Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir
Erməni-daşnak millətçiləri və onların havadarları, az qala, bir əsrə yaxındır ki, hər il
uydurma "erməni genosidi" gününün bütün dünyada qeyd olunması üçün dəridən-qabıqdan çıxır,
öz yalanlarını bəşəriyyətə sırımağa çalışırlar. Bu yaxınlarda ABŞ-da Amerika yazıçısı Samuel
Viimsin "Ermənistan: terrorçu xristian dövlətinin sirləri" kitabı işıq üzü görmüşdür. Uzun illər
Londonda, Parisdə, Romada, İstanbulda, Moskvada və Vaşinqtonda aparılan tədqiqatların
nəticəsi olan, faktlara və sənədlərə istinadən ərsəyə gələn bu kitab 400 səhifədən ibarətdir.
Müəllif kitabında qeyd edir ki, mən erməni mənşəli amerikalıların 150 yaşlı "qədim" vətənlərini
mükafatlandırmaq üçün türklərdən, eləcə də, Amerika xristianlarından böyük məbləğdə pul
vəsaiti qoparmaq məqsədilə soyqırımı və qətllərlə bağlı uydurma və yalanlar yaydığını subut
edən faktlar aşkar etmişəm.
Dinar xristian olan Samuel Viims kitabında yazır ki, 1918-ci ildə kiçik bir ərazidə erməni
dövlətinin yarandığı vaxtdan o, qonşuları Gürcüstana, Osmanlı imperiyasına və Azərbaycana
qarşı torpaq iddiaları irəli sürməyə başlamışdır. Kitabda eləcə də tanınmış tarixçi alim Oqust
Karyerin fikri verilir. O, ermənilərin yalnız Nuh peyğəmbərin gəmisinin qalıqlarının Ararat
dağında tapıldığına görə guya ermənilər Nuh peyğəmbərin nəslindən olan Haykın törəmələri,
Şərqi Anadolunun isə başdan-başa erməni torpaqları olması barədə iddialarını rədd edir.
Beləliklə, ermənilərin mənşəyi barədə məlumatlar uydurmalara, daha dəqiq desək, ağ yalana
əsaslanır.
Amerika alimi kitabında Qarabağ problemi ilə bağlı qeyd edir ki, 1800-cü ildə Qafqaz
regionunda çox az sayda erməni tapmaq olardı. Rusiya mənbələrinə istinad edilərsə, Qafqaz
bölgəsinin Rusiyaya birləşdirildiyi dövrdə Qarabağda 90 min nəfər yaşayırdı. Orada böyük şəhər
və 600 kənd var idi. Onların 150-də ermənilər yaşayırdılar. Ancaq dağlılar zorla köçürüldükdən
sonra ermənilər burada üstünlük təşkil etdi. 1907-1912-ci illərdə Rusiya çarizmi yarım
milyondan çox ermənini İrandan və Osmanlı dövlətindən, əsasən müsəlman azərbaycanlılarının
yaşadığı Qars, İrəvan və Yelizavetpola (Gəncə) köçməsinə kömək etdi. Başqa sözlə, geosiyasi
mənafelər naminə Qafqazda demokratik dəiyşikliklər edildi. XX əsrin əvvəllərində Qarabağdan
çıxan bircə yol var idi. O da, Bakıya gedirdi. Ermənistana isə heç bir yol yox idi. Təkcə bu fakt
çox şeydən xəbər verirdi. Bəlkə, elə buna görə hətta bolşeviklər də etiraf etmişdilər ki, Qarabağ
həmişə Azərbaycan torpağı olmuşdur.
1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarından
biri İrəvanın, (Yerevan) siyasi mərkəzi olmayan Ermənistan Respublikasına verilməsi idi. O
zaman yalnız İrəvan və Eçmiədzin (Üç kilsə) rayonlarından ibarət Ermənistanda cəmi 400 min
əhali yaşayırdı. Zaman göstərir ki, İrəvanın verilməsi gənc Azərbaycan Cümhuriyyətinin
bağışlanılmaz səhvi idi və onun nəticələri hələ də özünü göstərməkdədir.
Hazırda "soyqırımı" haqqında car çəkən ermənilər de-fakto vətəndaşı olmadıqları - çünki
Vətən xainləri ölkə vətəndaşları sayıla bilməzlər, - de-yurə vətəndaşı hesab etdikləri Osmanlı
imperiyasına qarşı öz qeyri-loyal və xəyanətkar münasibətləri barədə bir kəlmə də danışmırlar.
Halbuki o vaxt Osmanlı imperiyasının özünü müdafiə etmək məqsədilə erməniləri cəbhə
xəttindən uzağa köçürməyə qanuni haqqı var idi. Onlar açıq şəkildə hərbi əməliyyatlarda rus
orduları tərəfində döyüşürdülər. ABŞ da bu hüquqa əsaslanaraq, İkinci Dünya müharibəsi
illərində ölkənin yapon mənşəli bütün vətəndaşlarını ölkənin qərb sahillərindən köçürmüşdü.
Stalin bu hüquqdan istifadə edərək, Sovet dövlətinin təhlükəsizliyini qorumaq üçün
Volqaboyunda yaşayan almanları Qazaxıstana və Orta Asiyaya köçürmüşdü. Tarixdə belə
nümunələr çox olmuşdur. Böyük Britaniyanın 1916-1922-ci illərdə baş naziri işləmiş Devid
Lloyd Corcun qeyd etdiyinə görə, 1915-ci ildə Osmanlı imperiyasında baş verən faciəli
hadisələrin təqsirkarları Türkiyədə beşinci dəstəni maliyyələşdirən Rusiya, eləcə də rusları
Osmanlı torpaqlarını tərk etməyə məcbur edən Britaniya imperiyasıdır. Həmin dövrdə sayca qat-
qat çox türk, azərbaycanlı, yəhudi və Qafqazın digər xalqlarının numayəndələrini qətlə yetirmiş
erməni quldur dəstələrinin əməllərini də nəzərdən qaçırmaq olmaz.
Kiçik Ermənistan dünyanın hər yerinə səpələnmiş həmtayfalarından istifadə edərək, uzun
illər xristian aləmini islama və müsəlmanlara qarşı qaldırmağa çalışmışdır. Samuel Viimsin
fikrincə, müsəlman aləmində Amerikaya "nifrətin" səbəblərindən biri də budur.
"Ermənistan: terrorçu xristian dövlətinin sirləri" sənədli tədqiqat əsərinin üz qabığında
oxuculara tövsiyə edilir. "Bu kitabı hər bir xristian və Amerikada hər bir vergi ödəyicisi
oxumalıdır". Biz isə deyə bilərik ki, dünyanın həqiqəti əziz tutan hər bir vətəndaşı oxumalıdır.
Erməni millətçiləri tarix boyu xalqımıza qarşı görünməmiş qətllər və vəhşiliklər etmişlər.
Tarixi Azərbaycan torpağı olan Zəngəzur, Göyçə və digər ərazilər sovet rəhbərliyinin əli
ilə Ermənistana verildi. Dağlıq Qarabağ erməniləri muxtariyyət qazandı və onların gələcəkdə
qanunsuz ərazi iddiaları üçün zəmin hazırlandı. Erməni daşnakları təkcə XX əsrdə dörd dəfə
(1905-1906, 1918-1920, 1948-1953, 1988-1991-ci illərdə) azərbaycanlıları indiki ermənilərin
məskən saldığı Ermənistan ərazisindən, tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya
etmişlər. "Türksüz Ermənistan" adı altında mübarizəyə qalxan erməni millətçiləri, eləcə də yaxın
və uzaq xaricdə yaşayan havadarları, etnik təmizləmə işini 1991-ci il avqustun 8-də başa
çatdırdılar. Meğri rayonunun son məntəqəsi Nüvədidə yaşayan azərbaycanlılar soyqırıma məruz
qalaraq tarixi-etnik torpaqlarından deportasiya olundular. Belə demək olar ki, indi Ermənistan
adlanan Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.
1988-1991-ci illərdə Sovetlər Birliyi dövlətinin başçılarının köməyi sayəsində Ermənistan
hökuməti Qərbi Azərbaycan - indiki Ermənistan torpaqlarından 250 mindən artıq azərbaycanlını
ata-baba yurdlarından deportasiya etdi. XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki bu ərazidə
soyqırıma, deportasiyaya məruz qaldı.
1935-1991-ci illərdə Ermənistanda Azərbaycan yer adlarına qarşı qərəzli siyasət
nəticəsində minlərlə toponimlər xəritədən silinib erməniləşdirildi. Azərbaycanın tərkib hissəsi
olan Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1988-ci ildən başlanan separatçılıq
hərəkatı, işğalçılıq müharibəsi, etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin yeni
mərhələsidir. Hazırda Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. 1 milyondan
çox insan öz yurdundan didərgin salınıb. 18 min azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc
sakin yaralanıb, 5 mindən çox adam əlil olub, 4 mindən çox insan əsir və itkin düşüb, 877 şəhər,
kənd qarət edilib, dağıdılıb.
Erməni birləşmiş dəstələri Rusiyanın Xankəndidəki 366-cı mexanikləşdirilmiş atıcı alayı
ilə birlikdə XX əsrin Xatın faciəsini arxada qoyan Xocalı soyqırımını təşkil etdilər. O vaxtkı
respublika rəhbərliyinin cinayətkar əməlləri nəticəsində şəhərin müdafiə işləri pis təşkil
olunmuşdu. 80 nəfərlik Xocalı özünümüdafiə taburu heç bir zirehli texnika ilə təchiz
olunmamışdı. Onlara əsas briqadanın 11-ci taburu isə 20 nəfərdən ibarət minaatanlar batalyonu
kömək edirdi. 60 nəfərlik milis dəstələri isə təyyarə meydanını müdafiə edirdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnak hərbi birləşmələri və keçmiş
SSRİ-yə məxsus 366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri isə qismən), eləcə də, xarici
dövlətlərdən gətirilmiş muzdur quldur dəstələri Xocalıya hücum etdilər. Onlar ilk həmləni hava
limanına endirdilər. Şəhərin müdafiəsinə qalxanlar azsaylı və pis silahlanmış olsalar da,
qəhrəmanlıqla döyüşmüşdülər. Xüsusi təyinatlı milis dəstəsinin komandiri, milis mayoru Əlif
Hacıyev döyüş meydançasında qəhrəmanlıq göstərdi. Onun başçılığı altında olan 22 nəfərlik
dəstə erməni-daşnak birləşmələrinin hücumlarını üç dəfə uğurla dəf etdi. Döyüşdə qüvvələr
bərabər deyildi. Mayor Əlif Hacıyev vəziyyətin mürəkkəb olduğunu görəndə, limanın dispetçer
məntəqəsini partladaraq erməni birləşmiş qüvvələrinin əlinə düşməsinə imkan vermədi.
Döyüşlərdə qorxmaz komandir ağır yaralandı və qəhrəmancasına həlak oldu. Ölümündən sonra
Əlif Hacıyevə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Düşmən tankları, zirehli maşınlarının
artilleriya hazırlığından sonra Mehdikənd, Daşbulaq istiqamətində Xocalıya daxil oldu və şəhər
içərisində döyüşlər başlandı. 366-cı alayın mayor Ohanyanın komandası altında ikinci, mayor
Nabodxinin komandası altında üçüncü motoatıcı taburları eləcə də topçu diviziyası, öz
qəddarlığı, vəhşiliyi ilə fərqlənirdi.
Tofiq Hüseynovun başçılıq etdiyi ərazi özünümüdafiə taburunun döyüşçüləri çox qüvvətli,
yırtıcı düşmənlə qəhrəmancasına ləyaqətlə döyüşürdülər. Tofiq son nəfəsinədək vuruşdu,
düşmən əsgərlərini azdırıb, çoxlu insanın mühasirədən çıxmasına imkan yaratdı. Son anda özü
mühasirəyə düşdü. O, düşmənə təslim olmayaraq son gülləni özünə vurdu. Ölümündən sonra
Tofiq Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Ağdam-Əsgəran istiqamətində
yığılmış hissələr arasında əlaqə və ümumi rəhbərlik olmaması üzündən onlar erməni işğalçılarına
qarşı hücum qura bilmədilər.
Erməni vandalları Xocalı şəhərində soyqırım törətdilər. Şəhərə od vurub yandırdılar. Sağ
qalanların bir hissəsi, əsasən qadınlar, qocalar, uşaqlar şəhərin qərb istiqamətində iki yolla
Ağdama tərəf qaçmağa başladılar. Qarlı-şaxtalı gündə ayaqyalın meşədə qalan qaçqınların
çoxunu şaxta vurdu, yaralıların bir hissəsi öldü. Səhərisi gün sağ qalanların bir hissəsi Xocalıdan
6-7 kilometr aralı Qaraqaya adlanan yerdə meşədən çıxarkən, pusquda dayanmış erməni faşist
dəstələri tərəfindən gülləbaran oldular. Xilas olaraq Abdal-Gülablı kəndinə getməyə səy
göstərənlər düşmən mühasirəsinə düşüb, atəşə tutuldular. Erməni daşnakları yaralılara aman
vermir, meyitləri eybəcər hala salır, qadın və qızları təhqir edirdilər.
Nüfüzlu beynəlxalq qurumların, dünya birliyi ölkələrinin ikili standartlardan
yanaşmalarının nəticəsidir ki, bu dəhşətli faciə - Xocalı soyqırımı ilə əlaqədar heç kəs
məsuliyyətə cəlb edilməmiş, cinayətkarlar hələ də cəzasız qalmışlar.
Firudin CÜMŞÜDLÜ
Səs.- 2011.- 25 fevral.- S. 12.
Dostları ilə paylaş: |