onları  hərtərəfli 

məlumatlandırmaq,  habelə perspektivdə  müştərək  layihələrlə  çıxış  etmək  baxımından  uğurlu nəticələrlə 

yadda qalmışdır. 

Azərbaycanın tarixi ənənələrini, tarixi İpək yolunun regiondakı rolunu nəzərə alan Latın Mədəniyyəti 

Akademiyasının  hələ  2006-cı  il  aprelin  19-da  Bakıda  keçirilmiş  XIII  konfransı  respublikamızın 

sivilizasiyalarası dialoq mərkəzinə çevrildiyini nümayiş etdirmişdir. 30-dan artıq latın mənşəli görkəmli 

mədəniyyət və ədəbiyyat xadiminin iştirakı ilə Heydər Əliyev Fondunda keçirilən konfransda çıxış edən 

Mehriban xanım Əliyeva demişdir: “Bu gün biz sivilizasiyalararası dialoqun keçmişindən söhbət açaraq 

xüsusi vurğulamalıyıq ki, qədim və çox zəngin yunan-Roma sivilizasiyasının ilk varisi məhz Şərq olubdur. 

2006-cı ildə konfransın məhz Bakı şəhərində keçirilməsi ölkəmizin mədəniyyətlərarası dialoq səviyyəsində 

çox  müsbət  təcrübə  toplaması  ilə  əlaqələndiririk.  Həqiqətən  də  əsrlər  boyu  Böyük  İpək  yolu  üstündə 

yerləşən  ölkəmiz  çox  yüksək  tolerantlığa  malik  və  müxtəlif  mədəniyyətləri  birləşdirən  bir  məkan  kimi 

tanınır. Bu bizim qürur duyduğumuz uğurumuz,  keçmişimizdir və inanıram ki, gələcəkdə də bu sahədə 

Azərbaycan öz müsbət rolunu oynayacaqdır”. 

Azərbaycan bu gün paralel olaraq həm Qərbə, həm də Şərqə inteqrasiya etməklə bərabər, hər iki 

sivilizasiyanın dialoqu prosesində vasitəçi kimi çıxış edir, mədəniyyətlərarası yaxınlaşmaya töhfəsini verir. 

2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli 

Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, həmçinin UNESCO-nun və İSESCO-nun dəstəyi 

ilə  Bakıda  keçirilən  “Mədəniyyətlərarası  dialoqda  qadınların  rolunun  genişləndirilməsi”  mövzusunda 

Beynəlxalq  Bakı  Forumu  da  sivilizasiyalararası  dialoq,  fərqli  mədəniyyətlər  arasında  ortaq  təmas 

nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə 

konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir. 2009-

cu ildə Bakının “İslam sivilizasiyanın paytaxtı” elan edilməsi də məhz Heydər Əliyev Fondunun İslam 

Konfransı Təşkilatı ilə qarşılıqlı faydalı əməkdaşlığının nəticəsi sayəsində olmuşdur.   

UNESCO-nun “Dünyada savadlılığın dəstəklənməsi” üzrə regional konfransını 2008-ci ildə Bakıda 

təşkil  olunması  da  Azərbaycanın  təhsil  sahəsində  mühüm  beynəlxalq  tədbirlərin  mərkəzinə  çevrildiyini 

göstərmişdir. Belə bir mühüm konfransın keçirilməsi böyük siyasi əhəmiyyət kəsb etməklə, respublikanın 

elm və təhsil ictimaiyyətinə Avropa ölkələrinin bu sahədəki müsbət təcrübəsindən bəhrələnmək imkanları 

yaratmışdır.  Azərbaycanın  milli  problemlərinə  əsl  vətəndaş  mövqeyi  nümayiş  etdirən,  respublikanın 

üzləşdiyi təcavüz və soyqırımı siyasətini vətənpərvərliklə bütün dünyaya çatdıran Mehriban xanım Əliyeva 

konfransdakı çıxışında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkmişdir. 

Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycanda mövcud olan etnik-dini tolerantlıq hazırda 

bəzi inkişaf etmiş ölkələrə də örnək göstərilir. İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların 

hesabatlarında  Azərbaycanda  müxtəlif  dini  sivilizasiyalar  arasındakı  münasibətlərin  yüksək  səviyyədə 

olduğu,  dini  azlıqların  maraq  və  mənafelərinin  qorunduğu  razılıqla  bildirilir.  Respublikamızda  rusların, 

yəhudilərin və digər milli azlıqların öz ana dillərində təhsil alması üçün çoxsaylı məktəblərin mövcudluğu 

da  tolerantlığın  əyani  göstəricisidir.  Bütün  bunlar  isə  Azərbaycanı  sivilizasiyaların  toqquşması  deyil, 

qovuşması məkanına çevirir, respublikamız regionda iqtisadi əməkdaşlıq, dialoq və dini tolerantlıq mərkəzi 

kimi tanınır. 



 

Yüklə 91,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə