Dünya ölkələrinin böhran xəritəsi
Avropa Birliyi (AB) dövlətlərinin vahid valyutası olan avronun son bir ayda kəskin şəkildə
ucuzlaşması avro zonasının bank və qiymətli kağızlar bazarına da mənfi təsirlərini göstərib. Qeyd
edək ki, beynəlxalq valyuta birjalarında avronun dəyəri son 5 ayda 12%-dən çox ucuzlaşıb. AB
dövlətlərinin əksəriyyətində müşahidə olunan böhran meyilləri avronun kursunun aşağı düşməsini
sürətləndirib və bu valyutaya etibar zəifləməkdə davam edir. Nəticədə Yunanıstandan başlayaraq
Almaniya kimi Avropa iqtisadiyyyatının nəhəngini bürüyən borc böhranı arzuolunmaz hadisələrə
gətirib çıxarıb, ümumilikdə Avropa qitəsinin maliyyə-investisiya və valyuta-bank bazarında ciddi
problemlərin yaranmasına səbəb olub. Son bir ildə Avropa iqtisadiyyatında iqtisadi fəallıq 6% aşağı
düşüb. Böhran avro zonasının maliyyə-bank sektoru ilə yanaşı, qiymətli kağızlar, sığorta
bazarlarına da təsir göstərib, iri şirkətlərin buraxdığı səhmlərin və istiqrazların qiyməti xeyli
ucuzlaşıb. Son bir ayda Avropanın aparıcı fond birjalarında keçirilən hərraclarda əksər ölkələrin
indeksləri 5%-dən çox ucuzlaşıb, səhmlərin qiyməti isə kəskin şəkildə aşağı düşüb. Dünyanın
nüfuzlu birja agentliklərinin hesablamlarına görə, qiymətli kağızların indekslərinin qiymətinin aşağı
düşməsi bir gündə Avropa iqtisadiyyatına 10 milyard dollardan artıq ziyan vurur.
Qiymətləndirmələrə görə, avro zonasının təkcə bank sisteminin bərpası üçün ən azı 259 milyard
avro lazımdır. Avropanın nüfuzlu bank qurumlarından olan «Societe Generale»nin
mütəxəssislərinin qiymətləndirmələrinə əsasən, bank və qiymətli kağızlar bazarı son aylarda daha
çox itkilərlə üzləşib və hazırda bu sahələrin bərpası üçün 360 milyard avro tələb olunur.
Yunanıstan və İspaniyanın Avropa Birliyi üçün problem mənbəyi olaraq qalması və hər iki
ölkənin borc böhranının ağır fəsadlarını dəf etmək üçün vaxtaşırı maliyyə yardımları istəməsi
regionda əlavə problemlərə səbəb olub. Proqnozlara görə, İspaniya iqtisadiyyatının bərpası üçün
150-160 milyard avro maliyyə yardımı lazımdır. Baş nazir Mariano Raxoy banklara sərmayələrin
mərkəzləşdirilmiş sistem üzrə göstərilməsi ideyasını dəstəklədiyini bildirib. Yunanlara isə
ispanlardan təxminən 2 dəfə çox maliyyə yardımı tələb olunur. Avropa Birliyi artıq Yunanıstana
maliyyə ayırmalarından təngə gəldiyini gizlətmir, qurum bu ölkənin avro zonasından
uzaqlaşdırılması ilə bağlı hələ də tərəddüd keçirir.
Bir müddət əvvəl Avropa Stabilləşmə Fondunun dəstəyi ilə Yunanıstana kredit tranşı ayırmağa
razılıq verən Beynəlxalq Valyuta Fondu isə ölkədəki siyasi qeyri-müəyyənlikdən narazı olduğunu
bəyan edib. Qeyd edək ki, Yunanıstanda keçirilən parlament seçkilərindən sonra iki həftə ərzində
yeni hökumətin qurula bilməməsi AB-nin də narahatlığına səbəb olub. AB və Valyuta Fondu
sosialistləri və yeni demokratları koalisyon hökumətin yaradılmasına dəvət edib, əks halda
kreditlərin davamının gəlməyəcəyi bəyan edilib.
Avropadakı borc böhranı, ümumilikdə, dünya iqtisadiyyatında mənfi tendensiyaların artmasına
səbəb olub. Son 3 ayda Avropa Birliyi ölkələri ilə yanaşı, dünyanın bir çox dövlətlərində həm
işsizliyin və inflyasiyanın səviyyəsi yüksəlib, həm də kredit reytinqləri aşağı salınıb. Almaniya,
Böyük Britaniya, Kanada və Braziliyada işsizliyin səviyyəsi ilin əvvəlləri ilə müqayisədə sabit qalsa
da digər ölkələrdə, xüsusilə də İspaniya, Yunanıstan, Fransa, Portuqaliya, İtaliyada bu göstərici
xeyli yüksəlib. Ümumiyyətlə, son aylarda avrozona da daxil olmaqla, dünyanın inkişaf etmiş
ölkələrinin əksəriyyətinin kredit reytinqləri aşağı düşüb. «Moody’s», «Standard & Poor’s» və «Fitch
Rayting» agentliklərinin hər birinin ayrı-ayrılıqda hazırladığı reytinq şkalasında qeyd olunan
dövlətlərin investisiya və maliyyə-kredit indikatorları üzrə reytinqləri aşağı salınıb.
Avropa ölkələrinin liderləri avro zonasında borc böhranını aradan qaldırmaq üçün növbəti dəfə
bir araya gələrək, yeni strateji plan hazırlamağa qərar veriblər. «Böyük İyirmiliyin» (G-20) iyunun
18-19-da Meksikada keçirilən sammitinin gündəliyində duran əsas müzakirə mövzuları Avropa
maliyə-bank sisteminin möhkəmləndirilməsi, qlobal bazar şəraitində qarşılıqlı əlaqələrin
gücləndirilməsi ilə bağlıdır.
Elbrus CƏFƏRLİ