-
Yox yerdən, - dedi, - şahzadə nəvəsi deyilsən, ağıllısan, buna söz yox...
İndi gedə bilərsən.
Gedər-gəlməz sürgünündən məni “səxavətim” xilas elədi.
- Mahrux xanım, Azərbaycanda bir çox məşhur nəsillər olub. Qacarlar
onların hansı ilə qohum idi?
- Elə bir ziyalı nəsil yoxdu ki, bizim Qacarlar onlarla qohum olmasın.
Nəslimizin nümayəndəsi neftçi Süleyman bəy Vəzirov zarafatla deyərdi ki, qarpızı
da kəsirsən, içindən tum əvəzinə Qacar çıxır. Mənim bildiyimə görə, məşhur
şairə Xurşud banu Natəvanın nəvəsi Ənbər xanım
Bəhmən Mirzənin oğlu Fətəli
Mirzənin arvadı olub. Yenə Natəvanın nəvəsi Ağbikə /
general-mayor
Mehdiquluxan Vəfanın qızı-Ş.N./isə general Rzaqulu Mirzənin oğlu Əkbər
Mirzə Qacarda ərdə olub.
Bəhmən Mirzənin böyük qızı Qızxanım, Məhəmməd Qasım ara Cavanşirin
arvadı idi. İkinci qızı Zari xanım isə məşhur tibb alimi Kərim bəy Mehmandarovun
həyat yoldaşı olub. Onun da nəvəsi məşhur neftçi-alim Süleyman Vəzirov idi.
Xurşid xanım Qacar isə məşhur alimpedaqoq, Qori Seminariyasının müəllimi
Səfərəli bəy Vəlibəyovun arvadı idi..
Heydərqulu Mirzə Qacarın qızı Rəhimə xanım məşhur maarifçi Bədəlbəy
Bədəlbəyovun həyat yoldaşı idi. Onların da oğlanları Əfrasiyab
və Şəmsi
Bədəlbəylilərdir.
Kazım Mirzənin oğlu Darab Mirzə, yəni mənim doğma əmim Amerikada
mühacirətdə olanda məşhur bir fransız ailəsinin qızı ilə evlənib. Onun da qızı
hazırda xaricdə yaşayır. Qacar soyadı ilə.
-
Məlum məsələdir ki, aradan yüz ildən çox bir vaxt keçir. Çox sağ olun ki,
Qacarlar sülaləsi haqqında bəzi faktları açıqlamaqda mənə yaxından kömək
etdiniz. Mahrux xanım, bunları kimdən, hansı mənbədən öyrənmisiniz?
- Əvvəla, mən bütün bunları özümə borc bilirəm. Və belə düşünürəm ki, hər
kəs öz nəslinin, öz xalqının tarixini bacardığı qədər öyrənməlidir. Yoxsa biz quru
yerdə qalarıq. Bunu mən balalarıma, nəvələrimə tövsiyə edirəm.
Sonrası da ulu babam Bəhmən Mirzənin sonuncu - on altıncı arvadı Afərin
xanım uşaq vaxtı mənə çox şeylər danışıb. O, yüz altı yaşında Bakıda vəfat etdi.
Nəql edərdiki. Bəhmən Mirzə Şuşaya köçəndən sonra şəhər əhalisi ilə daha yaxın
olmaq üçün bir qəssabın Püstə adlı qızına evlənir. Lakin Püstə adı şahzadəyə layiq
olmadığına görə dəyişib Afərin xanım edir. Nəslimiz haqqında çox şeyləri mənə
anam Mahbəyim xanım da danışıb. O,
Tiflisdə gimnazyda oxumuşdu, dörddil
bilirdi: fars, ingilis, Azərbaycan və rus dillərində sərbəst danışar və yazıb oxuyardı.
Mənim ali təhsilli həkim olmağımın səbəbkarı da anam olub.
Bir Faruq bəyim adlı bibim vardı. O, müdriklər müdriki idi. Əvvəlcə Tiflisdə
Qızlar İnstitutunu, sonra da Peterburqda Xarici Dillər Ali Kurslarını bitirmişdi.
1920-ci ildə Faruq bəyim Qacar Tiflisdəki Şeyx Nizami adına müsəlman ali ibtidai
məktəbində nəğmə və fransız dili müəllimi idi. Ondan da çox şeyləri öyrənmişəm,
görüb-götürmüşəm.
-
Sizdə ulu babanız şahzadə Bəhmən Mirzə Qacarın bir yadigarı varmı?
- Var. Bir nəticə kimi onları əzizləyib saxlayırdım. Amma bəzi qiymətli
yadigarlarını Azərbaycan Tarix Muzeyinə vermişəm. Ötən əsrin fransız səyyah-
rəssamının çəkdiyi “Şahənşahi İran-ibni səltənəti Azərbaycan” portretini muzeyə
təqdim etmişəm. Portretdə babam şahzadə Bəhmən Mirzə Qacar təsvir olunub.
Sonra babamın xəzinəsindən çıxan qızıl
sapla tikilmiş süzənini, kəşkülü, tirmə şalı,
əbrə şalı və başqa hədiyyələri muzeyə hədiyyə elədim ki, qoy xalqın malı olsun,
xalq görsün.
Vidalaşdım Mahrux xanımla. Yol boyu nələr düşündüyümü təsəvvür eləmək
çətindir. Bütün varlığımla bu səmimi, ziyalı anaya minnətdar oldum ki, xələf kimi
adlı-sanlı sələflərinin bioqrafiyasını gələcək nəsil üçün yaşadır. Amma bir şeyi də
acı təəssüf hissi ilə xatırladım. Xatırladım ki, Dikkens,
Viktor Hüqo, Fydor
Dostoyevski kimi klassiklər səfillərin, qumarbazların həyatını yazırdılar. Leskov
qaraçıların həyatını öyrənmək üçün on ildən çox qaraçılarla gəzib dolaşdı, vardan
yoxdan çıxdı. Axırda dədə-baba mülkünü də satdı. Maksim Qorki bir qarnı ac, bir
qarnı tox Rusiyanın geniş çöllərini dolaşıb rus muciklərinin həyatını öyrənib onları
qələmə aldı. Amma biz xalqımızın hərb, mədəniyyət, maarif tarixində danılmaz
xidmətləri olan ayrı-ayrı nəsillərimizin bioqrafiyasını yazmağı indiyədək
düşünməmişik. Düşünməmişik ki, soykökündün ayrılmaq öz tarixindən
uzaqlaşmaq, özünü tanımamaq deməkdir. Bu,
Qacarlar soykökünün yox,
Azərbaycan tarixinin bir səhifəsidir.
Bu famili daşıyan oğullar, qəvi düşmən torpağımıza göz dikəndə qılıncını
qurşayıb, kəhər atına sıçrayıb harayımıza gəlib, köməyimizə çatıb. Tariximizin
dərin qatlarından gələn bir səs deyir ki, bu soykökün Şahverdi xan Ziyadoğlu
/1552-ci illərdə yaşayıb/, İmamquluxan Qacar, Budaq xan Qacar, Qara Piri bəy
Qacar, Fətali şah,
Abbas Mirzə, Ağa Məhəmməd şah Qacar, Cavad xan
Ziyadxanoğlu kimi igidləri olub. Bütün fəaliyytəri boyu istər Abbas Mirzə, istərsə
də Cavad xan ruslarla muharibələr aparıb, ruslara düşmən kəsilib. Cavad xan
Gəncə uğrunda döyüşlərdə igidliklə həlak olandan sonra Qafqazda gürcü
korpusunun komandanı təyin edilən general-markiz Filipp Pualiççi 1812-ci il
fevralın 20-də öz rəqibi şahzadə Abbas Mirzəyə belə bir məktub göndərmişdir:
“Gürcüstanı və ona bitişik vilayətləri
idarə etməyə başlarkən mən
Yelizavetpolda /Gəncədə - red./ mərhum Cavad xanın qohum-əqrəbasına rast
gəldim. Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana
haqq qazandırıram. O, şəhəri müdafiə edərək, qəhrəmanlıqla həlak olmuşdur.
Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun
nəslindən olanların hamısına azadlıq verdim ki, İrana köçsünlər”.
XIX əsrin məşhur hərb tarixçisi, tam artilleriya generalı, akademik Nikolay
Dubrovin ömrü boyu Qafqaz və Krım müharibələrinin tədqiqatı iləməşğul olub. Bu
mövzularda silsilə əsərlər müəllifidir. O yazır:
“Cavad xan son dərəcə fəndgir və qisasçı, həmçinin ağıllı, hazırcavab və
sərt,
sözü ötən, çevik, siyasətçi, hər məqamda çətin vəziyyətdən çıxmağı bacaran
bir şəxsiyyət idi”.
Bu, iki eloğlu sərkərdəmizin mərdliyi haqqında düşmən etirafı deyilmi?
Bizim isə bunları unutmağımız, yazmamağımız ən azı milli-xəlqi
ətalətimizdir...
QACARLAR NƏSLİNDƏN