Dövlət və Din.-2009.-№1(9).-S.97-103.
DİNİ MƏDƏNİYYƏT VƏ TOLERANTLIQ HAQQINDA
Həsənağa MƏMMƏDLİ,
AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar
İnstitutunun Dinin fəlsəfəsi şöbəsinin kiçik elmi işçisi
İslam-xristian polemikasının orta əsrlər Xristian ədəbiyyatında böyük vüsət aldığının şahidi oluruq.
Bu proses VIII əsrin axırlarından başlayaraq, IX və X əsrlərdəki Abbasilər dövrünü də əhatə etməklə çox
geniş yayılmışdır. Bu polemikalar müxtəlif ədəbi formalarda: məktublaşma və yaxud geniş disputlar
şəklində aparılmışdır. Dövrün tələblərindən asılı olaraq bu polemikalar istər dini-ilahiyyat, istərsə də dini-
fəlsəfi və elmi xarakter daşımışdır. Buna misal olaraq, müqəddəs İohan Damaskinin mətnlərini, müsəlman
filosofu əl-Kindinin «Üç Üqnüm» təliminin inkarını, xristian Yəhya ibn Adinin teoloji cavablarını,
həmçinin latin dünyasında çox tanınmış və xristian olmuş başqa bir əl-Kindi Əbd əl-Məsihin əsərlərini
göstərmək olar. Bütün bu mətnlərdə rəqib dinin doqmalarının təməlləri müzakirə edilmişdir. Bu baxımdan,
həm «Üç Üqnüm» və onda ehtiva olunan ilahilik, xaça səcdə olunma və günahların silinməsi, həm də
Məhəmmədin peyğəmbərliyi və Quranın vəhydən yazıldığı daim müzakirə obyekti olmuşdur.
Hansı növdə olmasına baxmayaraq, bu polemikalar elə əslində bu günə qədər də təkrarlanaraq kəskin
bir şəkildə bütün dünyada müxtəlif problemlərlə əvəz olunub, daha çox İslamı və Xristianlığı qarşı-qarşıya
qoymuş, müsəlman aləmi ilə Qərb dünyası arasında ziddiyyətə çevrilmişdir. Bu problemə yenidən qayıdış
məsələsi ənənəvi suallar kimi səciyyələndirilməsə də, Qərb aləmi son dövrlərdə həmin problemlərə xüsusi
diqqət ayırmaqdadır. Xristianlıq Qərb sivilizasiyasını formalaşdırmaqda davam etsə də, monoteist bir din
kimi tarixdə islam dininin tərəf-müqabili kimi fəaliyyət göstərmişdir. Bütün bunlar İslamda və Xristianlıqda
ənənəyə və tarixi köklərə sadiqlik şəraitində davam etməkdədir.
Müxtəlif sivil məkanlarda fəaliyyət göstərmiş dinlər, bu areallardakı müxtəlif amillərin təsirinə
məruz qalaraq bunlara qarşı gah radikal, gah alternativ, gah da rəqabət mövqeyində durmuşlar. Bütövlükdə,
adətən, bunu «modernizm» adlandırırlar. Müasirləşmə kimi modernizmin bəlkə də vacib
xüsusiyyətlərindən biri onun sekulyar xarakter daşımasındadır. Halbuki, avtonomluq və fərdiləşmə prosesi,
tənqid və daimi «şübhələr», bütün bunlar vaxtı ilə modernizm dövrünün yaranmasına səbəb olmuşdur.
Bunun nəticəsi olaraq, insanın dünyada öz yerini tapa bilməməsi, sekulyarlaşma və s. bütün bunlar dinlərin
qarşıdurması kimi, dinlə (dinlərlə) razılaşmamaq və ya hətta onu mübarizəyə çağırmaq kimi başa
düşülmüşdür.
Konkret tarixi şəraitə münasibətdə yanılmamaqdan ötrü, əsrlər boyu formalaşmış ənənələrə
baxmayaraq, dinlərin özünü dərk etməsi, ətraf aləmə xüsusi məmnunluqla yanaşması və sekulyar şəraitin
tələblərinin mahiyyətlərində əks olunması müəyyənləşdirilməlidir. Bu heç də о demək deyildir ki,
modernizmdən uzaqlaşmaq lazımdır, çünki mümkün ola biləcək konfliktlər narahatçılığa, təşvişə səbəb
olur. Ola bilər ki, dinlərin modernizmdən «fərqliliyi» özlərinin identikliyindən asılı olmasın. Modernizm
nəticəsində dinlərə heç bir xələl gətirmədən mövcud mövqelər korrektəyə məruz qala bilər. Digər tərəfdən,
apriori istisna olunmur ki, dinləri fərqləndirən komponentlər ola bilsin ki, müasir dövrün tələblərinə
baxmayaraq, öz ənənəviliyi ilə səciyyələnə bilər. Dinlərin bu gün qarşılaşdığı təhdidlər və təxribatlar onun
mövcudluğuna kölgə salmasına baxmayaraq, əksinə, belə bir hal çıxış yolu kimi dinlərin yeniləşməsinə
şərait yaratmış olur.
Dinlər böyük potensiala malikdirlər. Onların uzun tarixi inkişaf dövrü olmuşdur. Xüsusən də
monoteist dinlər qədim inanclardan, mifologiyalardan qaynaqlanmış, uzun müddətli təkamül yolu
keçməklə, müxtəlif zaman və məkanda trasformasiyaya uğramaqla özlərini klassik qəlibə salmışlar. Yəni
din təkmilləşərək insanların dünyəvi və mənəvi tələbatlarını təmin etməyə yönəlmişdir. Lakin insanların
mənəvi hakimiyyətinə çevrilə biləcək dini ehkamların heç də siyasətdən tam azad olduğuna rast gəlinmir.
Dinin ilahi məzmununun və təyinatının daim təhrif olunması həmişə müşahidə edilməkdədir. Təəssüflər
olsun ki, indinin özündə də siyasi konyukturanın süni surətdə dinləri bir-birinə qarşı qoymaqla dini və milli
zəmində münaqişə ocaqları yaratması danılmaz bir haldır.
Dinin çox güclü təsir vasitəsi olduğu inkaredilməzdir. Çünki din cəmiyyətdə hər bir insanın mənəvi
istinadgahıdır. Din ona inanan insanların şüur süzgəcindən keçərək, onlara həyata münasibətdə ümid verə
biləcək bir sosial fenomendir. Burada sakrallıq əsas götürülərək, riyakarlıq, haramlıq kimi mənəvi qüsurlara
sədd çəkilir. Deməli, niyyəti düz olan insan dindən yararlana bilər. Yaradana xidmət etmək bu qəbil insanlar
üçün böyük hikmət kəsb edir. Tanrıya xidmət etməklə, yəni dini normalara və ehkamlara sadiq qalmaqla
insan öz səadətinə, əminliyinə qovuşa bilər. Dinin cəmiyyətdə oynadığı psixoloji rolundan irəli gələrək,
Tanrıya inanmış insan dində mətinlik, səbrlilik, iradəlilik və başqasına itaət etməmək kimi keyfiyyətlərə
yiyələnə bilər. Çünki belə bir insan öz mənəvi-əxlaqi simasını Tanrıdan gəlmiş dəyərlər əsasında qurduğuna
əmin olur. Öz növbəsində belə bir insan Tanrının ona verdiyi dərin mənəviyyat qarşısında səcdə etməyə
başlayır.
Mövzudan kənarlaşmamaq üçün, demək yerinə düşərdi ki, din siyasətə qoşulmamalı, nə də, onun
əlində qorxulu bir vasitəyə çevrilməməlidir. Əksinə, dini dəyərlər siyasi oyunların qurbanı olmayıb,
siyasətin saflığını və mənəvi təyinatını qoruyaraq, cəmiyyətə özünü bu formatda təqdim etməlidir.
Müasirlik kontekstində geniş spektrdə problemlərə toxunaraq mənbəyə, adət-ənənəyə sadiq və yeniliyə açıq
olmaqla İudaizm, Xristianlıq və islam haqqında düşüncələr və onların qarşılıqlı əlaqəsi, mütləq, çox sayda
tədqiqatlar, görüşlər, fikir mübadiləsi və debatlar yaradacaqdır. Hərgah din özünün əbədi mənbəyinin
təşkiledicilərinə sadiq qalmaqla onlara böyük məsuliyyətlə yanaşmasa və gələcəyə böyük ümidlə müasir
dövrün dinlərin qarşısına qoyduğu suallara «açıqlıq» göstərməsə, dinin mövcud olmağa heç birşansı qalmır.
Hərçənd bu suallar sırf dünyəvidirsə, onda, şübhəsiz, dinə qarşı mütləq tənqid olacaqdır.
Bizim diqqət yetirəcəyimiz dinlər əsasən «Kitab dinləri» (bəzən də onları «İbrahimi dinlər» də
adlandırırlar) olacaqdır. Burada eyni zamanda, həm İslama, həm də ona yaxın olan iki dinə – iudaizmə və
Xristianlığa müraciət edərək istərdik ki, «mənbələrə sədaqət – yeniliyə açıqlıq» probleminə bu üç dinin
qarşılıqlı münasibəti kontekstində toxunaq. Məhz «qədim və yeni»nin qarşılıqlı əlaqəsində Xristianlıq
İudaizmə münasibətdə özünü müəyyən etmişdir. Bu, zaman etibarı ilə özündən qabaq mövcud olmuş
dinlərlə – İudaizm və Xristianlıqla – üzbəüz dayanmış islam dininə də aiddir.
Müasir dünya bütün dinləri qloballaşmaq zəminində düşünməyə vadar edir. Əsasən də monoteist
dinlərin kəsişmə nöqtələrini, bir-birini ehtiva etməsini əldə rəhbər tutaraq müasir problemlərin həll edilməsi
məqsədəuyğun olardı. Bu zaman müzakirə nəinki tarixi. Statistik tədqiqat və ya formal təhlil olar, həmçinin,
geniş fəlsəfi təhlil şəklini də ala bilər. Bu mənada ən azı dörd tip qiymətləndirmə meyarının olması
labüddür.
Hər şeydən əvvəl, tarixi səciyyə daşıyan meyarqeyd olunmalıdır. Çünki yuxarıda sözügedən dinlər
Vahid Tanrını qəbul etmiş monoteist dinlərdirlər. Bəlkə də, bu dinlərin ilk qaynaqlarına daha obyektiv
yanaşma qarşılıqlı münasibətlərdə dialoqa daha da çox şans vermis olardı.
İkinci meyar epistemoloji - hermenevtik xarakter daşımalıdır. Çağdaş problemlərin həll edilməsi
geniş perspektivlər açdığı kimi, biz təkcə keçmişi yenidən «oxumaq»la kifayətlənməyib, onun nəticələrini
təhlil edərək tarixi dərk edə bilərik.
Konkret olaraq tarixi təcrübəyə müraciət edərək bizə gəlib çatmış dini ənənələrdə yaşadığımız
dövrün və gələcəyin qarşımıza çıxartdığı suallara ekzistensial səpkidə cavab tapa bilərik. Bu zaman yeniliyə
«açıqlıq» prinsipi, eyni zamanda keçmişə münasibətdə «sadiqliyimizi» də istisna etməməliyik.
Üçüncü meyar etik səciyyə daşıyaraq insanlararası münasibətlərdə dinlərin bu aspektinə diqqət
yönəltmiş olur. Dinlər cəmiyyətdə əxlaqi məsələlərə münasibətdə hegemon rol oynadıqlarından, buradakı
insanları əxlaqi prinsiplər əsasında birləşdirən məqamlar önə çəkilməlidir. Belə ki, bəşəriyyətin vahid
başlanğıcını qeyd etmiş monoteist dinlərdə bütövləşməyə meyl etmək daha böyük önəm kəsb etməkdədir.
Dördüncü meyar – monoteist dinlərin tarixi inkişaf yolu, yəni təkamül yolu sinkretik xarakter daşıyır.
Çünki bu, dinlərin mahiyyətindən təzahür etmiş bir haldır.
Dini sinkretizm dünya xalqlarının dini təsəvvürləri üçün xarakterik hal olub, müxtəlif dini
elementlərin tarixi sintezi olmuşdur. Bu mənada, her bir dini strukturun formalaşması və tarixi
transformasiyası – müxtəlif dini sistemlərin qarşılıqlı fəaliyyətinin mürəkkəb sintetik prosesi kimi də
nəzərdən keçirilə bilər. Dialoqa imkan yaradan bu məqam, başqa sözlə deyilsə, dinlərin «qohumluq»
münasibətlərinin olduğunu, yəni «doğma» cəhətlərinin kifayət etdiyini ifadə edir. Buna misal olaraq, islam
ənənəsinə görə, Məhəmməd Peyğəmbərin yeni birdin gətirmədiyini göstərmək olar. İslam Peyğəmbəri
bütün həyatı boyu hamını «bəşəriyyətin atası» adlandırılan Adəm Peyğəmbəri, yəhudi və xristian
ənənələrinin birmənalı qəbul etdikləri İbrahim Peyğəmbəri «Hənif» (təktanrılıq) dininə dəvət etmişdir. Bu,
müqəddəs Qurani-Kərimdə də öz əksini tapmışdır: «(Ya Məhəmməd) de ki: Allah doğru buyurmuşdur. Ona
görə də hənif olan ibrahim dininin ardınca gedin, çünki o, Allaha şərik qoşanlardan deyildi» («Ali-İmran»,
ayə 95). «(Ya Məhəmməd) sənə: «Batildən haqqa tapınaraq müşriklərdən olmayan İbrahimin dininə tabe
ol!» – deyə vəhy etdik» («ən-Nəhl». ayə 123).
Müxtəlif tarixi dövrlərdə mürəkkəb dini-siyasi münasibətlərin girovuna çevrilmiş bu dinlərin həqiqi
mahiyyəti təhrif olunaraq, fikrimizcə, xeyirxah missiyaları hələ də tam açıqlanmamışdır. Halbuki, bunu
etmək qarşıda duran vacib məsələlərdəndir. Xüsusən də, monoteist dinlərdə Tanrı obrazının insanları bir-
birinə qarşı məsuliyyətli olmağa çağırdığını, buna sövq etdiyini unutmaq olmaz. Bu mənada dinlər tarixən,
insanların iztirablardan qurtulmağın yollarını araşdırıb göstərməklə səciyyələnmişdirlər. Bu dinlərdəki
Tanrının xilasedici iradəsinin təbliği insanlara əminlik və ritah gətirəcək mühüm məqamlardandır.
Dinlərin dialoqundan bəhs edərkən, «tolerantlıq» ideyası ətratında yaranmış fikir mübadiləsinə də
münasibət bildirmək istərdik. Dini dözümlülük mənasını daşıyan, Qərb mənşəli «tolerant» anlayışı latın
sözüdür. Halbuki, fikrimizcə, bu terminin İslam dininə aid edilməsi qətiyyən düzgün deyildir. Axı İslam
dini əqidəsinə. şəriətinə görə, səmavi kitab əhlinə daim hörmət və diqqətlə yanaşmaq mühüm tələblərdən
biri sayılır. Məsələn, Qurani-Kərimdə bir çox buna aid ayələri misal göstərmək olar: «İman gətirənlərdən
musəvi (Yəhudi), isəvi (Xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inananların və yaxşı iş
görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar gərgin
olmazlar» (Bəqərə, ayə 62). Fikrimizcə, elə bu, sadəcə dini dözümlülük olmayıb, islamın özündən irəli
gəlmiş bir mədəniyyətdir. Bunu tolerantlıqdan daha çox «dini mədəniyyət» adlandırmağın tərəfdarı olub,
İslamın bütün monoteist dinlərə qarşı loyal olduğunu vurğulamaq istərdik. Bəlkə də ona görədir ki, islam
tarixən başqa dinlərə qarşı müsbət yanaşdığından qarşılıqlı rəğbət qazanıb və qısa zaman ərzində dünyanın
her yerinə çox böyük sürətlə yayılmışdır. Halbuki, dinlərdə tolerantlıq axtararkən, sanki bu dinlərin ilahi
mahiyyəti kölgədə qalmış olur. Buna görə də, «tolerantlıq» sözünün, «dini mədəniyyət» söz birləşməsi ilə,
yaxud dini mədəniyyət ənənələri adlandırmaqla və i.a. əvəz edilməsini məqbul sayaraq, bununla dinlərin
etik məzmununun düzgün izah edildiyi fikrindəyik.
Konkret olaraq bu «qohum» dinlərin mahiyyətində məhz Tanrının təqdir etdiyi dini mədəniyyət
durduğundan, şübhə etmirik ki, monoteist dinlərin dialoqunun alınmasına da böyük ümidlər vardır.
Bəli, biz ritorikaya qapılmayaraq deyə bilərik ki, qarşılıqlı ittihamlar, bir-birini danmalar tarixin çox
kədərli, təəssüfdoğurucu səhifələrindən olmuşdur. Bu xətti IX əsr ərəb mətni ilə verilmiş xristian Əbd əl-
Məsih əl-Kindidən başlayaraq, XIII əsrdə yaşamış məşhur Xristian alimi Foma Akvinski («Bütpərəstlərə
qarşı dəlillər») inkişaf etdirmiş və bu tendensiya müasir dövrdə də özünü büruzə verməkdədir. Lakin ədalət
naminə demək lazımdır ki, tarixdə başqa yanaşmalar da yer almışdır. Məsələn, II Vatikan Ali Məclisində
İslama qarşı fərqli mövqe nümayiş etdirərək, o, İbrahimi din kimi qəbul edilərək, İncil ənənələrinə uyğun
hesab olunmuşdur. Dinlər müxtəlif tarixi dönəmlərdə siyasi vasitəyə çevrildiklərindən belə ziddiyyətli
vəziyyətlərə rast gəlmək olar.
Arnold Toynbinin fikrini davam etdirmiş və araşdırmış Samuel P. Hantinqton (Harvard
Universitetinin Strateji Araşdırmalar Mərkəzinin direktoru) «Sivilizasiyaların toqquşması» kitabında
sivilizasiyalardan danışanda onları dini prinsiplər əsasında bölərək – müsəlman, hinduist, konfutçist,
slavyan-pravoslav kimi müəyyən etmişdir. Həqiqətən də, dünya siyasətində dinlərin fundamental rol
oynadıqları inkaredilməz bir faktdır: «Müasir dünyada din mərkəzi qüvvə hesab edilir, məhz «Qüvvə» ona
görə ki, insanlara arqumentlər verərək, onları səfərbəredir… Nə siyasi ideologiyalar, nə də iqtisadi maraqlar
insanlar üçün əsas deyildir. Bu iman və ailə, qan və dindir ki, insan özünü identikləşdirir, onun uğrunda
döyüşür və ölür» (1).
Bütün bunları təhlil edərkən Jak Delor (Avropa İqtisadi Birliyinin sabiq komissiya sədri) belə bir
fikir söyləmişdir ki, «Hətta Xristianlıq və İslam kimi dinlər tarix boyu konfliktdə olmuş olsalar da, istər
dinlərində, istərsə də etikada böyük oxşarlıqları vardır. Bu da ümid verir ki, dinlər və sivilizasiyalar arasında
ixtilaflar həmişə olsa da, vacib deyildir ki, toqquşmaya, yəni hərbi konfliktə gətirib çıxartsın. Sülh
mümkündür» (1).
Son zamanlar Qərb ölkələrində hökm sürən bir tendensiyanı belə formalaşdırmaq olar: «Dinlərarası
sülh olmasa, sivilizasiyaların müharibəsi olacaqdır. Onu da bilin ki, dinlərarası dialoq olmasa, dinlərarası
sülh də olmayacaqdır. Dinlərin fundamental tədqiqi olmasa, dinlərarası dialoq da olmayacaqdır» (2).
Bir çox alimlər ilk növbədə monoteist kitab dinlərinin müasir dünyada bəşəriyyət qarşısında
məsuliyyətlərini dərk etmələrini istəyirlər. Bu da onun dərkinin mənbələrə sadiqliyindən və «açıq»
dialoqundan asılıdır. Məsuliyyət dinlərə keçmiş səhvlərini və başqa dinlərə qarşı «dözümlülüyünü»
xatırladır. Bu dinlərdən özünüdərkin düzgün qurulmasını tələb edir (tarixi yanaşma). Bu dinlərin səhvləri
əsasında yaranan ideoloji aspektlər özünüdərkin düzgün istiqamətdə getməməsi ilə qarşı-qarşıya qoyulur.
Buna baxmayaraq, dinlərin üzərinə qoyulan məsuliyyət insanların həyatına laqeydliyi inkar edir. Onlar
təhlükə qarşısında qalanda və problemlər yarananda din buna həssaslıqla yanaşmalıdır. Bu müdaxilə çox
dəyərli, hətta onların həyatında həlledici rol oynaya bilər (hermenevtik problem). Məsuliyyət hər vasitə ilə
dinləri onlara məxsus olan daha önəmli işlərə sövq etdirməli, insaniyyətə ləyaqətlə xidmət etməyi
sevdirməli və özlərinə inamı gücləndirməlidir (etik cağırış).
Dinin tədqiqində çətinlik törədən amillərdən biri də odur ki, həmişə onun daxilində müxtəlif
dəyişikliklər baş verir və bu dəyişikliklər müəyyən məqama qədər deformasiyaya uğramır, lakin sonra
daxili və xarici təsirlərə məruz qalaraq onların sabitliyini zəiflədir. Onun daxilində axan müxtəlif dini
cərəyanlar dinin əsasını zəiflətməməlidir. Dini plyurializm dini demokratiyaya gətirib çıxaracaq, bu da
özlüyündə dini və dünyəvi dəyərlərin simbiozunu yaradacaqdır (Sinkretik yanaşma).
Bu fikirlərlə razılaşıb, dinlərarası dialoqlarda siyasi maraq və mənfəətlərin deyil, elə dindəki ilahi
mahiyyətin önə çəkilməsinin zəruriliyini qeyd etmək istərdik. Dinin mahiyyətindən irəli gələn belə bir
yanaşma müxtəlif dinlərdə olduğu kimi, bu dinə sahib insanların da yaxınlaşmalarına, sülhlə yaşamalarına,
qarşılıqlı hörmət bəsləmələrinə gətirib çıxaracaqdır.
ƏDƏBİYYAT
1. S.P.Huntinqton. The clash of civilization? Foreign Affairs 72, 1993, p.22-49.
2. Христианство, Иудаизм и Ислам: Верность и открытость/ Ред. Жозеф Доре/. М.,
Библейско богословский институт св. апостола Андрея 2004, с.247.
З.А. Toynbee. The Study of History. Т. 1-12. Oxford. 1934-1961.
4. Qurani-Kərim, Bakı. Azərnəşr. 1992.
5. Библейская Энциклопедия – Архимандрит Никифор. М.. 1891.
6. Оливер Пимен. Введение в классическую исламскую философию. М Весь мир, 2007, с. 280.
7. Артур Пикок. От науки к Богу: Новые грани восприятия религии. М. Фаир-Пресс, 2002, с.
304.
8. Джулиан Хаксли Религия без откровения. М.. Знание. 1992. с. 62.
9. Конрад Н.И. Запад и Восток. М., Наука, 1972, с. 344.
10. Айзек Азимов. Ближний Восток. История десяти тысячелетий М 2006, с. 319.
11. Ziya Bünyadov. Dinlər, təhqətlər, məzhəblər. Bakı. «Azərbaycan» 1997 287 s.
12. Hüseyn Əlizadə. İnsan fəlsəfəsi. Bakı., «Nurlan», 2003, 121 s. Bayındır A. Din və dövlət ilişkiləri.
İstambul., «Eminoğlu», 1999, 124 s.
13. Heydər Bammat. Qərb mədəniyyətinin inkişafında müsəlmanlann rolu Bakı., 1994, 352 s.
Dostları ilə paylaş: |