36
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2011
ƏDƏBİYYATŞÜNASLIQ
UOT 82.0; UOT 82:316.3; UOT 82(091)
CƏLİL MƏMMƏDQULUZADƏ
PUBLİSİSTİKASI VƏ MİLLİ ÖZÜNÜDƏRK
M.HƏSƏNOVA (Saraçlı)
Bakı Dövlət Universiteti
M.Hasanova@mail.ru
Məqalədə Cəlil Məmmədquluzadənin «Molla Nəsrəddin» jurnalında nəşr etdirdiyi
felyetonların xalqın milli şüurunun formalaşmasında oynadığı rol dəyərləndirilir. Burada
ədibin publisistikasına yeni təfəkkür kontekstində nəzər salınır, xalqın milli düşüncəsinin
təşəkkülünə Mirzə Cəlilin hansı xidmət göstərdiyi açıqlanır. Bir daha göstərilir ki, millətin
yaşaması üçün vacib olan milli ideologiyanın formalaşmasında C.Məmmədquluzadənin
publisistikasının da öz yeri, öz mövqeyi vardır.
Açar sözlər: ədəbiyyat, publisistika, milli özünüdərk, millət, felyeton.
Klassik Azərbaycan ədəbiyyatının parlaq simalarından olan C.Məmməd-
quluzadənin xalqın milli düşüncəsinin formalaşmasında xüsusi xidməti olmuş-
dur. Onun yaradıcılığını Vətən və millət anlayışlarından ayrı təsəvvür etmək
mümkün deyildir.
«Gözünü birinci dəfə açanda dünyanı qaranlıq görmüş» C.Məmmədqu-
luzadənin ictimai missiyası bu qaranlığı işıqlandırmaq, millətinə onun keçmi-
şini, soy-kökünü tanıtmaq və bu yolda yorulmadan mübarizə aparmaqdan baş-
qa bir şey ola bilməzdi. Öz kökündən (bioloji, fizioloji, sosioloji mənalarda)
ayrılan istənilən varlığın sonunun olmayacağını dərindən anlayan C.Məmməd-
quluzadə üçün millət və vətən anlayışı hər şeydən əvvəl dil ilə bağlı idi.
Ədibin öz düşüncələrinə kölgə salmadan qətiyyətlə deyə bilərik ki, dahilərin
«Milləti öz kökündən qoparmaq üçün onun dilini əlindən almaq lazımdır» kə-
lamı onu bütün yaradıcılığı boyu təqib etmiş, bir çox əsərlərini ana türk dilinin
saflığının qorunmasına, ədəbi dilin sadə xalq kütlələri arasında anlaşıqlı olma-
sına həsr etmişdir. Belə ki, Mirzə Cəlilin ən böyük idealları sırasında milli
dilin saflığı, Azərbaycan məmləkətinə məhəbbət, Bütöv Azərbaycan arzusu
kimi məqamlar aparıcı xətt təşkil edir (8, 25).
Vətən, onun bütövlüyü, millət və milli birlik, millətin geridə qalmasını,
37
dini xurafatın, ətalətin doğma vətənə vurduğu ölümcül zərbəni ən sadə detal-
larla oxucuya təqdim etmək Mirzə Cəlil əsərlərinin əsas qayəsi idi. Ədibin
«Sizi deyib gəlmişəm», «Azərbaycan», «İranda hürriyyət» və digər əsərlərində
ürək parçalayan millət və vətən yanğısı var. Ədib o kəsləri deyib gəlirdi ki,
«mənim sözlərimdən xoşlanmayıb bəzi bəhanələrlə məndən qaçıb gedirlər,
məsələn fala baxdırmağa, it boğuşdurmağa, dərviş mahnılarına qulaq asmağa,
hamamda yatmağa və cavabsız suallar bitib tükənməyəndə ədib öz-özünə sual
verirdi: «Bəs sən hardasan ay biçarə Vətən»?
C.Məmmədquluzadə üçün Vətən o taylı-bu taylı Azərbaycan – Bütöv
Azərbaycan idi. Lakin ədib yaşadığı dövrdə Bütöv Azərbaycanı deyil, ikiyə
bölünmüş Vətəni görəndə bunun səbəbini axtarırdı. «Millət» felyetonunda
ədib bu səbəbi aydın tapmışdı. Müəllif qərblə şərq arasında müqayisə apararaq
yazırdı ki, «biz azadlıq binalarımızın bünövrəsini əşxas üstündə tikdik, millət
üstündə tikmədik». Və bunun nəticəsində dövlət quruculuğunda millət əvəzinə
şəxs anlayışının irəlidə olduğunu qeyd edən müəllif avtoritar şəxsin idarəçilik
sistemini lənətləyirdi.
C.Məmmədquluzadə «Azərbaycan» məqaləsi ilə ədəbiyyatımızda türk-
çülük ideologiyasının, Azərbaycanın bütövlüyü ideyasının, milli özünüdərkin
vacibliyinin əsasını qoymuşdur. «Azərbaycan» məqaləsi xalqımızın müstəqil
və demokratik dövlət quruculuğu prosesindəki ümummilli vəzifələrin publisist
tərcümanı carçısı, vətəndaş harayının ifadəsidir. «Azərbaycan» məqaləsi Azər-
baycan coğrafiyasının vətəndaş Cəlil Məmmədquluzadənin mahir qələmi ilə
çəkilmiş nadir publisist xəritəsidir (7, 25). Məlumdur ki, milli özünüdərkə
millətinin dilinin, ərazi bütövlüyünün, milli ruhun təhlükədə olduğu məqam-
larda daha çox ehtiyac duyulur. XIX əsrin sonu XX əsrin əvvəllərindəki bu
xüsusiyyətlər qabaqcıl görüşlü ziyalıları, amalı yalnız millətə xidmət etmək
olan qələm sahiblərini özünüdərk və milli ideyaların təbliği sayəsində
fəaliyyətə sövq edirdi.
Hələ lap qədim dövrlərdə ulu babalarımız özlərini tayfa və tayfa birliyi
formasında dərk edirdilər. İslamlaşma dövründə milli özünüdərketmə, dini
özünüdərketmə ilə eyniləşdi. Təsadüfi deyil ki, XIX əsrin ortalarına qədər və
bəzən sonralar da milli mənsubiyyət kimi «müsəlmançılıq» , dil mənsubiyyəti
kimi isə «müsəlman dili» işlədilirdi.
XIX əsrin axırı XX əsrin əvvəllərində maarifçi ziyalıların dəyərli fəaliy-
yətləri ilə milli adımızın müsəlman və ya tatar deyil türk olduğu təsbit edildi.
1918-ci ildə milli özünüdərketmə formulu dövlət statusu aldı və müstəqilliyini
yenidən qazanmış dövlətimiz bayrağında bunu əks etdirdi.
C.Məmmədquluzadə yaradıcılığında milli özünüdərk məsələsinə aşağı-
dakı aspektlərdən yanaşılması məqsədəuyğundur.
1) vətənin tarixi əsası bütövlüyü;
2) vətənə əsil vətəndaş məhəbbəti;
3) vətəni sivil görmək arzusu;
4) vətəndaş hüquqsuzluğunun aradan qaldırılması istəyi.
38
Dahi yazıçını Azərbaycanın tarixi-ərazi bütövlüyü bütün yaradıcılığı bo-
yu düşündürmüş, əsərlərinin bir çoxunda bu mövzuya toxunmağa sövq etmiş-
dir. «Azərbaycan» məqaləsindəki Vətənin ədəbi-bədii-coğrafi xəritəsi onun
taylı-bu taylı Bütöv Azərbaycan sevdalısı olduğundan xəbər verir. Əsərlərinin
təhlilindən də aydın olur ki, C.Məmmədquluzadə üçün milli özünüdərk Vətə-
nin bütövlüyü ilə vəhdət təşkil edir.
C.Məmmədquluzadənin publisistik yaradıcılığının böyük ideallarından
biri Azərbaycan məmləkətinə vətəndaş məhəbbəti yaratmaqdır. Belə ki, ədibin
elə əsərləri vardır ki, onlara dəfələrlə müraciət etmək lazım gəlir. Bu mənada
«Azərbaycan» felyetonuna diqqət etməyimiz yerinə düşər.
«Ah, unudulmuş Vətən, ah, yazıq Vətən» sözləri oxucunun diqqətini
Vətənin niyə unudulduğuna və niyə yazıq olduğuna yönəldir. Felyetondan çıxan
əsas nəticə budur ki, dəyişən, yeniləşən dünyada hər millətin milli müqəddə-
ratını təyin etdiyi bir vaxtda mədəni inkişafdan geri qalmaq millətin faciəsidir.
Digər tərəfdən milli burjuaziyanın millətinə xidmət etməsini birinci
vəzifə sayan ədib, «Quli-biyabanlar» adlı felyetonunda digər millətlərlə öz
milləti arasındakı fərqi müqayisə edib yazırdı: «Özgə millətlər içində bir
dövlətli öz dövləti ilə millətinə xidmət eləməsə, ona etina və hörmət eləməzlər.
Bizdə isə əksinədir».
Mirzə Cəlilin ən böyük arzularından biri Azərbaycanı sivil görmək arzu-
su olmuşdur. Vətənin və vətəndaşın sivilliyi milli özünüdərkin əsasıdır. Mirzə
Cəlilə görə sivil dünyaya qaynayıb-qarışmadan, dünyəvi elmlərə yiyələnmə-
dən sivil dövlətlər sırasına qoşulmaq mümkünsüzdür.
Bu cəhətdən yazıçının «Müsəlman içində gördüklərim» və «Meşədə
gördüklərim» felyetonları səciyyəvi xüsusiyyətləri ilə seçilir.
Mirzə Cəlil yaradıcılığında Vətən və millət anlayışından danışarkən
onun 1909-cu ildə Molla Nəsrəddin jurnalında çap etdirdiyi «Necə qan ağla-
masın daş bu gün» felyetonuna diqqət yetirməyimiz vacibdir. Hər cür mövhu-
mata qarşı mübarizə aparan ədib cəhaləti, geriliyi, «dini xurafat xəstəliyini»
dini dünyagörüşün özü ilə (ilan sancmanı ilan zəhəri ilə) müalicədə görürdü.
Vətən onun düşdüyü acı vəziyyət, vətəndaşın vəzifəsi, onun vətən qarşısındakı
borcu, ən əsası ikiyə bölünmüş «Azərbaycan matəmgahı»nı gözlər önünə
sərmək – bu idi əsərin əsas qayəsi. «Bu gün Kərbəla meydanı Azərbaycandakı
Vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən
hissi varsa oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pulla-
rımız varsa – gözümüz qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı
durur». «Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meyda-
nıdır» fikri üstündən illər keçməsinə baxmayaraq bizi bir an da olsun tərk
etməməlidir, milli özünüdərkin konsepsiyasına çevrilməlidir.
Ən böyük ibadəti Vətənə xidmətdə, vətənpərvərlikdə görən ədib, on
dörd əsr əvvəl baş vermiş faciə ilə öz dövrünün Azərbaycan reallığı arasında
müqayisə aparır və belə nəticəyə gəlir ki, bugünkü Azərbaycanda baş verənlər
Kərbəla hadisəsindən geri qalmır və Cənubi Azərbaycandakı hadisələri xatırla-
39
yıb qeyd edir ki, «köməksizlik ucundan ola bilər ədalət tərəfi basılsın. O vaxt
milyonlarca məzlumun dadü fəryadı bugünkündən artıq göylərə qalxacaqdır»
(7, 7). bu il vətəndaş qeyrəti, vətəndaş harayı idi.
Ədib türk xalqının düşdüyü acı həyatı, geriliyi, mövhumatı təkcə müşa-
hidə etməklə kifayətlənmir, vəziyyətdən çıxış yolu axtarırdı. «Çarə lazım» fel-
yetonu məhz bu məqsədlə yazılmışdı. «Lazımdır təqlid etmək o millətləri ki,
maarif və mədəniyyətcə bizdən qabağa gediblər… lazımdır onları qana-qana
təqlid etmək». C.Məmmədquluzadə millətinə iki yoldan birini seçməyi məsləhət
görürdü: «Ya mədəni millətlərin məqamına özümüzü yetirmək niyyətindən əl
çəkmək, ya da onların əxs etdiyi maarif və mədəniyyəti onlardan təlim almaq».
21 oktyabr 1922-ci ildə «Yeni yol» qəzetində nəşr etdirdiyi «Möhkəm
iplər» adlı felyetonunda xalqın savadlı nümayəndələrinin millətin rifahı üçün
göstərdikləri fəaliyyəti qeyd etməklə yanaşı, onların çəkdikləri zəhmət və xərci
ilə getdikləri yolun, məsafənin və nəticənin tərs mütənasib olduğuna təəs-
süflənmişdir. «Biz gördük ki, bizdə çırpınmaq və hərəkət var, amma bərəkət
yoxdur». Və ədib haqlı olaraq bunun səbəbini zamanı geriyə bağlayan ərəb
əlifbası «ipində» görürdü. «Bunlar bizim mədəniyyət bağına çatıb, onun şirin
və dadlı meyvələrindən faydalanmağa qoymurlar və qoymayacaqlar».
C.Məmmədquluzadənin 7 may 1921-ci ildə nəşr etdirdiyi «Tüstü» fel-
yetonu isə özünəməxsus orijinallığı ilə seçilir. Felyetonun adı və girişi başqa
mətləblərdən xəbər versə də sonradan məlum olur ki, əsas məsələ mənəviyya-
tımızı və ruhumuzu bürümüş tüstüdür: «… mənəviyyatda mövhumat tüstüsü,
ruhda və qəlbdə kəsafət tüstüsü. Kiçik bir felyetonda o, daha da maraqlı, -
insan həyatının mənasına münasibətini bildirir: «dünya yaşamaq deyil ibarət
ondan ki, səhər dükana gedib, axşam abu qüstü yeyib yatasan».
Mirzə Cəlil bu felyetonunda millətin düşdüyü vəziyyəti sadəcə təsvir et-
məklə kifayətlənmir, eyni zamanda çıxış yolu da axtarırdı.
«Xülasə, millət tüstü içində boğulmaqdadır və boğula-boğula nicata
müntəzirdir.
- Kimdən?
- Hər bir vicdan sahibindən, hər bir vətən dostundan, hər bir növübəşərə
rəhmi gələnlərdən» - deyə fəryad edən yazıçı qeyd edirdi ki, əgər dadü – fər-
yada tez yetişilməzsə, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya.
ƏDƏBİYYAT
1.
Cəfərov Məmməd Cəfər – Cəlil Məmmədquluzadə. Bakı: Azərnəşr, 1966, 555 s.
2.
Əlimirzəyev X. Dahi sənətkar, böyük vətəndaş. Bakı: Elm və təhsil, 2010, 683 s.
3.
Həbibbəyli İ. Cəlil Məmmədquluzadə. Bakı: Şərq-Qərb nəşriyyatı, 1994, 350 s.
4.
Hüseynov F. Molla Nəsrəddin və Molla Nəsrəddinçilər. Bakı: Yazıçı, 1986, 277 s.
5.
Qarayev R. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988.
6.
Mir Cəlal. Klassiklər və müasirlər. Bakı: Azərnəşr, 1973, 296 s.
7.
Məmmədquluzadə C. Əsərləri, 4-cü cild. Bakı: Azərnəşr, 1985, 274 s.
8.
Məmmədov A. Cəlil Məmmədquluzadə yaradıcılığında Azərbaycançılıq. Bakı: Elm,
2003, 190 s.
40
ПУБЛИЦИСТИКА ДЖАЛИЛА МАМЕДГУЛУЗАДЕ И
НАЦИОНАЛЬНОЕ САМОСОЗНАНИЕ
М.ГАСАНОВА (Сараджлы)
РЕЗЮМЕ
В публицистике Джалила Мамедгулузаде исследуется роль фельетонов напеча-
танных в духе национального самосознания народа в журнале «Молла Насреддин». В
статье обращается внимание на публицистику Джалила Мамедгулузаде в новом контексте
мышления. Также в статье раскрываются работы Мирза Джалила в области формирова-
ния национального мышления народа. Мирза Джалил еще раз доказывает, что в жизни
народа имеет важное значение формирование национальной идеологии.
Ключевые слова: литература, публицистика, национальное самоутверждение,
народ, фельетон
JALIL MAMMADGULUZADEH’S PUBLICISM
AND NATIONAL SELF-CONSCIOUSNESS
M.HASANOVA (Sarajli)
SUMMARY
The research of ″Jalil Mammadguluzadeh’s publicism and national self-consciousness"
values the role of the feuilletons published in “Mollah Nasraddin” journal in the people’s
national consciousness. The author reviews Jalil Mammadguluzadeh’s publicism in the con-
text of new thinking and elucidates Mirza Jalil’s servies in the formation of the people’s natio-
nal thinking. It is noted that J.Mammadguluzadeh’s publicism has its own position and
place in the formation of national ideology which is important for the nation’s survival.
Key words: literature, publication, self-determination, national, foliation
Dostları ilə paylaş: |