İkt-baza bilikləri



Yüklə 20,57 Kb.
tarix30.12.2023
ölçüsü20,57 Kb.
#164322
elyazma 4


Albaniyanın antik qəbir abidələri və onların arxeoloji tədqiqi

Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının memarlıq nümunələrinə bu gün vətənimizin bir çox guşələrində rast gəlmək olar. Bu zəngin tarix yadigarları içərisində qəbir abidələri xüsusi yer tutur. Albaniya qəbir abidələri həm də bir sənət nümunəsi kimi tarixi özündə əks etdirir. Sarkofaq, təknə qəbir və s. kimi qəbirlər qədim daşyonma sənətinin nümunələridir. Albaniya memarlığında e.ə. III əsrdən başlayaraq yunan mədəniyyətinin təsiri nəticəsində kirəmitdən geniş istifadə edilmişdir. Kirəmitlərə təknə qəbirlərdə də rast gəlmək olar. Demək olar ki, kirəmit təknə qəbirlərin əsasını təşkil edirdi. Dünyasını dəyişən insanı təknə formalı böyük bir kirəmit üzərinə yerləşdirib, yanına hər hansı bir əşyasını qoymaqla dəfn edərdilər.


E.ə. II-I əsrlərə aid təknə qəbir nümunəsi hazırda Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında nümayiş olunur. Bu təknə qəbirin 9-13 yaşlı qıza məxsus olduğu alimlər tərəfindən təsdiqlənmiş və qədim alban qəbir abidələri nümunələri arasında bu gün diqqətçəkən ən maraqlı eksponatdır. Adından göründüyü kimi bu qəbir təknə formasında hazırlanırdı. Alt hissə daxil olmaqla kənarları da kirəmitlərdən təşkil olunurdu. Onu da qeyd etmək lazımdır ki, bütün növ kirəmitlər yerli istehsal idi. Arxeoloji qazıntılar zamanı böyük həcmli sobalar, dulusçuluq kürələri aşkar edilmişdir. Bu da onu göstərir ki, Qafqaz Albaniyası ərazisində istehsal olunan kirəmitlər daxili tələbatı ödəmişdir.
Həmin tarixi dövrlərdə Albaniyada küp qəbirlərdən də istifadə olunmuşdur. Dünyasını dəyişən insanı böyük həcmli küplərdə bir neçə əşyası ilə birlikdə dəfn edərdilər. 1970-1980-ci illərdə qədim Qəbələ ərazisində aparılan arxeoloji qazıntılar zamanı sadə torpaq qəbirlər də aşkar olunmuşdur. Sadə torpaq qəbirlər bir növ indiki qəbirləri xatırladır. Bundan əlavə, tunc dövrünə aid kurqanlar da qədim alban qəbir abidələri içərisində böyük tarixə malikdir.
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin açıq səma altında daimi sərgisində də bir neçə qəbir abidələri var. Sarkofaq - daş qutu qəbir ziyarətçilərin xüsusilə marağını çəkməkdədir. Ağır zəhmət tələb edən bu sarkofaqlar böyük həcmli daşlardan yonularaq hazırlanırdı. Adətən zadəgan insanların dəfn olunduğu bu daş abidələri bu gün bir sənət nümunəsi, tarixin daş yaddaşıdır.

Məqalədə Qafqaz Albaniyasının Şəki vilayətində III-VIII əsrlərdə mövcud olmuş qəbir abidələrinin öyrənilməsi tarixinə nəzər salınmış, qəbir abidələrinin təsnifatı verilmiş, yerləşmə arealı, tarixi dövrləşməsi, inventarı və xüsusiyyəti göstərilmiş, bəzi ümumiləşdirmələr aparılmışdır. Ərazidə aparılan arxeoloji qazıntı işləri zamanı öyrənilmiş qəbir abidələri ilə yanaşı, təbii aşınmalar və təsadüfi xarakterli qazıntılar zamanı aşkara çıxan qəbir abidələri, həmçinin, hələlik arxeoloji tədqiqatlar aparılmamış nekropollar səciyyələndirilmiş, həmin abidələrlə yanaşı, müəllif tərəfindən qeydə alınmış bəzi qəbir nümunələri tədqiqata cəlb edilmişdir.Ərazidə aşkar və tədqiq edilən qəbir nümunələrinin forma, üslub və məzmun baxımından Albaniyanın digər əraziləri ilə oxşarlıq təşkil etdiyi, Şəki vilayəti ərazisindəki qəbir abidələrinin ümumalban mədəniyyətinin tərkib hissəsi olduğu təsdiq olunmuşdur. Təqdim edilən elmi tədqiqat işində ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə yanaşı, arxeoloji və elmi ədəbiyyatlara, yazılı mənbələrə və arxiv sənədlərinə istinad edilmişdir.



E.ə. III-b.e.-nın VIII əsrinin əvvəllərini əhatə edən bir dövrdə mövcud olan Qafqaz Albaniyası, Azərbaycanın dövlətçilik tarixinin mühüm tərkib hissəsi olmaqla, quldarlıq və feodalizm kimi ictimai formasiyaları özündə ehtiva edən ictimai-siyasi bir institutdur. Yerli alban etnoslarının yaratdığı bu dövlət, eyni zamanda, xalqımızın zəngin maddi və mənəvi mədəniyyətinin formalaşmasında, onun inkişaf etdirilərək sonrakı nəsillərə miras kimi ötürülməsində mühüm rola malikdir. Şimalda Böyük Qafqaz sıra dağları, cənubda Araz çayı, şərqdə Xəzər dənizi və qərbdə İberiya dövlətlərinin arasında qərarlaşan Alban dövləti Roma, Parfiya, Sasani, Bizans, Ərəb xilafəti kimi güclü imperiyalarla siyasi, iqtisadi və mədəni əlaqələr yaratmış, bu əlaqələr sosial-iqtisadi, ictimai və mədəni həyata müəyyən təsirini göstərmişdir. Bununla belə, Azərbaycan xalqının etnogenezisində, onun mənəvi və milli dəyərlərinin, adət-ənənələrinin, mifik təfəkkürünün formalaşmasında əvəzsiz pay sahibi olan alban tayfaları özünəməxsus mədəniyyət yaratmışlar. Bu mədəni irsə şəhər və kənd tipli yaşayış məskənləri, məbədlər və müxtəlif tipli inanc yerləri, qalalar və digər müdafiə istehkamları, həmçinin müxtəlif növ qəbir abidələri daxildir. Albaniyanın tarixi Şəki vilayəti ölkədə gedən etnik-mədəni proseslərin tərkib hissəsi kimi, mühüm əhəmiyyət kəsb edən inzibati-ərazi və dini-mədəni bölgələrdən biri olmuşdur. Qafqaz Albaniyasının şimal-qərb ərazisində qərarlaşan tarixi Şəki (Şako, Şake) vilayəti eyni adlı mərkəzi ilə (Şake, gürcü mənbələrində Nuxpato) indiki Azərbaycan Respublikasının şimal-qərbində, Qafqaz sıra dağlarının ətəyində yerləşirdi (xəritə 1). Bu vilayət qərbdən və cənub-qərbdən Kambisena vilayəti ilə, şimal-şərqdən Lpiniya, cənub-şərqdən isə Qəbələ ilə sərhəd təşki edirdi. Kürün şimal - sol sahili ərazisində mühüm iqtisadi, dini və inzibati mərkəzlərdən olan Şəki vilayəti Qəbələ və Kambisena kimi kilsə-inzibati vahidi olan yepiskopluq yeparxiyası idi. Alban dövlətinin şərq, qərb və cənub vilayətləri ilə əlaqələr saxlamağa imkan verən Şəkinin antik və orta əsrlər dövründə daxili ticarətlə yanaşı, xarici ticarət əlaqələrində də özünəməxsus yeri var idi. Albaniyanın əhəmiyyətli bölgələrindən olan bu ərazinin ilk orta əsr tarixi-arxeoloji irsinin, xüsusilə qəbir abidələrinin öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Bu abidələr özlüyündə vahid bir ərazidə qərarlaşan Alban dövlətini, onun mədəniyyətini, sosial-etnik prosesləri izləməyə imkan yaradır. Qəbir abidələri tarixi mənbə kimi özündə dünyəvi və dini görüşlərə, iqtisadi, ideoloji və s. sahələrə aid zəngin informasiyaları saxlayır, gələcək nəsillər üçün daşıyıcı rolunu oynayır. Albaniyanın digər ərazilərində olduğu kimi, Şəki vilayətinin antik və ilk orta əsr qəbir abidələri rəngarəngliyi, fərqli tipləri və quruluşu ilə səciyyələnir. Qəbir tiplərinin müxtəlifliyi əhalinin etnik tərkibi, ilk orta əsrlərdə müxtəlif etnik qrupların Albaniyaya miqrasiyaları ilə yanaşı, tikinti materiallarının coğrafi yerləşməsi, mərhumun ictimai vəziyyəti, dini dünyagörüşü, tarixi-mədəni məxsusluq və əlaqələr kimi səbəblərlə arqumentləşdirilir. Qeyd edilən dövrdə ölkə ərazisində rast gəlinən torpaq, küp, saxsı təknə, daş qutu, sərdabə, katakomba, kurqan kimi daha çox bütpərəstlərə aid, kərpicdən inşa edilən sərdabə, daş sarqofak, sadə topraq qəbirlər kimi daha çox xristianlara aid olan abidələrinəksəriyyətinə Şəki vilayəti ərazisində rast gəlinsə də, daş qutu, torpaq və küp qəbirlər kəmiyyətcə çoxluq təşkil edir. Eramızın ilk əsrlərindən etibarən Azərbaycanda xristianlığın, VII-VIII əsrlərdən İslam dininin yayılması qəbir abidələrinin tərtibatında, forma və məzmunundaəsaslı dəyişikliklərin baş verməsinə gətirib çıxarmışdır.Bununla belə, əhalinin dini-mifik təfəkküründə, maddi və mənəvi mədəniyyətində minilliklərlə önəm verdiyi, qoruyub yaşatdığı dəyərlər təktanrılı dinlərin ərazidə qərarlaşmasına rəğmən tamamilə silinib getməmişdir. Xristian və İslam dinlərinin qəbirlərə və dəfn mərasimlərinə münasibətdə fərqli mövqe sərgiləməsi əhalinin bu abidələrə marağını, verdiyi dəyəri heç də azaltmamış, bütpərəst və xristian abidələrinin tədricən məhdudlaşmasına baxmayaraq, daş qutu, sərdabə, küp, torpaq qəbirlər kimi abidələr təqribən IX-X əsrlərədək öz mövqeyini qoruyub saxlamışdır.

Qeyd etmək lazımdır ki, Albaniyanın ilk orta əsr yaşayış yerlərinə nisbətən qəbir abidələri daha yaxşı öyrənilmişdir. Onların öyrənilməsinə XIX əsrin sonlarında başlanılmış, araşdırmalar XX əsrin 40-50-ci illərindən etibarən kompleks və sistematik xarakter almışdır. Qeyd edilən dövrdə arxeoloji tədqiqatlar daha çox məşhur arxeoloqlar Y.A.Poxomov, S.M.Qazıyev, R.M.Vahidov, A.A.İessen, C.Ə.Xəlilov, A.B.Nuriyev və başqaları tərəfindən Şamaxı, Qəbələ, Mingəçevir, Quba-Xaçmaz bölgələrində aparılmışdır. Tarixi Şəki vilayətinə daxil olan indiki Qax rayonu ərazisində 1959-cu ildən etibarən arxeoloji ekspedisiya fəaliyyətə başlamış və arxeoloq alim R.M.Vahidov tərəfindən Torpaqqala yaşayış yerində V-VII əsrlərə aid xristian qəbirləri aşkar edilmişdir.



Arxeoloq A.Ə.Qarəhmədovanın rəhbərliyi ilə Qəbələ arxeoloji ekspedisiyasının Alazan dəstəsi 1979-cu ildən şimal-qərb bölgəsində arxeoloji tədqiqatlar aparmış, 1981-ci ildə Şəkinin Baş Göynük kəndindəki sövməənin tədqiqi ilə yanaşı, yaxın ərazidə antik və ilk orta əsrlərə aid torpaq qəbirlərin mövcudluğu haqda məlumat vermişdir. 80-ci illərdə Qax rayonundakı Ləkit məbəd kompleksin ilə yanaşı, ərazidəki kirəmit və sərdabə tipli qəbirlər, Şəki rayonunun Kiş kəndindəki məbəd ərazisində xristian qəbirləri aşkar edilərək öyrənilmişdir. Yevlax-Balakən dəmiryolunun tikintisi ilə əlaqədar aşkara çıxan abidələrin qeydə alınması və öyrənilməsi məqsədilə 1982-ci ilin aprelində Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun Yevlax-Balakən arxeoloji ekspedisiyası və onun Şəki dəstəsi fəaliyyətə başlamış, arxeoloq alim T. İ. Axundovun rəhbərliyi altındaŞəkinin Küdürlü kəndi yaxınlığında və kənd ərazisində Orta tunc dövründən-Erkən dəmir dövrü arasındakı zaman kəsiyini əhatə edən kurqanlar müəyyən edilmişdir. Şəki ərazisində arxeoloji tədqiqatlar məhz həmin dövrdən etibarən müntəzəm xarakter almışdır
Yüklə 20,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə