Asif Ata
İNAM VƏ ŞÜBHƏ
(Ədəbi-fəlsəfi esse)
I.
ƏDƏBİ MÜBAHİSƏ
İki dünya, iki məna, iki qüvvə qarşı-qarşıya dayanmışdır.
İnam və şübhə. Faust və Mefistofel. Biri sonsuz, mütləq həqiqətə can atır, ömrün mənasını
əbədi yolçuluqda görür, bu hikmətin qüdrətinə inamını heç vaxt itirmir, daim axtarır və
kamilləşir.
O biri şübhəçiliyə, inamsızlığa, şərə xidmət edir, insana inanmır, ömrün mənasını
inamsızlığın təsdiqində görür.
Bir həqiqətə qovuşmaq üçün həyatından keçir, əzab-işgəncələrə məruz qalır, lakin yolundan
dönmür, qarşısına çıxan cəlbedici və füsunkar, qorxulu və amansız maneələri dəf edir. O biri
həyatını insanı alçaltmağa, yolundan azdırmağa həsr etmişdir.
Biri deyir ki, insan hər şeyə qadirdir, həqiqəti dərk etməyə zəkası, iradəsi çatar, yüksək
arzuları naminə keçici hisslərini qurban verməyə qabildir.
O biri deyir ki, insan bir heçdir, ani hisslərin əsiri olan, aciz, qorxaq, xəbis, idealı ilə həyatı,
bir-birini ikar edən çirkin bir məxluqdur.
Həyat onları yol yoldaşı etmişdir.
Mefistofel yoldaşlarını həqiqət yollarından uzaqlaşdırmağa, ehtirasları coşduran və əqli
söndürən nəşə məskəninə cəlb etməyə çalışır. Arzusunun həyata keçməsinə onda sonsuz inam
var. Çünki insanın mənəvi qüdrətinə inanmır.
...Faust gənclik illərini fəda etdiyi kitablar aləmindən ayrılmış, məhəbbət aləminə çəkilmişdir.
Mefistofel şənlənir:
“İnsan belədir. Qabağına hissini oxşayan bir şey çıxdımı, idealından, yolundan dönməyə
hazırdır”.
Lakin Mefistofelin sevinci tez də sönüb gedir. Faust sevdi, sevildi, lakin füsunkar məhəbbət
ölkəsində əbədi qalmadı. Həqiqəti dərk etməyə olan həvəsi sönmədi. O Mefistofelə “buradan
gedək” dedi.
...Mefistofel Faustu keyf-işrət məclisinə gətirdi. Faustun narahat qəlbi bir anlıq burada
dincəldi. Lakin bu aləm də Faust aləminə çevrilmədi. Faust burada dayanmadı.
Mefistofel Faustu antik dünyanın gözəllik guşəsinə aparır.
Faust əfsanəvi Yelenanın məhəbbətini qazanır, onun əri olur, atalıq qismətinin şeiriyyətini və
faciəsini duyur. Mefistofelin sevinci yerə-göyə sığmır. Lakin bu sevinc də qəmə çevrilir.
Faust yenə də Mefistofelə “buradan gedək”, – deyir. Mefistofel Faustu haraya aparırsa-
aparsın, Faust həqiqət yoluna qayıdır.
Mefistofel Faustu həqiqət yolundan azdırmağa nə qədər çox səy edirsə, Faust həqiqətə bir o
qədər yaxınlaşır. Nəhayət o, həqiqətini tapır.
Daimi qəhrəmanlıq, daimi fədakarlıq, daimi kamilləşmə, daimi fəaliyyət – budur mütləq
həqiqət.
İnam ilə şübhə arasında gedən əbədi mübahisədə inam qələbə çalır.
II. İNAM METAMORFOZALARI
ŞEKSPİR İNAMI
İnsan öz təbiəti etibarilə xeyrə, yoxsa şərə meyil edir? Naşı inam və süni həyat. İnamsız həyat
və ölüm.
Bu məsələlər Şekspiri həmişə düşündürmüşdür. Şekspirə görə şər fəaliyyət insan təbiətinə
tamamilə yaddır. O, insanı özünə, öz təbii mahiyyətinə yad və düşmən qüvvəyə çevirir.
Yazıq Maqbet, binəva Maqbet! O haradan biləydi ki, qəlbini bürüyən şöhrətpərəstlik hissi onu
öz insani təbiətinin qəddar cəlladı edəcəkdir.
Haradan biləydi, avam Maqbet, naşı Maqbet ki, kral Dunkanı öldürməklə özünün qatilinə
çevriləcəkdir.
Bu acı həqiqəti o, gec, krallıq taxtına çıxandan sonra bildi.
Elə buna görə də indi Dunkanın qanlı xəyalı Maqbetin gözü qarşısından çəkilmir. Ona göprə
də kral olandan sonra Maqbet adi insani sevincdən məhrum olmuşdur. Maqbet insan idi. Ona
görə də cəllad ola bilməzdi.
Onu cəllad olmağa sövq edənlər də insan deyildilər, ifritə idilər. Bu hadisəni ön plana
çəkməklə Şekspir “Maqbetin gördüyü iş insan işi deyil, şeytan işidir”, – deyirdi. Bu səbəbdən
döyüş qəhrəmanı Maqbet qətl qabağı dərin həyəcan keçirir, sanki qeyri-şüuri olaraq fəaliyyətinin
qeyri-təbii mahiyyətini dərk edir.
Nədən biləydi bədbəxt ledi Maqbet, qatil sərkərdənin xəyalpərəst qadını ki, ərini Dunkanın
otağına göndərməklə o, qadınlıq, insanlıq, etibar adlanan təbii və müqəddəs bir həqiqətə qarşı
çıxmışdır.
Bəli, Maqbet və onun qadını çox naşı adam imişlər. Onlar nə həyatı, nə insanları, nə də
özlərini dərk etmişlər. Onlar cəlladlığı asan iş bilmişlər. Buna görə də qan ləkəsi ledi Maqbetin
gözü qarşısında həmişə dayanır, ağlını əlindən alır, məhv edir.
Cəllad haqqında olan əsərdə Şekspir insana böyük inam təlqin edir. “Qatil, cəllad görəndə
insanlıqdan üz döndərmə, qatillik, cəlladlıq – qeyri-insani, qeyri-təbii fəaliyyətdir, süni
mövcudluqdur”, – deyir.
Eyni zamanda dahi dramaturq öz əsərlərində süni həyat tərzinin yaratdığı inamın da faciəvi
mahiyyətini açıb göstərmişdir.
Kral Lir özünə dünyalar qədər inanırdı. Elə hesab edirdi ki, şəninə deyilən təmtəraqlı təriflər
qəlblərinin dərin guşəsindən gəlir. Lir haqqında adi tərzdə danışmaq qəbahətdir. Əgər kiçik qız
Kordeliya atasını, bacıları kimi dünyanın ən böyük sərvəti adlandırmırsa, deməli, o, görünməmiş
bir cinayət edir.
Özünə dünyalar qədər inanan Lir dünyanı və insanı anlamaq qabiliyyətindən məhrum
olmuşdur. O, mahiyyətdən çox zahiri əlamətə, hissdən çox sözə, adi həqiqətdən çox qeyri-təbii,
parıltılı yalana inanır.
Krallıq səltənəti Lirdə naşı bir inam yaratmışdır. Onun xəyalında qeyri-adi şahlıq rütbəsi
insani məziyyətləriylə eyniləşmişdir.
Əgər Lir qeyri-adi bir rütbəyə sahib olmuşdursa, deməli, özü də qeyri-adi bir insandır.
Ünvanına yağdırılan təriflər mütləq həqiqətdir.
Kral Lirin qulağı süni sözlərə o qədər alışmışdır ki, səmimi sözlər onu adi halından çıxarır.
Allaha demək olarmı ki, onu adi ata kimi sevirsən?! Bütə demək olarmı ki, ərə gedəndən
sonra ona olan məhəbbətin bir hissəsini ərinə bəxş edəcəksən?! Adi ata üçün bunlar kifayət
olardı. Lakin Lir üçün bunlar az deyilmi? Adi ata bu sözlərdən ötəri övladını əzizlərdi. Lakin kral
ata övladını cəzalandırmalı, lənətləndirməli, var-dövlətdən məhrum etməlidir.
Kordeliya – ağıllıdır, təmizdir; Kral Lir üçün bunlar azdır, Kordeliyada ciddi bir cəhət –
sünilik çatışmır. Bu isə kral aləmində ən çox qiymətləndirilən keyfiyyətdir. Burada həqiqətlə
sünilik yerlərini dəyişmişlər. Burada sünilik inama çevrilmişdir. Kral Lir özünə o dərəcədə inanır
ki, həqiqətə inanmağa ehtiyac duymur. Lakin zəmanə dəyişir və Kral Lirin qəlbində öz inamına
şübhə yaranmağa başlayır. Zəmanə dəyişilir və Lirin naşı inamı məhv olur.
Zəmanə dəyişilir, taxt-tac əldən gedir. Lir adiləşir, insanlaşır. Şahlıq da cəlladlıq kimi qeyri-
təbii fəaliyyətdir: cəlladlıq insanı cismani cəhətdən məhv edirsə, şahlıq insanı kor edir. Cəlladlıq
– insana, məhəbbət hissinə yaddırsa, şahlıq – həqiqət hissinə yaddır.
Cəlladlıq – insanı insanlıqdan ayırırsa, şahlıq onu həyatdan ayırır.
Taxt-tac əldən getdikdən sonra Lir ayılır, qızı Kordeliyanın nəcibliyini dərk edir. Nanəcib ata
haqqında olan əsərdə şekspir insan nəcibliyini təsdiq etmişdir. “Nanəcib şahlara rast gələndə
insanlıqdan üz döndərmə. Nanəciblərin səbəbi insan təbiəti deyil, şahlıqdır”, – deyir.
İnsana inam mövcudluğun ilkin əlamətidir. Genişürəkli, möhtəşəm mavr Otello insanlara
inanır. O dərəcədə inanır ki, insanların arasında Yaqoların peyda olduğunu görmür, yəni
Yaqonun Yaqoluğunu hiss etmir. Yaqonun böhtanlarına inanır. İnanır və dəhşətə gəlir. Onun
dünyalar qədər sevdiyi, dünyalar qədər inandığı sevgilisi Dezdemona xəyanətkardır.
Deməli, həyatda heç kimə, heç nəyə inanmaq olmaz. Lakin inamsız yaşamaq olarmı? İnamsız
həyat ölüm deyilmi? Belə olduqda inamı bərpa etmək, xəyanətkarı öldürmək lazımdır.
Xəyanətkar qeyri-təbii insandır.
İnsanlıq, insan naminə Dezdemona məhv edilməlidir. Yaqo Otellonun çox dərin hisslərini
təlatümə gətirmişdir. Otello inamsız yaşamaz. Otello Dezdemonanı öldürəcək. Otello qatil
olacaq. Bir də dünyada xəyanətkarlar olmasın deyə. Bir də insana inam sarsılmasın deyə.
Dezdemonanın günahsızlığı sübut ediləndə Otello inamını bərpa edir.
Xəyanət baş verməmişdir. İnam itməmişdir. Otello rahat ölə bilər.
Soruşula bilər: necə olmuşdur ki, Otello kimi bir qüdrət Yaqo kimi naqisə inanmış, onun
kələyinə uymuşdur? Burada təəccüblü bir şey yoxdur. Genişürəkli insanların inamı da sonsuz
olur. Lakin Otello sadəlövhlüyü Yaqo fəhmindən müqayisə edilməz dərəcədə yüksəkdir.
Çünki Otello sadəlövhlüyünün arxasında təbiilik, Yaqo fəhminin arxasında isə sünilik durur.
Çünki sadəlövh Otello insana inam, “fəhmli” Yaqo isə insana şübhə fəlsəfəsini təsdiq edir.
İkisi də məhv olur. Biri inam cəngavəri kimi, o biri isə fitnə təcəssümü kimi.
...İnsan öz təbiəti etibarilə uca, ülvi, nəcib bir varlıqdır. Əgər o alçalır, eybəcərləşir, məhv
olursa, bunun səbəbini zəmanədə, qeyri-insani, qeyri-təbii qüvvələrin fəaliyyətində axtarmaq
lazımdır.
Şekspirin inam konsepsiyasının mənası bundan ibarətdir.
DON KİXOT İNAMI
Həyatda müxtəlif inam növləri vardir. Bunlardan biri də faciəvi komik inamdır.
Faciəvi komik inam insanın həyat haqqında təsəvvürlərinin həyata uyğun gəlməməsindən
yaranır.
Faciəvi-komik ianm məzmunsuz, bəsit, bayağı həyatın insan xəyalında gözəlləşdirilməsi,
ilahiləşdirilməsi, ideallaşdırılması zamanı meydana çıxır.
Faciəvi-komik inam insanın xeyirxah bir meylin əsirinə çevrildiyi zaman yaranır.
Bir ideyaya vurğun olan insan ətrafda ondan başqa heç nə görmür, o hər şeyə həmin ideyanın
gözüylə baxır.
Nəhayət, faciəvi-komik inam dövrün ülvi hisslərə, nəcib məqsədlərə yad olduğu zaman
yaranır. İlkin niyyətlərə gülməklə dövr özünə gülür.
Don Kixot cəngavərlik fikrinə düşmüşdür. Lakin dövrdə cəngavərlikdən, ülviyyətdən əsər-
əlamət belə qalmamışdır.
Cəngavərlik rəngarəng, möhtəşəm, sirli, əsrarəngiz həyat tərziylə bağlı olur. Bunlar həyatdan
silinmişdir. Zəmanədə cəngavər arzularının zirvəsi, məhəbbət, sədaqət və gözəllik timsalı
Dulsineya Tobosskalar yoxdur. Olsa-olsa, adi kəndli qızı Aldonso Lorenso vardır. Don Kixotun
yaradıcı xəyalı onu Dulsineya Tobosskaya çevirir.
Həyatda cəngavər silahdaşıyanı, qeyri-adi cəsarət və hünər timsalı adamlar yoxdur. Olsa-olsa,
Sanço Panso var.
Həyatda əbədi səfərə çıxan, məzlumları zalımların zülmündən xilas edən cəngavərlər yoxdur.
Olsa-olsa, Don Kexanalar vardır. Lakin xəyal Don Kexananı Don Kixota çevirir.
Volter deyirdi ki, “əgər allah yoxdursa, onu uydurmaq lazımdır”. Cəngavər həyatı, cəngavər
rəşadəti yoxdursa, onu uydurmaq lazımdır. Don Kixot onu uydurur və öz uydurmasına həqiqət
qədər inanır.
Don Kixot səfərə çıxır. Nə görürsə onun xəyalında qeyri-adiləşir, sirli məna kəsb edir, Don
Kixotlaşır.
Göyün üzünü buludlarmı bürümüşdür? Xeyr, düşmən ordusu Don Kixotun üzərinə yeriyir.
Buludlarla döyüşmək lazımdır. Traktirdə Don Kixotu qarşılayanlar fahişə qadınlardımı? Xeyr,
ismətli, sədaqətli, yüksək mənəviyyatlı xanımlardır. Onları əyyaşların pəncəsindən xilas etmək
cəngavərin müqəddəs borcudur.
Xanımlar Don Kixotun qəribəliyinə gülürlərmi? Xeyr, onlar Don Kixotu alqışlayırlar.
Qarşıda görünən yel dəyirmanları deyilmi? Xeyr, Don Kixotun qəddar düşmənləri –
cadugərlərdir. Onlara cəngavər qılıncının gücünü göstərmək lazımdır.
Furqonda gələn kişilər monax, qadın isə adi, orta yaşlı arvaddımı? Xeyr, qadın prinsessa,
kişilər isə onu qaçıran qara qüvvələrdir. Don Kixot misilsiz Prinsessanı qara qüvvələrin əlindən
xilas etməli, öz cəngavərlik vəzifəsini yerinə yetirməlidir.
Meşədə Don Kixotun qarşısına çıxan ovçulardımı? Xeyr. Don Kixotun əvəzsiz Dulsineya
Tobosskasını sehrləmiş şeytanlardır.
Hadisələr Don Kixotun arzuladığı kimi cərəyan etmirsə də o, inamını itirmir. Dulsineya
Tobosskaya onun gözünə bəzən adi Aldonso kimi görünəndə, Don Kixot bunu cadugərlərin sehri
ilə əlaqələndirir.
Don Kixot üçün idealına uyğun gəlməyən heç bir şey yoxdur. Buna görə də həyat Don Kixot
xəyalında gözəlləşir, cazibədarlaşır, rəngarəngləşir.
Eyni zamanda həyat ona gülür. Lakin Don Kixota gülməklə o, ən çox özünə gülür.
Əgər həyatda ən ülvi, ən təmiz niyyətlər gülüncdürsə, deməli, həyat öz mahiyyətini itirmişdir.
Əgər həyatda Don Kixotlar lazımsız adamlara çevrilmişsə, deməli, həyat sönmüşdür.
Əgər Don Kixot niyyətləri dəlilik kimi qiymətləndirilirsə, deməli, həyatda soyuq ürəkli,
qanadsız, yarımçıq, cılız arzulu adamlar hökm sürürlər.
Əgər Don Kixot xeyirxahlığı, ülviliyi, nəcibliyi, munisliyi uydurmalı olursa, deməli, dövr bu
hisslərə yaddır.
Əgər cəngavər Don Kixot əsərin axırında yenidən adi, normativ Kexanaya çevrilirsə, deməli,
bəsitlik, bayağılıq qanunauyğun bir hadisə olmuşdur.
Deməli, zəmanədə Dulsineyaları Aldonsolar, Don Kixotları Kexanalar əvəz edir. Lakin dəli,
gülünc Don Kixot nə qədər işıqlı, ağıllı, normativ, Kexanalar isə nə qədər sönükdür! Don
Kixotun süqutunu göstərməklə yazıçı Don Kixotların yer üzündən silindiyini sübut etmək
istəmişdir. Lakin Don Kixot yenə də səfərdədir. Ona gülürlər, onu daşa basırlar. Lakin yolundan
döndərə bilmirlər. Çünki onsuz dünya zülmət gecəyə bənzəyərdi.
BETHOVEN İNAMI
(Kədərdən sevincə)
Tale qapını döyür. Harada olursansa ol, – o səninlədir. İnsan iradəsi bəzən sarsılır, ürəkdə
kədər, qorxu yaranır. İnsan bəzən sızıldayır, deyir: “Əl çək məndən, tale, səadətimin qənimi
olma”.
Ağır, zəhmli akkordlarda səslənən tale mövzusu daim güclənir, tündələşir, gərginləşir. Tale
insana meydan oxuyur. Bethoveni ömrünün bahar çağında kar edən tale.
Talenin təzyiqindən cana doyan insan, xatirələr aləminin şairanə anlarında nicat tapmağa
çalışır. Bir az rahat nəfəs almaq üçün. Bir az səadətə qovuşmaq üçün!
Lakin tale burada da onunladır. O buraya da daxil olmuş, öz heybətli simasını şirin xatirələr
dumanları arasında gizlətmiş və indi göstərir.
Kim olursansa ol, hara gedirsənsə get, hansı qapını açırsansa aç – tale səni gözləyir. Deməli,
talenin boğazından yapışmaq lazımdır. Deməli, insan öz-özünün xilaskarı olmalıdır. Deməli,
talenin atdığı əlcəyi yerdən götürmək lazımdır.
İnsan tale ilə əlbəyaxa vuruşa başlayır. Kədər melodiyaları – qələbə himni ilə əvəz edilir. Tale
məğlub olur. Kainat insanın qələbəsini alqışlayır. Ömrü boyu məşəqqətdən, mənəvi əzabdan
başqa bir şey görməyən Lüdviq van Bethoven insanlara sevinc bəxş edir.
ÜİTMEN İNAMI
Mən Üitmenəm! Ey insanlar tərəfindən təhqir olunan, cəmiyyətdən murdar ət kimi atılan
yazıq qadın. Əgər təbiət səni qəbul edirsə, mən səni niyə qəbul etməyim? Əgər güllər, çiçəklər,
otlar səni qəbul edirsə, mən səni niyə qəbul etməyim?!
Mən Üitmenəm! Ey məni tanımayan, ilk dəfə qarşılaşdığım naməlum yolçu. Mənim sənə
eyləyəcəyim məhəbbət dolu, ülfət dolu, mərhəmət dolu sözlər çoxdur.
Mən Üitmenəm, qocaların gözəlliyini, insan ağlının, bədənin təbiətlə yaratdığı ahəngi vəsf
edirəm. Təbiət nə yaradıbsa, o mənəm. Mən çöləm, çəmənəm, quşam, səhrayam, səmayam!
Bunların hamısı məndə cəmləşib. Mən insanam.
JANVALJAN İNAMI
İnsana məhəbbət üstə katorqaya düşmüş İnsan zülmət gecədə insanlar arasında özünə məskən
tapmır. Ona heç kəs qapı açmır. Çünki onun sifətində dustaqxana möhürü vardır. “Nəyə görə,
kimə görə dustaqxanaya düşmüsən”, – deyə soruşan yoxdur. “Dustaq olmusan, deməli, qanunu
pozusan”, – deyənlər var.
Belə anda insan amansız canavara dönər.
Belə anda onun sifətindən, gözlərindən insanlara sonsuz nifrət, sonsuz hiddət yağar.
Adi insani hörmətdən məhrum olan İnsan insanlığa inamını itirər. Lakin onun qarşısında
mehriban insan, nurani qoca dayananda, gözəl bir şəxsiyyət ona əziz bir qonaq kimi nəvaziş,
hörmət göstərəndə İnsan yenidən insana çevrilər, İnsana inamını yenidən bərpa edər.
Bu müqəddəs İnsan ona adi və ülvi bir inam təlqin edər.
“İnsanı ən böyük bir sərvət kimi qiymətləndirmək lazımdır. Əsil insan özündən çox başqasını
düşünməlidir”.
Nə yaxşı ki, bu zülmətli gecədə, bu biganə, daşqəlbli adamlar içərisində Janvaljan insanlıq
timsalına rast gəldi.
Nə yaxşı ki, yüz min insanabənzər məxluq arasında bəzən bir nəfər insana rast gəlirsən. Belə
insanlar şəxsi mahiyyətlərindən kənara çıxaraq, rəmzi məna kəsb edirlər. Onlar öz mövcudluqları
ilə sanki sübut edirlər ki, insan hələ İnsan olaraq qalır. Bəşəriyyət hələ iflasa uğramamışdır.
Belə insanlardan biri Janvaljanı insan, özü də kamil bir insan etdi.
Bundan sonra Janvaljan öz işığıyla işıqlanan insanpərvərliyə xidmət edəcəkdir. Bundan sonra
Janvaljan bir həqiqətə – insana məhəbbət hikmətinə xidmət edəcəkdir.
Öz yeni əqidəsinə sonsuz inam bəsləyən Janvaljan insanpərvərlik imtahanından şərəflə çıxır.
Birinci imtahan:
Janvaljan şəhərin nüfuzlu, hörmətli meridir. Bu hörməti o, öz qabiliyyəti, əməyi sayəsində
qazanmışdır. Əvvəlki həyatla vidalaşmış, hətta adını da dəyişmişdir. Lakin əzazil zor qanunu
Janvaljanı unutmamışdır.
Zahirən Janvaljana bənzəyən bir adam həbs edilmişdir, onu edam gözləyir. Əgər Janvaljan
ədaləti bərpa etmək istəməsəydi, heç bir kəs onu günahlı saymazdı.
Lakin günahsız adamın qətl edilməsi insanpərvərliyə ziddir. Ona görə də Janvaljan
məhkəmədə həqiqəti söyləyir və özünü qanunun ixyitarına verir.
İkinci imtahan:
Janvaljanın Javer adlı antipodu, düşməni vardır.
Janvaljan insana, Javer isə qanuna pənah gətirmişdir. Janvaljan – “İnsan hər şeydir, Javer isə –
“Qanun hər şeydir” əqidəsinə xidmət edir.
Janvaljan İnsan üçün özünü unudursa, Javer Qanun üçün İnsanı unudur.
Janvaljan “Qoy hər şey məhv olsun, təki İnsan xilas olsun” prinsipinə əsaslanırsa, Javer “Qoy
hər şey məhv olsun, təki Qanun təsdiq edilsin” prinsipinə əsaslanır.
Javer Janvaljanın əlinə keçib. Janvaljan inqilabi tribunalın əmrinə əsasən Javeri
güllələməlidir.
Javer ölümü gözləyir. Dəqiqələr keçir. Lakin qətl mərasimi uzanır. Bu nə oyundur? Xeyr,
oyun deyil. Janvaljan yoxdur. Janvaljan düşmənini xilas etmişdir.
Bununla o, Javeri sarsıtmış, öldürmüş, didib-parçalamışdır. Demişdir ki, dünyada sən bədbəxt
Javerin pərəstiş etdiyi zor qanunlarından başqa, qəlb qanunları da vardır. Sən, Javer bir
heçliksən! Dünyada sənin görmədiyin, duymadığın ülvi kəlamlar, həqiqətlər var. Ömrünü çox
iyrənc bir ideala həsr etmisən. Sənin idealın qəlbində yaranan şübhənə tab gətirə bilməz. Bu
şübhəni qəlbində kimsə yaratmalıydı. İndi öz gününə ağla. Ömür nəyə həsr edilib, nəyə qurban
verilib?
Javer intihar edir. Humanizm böyük, ibrətamiz bir qələbə çalır.
Nə qədər ki, həyatda böyük, yaxud kiçik Janvaljanlar var – yaşamağa dəyər.
QORİ İNAMI
İnsan – vüqarlı səslənir! Ona rəhm eləmək, onu alçaltmaq deməkdir!
Əgər sən özünə lazım deyilsənsə, kimə lazımsan? Lakin əgər yalnız özünə lazımsansa, sən
kimsən?
İnsana məhəbbət – qeyri-insani həyata nifrət deməkdir. Əgər düşmən təslim olmursa, onu
məhv etmək lazımdır.
Dünyada ən böyük düha – xalqdır.
III. ŞÜBHƏ METAMORFOZALARI
MÜDRİK ŞÜBHƏ
Sənət tarixini xəyalımızda canlandırarkən gözümüzün qabağında böyük bir şübhələnənlər
silsiləsi dayanır.
Onları şübhəyə salan nədir? Şübhə nədən doğur?
Acizlikdən, ləyaqətsizlikdən, yoxsa ləyaqətdən, müdriklikdən?
Özü haqqında heç bir şey bilməyən, bu cəhətdən avam olan çar Edip rahat, firavan həyat
sürürdü. Onun təbiəti – zəmanəyə həmahəng idi. İnsan ilə dünya bir-birinə qovuşmuş, canbir
olmuşdur.
Çar Edip dünyanı sevirdi. Dünya onu şahlıq taxtına çıxarmış, möhtəşəm bir sima etmişdi.
Lakin ucalıqda dayananlar da gec-tez acı həqiqəti bilməli olurlar. Həqiqət isə ondan ibarətdir ki,
çar Edip bilmədən, istəmədən, Zevsin iradəsiylə dəhşətli, görünməmiş bir cinayət etmişdir:
atasını öldürmüş və anasıyla evlənmişdir.
Dünya çar Edipin mehriban dostu yox, ikili düşməni imiş. Bu həqiqəti görən göz kor olur.
Budur naşı inamın törətdiyi faciə. Budur müdrik şübhənin qüdrəti!
Bədbəxt, fənalı, kor Edip şən, firavan Edipdən müqayisə edilməz dərəcədə yüksəkdir. Çünki
həqiqəti dərk etmişdir.
İnam onu həqqiətdən uzaqlaşdırmışdısa, şübhə onu həqiqətə yaxınlaşdırırdı.
Kor Edip dünyanı gördü.
Bu ailədə dörd nəfər adam yaşayır. Onlardan üçü sakit, rahat həyat sürür. Çünki onlar
düşünüb-daşınmadan allaha xidmət edirlər. Düşünüb-daşınmadan hər gün əllərini göyə
qaldıraraq, ali qüvvəyə öz məhəbbətini izhar edirlər.
Lakin dördüncü düşünür. Düşündükcə şübhə qəlbinə hakim olmağa başlayır.
Əgər allah zəkalıdırsa, niyə insanların ağıllı olmasından qorxdu və Adəm ilə Həvvanı
cənnətdən qovdu? Əgər allah ədalətlidirsə, niyə o, valideynlərin intiqamını övladlardan alır,
onların həyatını cəhənnəmə döndərir?
Əgər allah mərhəmətlidirsə, niyə özü ölməz ola-ola insanları ölməyə məhkum etmişdir.
Deməli, allah pərəstişə, hörmətə layiq deyil. Deməli, allaha olan inam – saxta inamdır.
Bayronun, Kain faciəsinin qəhrəmanı şübhələnir.
Bu şübhə onu bütün insanlara qarşı qoyur. Bu şübhə onu tənha bir insana çevirir. Çünki
düşünənlər azdır. Şübhə Kaini kamil edir və bəşəriyyətə düşmən edir.
Kainin allaha yağdırdığı nifrət insanları dəhşətə gətirir. Allaha əli çatmayan Kain qardaşı
Aveli öldürür.
Şübhə onu qatil edir. Kaini bəşər aləmindən qovurlar. Hər yerdə o, nifrətlə, hiddətlə
qarşılanır.
Onun sifətində qatil möhürü var, Kain möhürü var.
Şellinin məsum və munis qəhrəmanı Beatriça atası Çençini allahın kölgəsi hesab edirdi. Lakin
ata övlad qatili olduqda, qızının namusuna təcavüz etdikdə inam şübhəyə, özü də tək atasına
qarşı yox, allaha qarşı da böyük şübhəyə çevrildi.
İnamını qəlbindən qopardığı üçün, inamsız yaşamaq mümkün olmadığı üçün atasını məhv
edir.
Mopassanın Jannası məhəbbəti həyatın bəxş etdiyi ən müqəddəs bir varlıq sayırdı. Hansı
cəmiyyətdə yaşadığını dərk etmirdi. Lakin əri Jülyenlə rastlaşandan sonra onun qəlbində şübhə
baş qaldırmağa başladı. Bu şübhə hələlik Janna duyğularına tam hakim deyildi. Onun inam
ümidi olan anası vardı. O, Jannanın nəzərində səadət timsalıdır. Lakin anasının ölümü Jannaya
daha dəhşətli bir həqiqəti açıb göstərir. Onun anası da başqaları kimi ərinə xəyanət edirmiş. Bu,
deyilməsi vacib olan həqiqət idi. Qoy, Janna onu yana-yana içsin. Lakin müdrik şübhə gec-tez öz
hökmünü verməli idi. Yoxsa insanlar nə həyatı, nə də özlərini düzgün dərk edə bilməzdilər.
Ölülər aləmində yaşayan və çiynində ağır xalq dərdi daşıyan İskəndər də müdrik şübhə
timsalıdır.
O, hamının inandığı bir qüdrətə şübhə edir. Ona görə də çoxunun nifrətini qazanır.
İskəndər müdrik olduğu üçün kefli, yalqız, faciəvidir. Lakin möhtəşəmdir.
Gördüyümüz kimi, müdrik inam faciəli səslənir. Lakin eyni zamanda əzəmətli səslənir.
Elxanın “yoxdur allah” nidaları kimi. Çünki müdrik şübhə həqiqətin əkiz qardaşıdır.
MEFİSTOFEL QƏHQƏHƏLƏRİ
Siz busunuz! Qardaş qardaşın xainliyini çəkir. Onun xoş gününə dözmür. Qəlbini sarsıdan
xəbis bir hissdən özü qorxuya düşür. Mefistofel gülür.
Siz busunuz! Ailə dostu sayılan bir şəxs ev sahibinin namusunu ləkələyir. Bundan sonra
etibardan, sədaqətdən dəm vurursunuz.
Siz insanların həyatına heyvanlar da inanmırlar. Aliminiz heyvanları insanlara döndərmişdi.
Onları xoşbəxt etmək üçün. Lakin insan olandan sonra heyvanlar üsyan etdilər...
“Yenidən heyvana çevirin bizi” – deyə fəryad etdilər.
Mefistofel qəhqəhə çəkir:
Budur həyatınız. Qardaş az qala bacısı ilə yaşamışdı. Həyat sizi necə müdhiş hadisələrlə
qarşılaşdırır, sizi necə bir-birinizdən didərgin salır!
“ha-ha-ha”.
“Qadın – mələkdir”, – deyirsiniz. Qısqanclıq üzündən balalarını doğrayan Medeya yadınızdan
çıxıbmı?
“Kişi – qəhrəmandır”, – deyirsiniz. İradə, mətanət, zəka timsalıdır. Ehtiraslarını cilovlaya
bilməyən, təbii həyatdan, sevimli göyərçinindən ayrılaraq fahişə Ancellərin əsarəti altına düşüb,
məhv olanları niyə xatırlamırsınız?
Mefistofelin qəhqəhə səsi dünyanı tutmuşdu.
XX ƏSRİN MEFİSTOFELLƏRİ
– Nadan insan, bilmirsən ki, həyatda məqsəd axtarmaq müşkül işdir? Bilmirsən ki, təbiət səni
daşlar kimi, qoyunlar kimi, torpaq kimi heç bir məqsəd üçün yaratmayıb? Mən daş deyiləm,
torpaq deyiləm, qoyun deyiləm. Mən onlar kimi sadəcə yaranıb ölmək üçün doğulmamışam
deyirsən. Bütün bədbəxtliklərinə səbəb elə bu iddia deyilmi?
Bilmirsən ki, taleyin çox hiddətli, nifrətli şər qüvvələrin iradəsindən asılıdır?
Bilmirsən ki, dünya məhəbbətdən yox, qəzəbdən yaranmışdır? Səadəti sənə kim vəd etmişdir?
Təbiətmi?
Səadət iddiası sənə həyatda nə verib?
Hansı arzuna çatmısan? Hansı arzun həyata keçəndən sonra səndə ikrah hissi oyatmayıb?
Gənclikdə sevdiyin bir qızı mələk sayır, onsuz keçən ömrü ölüm hesab edirsən. Lakin onu
özünə arvad edəndən sonra...
Nə qədər ki, arzu hələ xəyaldır – o, cazibədardır, gözəldir.
Dostluqdan, qəhrəmanlıqdan, fədakarlıqdan ehtirasla danışırsan. Lakin anlamırsan ki, bunlar
hamısı eqoizmin pərdələnmiş formasından başqa bir şey deyil. Başa düşmürsən ki, ən yaxın
dostun sənin müvəffəqiyyətindən xəbər tutanda ağlına gələn ilk söz “kaş bu xoşbəxtlik mənə
nəsib olaydı” fikridir.
Lakin o, hissini büruzə vermir, “sevincinə şərik olur”, hətta səni bağrına basıb öpür.
Sən isə sevincindən məst olaraq onun sifətindəki mürəkkəb ifadəni sezmir, “nə gözəl dostum
var”, – deyə düşünürsən.
Bəlkə də hər şeyi anlayırsan, lakin tənhalıqdan qorxduğun üçün şübhəni büruzə vermirsən,
“dostluğunu” davam etdirirsən. Əlacın nədir?
Mənə elə bir qəhrəman göstər ki, onun qəlbində şöhrətpərəstlik alovu yanmasın. Hər şeydən
artıq özünü düşünməsin.
Məhəbbətdən isə heç danışmağa dəyməz. Mənə elə qadın göstər ki, ağır xəstəliyə düçar
olmuş, yaxud əlini, ayağını itirmiş ərinin ünvanına heç olmazsa ürəyində: “gör mənim bəxtimə
kim çıxdı” deməsin.
Əgər doğrudan da, ağıllısınızsa, niyə hisslərinizi dərindən təhlil etmirsiniz. Bəlkə qorxursunuz
ki, onda özünüzə nifrət edər, yaşamaq istəməzsiniz.
– Tanıdım, tanıdım səni. Pessimist cildinə girmiş Mefistofelsən.
– “Dünyada yaşamağa layiq olan yalnız qeyri-adi insanlardır. Meymun insanın müqabilində
nədirsə, adi insan da qeyri-adi insanın müqabilində odur”.
Qeyri-adi insan olmaq üçün adiliyi aradan qaldırmaq lazımdır. Bu o deməkdir ki, insana xas
olan bütün hissləri ürəyindən qoparıb atmalısan. Onlardan birincisi, mərhəmət hissidir. Bu hiss
insanı acizləşdirir, cılızlaşdırır, sentimentallaşdırır.
Əgər sən ananın tabutu üzərindən sakit adlaya bilmirsənsə, səndən qeyri-adi insan çıxmaz.
Qeyri-adi insan zəif, əlillər nəsli yetirən vicdan hissinə də qalib gəlməlidir.
Dünya vəhşi meşəni, cəngəlliyi xatırladanda əzəmətli olur. Burada, bu qladiator meydanında
güclü gücsüzü əzib sıradan çıxarmalıdır.
Şirin quzunu parçalamasında çox ali bir şeiriyyət var.
Gücsüzə rəhm etmək, ona əl uzatmaq dünyanı acizlərlə, biçarələrlə doldurmaq deməkdir!
Ən böyük şeiriyyət şər timsalı olan qaranlıqdır. Qaranlığı şərab kimi içmək – əvəzedilməz bir
səadətdir.
– Tanıdım, tanıdım səni. Nitsşe qiyafəsi geymiş Mefistofelsən.
– Hər bir mədəniyyət orqanizmə bənzəyir. Onun yaranma, inkişaf və süqut dövrləri vardır.
Avropa mədəniyyəti öz süqut dövrünə qədəm qoyub. İndən sonra meydana gələn hər bir mədəni
hadisə həmin süqutun nişanəsindən başqa bir şey olmayacaq. Biz ölümə doğru gedən bir dövrdə
yaşayırıq.
– Tanıdım. Tanıdım səni. Şpenqlerlik libasında Mefistofel.
– İnsanlıq yunan mifinin qəhrəmanı Sizifə bənzəyir. O, ömrü boyu uca bir qayaya daş
qaldırmaqla məşğuldur. Lakin daş qayanın başına çatarkən aşağı yuvarlanır və Sizif yenidən öz
əbədi işinə başlayır. İnsan həyatında heç bir tərəqqi yoxdur. Heç bir nəticə verməyən əziyyətli,
məşəqqətli, əbəs cəhd vardır. Çünki ictimai həyat insana qarşı çevrilmiş müdhiş bir qüvvədir. O,
insanın bütün arzularını, niyyətlərini puç edir.
İnsan illər boyu kiçik səadət evi tikir. Lakin bu ev bir anda boşluğa çevrilir. İctimai həyat
mənəvi cəhətdən də insana düşməndir. O, insanı istədiyi kimi yox, istənilən kimi düşünməyə,
hiss etməyə, fəaliyyət göstərməyə vadar edir.
Tutalım ki, biri ictimai yerə getmişdir. Burada onun sevmədiyi, nifrət etdiyi adamlar çoxdur.
Lakin o, nifrətini gizlətməli, sifətinə məmnun bir ifadə verməli, özünü elə aparmalıdır ki, guya
burada həmin adamları görmək ona sonsuz səadət gətirir.
Yəni o, burada aktyorluq edir. İnsanlar tədricən bu aktyorluğa alışır və bunu aktyorluq hesab
etmir.
Lakin insanın əbədi faciəsi tək bu deyil. İnsan başqasıyla heç vaxt daxilən qovuşa bilmir.
İnsan heç vaxt başqasının qəlb kitabını oxuya bilmir. Nəhayət, vaxt gedir və ölüm insanı öz
ağuşuna alır. Ölüm haqqında düşünən insanı dəhşətli təlaş, qorxu bürüyür.
Bu hiss qəlbin dərin güşəsinə çəkildikdə belə insanı titrədir, həyatının heçliyini daim təsdiq
edir. İnsan anlayır ki, yaşamğa başlamaq ölümə hazırlaşmaq deməkdir.
– Tanıdım, tanıdım səni. Ekzistensializm qiyafəsində Mefistofel.
– İnsanın faciəsi anadan olduğu gündən başlayır. O, qəlbində, damarlarında heyvani
instinktlər daşıyan bir məxluq kimi doğulur. Erkən körpəliyində onun qəlbində iki qeyri-şüuri,
instinktiv ehtiras yaranır: seksuallıq və yırtıcılıq.
Seksuallıq onda anasına qarşı qeyri-şüuri və dərkedilməz şəhvani hiss, atasına qarşı rəqabət
oyadır. Buna
biz Edip kompleksi adı vermişik.
Yırtıcılıq, dalaşqanlıq, əlinə düşən şeyləri vurub dağıtmaq şəklində meydana çıxır.
Hər iki ehtiras azad və sərbəst şəkildə təzahür etməyə güclü meyil göstərir. Lakin sərt senzor
olan şüur, cəmiyyətdə bərqərar olan əxlaqi normalar onların təbii təzahürünə mane olur.
Qadağan edilmiş ehtiraslar daxili aləmin qaranlıq guşəsinə çəkilir və insanın psixi həyatında
qeyri-normallıq, nevrotiklik yaradır.
Dəhşətli və faciəli bir vəziyyət əmələ gəlir. İnsan öz daxili mahiyyətini tam aşkara çıxaranda
heyvan səviyyəsindən yuxarı qalxmır. İnsan öz daxili mahiyyətini gizlədəndə isə xəstəyə,
nevrotikə çevrilir.
Beləliklə də, heyvanlıq qeyri-şüuri elə ümdə xüsusiyyətini təşkil edir ki, bunlardan o, azad ola
bilmir.
Qəlbin dərin qatlarında gizlənmiş heyvani ehtiraslar bir gün daha qəti və çılğın şəkildə təzahür
edir. İnsan öz heyvani mahiyyətindən heç vaxt yaxa qurtara bilmir.
– Tanıdım səni. Freydizm qiyafəsinə girmiş Mefistofelsən.
– Sənətin ən böyük qəbahəti insan duyğularına təsir edib cəmiyyətə qarşı etiraz oyatmaqdır.
O bu təmayüldən əl çəkməlidir. İnsanlara biganə, qeyri-humanist əsərlər yaratmaq lazımdır.
Fikrimi aşağıdakı misalda aydınlaşdırmaq istəyirəm. Tutalım ki, bir adam can üstündədir. Onun
çarpayısının başında üç nəfər dayanmışdır: arvadı, həkim və rəssam. Qadın ərinin halına ürəkən
təəssüflənir... Həkim bir qədər təəssüflənməsə də, kədərlənməsə də xəstəyə qarşı tam biganə
deyil, həkimlik vəzifəsi ondan xəstəyə qarşı həssas olmağı tələb edir. Burada xəstənin halına tam
biganə olan adam – rəssamdır. Onu nə qadının kədəri, nə də həkimin səyi zərrəcə maraqlandırır.
Onu maraqlandıran bircə şey – ölü bənizinin hansı rənglərlə münasib şəkildə ifadə olunması
məsələsidir.
Həmin sənətkar qeyri-insani sənətin rəmzi hesab edilməlidir.
– Tanıdım səni. İspan filosofu Orteqa-i-Qasset qiyafəsinə girmiş Mefistofelsən.
– Həyatda müşahidə edilən əşyalar çox zahiri mənasız, mahiyyətsiz şeylərdir.
Real aləm sənətkar azadlığının qarşısında dayanmş bir maneədir. Bu maneəni aradan
qaldırmaq lazımdır. Konkretlik bəsit ideya yaradır.
Həyatda realistik baxış, faktların, hadisələrin zahiri əlamətlərini təsvir etməyi nəzərdə tutur.
Sənət – dünyanın mistik mahiyyətini dərk etməlidir.
Mücərrədçilik həyatda zahirən bir-birinə bənzəməyən hadisələrin, faktların komik vəhdətini
yaradır. Əgər bu vəhdəti hələlik adi insanlar dərk etmirlərsə bu təbiidir.
– Tanıdım səni. Abstraksionizm qiyafəsinə bürünmüş Mefistofelsən.
RİCƏT
Heyrətim gülünc olanda, qəlbim sakit, dinc olanda, min qanadlı, min vüsətli düşüncələr
ürəyimi tərk edəndə, mənə qadir şübhə gətir, ey müdriklik, ey ilkinlik, ey munislik, ey ülvilik!
Şübhəm sonsuz qəm olanda, şübhəm qəlbdə cəm olanda, insanlıqdan, idealdan, səadətdən yan
keçəndə, inamsızlıq bulağından su içəndə mənə dönməz inam gətir, ey müdriklik, ey ilkinlik, ey
munislik, ey ülvilik!
Qatil şübhəsi!
Faust inamı!
Dostları ilə paylaş: |