Lecture 10
A.
Dörd Afina məktəbi
Afinada ilk elm-fəlsəfə məktəbi Platonun başçılıq etdiyi
Akademiya
, ikinci
məktəb Aristotelin təsis etdiyi Liseum idi. Sonra daha iki məktəb-Epikur və
Stoa məktəbləri fəaliyyətə başladı.
Platondan sonra Platonun seçimi ilə Akademiyaya onun bacısı oğlu olan
filosof Speusippus (“-408”-“-339/8) başçılıq etmişdi (scholarch).
Aristotel`in bundan incidiyi və Akademiyanı biryolluq tərk etdiyi deyilir.
Speusippus`un ölümündən sonra başçılığa üç namizəd irəli sürülmüşdü:
Heraklides, Xenocrates və Menedemus. Cüzi səs çoxluğu ilə Ksenokrates
(Xalkedonlu filosof; Chalkedon - indiki Kadıköy, İstanbul) başçı olmuş, bu
vəzifəni təqribən 25 il daşımışdır (“-339/8”-“-314/3”). Ksenokrates Platon
təlimini sistemləşdirmək üçün çalışmışdı.Bu hər iki başçı əsasən Platonun
görüşlərini müdafiə edir, o cümlədən onun İdeyalarını riyazi obrazlarla ifadə
etməyə çalışırdılar. Ksenokrates kainatı Ay-altı, Göy və Göy-üstü kimi üç
hissəyə ayırır, sakinlər arasında xeyir və şər ilahi varlıqlar`ın (daimon)
olduğunu vurğulayırdı.Ksenokrates`in tələbəsi Poleman Akademiyanın
növbəti və uzun müddətli başçısı oldu (“-314/3”-“-270/269”). O, mücərrəd
(metafizik) fəlsəfədən daha çox praktik, əxlaq fəlsəfəsinə maraq göstərirmiş
(Laertli Diogenes).Akademiyanın başçısı olaraq Poleman`ı (ölümündən
sonra) onun tələbəsi Afinalı Krates əvəz etdi (ölümü “-268/264?). Krates`in
başçılıq fəaliyyəti o qədər də uzun sürməmişdi; Poleman`ın xəttini davam
etdirdiyi güman olunur. Bu dövr Akademiya başçıları elmə və ya fəlsəfəyə
ciddi töhfə vermiş şəxslər dyildi. Bu dövr Platon ideyalarının inkişafı ilə
deyil, Epikurçuluq və Stoaçılıqla aparılan mübahisə və münaqişə ilə
səciyyələndirilə bilər.
Platon Akademiyasında çalışan məşhurların heç də hamısı başçı (skolarx)
olmayıb, məsələn, Aristotel, Evdokus (Eudoxus), Heraklides, Opuslu Filip
(Philip), Krantor (Crantor),...
“-264”-də Arkesilaos/Arcesilaus ( “-316/5”-“-241/0”) Akademiyanın yeni
- Orta Akademiya və ya İkinci Akademiya adlandırılan dövrünün başçısı
oldu. O, skeptisizmi (şübhəçiliyi) əsas proqrama çevirdi, Platonizmin
skeptik dövrü və ya Akademik skeptisizm dövrü başlandı (iki əsrə yaxın).
Bu dövr
Liseum/Likey
Aristotelin başçısı olduğu peripatetik məktəbini inkişaf
etdirdi. Aristotelin ölümündən sonra Theophrastus (-371, -286/7) uzun
müddət, 36/37 il ərzində Liseum`un başçısı oldu (adı əslində ona verilmiş
ləqəbdir, mənası “İlahi nitqə malik” deməkdir). Böyük nüfuz sahibi bu
şəxsin mühazirələri çox populyar olub, çox tələbə cəlb edib. Onun çoxsaylı
yazılarından (qeyri-adi dərəcədə məhsuldar olub, Laertli Diogenes onun 227
kitab yazdığını deyir) yalnız botanika (2) və mineralogiya/geologiya (1)
üzrə əsərləri qalıb(“Xarakterlər” Afina sakinləri tiplərinin təsviri?!). Bu
əsərlər Aristotel ideyaları, o cümlədən geniş təsvir və təsnifat cəhdi üzərində
qurulub; bəzi məsələlərdə isə o, Aristotellə razı olmadığını göstərir.
Theophrastus`u “Botanikanın Atası” da adlandırırlar. O, Aristotelin
zoologiyada gördüyü işlərə bənzər şəkildə botanika üzrə araşdırmalar
aparmış, 500 növ ətrafında bitkinin təsvirini vermişdi (Aristotelin də
botanika sahəsindəəsəri olubmuş, lakin itmiş sayılır). O, bitki və aqrar iş
əlaqəsini, bitkilərin insan ehtiyaclarına görə yetişdirilməsi, həmçinin
bitkilərin böyüməsi və çoxalması, çiçək quruluşu kimi məsələri tədqiq və
şərh etmişdir. Theofrastus hava haqqında öncədən məlumat vermə üzrə
“İşarələr kitabı” adlı əsər yazmış, yağış, külək, tufan, yaxşı hava və bu kimi
hadisələrin baş verəcəyini göstərən təqribən 200 əlaməti təsvir etməyə
çalışmışdı. Bu kitab iki min ilə yaxın bir dövr ərzində populyar olmuşdur.
Theofrastusun aşağıdakı cümləsi məşhurdur (və bir çox hallarda özünü
doğruldur): axşama yaxın külək əsirsə, dənizçi heç nədən qorxmaz, əgər
külək səhər əsirsə, dənizçinin döşünə yatmaz
(К.С. Лосев. Климат: Вчера,
сегодня… и завтра. Лениниград, Гидрометеоиздат, 1985; səh. 4-6).
Feofrastus
dövründə Afina vətəndaş savaşı məkanına çevrilmiş, müstəqillyini və
gücünü itirməkdə idi, elmi mühit zəifləməyə başlamışdı.
Theophrastus`un tələbələri arasında Phalerum/n`lu Demetrius da vardı
(onun Lyseum`da müəyyən vaxt keçirdiyi deyilir). Bu görkəmli siyasətçi,
dövlət xadimi (Afina hökumət başçısı olmuşdu) və yaradıcı şəxs böyük
nüfuz qazanmış, xidmət etmiş, islahatlar aparmışdır. Siyasi səbəbdən
Afinanı tərk edib Aleksandriyaya getmiş, orada xeyli yaşamış, Ptolomey
Soterin müşaviri olmuş, sonunda yenə siyasi səbəbdən oranı tərk edib
Afinaya qayıtmışdı. Theophrastus`un ölümündən sonra onun tələbəsi
Strato/Straton (Lampsacus`lu; Hellespontdakı) Liseum böyüklərinin iştirak
etdiyi seçki ilə başçıtəyin olundu və 18 il (-286, -268) bu vəzifəni daşıdı.
Aristotel məktəbində dərs aldıqdan sonra Aleksandriyaya getmiş,
Ptolomey`ə (və Samoslu Aristarxa) dərs demişdi. Theoprastus öləndə
Afinaya qayıtmış və Likey`ə başçılıq etmişdi. Straton əsasən Aristotel
fizikasını inkişaf etdirməklə yadda qalıb, bir neçə məsələdə (hərəkət, təcil,
məkan) Aristoteldən fərqli nəticələrə gəlib. Məsələn, aşağı düşən cisimlərin
təcil alması/sürətinin artmasını müşahidə etmişdir (Simplicius bunu belə
şərh edir: yüksək damdan aşağı tökülən suyumüşahidə edəndə yuxarıda axın
bütöv, arasıkəsilməz görünür, aşağıda isə kəsik-kəsik hissələrə ayrılır. Su
aşağı getdikcə sürəti artmasaydı belə olmazdı). Stratonun adına sonrakı
nəsillərdə “Fizik” ləqəbi əlavə etmişdilər (Laertli Diogenes). Straton 2-ci
Ptolomey`ə (Filadelfus) dərs deyib. Straton`dan sonra Lyseum zəiflədi,
onun yaradıcı gücü çox aşağı endi, sanki olanları qorumaqla məşğul idi (?!).
Platon Akademiyası, o cümlədən sonrakı dövrdə geniş yayılan neoplatonik
məktəb, eləcə də Stoisizm və Epikurçuluq daha canlı, çağdaş və yaradıcı
məktəblər idi. Digər tərəfdən Neoplatonik məktəb Aristoteli Platonla yanaşı
öyrənir, Aristotelə şərhlər yazırdılar.
Rodoslu Eudemus (?“-370”-?“-300”) Aristotelin istedadlı tələbələrindən
biri olub (Theophrastusdan sonra ikinci?). Aristotelin bir sıra əsərlərini
redaktə edib, onları başa düşülən oxunaqlı hala salıb. Aristotelin təklifi ilə
elm tarixinə aid əsərlər yazıb (hesab tarixi, həndəsə tarixi, astronomiya
tarixi). Bu əsərlər qalmamış, lakin sonrakı alimlərin əsərlərindəonlardan
mühüm alıntılar edilmiş və bu yolla bu günə gəlib çıxmışdır. Aristotel
ölümündən əvvəl Theofrastusu Lyseum`un başçısı təyin etmiş, Eudemus
Lyseumu tərk edib öz vətəninə qayıtmış və orada öz məktəbini açmışdı.
Teofrastus və Eudemus`u Aristotelin tələbələri deyil, yoldaşları, həmkarları
adlandırmışlar.
Rodoslu Eudemus`la yanaşı Tarentli (?) Aristoxenus`un (musiqi
nəzəriyyəsi və təcrübəsi, fəlsəfə) Aristotel`in istedadlı tələbəsi kimi Likey`ə
başçı təyin olunmaq iddiası olduğu və bu baş vermədikdə qəlb rahatsızlığı
keçirdiyi deyilir. Aristoxenus`un 453 əsəri varmış; Bu günə yalnız
“Harmoniyanın elementləri” əsərinin bir hissəsi və musiqi haqqında bəzi
fraqmentlər gəlib çatmışdır. Aristoxenus`a görə eşitmə qabiliyyəti əsasdır,
Pifaqorun riyazi intervalları üzərində qurulan hesablar deyil.
Epikuros
(-342/-341, -271/-270) təqribən (-307/6)-ci illərdə Afinada Platon
Akademiyası yaxınlığında, Melite adlanan yerdə ev və bağ almış, bu bağda
öz məktəbini yerləşdirmişdi. Bu səbəbdən Epikuros məktəbini sadəcə
“Bağ”
adlandırmışdılar.
Stoa məktəbi`
nin banisi Kitiumlu (Kıprıs adası) Zeno(n) dur (-?334, -
270/261) Epikuros`un müasiridir
.
O, Afinanın şimal hissəsində toplantı
(bazar) məkanında (Aqora`da) öz məktəbini açmışdı (-300-cü il ərtafında).
Epikuros və Stoa məktəbləri bir-birinə yaxın illərdə fəaliyyətə
başlamışdılar. Stoa məktəbi Platon Akademiyası ilə Aristotel Liseumu
arasında (Epikurus Baği ilə Liseum arasında) yerləşirdi.
B.
Ptolomeylər. Aleksandriya Akademiyası
B.e.ə. 3-cü əsrdə Yunanıstan öz zəka liderliyini itirmişdi. Yunanıstandan
(Hellin dövründən və ya Klassik dövrdən)sonra Antik dünyada, Hellenistik
(Ellinistik) dövrdə riyaziyyat və astronomiya, biologiya və tibb,
mühəndislik, fəlsəfə və filologiya, fizika və kimya, coğrafiya və tarixin,
mühəndislik, filologiya və kitabxana işinin, fəlsəfə və ilahiyyatın, tərcümə
və mətnşünaslığın inkişafında Aleksandriya məktəbi həlledici rol
oynamışdı. Fəlsəfə öz zirvəsinə Afina dövründə, elm isə Aleksandriya
dövründə qovuşdu. Daha doğrusu, bu dövrdə elm daha sürətli, təbii inkişaf
yoluna qədəm qoydu. Elmlər sistemli şəklə salındı (Evklid, Arximed,
Ptolomey, Strabon-coğrafiya). Əsas elmi mərkəz isə Aleksandriyada
yerləşən və Ptolomey sülaləsinin himayəsində fəaliyyət göstərən
Aleksandriya Mouseion`u və Aleksandriya kitabxanası idi. Şərq və Qərbi
birləşdirən Makedoniyalı Isgəndər “-322”-ci ildə (ölümündən 1 il əvvəl) Nil
çayı deltasında Aleksandriya şəhərininəsasını qoydu. Aleksandriya qədim
dünyanın iqtisadi və ticari cəhətdən ən böyük mərkəzlərindən olmaqla zəka
gücündə də ən böyüklərdən idi (Çin xaricində qalan dünyada xeyli müddət
birinci və bənzərsiz olmuşdur). O zaman “bütün yollar Aleksandriyaya
gedirdi” deyə bilərik. Burada sanki Yunan elmi-rasional düşüncəsi,
mücərrəd nəzəri yanaşması ilə Misir (və Babilistan və digər şərq) elmi və
praktik sənətləri (tibb, astronomiya, dini-fəlsəfi baxışlar,...) birləşmişdi.
Makedoniyalı Aleksandrın ölümü ilə onun imperiyasının parçalanması
başlanıldı. İmperiyanın yerində əmələ gələn qüvvələrdən ikisi seçildi:
Mərkəzi Misirdə olan Ptolomeylər sülaləsi (3 əsrə yaxın davam etdi),
mərkəzi Suriyada olan və Asiyada yerləşən Selevkidlər (Seleucus) sülaləsi.
Üçüncü dövlət-Perqamon Kiçik Asiyanın şimal-qərbində və qismən də
Avropa yaxasında yerləşmişdi. Və Makedoniya ilə birlikdə Yunanıstan öz
yerində idi. Hind, Persiya, Orta Asiya kimi yerlərlə tanışlıq yunan
düşüncəsinə bir genişlik və çeviklik gətirdi. İqtisadi-ticari fəaliyyət
genişləndi və siyasi-mədəni-intellektual həyata təsir etdi. Yunanıstanın özü
Afina istisna olmaqla zəiflədi, zəka gücünü, demək olar ki, itirdi.
Mouseion (Musaeum) muzaların (ilham pərilərinin) məbədi, pənahgahı, sığınağı
deməkdir. Muzey sözü məhz bu Museion`dan əmələ gəlib. Böyük ehtimalla
Makedoniyalı Aleksandrın uşaqlıq dostu və ən etibarlı sərkərdələrindən biri(və
bioqrafı!), satrap, Misir/Hellen dünyası Ptolomey hökmdarlar sülaləsinin banisi,
Ptolomey Soter (Xilaskar/Savior) adı ilə tanınan 1-ci Ptolomey ([-367]-[-283])
tərəfindən təsis edildiyi deyilir (hakimiyyəti:[-323]-[-283], “-305”-də özünü
müstəqil hökmdar elan etdi).
1-ci Ptolomey Makedoniyalı kübar xanım Arsinoë`nin oğludur, atası tam
bilinmir, hətta 2-ci Filip`in oğlu ola biləcəyi variantı da var - yəni
Aleksandrın anaayrı qardaşı?! Bunun sonradan geniş hakimiyyət
iddiasına əsas kimi uydurulması ehtimalı böyükdür. Hər halda, o,
Aleksandrın uşaqlıq dostu olmuş, onun ən yaxın adamı sayılmış,
cangüdəni, məsləhətçisi, istedadlı sərkərdəsi olmuşdur. Çoxsaylı
arvadlardan olan çoxsaylı qızlarını siyasi məqsədlə müxtəlif
hökmdarlara ərə vermişdi. [-285]-də oğlunu -2-ci Ptolomey`i hökmdar
(ortaq hökmdar elan etdi).
Mouseion`un təsisini bəzən Ptolomey Soter`in oğlu və davamçısı 2-ci Ptolomey`ə
də (hakimiyyəti: [-283]-[-246]) aid edirlər. Hər halda 2-ci Ptolomeyin Mouseion`u
güclü inkişaf etdirdiyi məlumdur. Aleksandriyada elm və sənət dövlətin (geniş
miqyasda ilk dəfə) birbaşa dəstəyi ilə inkişaf etmiş, irəliləmişdir.
Mouseion çoxcəhətli elm və sənət kompleksi idi (Strabon Museion`un saray
komleksində yerləşdiyini deyir). Burada çalışan alimlər yüksək maaş alır, vergi
vermir, ev və qulluqçularla təmin olunurdular (əlbəttə, alimlərin həyatını
ideallaşdırmaq olmaz, onların başına bəla da gəlirdi –çox zaman dilləri
ucbatından). Min nəfərdən artıq Museion üzvləri və əməkdaşlar maaş alırdı!
Burada antik dünyanın ən zəngin kitabxanası – Aleksandriya kitabxanası (yəni
kitabxana Museion`un tərkibində, onun ən qiymətli hissəsi idi!?), mühazirə zalları,
bir arada yaşayan Mouseion üzvləri üçün evlər, teatr, bioloji-tibbi tədqiqat və
astronomik müşahidə yerləri, geniş bağ (botanika və zoologiya bağı!?) hamısı bir
yerdə bugünkü universitet kampusunun bənzəri sayıla bilər. Museion və
kitabxanada çalışanlar vergilərdən azad idi. Burada elm adamları arasında qadınlar
yoxdu. Museion`un daha öncə mövcud olduğu, Aristotel Likeion`nunun təsiri
altında fəaliyyətə başladığı da söylənilir (və bu, heç də əsassız deyil). Burada
təbiətşünaslar, filosoflar və filoloqlar yan-yanaşı çalışırdılar. Hərçənd ki, sonralar
öz fəlsəfi (və filoloji)yönünə görə Museion Platon Akademiyasına daha çox
bənzəmişdi.Məqsəd Aleksandriyanı Hellenistik dünyanın elmi-mədəni mərkəzinə
çevirmək idi; məhz bu səbəbdən nüfuzlu Aristotel peripatetik məktəbini burada
davam etdirmək, Aristotelin kitabxanasını bura köçürmək məqsədi qoyulmuşdu.
Aristotel kitabxanasının bir qismi gətirildi (belə güman edilir), lakin bura
peripatetik məktəbin davamı sayılmadı, əslində daha orijinal və geniş elm və sənət
ocağına çevrildi. Lampsakuslu Straton (“fizik”) “-300”-ətrafında Ptolomey
sülaləsinin gələcək davamçısı 2-ci Ptolomeyin təhsili üçün Aleksandriyaya dəvət
edilmiş, “-288”-ə qədər burada qalmışdı.(Teofrastın dəvət edildiyi və nə səbəb
görə isə gəlmdiyi deyilir). Afina şəhəri hökumət başçısı olmuş Faleronlu Dimitrios
qaçmağa məcbur olmuş, 1-ci Ptolomey ona sığınacaq vermişdi (“-307”). Aristotel
Liseum`unda oxumuş Dimitrios Aleksandriya kitabxanasının qurulmasında böyük
rol oynamış, hökmdarın ona verdiyi geniş səlahiyyətdən istifadə edərək dünyanın
hər tərəfindən mümkün olan kitabları gətirtmişdir. Homer dövründən başlamış
bütün yunan əsərlərini yığmağa çalışdılar. Baş Kitabxanaçı`nı və ya Kitabxanaçı`nı
hökmdar (Prolomeylər) təyin edirdi. Dimitrios`un ilk baş kitabxanaçı olduğu və bu
vəzifəni “-284”-ə qədər daşıdığı deyilir (Straton`dan sonra da bir müddət
Aleksandriyada qalmışdı). Aristotel və Feofrastın kitablarının 2-ci Ptolomey
tərəfindən Aleksandriyaya gətirildiyini deyirlər. Qalen Aleksandriya yaxınlığından
keçən bütün gəmilərdə olan kitablar gömrükçülər tərəfindən alınır, ən yaxşı halda
surətləri çıxardılıb sahibinə qaytarılırdı. Orijinal nüsxələr “Gəmilərdən” adı ilə
kataloqlaşdırılırdı.
2-ci Ptolomey öz bacısı ilə evlənmişdi, daha doğrusu, Makedoniya saray
intriqalarında bişmiş olan doğma bacısı Arsinoë üçüncü ər olaraq
hakimiyyətdə olan özündən 8 yaş kiçik qardaşını seçmişdi. O, qardaşının
mövcud arvadı 1-ci Arsinoë`ni 1-ci Ptolomeyə qəsd hazırlamaqda
suçlandırıb öldürtdürmüş, 2-ci Arsinoë kimi böyük nüfuza sahib olmuş,
hakimiyyəti qardaşı-əri ilə ortaq idarə etmişdi.Misirdə, xüsusən
Faraonlarda qəbul edilmiş bu cür evlənmə yunanları heyrətə gətirmişdi.
Bu barədə yazan şair Sotad həbs edilmiş, qaçmış, tutulub öldürülmüşdü.
“Filadelfiya”–qardaşını/bacısını sevən deməkdir. 2-ci Ptolomey öz
valideynlərini və bacısı-arvadını ölümlərindən sonra ilahiləşdirmişdi
(uyğun qayda və mərasimlə). 2-ci Ptolomey çeşidli vəhşi heyvanlardan
ibarət zoopark qurmuşdu.
3-cü Ptolomey Aleksandriyada,Serapis məbədində daha bir kitabxana və ya böyük
kitabxananın filialını – Serapeum və ya Serapeion`u da qurmuş, artan kitabların
daha əlverişli şəraitdə yerləşməsini təmin etmişdi.
Burada bir sıra sahələr üzrə mühazirələr oxunduğu məlumdur. Aleksandriya
kitabxanasında lülələnmiş papirus kitabların nə qədər olduğu məlum deyil,
müxtəlif rəqəmlər arasında tədqiqatçılar 400 minlə 700 min arasında
dayanırlar (eyni dərəcədə elm-sənət himayəçisi olan 3-cü Ptolomey
hakimiyyəti zamanı). Kitabxananın kataloqu 120 kitabdan ibarət imiş. Daxil
olan xarici kitablar yunancaya tərcümə edilirdi. Kitab rəflərinin üstündə,
divarda “ruhun müalicə olunduğu yer” yazıldığı söylənilir. “Dünyanın yeddi
möcüzəsi”nə aid müxtəlif fikirlər vardı, Aleksandriya kitabxanasını da bu
siyahıya daxil edənlər olub (məsələn, Foros mayağı əvəzinə). Hündürlüyü
100 metrdən artıq olan Faros mayağı (Faros adasında) Aleksandriya
körfəzində 2-ci Ptolomey dövründə tikilmişdi. Başında yanan alov
gəmilərin uzaqdan görməsi üçün güzgü vasitəsilə dəniz tərəfə
yönləndirilirdi.
C.
Aleksandriya: Kitabxana işi. Filoloji mərkəz. Əlkimya. Tibb.
Məşhur filoloqlardan (bəziləri şair, yazıçı) Zenodotus (b.e.ə. 3-cü əsr; “-
283”-“-245”?), Kirenli Kallimaxus (b.e.ə. 3-cü əsr), onun tələbəsi Rodoslu
Apollonius (b.e.ə. 3-cü əsrin 1-ci yarısı), Somofrakiyalı Aristarxus (?“-
216”-?“-144”), Bizanslı Aristophanes (“-257”-“-180/85”) və digərlərinin
burada çalışdığı məlumdur. Eratosfen və yuxarıda adları çəkilən 4 filoloq
(R. Apollonius istisna olmaqla) baş kitabxanaçı olublar (Kallimaxus
şübhəlidir). Zenodotusun başladığı kitabxananın elmi təşkili işini
Kallimaxus davam etdirmiş, külli miqdarda kitabların (120 min!?) müəllif
və mövzu üzrə təsnifatını vermiş, nəhəng kataloq sistemi hazırlamışdı. Bəzi
qaynaqlar Rodoslu Apollonius`un “-270”-də kitabxanaçı təyin edildiyini və
onun dövründə Arximedes`in Aleksandriyaya gəldiyini deyirlər. Sonra “-
235”-də Eratosfen kitabxanaçı oldu (ölümünə qədər). Onun Evdoksu,
Evklidin ən istedadlı tələbəsini öz yanına dəvət etdiyi deyilir. İşçilər
arasında tərcüməçilər sayca çoxluq təşkil edirdilər. Eratosfeni Bizanslı
Aristofanes əvəz etdi. Qeydə keçmiş son kitabxanaçı (“-175”) 7-ci Ptolomey
dövründə Samofrakiya`lı Aristarxus olmuşdur (Bizanslı Arisofanes`i əvəz
etmişdi?!); o, Homerçi filoloq olub, Homer əsərlərinin standartlaşdırılmış
mətni əsasən onun işi olaraq qəbul edilir. Son dövrlərdə təbiət elmləri və
riyaziyyat üzrə araşdırmalar çox zəifləmiş, yunan ədəbiyyatı, redaktə işi və
başqa dillərdən tərcümələr əsas fəaliyyət meydanı olmuşdur.
Aleksandriya filologiya mərkəzinə çevrildi. Eratosfen filoloq olmayan
yeganə baş kitabxanaçı olub! Bir sıra yunan mif və əfsanələri yazıya alınır,
onlar şərh edilir, yunan ədəbiyyatı öyrənilirdi. Burada ədəbi tənqid və
mətnşünaslıq elmləri əmələ gəlirdi. Homer, eləcə də Hesiodun əsərlərinin
toplanması, qaydaya salınması, redaktə edilib kanonik versiyalarının
hazırlanması məhz burada baş vermişdi. Aristofan, Sofokl, Evripid, Esxil,
Platon, Pindar kimi şair, dramaturq və filosofların əsərləri də burada tədqiq
olunmuş, tənqidi mətnlər hazırlanmışdır. Aleksandriya filoloqları yunan
ədəbi mətnlərini oxuna bilən hala gətirdilər. 2-ci Ptolomey dövründə
Bibliya, daha doğrusu “Əhdi-ətiq” (“Köhnə saziş”/Ветхий Завет)
ibranicədən yunancaya burada tərcümə edilmişdi (Septuagint).
Aleksandriyada güclü və böyük yəhudi icması olub, deyilənə görə 1-ci
əsrin əvvəllərində bu icma şəhər əhalisinin təqribən 2/5-ni təşkil etmişdir. -
2-ci Ptolomey`in tapşırığı ilə başlanıldığı deyilən bu tərcümə (ibrani`cədən
yunancaya) və tərtib işi [-132]-ci ildə bitdi. Bu mətnə 5-ci əsrdən başlayaraq
latınca Septuagint deyilir; Septuaginta interpretum 70 şəxsin tərcüməsi
deməkdir (bu tərcümə işi üçün 70 adam ayrılıbmış, 72 deyənlər də olub).
Aleksandriyada əlkimya məktəbi də fəaliyyət göstərirdi, onun üzvləri
arasında qadınlar da vardı. Aleksandriyalı Klement əfsanəvi Misir-yunan
simbiozu olan (Misir allahı Thoth, yunan allahı Hermes) Hermes
Trismegestus`un (üçqat güclü Hermes) adı ilə bağlanmış və möcüzəli
tərəfləri ilə cəlb edən kimya (əlkimya) və astrologiya, eləcə də fəlsəfə və
tibb haqqında məlumatlar küllisi - Hermeticum Corpusu`ndan ətraflı söhbət
açmışdı (“Stromata” adlı əsərində).
B.e.ə. 3-cü əsrdə Herophilosvə onun tələbəsi sayılan Erusistratus kimi
həkim və bioloqlar Aleksandriyanı anatomiya və tibb məktəbi kimi
məşhurlaşdırdılar. Herofilus hiss üzvləri arasındakı, həmçinin müəyyən
dərəcədə vena və arteriya arasındakı fərqləri vurğulamış, müxtəlif
orqanların təsvirini vermişdi.Erasistratus beynin böyük (yarımkürə) və kiçik
hissəyə (beyincik) ayrılmasını anlamış, beyindəki qırışların zəka ilə əlaqəli
olduğunu düşünmüş, insan beyninin heyvanların beynindən böyük olduğunu
demişdi.
1-ci əsrdə yaşamış Anazarbus`lu (Kilikiyalı) Pedanius Dioscorides (?40-
?90) Aleksandriyada oxuyub təlim görmüş, imperatorlar Neron`un
hakimiyyəti dövründə (54-68) Roma ordusunda həkimlik etdiyi məlumdur.
1000-ə yaxın dərman və 600 ətrafında tibbi əhəmiyyəti olan bitkilərin
təsvirini vermiş ensiklopedik “Tibbi materiallar haqqında” (yunanca
yazılmış, ərəbcəyə və latıncaya çevrilmiş bu əsər indi daha çox latınca “De
Materia Medica” adı ilə tanınır) əsəri ilə Dioscorides farmakologiyanın
banisi sayılır.
Aleksandriya, sözsüz ki, uzun müddət dünya elmi fikrinin mərkəzi idi.
Deyilənə görə Romada Yulian təqviminin qəbul edilməsində Aleksandriya
astronomlarının fikri mühüm rol oynamışdı. Aleksandriya ədəbiyyatı da
Roma ədəbiyyatına ciddi təsir göstərdi.
Dostları ilə paylaş: |