Abdullayeva Gülarə Abdurahman qızı
Filologiya elmləri namizədi
AMİ-nin Şəki filialı
Müasir Azərbaycan dilində qarışıq
tipli tabeli mürəkkəb cümlələr
Mövzunun aktuallığı. Müasir dövrdə yazılı ədəbiyyatda mürəkkəb cümlələr
həddindən artıq intensiv işlənir. Yazılı ədəbi dilimizdə, xüsusilə də elmi və bədii əsərlərin
dilində mürəkkəb cümlələrin daha geniş tərkibə malik olan variantı kimi qarışıq tipli
mürəkkəb cümlələrin rəngarəng növləri müşahidə edilməkdədir. Belə cümlələrin quruluş
xüsusiyyətlərinin öyrənilməsi, onların tərkib hissələri arasındakı məna münasibətlərinin
araşdırılması dilçilik nöqteyi-nəzərindən son dərəcə vacib və əhəmiyyətlidir. Hazırki
məqalədə də bədii ədəbiyyatımızdan seçilmiş və dilçilik kitablarında bəhs olunmayan
qarışıq tipli tabeli mürəkkəb cümlə modellərindən bəhs olunur, onların xarakterik
xüsusiyyətləri araşdırılır və sxemləri verilir. Ali məktəblərin filologiya fakültələrinin
tələbələri, eləcə də dil-ədəbiyyat müəllimlərinin bu cür cümlələri öyrənmələri vacibdir.
Açar sözlər: komponet, qütb, tabeli, mürəkkəb, qarışıq, baş cümlə, budaq cümlə,
tərkib, əlaqə, quruluş.
İnkişaf səviyyəsindən asılı olaraq insanın təfəkkürünün ifadəçisi olan cümlələr
də fərqli quruluşlara malik olur. Zaman keçdikcə, elm, texnika inkişaf etdikcə insan
təfəkkürü də sadədən mürəkkəbə doğru təkamül yolu keçmiş və bu, dildə, o da öz
növbəsində nitqdə və beləliklə, cümlə quruluşlarında əksini tapmışdır.
Mürəkkəb cümlə nitq mədəniyyətinin nisbətən sonralar yaranmış daha yüksək
ifadə vasitəsidir. Müasir ədəbi dilimizdə mürəkkəb cümlələrin ən çox işlənən və
rəngarəng xüsusiyyətlərə malik olan növlərindən biri də tabeli mürəkkəb cümlələrdir.
İki və daha artıq cümlənin tabelilik yolu ilə vahid bir tam kimi birləşməsi nəricəsində
yaranan mürəkkəb cümlələr tabeli mürəkkəb cümlələr adlanır. Tabeli mürəkkəb
cümlələrdə qrammatik cəhətdən müstəqil olan cümlə baş, onu izah edən, aydınlaşdıran
cümlə isə budaq cümlə adlanır. Bəzən tabeli mürəkkəb cümlələrdə baş cümlədə ifadə
olunan fikir bir neçə budaq cümlə vasitəsi ilə həyata keçirilir. Bəzən də bunun əksi
müşahidə olunur. Yəni, bir neçə baş cümləyə aid bir budaq cümlə işlənir.
Başqa sözlə, bir budaq cümlə bir neçə baş cümlədən doğan suala cavab verir. Bu cür
həmçinsliklər son nəticədə tabeli mürəkkəb cümlənin mürəkkəb modellərini
formalaşdırır. Bundan başqa, tabeli mürəkkəb cümləni yaradan baş və budaq cümlə tərkib
etibarı ilə genişlənərək mürəkkəbləşir, bu da öz növbəsində tabeli mürəkkəb cümlənin
quruluşuna təsir göstərir. Mürəkkəb quruluşlu tabeli mürəkkəb cümlələri aşağıdakı kimi
qruplaşdırmaq olar:
1.Komponentlərindən biri sadə, digəri mürəkkəb quruluşlu olanlar;:
a) Baş cümləsi sadə, budaq cümləsi mürəkkəb quruluşlu olanlar;
b) Baş cümləsi mürəkkəb, budaq cümləsi sadə quruluşlu olanlar.
2.Həm baş, həm də budaq cümləsi mürəkkəb quruluşlu olanlar.
Azərbaycan dilinin qrammatikasına dair yazılmış bir sıra kitablarda mürəkkəb
quruluşlu mürəkkəb cümlələrdən bəhs edilmiş, lakin həmin əsərlərdə məqsəd bu cür
cümlələrin tədqiqi olmadığından məsələyə ümumi şəkildə aydınlıq gətirilərək belə
cümlələrin ən çox yayılan variantlarından bəhs edilmişdir. Nəzərə alsaq ki, müasir ədəbi
dildə belə cümlələrin həddindən çox modelləri işlənir, onda bu sintaktik konstruksiyaların
tədqiqinin nə dərəcədə zəruri olduğu aydınlaşar. Hazırda dilimizdə tabeli mürəkkəb
cümlənin çox mürəkkəb quruluş formaları müşahidə olunmaqdadır. Biz dilimizdə
işlənən və kitablarda əks olunmayan mürəkkəb quruluşlu tabeli mürəkkəb cümlələrdən
bəhs edəcəyik.
Mürəkkəb quruluşlu tabeli mürəkkəb cümlələrin dilimizdə aşağıdakı quruluş
modelləri müşahidə edilir:
1.
Komponentlərindən biri sadə quruluşlu olanlar:
a)
baş cümləsi sadə olanlar:
Dostlarımdan eşitdim ki, Bərdədə bir kifir arvad var, çox dövlətli olsa da, heç kim
rəğbət eləyib onunla evlənmək istəmir. (Ə. Cəfərzadə)
Ümumilikdə tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə olan bu nümunədə
birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlə tamamlıq budaq cümləci vəzifəsini
icra edərək sadə quruluşlu baş cümləyə bağlanmışdır. Budaq cümlənin quruluşu bir qədər
mürəkkəb olub 3 tərkibdən ibarətdir və sonuncu iki tərkib qarşılaşdırma budaq cümləli
tabeli mürəkkəb cümlə əmələ gətirmişdir. Cümlənin sxemi aşağıdakı kimi olacaqdır:
O, bu cavanları yanaşı oturub çörək yeyən görəndə istətirdi ki, hər şey beləcə
dayansın, nə zaman gəlib keçsin, nə də onlar yerindəntərpənsinlər. (İ. Şıxlı)
Əvvəlki cümlə kimi, bu cümlə də tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə olub,
budaq cümlə hesabına genişlənmiş, mürəkkəb quruluşlu olmuşdur. Lakin əvvəlki
cümlədən fərqli olaraq, bu budaq cümlənin tərəfləri tabesizlik yolu ilə əlaqələnərək
aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə əmələ gətirmişdir. Cümlənin sxemi:
O gün, o əhvalat olan günü girib içəridə qulağından tutub deyirəm, qorxma, bütün el-oba
sənin tərəfindədi, çıx camaata deynən, bu belə filan oğlu evə zornan təpilib, mənim
razılığım yoxdu. (İ. Hüseynov)
Bu cümlə də ümumilikdə tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir.
Budaq cümlə mürəkkəb quruluşlu olub özündə 6 cümləni( 1. O gün, o əhvalat olan günü
girib içəridə qulağından tutub deyirəm,..., 2.... qorxma,..., 3. ... bütün el-oba sənin
tərəfindədi,..., 4. ... çıx camaata deynən,..., 5. ... bu belə filan oğlu evə zornan təpilib,...,
6....mənim razılığım yoxdu.) birləşdirmişdir. Budaq cümlə baş cümlədən sonra gələrək
ona intonasiya ilə bağlanmış və özündə 5 tərkibi birləşdirərək quruluş etibarı ilə özünün,
eyni zamanda daxil olduğu cümləni daha da mürəkkəbləşdirmişdir. Nəticədə mürəkkəb
quruluşlu tamamlıq budaq cümləsi formalaşmışdır. İkinci cümlədən başlayaraq bütün
tərkiblər budaq cümləni əmələ gətirsə də, onların öz aralarında da rəhgarəng əlaqə
formaları mövcuddur. Belə ki, birləşdirmə-sadalama yolu ilə əlaqələnən bu 3 tərkib
hissədən sonuncusu özü də mürəkkəb cümlə formasındadır və 3 tərkibi özündə
birləşdirərək yenə də mürtəkkəb quruluşlu cümlə modelinin yaranmasına səbəb
olmuşdur. Bu 3 tərkibdən birincisi . (... çıx camaata deynən,...) həmin cümlənin baş
cümləsi, digər iki cümlə isə (...bu belə filan oğlu evə zornan təpilib, mənim razılığım
yoxdu.) həmin tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlənin budaq cümlə
komponentini təşkil edir. Budaq cümləni əmələ gətirən bu tərkib özü də birləşdirmə-
sadalama yolu ilə əlaqələnən iki komponentdən əmələ gəlmişdir. Beləliklə bir tabeli
mürəkkəb cümlənin içərisində sanki iki tabesiz, bir tabeli mürəkkəb cümlə
“yerləşdirilmişdir”. Bu da cümlənin quruluş etibarı ilə daha da mürəkkəbləşməsinə səbəb
olur. Cümlənin ümumi sxemi aşağıdakı kimidir:
Aşağıdakı cümlə öz mürəkkəbliyi ilə daha çox diqqəti cəlb edir:
Yuxuda gördüm ki, rayondan kəndə gələn yolda, çayın üstündə heyvanlıqdayam, qara
köpəyi şirnikdirib kəndə gətirmək istəyirəm, qara köpək dalımca qaçır, ancaq o biri arıq
–axsaq itlər də gəlirlər, mən nə illah eləyirəm, qara köpəyi onlardan ayıra bilmirəm;
qara köpəyin özü də o itlərdən ayrılmaq istəmir: bir az qaçır, sonra dayanıb arxasına
baxır. (Ə. Əylisli)
Tamamlıq budaq cümləli bu tabeli mürəkkəb cümlənin budaq cümləsi birləşdirmə-
sadalama yolu ilə əlaqələnmiş üç tərkibi özündə birləşdirir. Bu tərkiblərdən əvvəlki ikisi
mürəkkəb (... rayondan kəndə gələn yolda, çayın üstündə heyvanlıqdayam, qara köpəyi
şirnikdirib kəndə gətirmək istəyirəm,/ qara köpək dalımca qaçır, /ancaq o biri arıq –
axsaq itlər də gəlirlər;// mən nə illah eləyirəm, qara köpəyi onlardan ayıra bilmirəm; )
sonuncusu isə (qara köpəyin özü də o itlərdən ayrılmaq istəmir: bir az qaçır, sonra
dayanıb arxasına baxır.) sadə quruluşludur. Cümlənin sxemi:
Bəzən tabeli mürəkkəb cümlənin tərəfləri, yəni baş və budaq cümlə sadə quruluşa
malik olur, lakin budaq cümlənin həmcinsliyi hesabına cümlənin quruluşu mürəkkəbləşir.
Bu baxımdan aşağıdakı cümlələr xarakterikdir:
Döyün, vurun, basın, kəsin, çünki dövran sizindir, çünki mayanız zaydır, zatınız qırıqdır.
(Ə. Əylisli)
Verilmiş nümunədə səbəb budaq cümləli tabeli mürəkkəb cümlənin sadə quruluşlu
baş cümləsinə aid iki həmcins budaq cümlə işlənmişdir. İkinci budaq cümlə özü də
birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlə quruluşludur. Cüməlnin sxemi:
Aşağıdakı cümlənin quruluşu daha maraqlıdır:
Mən bu saat kəndə qayıtmaq istəyirdim, o evə getmək istəmirdim, çünki Mərcan
xalanın otağı alçaq idi, çünki həyət qaranlıq idi, torpaq qara idi, çirkli idi, çünki bibim
məni aldatmışdı: narın üstündə qırmızı güllər yox idi. (Ə. Əylisli)
Bu cümlə də səbəb budaq cümləli tabeli mürəkkəb cümlə olub, beş həmcins budaq
cümlənin hər birinin birbaşa baş camlə ilə əlaqələnməsi yolu ilə yaranmışdır. Budaq
cümlələrdən sonuncusu aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə quruluşundadır.
Cümlənin cxemi:
Bunu görən atam həmişə deyinirdi, çünki neft baha idi, onu rayondan gətirmək
çətin idi, bir də atam o dünyaya inanmırdı və bunu indi siz də bilirsiniz ki, mənim atam
heç Allaha da inanmırdı.(Ə. Əylisli)
Bəzən budaq cümlə daha mürəkkəb quruluşa malik olmaqla mürəkkəb cümlənin
həcminin daha da genişlənməsinə səbəb olur.
İstifadə edilmiş ədəbiyyat:
1.Abdullayev Ə., Həsənov A., Seyidov Y. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 1972.
2.Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974.
3. Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2007.
4.Müasir Azərbaycan dili. IIIc., Bakı, 1981.
5. Cəfərzadə Ə. Eldən elə. Bakı, 2006
6.Əylisli Ə. Seçilmiş əsərləri. Bakı, 2004
6.Şıxlı İ. Seçilmiş əsərləri. Bakı, 2004.
Резюме
Смешанные типы сложноподчиненных предложений в современном
Азербайджанском языке
В статъе повествуется о сложной структуре сложноподчиненных предложений
в современном Азербайджанском языке. При наблюдении над языками различных
художественных
произведений
разъясняются
пути
образования
таких
предложений, обнаруживаются существенные формы связи между компонентами,
даются объяснения данных схем.
Summary
Mixture type of the complex sentences in the modern Azerbaijani
This article deals with complex sentences with complex structure. It was
investigated the creation ways of the language of The Azerbaijan art works. Scheme of
these words is given and it is explained.
Dostları ilə paylaş: |