Əziz möminlər, İslam dünyası Qurban bayramına hazırlaşır



Yüklə 18,07 Kb.
tarix05.10.2017
ölçüsü18,07 Kb.
#3320

بسم الله الرحمن ا لرحيم

فَصَلِّ لِرَبِّكَ وَا نْحَرْ

وقا ل رسو الله ( صعم) مَنْ كَانَ لَهُ سَعَتً وَلَمْ يُضَحِّ فَلاَ يَقْرَ بَنْ مُصَلَّا نًا



QURBAN

Çox hörmətli müsəlmanlar!


Bugünkü xütbəmizin mövzusu Qurban haqqında olacaqdır. Qurban, ibadət niyyətiylə Qurban bayramı günlərində Allah rizası üçün kəsilən heyvana verilən addır. Qurban kəsmək hicrətin ikinci ilində əmr edilmişdir. İmkanı olan hər müsəlmana Qurban bayramı günlərində Qurban kəsmək vacibdir.

Qurani-Kərimdə “Qurban” sözü üç yerdə işlədilsə də bu ibadətlə bağlı 20-dən çox ayədə müəyyən bilgilər, xatırlatmalar vardır.

Hər şeydən öncə onu nəzərdə tutmaq lazımdır ki, bəndənin xoşbəxtliyi də, borcu da Allaha yaxınlaşmaqdır. “Qurban” sözü də elə yaxınlaşmaq anlamınadır, yəni qulun Allaha yaxınlaşması. Bayramda kəsilən heyvan bu yaxınlaşmağa bir vasitədir, həqiqi qurban olan, yəni Allaha yaxınlaşan isə o qurbanı kəsənin özüdür.

Qurban-səmimiyyətdir. Adəm oğlu Habil bəslədiyi heyvanların ən gözəlini qurban verdi, Allah-Təala o qurbanı qəbul etdi; Habilin qardaşı Qabil yetişdirdiyi meyvələrin xarabını, çürüyünü qurban ayırdı, Allah-Təala onun qurbanını rədd elədi, sanki qaytarıb üzünə çırpdı. Allah üçün verəcəksənsə, imkanın çatanın ən gözəlini ver. Yəni nə verdiyinə baxmaq deyil, kimin adına verdiyinə baxmaq ən doğru yanaşmadır.

Qurban-şeytanı ağlatmaqdır. Xəsislik və israf şeytanı güldürmək, bu ikisinin ortasındakı ədalət xəttini tutmaq isə Sırat körpüsünü özünə yol tutmaq kimidir. Bəndənin “Bismillah” deyib qurban kəsməsi, Allaha yaxınlaşmaq yolunda bir addım atması şeytanı dəli edər, od vurub yandırar.

Qurban-nəfsin tərbiyəsidir. İbadətin mahiyyətində nəfsin tərbiyəsi ən mühüm amillərdən sayılır. Əslində qulun Allaha yaxınlaşması da elə nəfsin tərbiyəsi ilə mümkün olur. Kim nəfsini nə qədər tərbiyə edə bilibsə, Allaha yaxınlaşmağı da elə o nisbətdədir.

Allah-Təala: “Mən qullarıma onların boynunun şah damarından da yaxınam”- buyurur. Yəni qurbanda qulun Allaha yaxınlaşması nəzərdə tutulur. Allah-Təala onsuz da bəndələrinə yaxındır. Allahın bəndəyə yaxın olmağı bəndənin Allaha yaxın olması demək deyil.

Kəbə-Allah evidir, amma insan əlinin sənətidir; qəlb-insana əmanətdir, amma Allahın əsəridir. Allah “namaz qıl, oruc tut, zəkat ver, həccə get, qurban kəs” deyə əmr edəndə onun qarşısında iki yol qoyaraq onu həm Özünə yönəldir, həm insanlara. Quranda açıq-aşkar buyurulur ki, kəsdiyiniz qurbannın nə əti, nə də qanı Allaha yetişər,1 yəni Allahın onların heç birinə ehtiyacı yoxdur. Allah-Təala heç nəyə möhtac deyil, amma yaratdığı bütün varlıqlar Ona möhtacdır. Allah bəndələrinin niyyətinə dəyər verər, qullarının Onun əmrlərinə əməl etməkdə nə qədər həssas, nə qədər səmimi olmalarına dəyər verər.



Əziz qardaşlar, buna görə digər ibadətlərdə olduğu kimi qurban kəsmə ibadətində də riya və göstəriş olmamalıdır. Başqalarının filankəs qurban kəsdi deməsi üçün və ya qurbanlarımızı yalnız ət yemək duşuncəsiylə kəsməməliyik. Sırf Allahın rizasını qaznmaq üçün Allah əmr etdiyi üçün kəsməliyik.

Bundan əlavə Qurban kəsməyə gücü çatdığı halda Qurban kəsməyən kimsə haqqında Peyğəmbərimiz (səs) bir hədisi şərifində belə buyurur:

Qurban kəsməyə gücü çatdığı halda qurban kəsməyən kimsə bizim namazgahımıza yaxınlaşmasın. (yəni aramıza qarışmasın.)”2

Qurban kəsməyə imkanı olduğu halda qurban kəsməyən hər müsəlman bu hədisi şərifi yaxşı düşünməlidir. Bütün bunlarla yanaşı Allah üçün kəsdiyimiz qurbanların qüsursuz olmalarına da diqqət etməliyik. Heç görməyəcək dərəcədə kor, həddən artıq xəstə, yeriyə bilməyəcək dərəcədə zəyif və topal, qıçı sınıb ağlını itirmiş gəzə bilməyən heyvanlar qurban olaraq kəsilə bilməz. Qurban kəsdikdə isə kəsgin bir bıçaq işlətilməli və heyvana əziyət verilməməlidir.

Bir gün Peyğəmbərimiz (səs) qoyun (qurban) kəsmək istəyən bir nəfəri gördü. Həmin adam kəsmək üçün qoyunu yerə uzatdıqdan sonra bıçağını itiləməyə başladı. Bu kobud davranış qarşısında Peyğəmbərimiz (səs) o adamı belə tənbeh etdi: “Heyvanı dəfələrlə öldürmək istəyirsən? Bıçağını onu yerə uzatmazdan əvvəl itiləsən olmazdı?”

Bunun üçün qurban kəsərkən ona əziyyət vermədən kəsməyimiz lazımdır. Qurbanlıq əti üç yerə ayrılaraq bir qismi kasıblara paylanmalı, bir qismi qohum əqraba və tanışlara, bir qismin isə qurban yiyəsinin ailəsi istifadə etməlidir. Daha sonra müsəlmanlar bir-birləriylə təbrikləşməli, aralarındakı hər cür kin və küdurəti atmalı, küsülülər varsa barışmalıdırlar. Bəli həqiqi müsəlmanın həqiqi bayram anlayışı budur. Bayram, müsəlmanı müsəlmana bağlamaq üçündür. Bayram, müsəlmanlar arasında sevgini, qardaşlığı, birliyi qurmaq üçündür.



Əziz müsəlmanlar o halda gəlin xususiylə qurban bayramı günlərində anamızı, atamızı, qohum əqrabamızı, qonşularımızı zıyarət edək. Kimsəsizlərə, yoxsullara imkan daxılındə maddi və mənəvi kömək göstərək. Ərəfə günü sabah namazından etibarən başlayan və bayramın dördüncü günü ikindi namazında sona çatacaq olan təşrik təkbirlərini hər fərz namazından sonra gətirməyi unutmayaq.

Son olaraq qarşıdan gələn qurban bayramı dinimiz, imanımız, vətənimiz və bütün islam aləmi üçün xeyirli və mübarək olsun!



4 Noyabr 2011/8 Zilhiccə 1432

Qeyd: Xütbənin səsli (mp3) və yazılı (Word və PDF) versiyalarını www.minber.az saytından və ya www.facebook.com/minberaz səhifəsindən əldə edə bilərsiniz.



1 Həcc: 37.

2 Camıussağir, c. 2, Səh: 152.

Yüklə 18,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə