Bitki mühafizəsi haqqında
Azərbaycan Respublİkasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası ərazisində bitki mühafizəsinin təşkili və həyata
keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.
I fəsil
Ümumİ müddəalar
Maddə 1. Azərbaycan Respublikasında bitki mühafizəsi
Bitki mühafizəsi bitkilərin və onların məhsullarının ziyanverici, xəstəlik və alaq
otlarından qorunması məqsədilə elmi cəhətdən əsaslandırılmış kompleks tədbirlərin
həyata keçirilməsidir.
Bitki mühafizəsi aşağıdakılarla təmin edilir:
bitkilərin ziyanverici, xəstəlik və alaq otlarının kütləvi çoxalmasının və yayılmasının
qarşısının alınmasına, məhsul itkisinə yol verilməməsinə, ekoloji təmiz bitkiçilik
məhsullarının əldə edilməsinə, ətraf mühitin, əhalinin sağlamlığının, xeyirli fauna və
floranın pestisidlərin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi üzrə
tədbirlər sisteminin həyata keçirilməsi, karantin və digər xüsusi təhlükəli ziyanverici
obyektlərin təsdiq edilməsi və ləğvi üzrə məqsədli dövlət proqramlarının yerinə
yetirilməsi;
bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və elmi tədqiqatların təşkil,
bitki mühafizə vasitələrinin istehsal və onların istifadəsinə nəzarətin təmin edilməsi
üzrə Azərbaycan Respublikasının vahid dövlət siyasətinin formalaşdırılması;
bitki mühafizəsi haqqında qanunvericiliyə dövlət orqanları, bələdiyyələr və ictimai
təşkilatlar, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələr,
icarələr, təşkilatlar, digər təsərrüfat subyektləri, torpaqdan istifadə edən vətəndaşlar,
habelə vəzifəli şəxslər tərəfindən riayət edilməsi.
Maddə 2. Bitki mühafizəsi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Bitki mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan
və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bitki mühafizəsi haqqında
Azərbaycan Respublikasının qanunvericiliyindən fərqli qaydalar müəyyən
edilmişdirsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Maddə 3. Bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi
Bu Qanunda müəyyən edilmiş bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi dövlət
bitki mühafizə xidmətinin fəaliyyəti ilə təmin edilir.
Bitkilərin ziyanverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirləri dövlət bitki
mühafizəsi xidməti tərəfindən təşkil edilir, dövlət, bələdiyyə və özəl təşkilatların
nəzdində bitki mühafizəsi sahəsində fəaliyyət göstərən qurumlarla əlaqəli şəkildə
həyata keçirilir.
Bitki mühafizəsi sahəsində fiziki şəxslərin sahibkarlıq fəaliyyəti qanunvericiliklə
müəyyən edilmiş qaydada verilən xüsusi icazə (lisenziya) əsasında həyata keçirilir.
II fəsil
Dövlət bİtkİ mühafİzə xİdmətİ
Maddə 4. Dövlət bitki mühafizə xidmətinin təşkili
Dövlət bitki mühafizə xidməti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təşkil edilir.
Maddə 5. Dövlət bitki mühafizə xidmətinin vəzifələri
Dövlət bitki mühafizə xidmətinin vəzifələri aşağıdakılardır:
Azərbaycan Respublikasının bütün ərazisində bitki mühafizəsi haqqında
qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirmək;
ziyanverici obyektlərin kütləvi çoxalmasını qabaqcadan xəbər vermək, bitkilərin və
onların məhsullarının ziyanverici, xəstəlik və alaq otlarından qorunması tədbirlərini
təşkil etmək;
dövlət bitki karantini xidməti ilə əlaqəli şəkildə Azərbaycan Respublikasının ərazisini
xarici dövlətlərdən karantin ziyanverici, xəstəlik və alaq otlarının keçməsindən
qorumaq, daxili karantin obyektlərinin yeni ərazilərə yayılmasının qarşısını almaq.
Dövlət bitki mühafizə xidməti mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq
kənd təsərrüfatı müəssisələrində, idarələrində və təşkilatlarında, bitki mühafizəsi
tədbirləri həyata keçirilən digər sahələrdə fitosanitar nəzarətin vəziyyətinə, kimyəvi,
bioloji və başqa bitki mühafizə vasitələrinin elmi əsaslarla istifadə edilməsinə tam
məsuliyyət daşıyır.
Maddə 6. Dövlət bitki mühafizə xidmətinin
maliyyələşdirilməsi və maddi-texniki təminatı
Dövlət bitki mühafizə xidmətinin maliyyələşdirilməsi və maddi-texniki təminatı
dövlət büdcəsi vəsaiti, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi digər maliyyə mənbələri, habelə bitki mühafizəsi üzrə
qanunvericilikdə müəyyən edilmiş qaydada göstərilən pullu xidmətlərdən əldə edilən
vəsait hesabına həyata keçirilir.
Dövlət bitki mühafizə xidmətinin mütəxəssisləri üçün Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada güzəştlər tətbiq olunur.
Maddə 7. Dövlət bitki mühafizə xidmətinin başqa dövlət
idarəetmə orqanları ilə əlaqəli fəaliyyəti
Dövlət bitki mühafizə xidməti bitki mühafizəsi sahəsində, habelə pestisidlərin, bioloji
və digər bitki mühafizə vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi,
keyfiyyətini itirmiş və istifadəsi qadağan olunmuş kimyəvi maddələrin
zərərsizləşdirilməsi məsələlərində ekologiya və təbiəti mühafizə, sanitariya-
epodemioloji, baytarlıq və bitki karantini üzrə dövlət xidmətləri ilə birgə fəaliyyət
göstərir.
Azərbaycan Respublikasının müvafiq nazirlikləri və başqa mərkəzi icra hakimiyyəti
orqanları öz səlahiyyətləri daxilində dövlət bitki mühafizəsi xidmətinə, onun üzərinə
düşən vəzifələrin yerinə yetirilməsinə köməklik edirlər.
Dövlət bitki mühafizəsi xidməti restisidlərin, bioloji və digər bitki mühafizə
vasitələrinin istehsalı, tədarükü və istifadəsi barədə müəyyən edilmiş qaydada
statistika orqanlarına məlumat verir.
III fəsil
Dövlət fİtosanİtar nəzarətİnİn həyata keçİrİlməsİ
Maddə 8. Dövlət fitosanitar nəzarəti
Dövlət fitosanitar nəzarəti — dövlət bitki mühafizə xidmətinin bitkilərin ziyanverici
və xəstəliklərinin, habelə alaq otlarının aşkar edilməsi, onların kütləvi yayılmasının
qarşısının alınması, bitkilərin və onların məhsullarının qorunması üçün tədbirlərin
görülməsi, bitki mühafizəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin
pozulması hallarının aşkar edilməsi və onların aradan qaldırılmasına yönəldilmiş
fəaliyyətidir.
Dövlət fitosanitar nəzarətinə daxildir:
ziyanverici obyektlərin kütləvi şəkildə meydana gəlməsi və yayılması şəraitini və
səbəblərini, onlarla mübarizənin mümkün ola biləcək neqativ nəticələrini müəyyən
etmək;
kənd təsərrüfatı bitkilərinin becərilməsində bitki mühafizəsi sahəsində zəruri olan
normativ sənədləri və tövsiyələri hazırlamaq;
bitkiçilikdə kimyəvi, bioloji və başqa preparatların tətbiq qaydalarını müəyyən etmək;
torpaq mülkiyyətçiləri və torpaq istifadəçiləri tərəfindən kimyəvi, aqrotexniki, bioloji,
təşkilati və digər təsərrüfat tədbirlərinin aparılmasına, bitki mühafizə vasitələrinin
istifadəsi reqlamentinə riayət olunmasına nəzarəti həyata keçirmək;
bitki mühafizəsi haqqında qanunvericiliyin pozulmasının qarşısını almaq və onu
pozanları məsuliyyətə cəlb etmək üçün müvafiq tədbirlər görmək.
Maddə 9. Dövlət fitosanitar nəzarətinin həyata keçirilməsi
Dövlət fitosanitar nəzarətinin həyata keçirilməsi dövlət bitki mühafizəsi xidmətinin
vəzifəli şəxslərinə və mütəxəssislərinə həvalə edilir.
Dövlət fitosanitar nəzarətini həyata keçirən şəxslər öz fəaliyyətlərində bu Qanunu və
Azərbaycan Respublikasının ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlarını
əsas götürürlər.
Nazirliklər, başqa mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələr öz
səlahiyyətləri daxilində dövlət fitosanitar nəzarətini həyata keçirən şəxslərə öz vəzifə
borclarını yerinə yetirməkdə köməklik göstərməyə borcludurlar.
23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə
241) ilə 1-ci maddənin üçüncü hissəsindən " kəndli (fermer) təsərrüfatları və"
sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
bitki mühafizəsi haqqında qanunvericiliyə dövlət orqanları, bələdiyyələr və ictimai
təşkilatlar, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələr,
icarələr, təşkilatlar, kəndli (fermer) təsərrüfatları və digər təsərrüfat subyektləri,
torpaqdan istifadə edən vətəndaşlar, habelə vəzifəli şəxslər tərəfindən riayət edilməsi.
Maddə 10. Dövlət fitosanitar nəzarətini həyata keçirən
şəxslərin hüquqları
Dövlət fitosanitar nəzarətini həyata keçirən şəxslərin aşağıdakı hüquqları vardır:
mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrin, idarələrin,
təşkilatların və təsərrüfatların torpaqlarında, kənd təsərrüfatı məhsulları, toxum və
əkin materialları, pestisidlər, bioloji və digər bitki mühafizə vasitələri saxlanılan
anbarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində onların
fitosanitar vəziyyətini, ziyanverici, xəstəlik və alaq otlarına qarşı aparılan mübarizə
tədbirlərini, mühafizə işləri texnologiyasına və bitki mühafizə vasitələrinin
saxlanılması və istifadə edilməsi üzrə müəyyən olunmuş reqlamentə riayət edilməsini
yoxlamaq;
mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrdən, idarələrdən,
təşkilatlardan və digər torpaq mülkiyyətçilərindən və torpaq istifadəçilərindən əkin
sahələri və çoxillik əkmələrin, meşələrin, otlaqların və biçənəklərin, toxum və əkin
materiallarının fitosanitar vəziyyəti, habelə ziyanverici, xəstəlik və alaq otlarına qarşı
aparılmış və aparılacaq mübarizə tədbirləri haqqında lazımi məlumatların verilməsini
tələb etmək;
bitkilərin ziyanverici, xəstəlik və alaq otlarına qarşı təlimat və tövsiyələrin,
texnologiya və reqlamentlərin pozulması ilə aparılan tədbirləri həmin nöqsanlar
aradan qaldırılana qədər dayandırmaq;
müəssisələrə, idarələrə, təşkilatlara və digər torpaq mülkiyyətçilərinə və torpaq
istifadəçilərinə sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik texnikasına uyğun
olmayan anbar və digər istehsalat binalarında kimyəvi və bioloji preparatların,
dərmanlanmış toxum və əkin materiallarının saxlanılması üçün istifadə edilməsini
qadağan etmək;
pestisidlərin və kənd təsərrüfatında istifadə olunan digər zəhərli kimyəvi maddələrin
qalıq miqdarını müəyyən etmək üçün bitkiçilik məhsullarından və torpaqdan
nümunələr götürmək;
kənd təsərrüfatı məhsullarının istehsalı, saxlanılması və satışı ilə məşğul olan torpaq
mülkiyyətçilərinə, torpaq istifadəçilərinə və vətəndaşlara bitki mühafizə məsələlərinə,
pestisidlərin, bioloji və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və
daşınması texnologiyasına və reqlamentlərinə dair tövsiyələr vermək;
müvafiq standartlara və texniki şərtlərə uyğun gəlməyən bitki mühafizə vasitələrini
satan idarə və təşkilatlara müəyyən edilmiş qaydalarda reklamasiyalar təqdim etmək;
bitki mühafizəsi haqqında təlimat və tövsiyələrin, pestisidlərin, bioloji və digər bitki
mühafizə vasitələrinin saxlanması, daşınması və istifadəsi texnologiyasının və
reqlamentlərinin pozulması barədə akt və təqdimatları təqsirli şəxslərin Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb
edilməsi üçün prokurorluq orqanlarına, müvafiq nazirliklərə və başqa mərkəzi və yerli
icra hakimiyyəti orqanlarına göndərmək.
IV fəsil
Bİtkİ mühafİzəsİ vasİtələrİ və onların tətbİqİ
Maddə 11. Bitki mühafizə vasitələri
Əkin sahələrini, çoxillik əkmələri, meşələri, otlaqları və biçənəkləri ziyanverici,
xəstəlik və alaq otlarından qorumaq üçün mütləq dövlət sınağından keçmiş və
Azərbaycan Respublikasında kənd təsərrüfatında və meşə təsərrüfatında istifadə üçün
tövsiyə edilmiş kimyəvi, bioloji və digər bitki mühafizə vasitələri, xüsusi maşın və
aparatlar tətbiq edilir.
Maddə 12. Bitki mühafizə vasitələrinin sınağı və qeydiyyatı
Bitki mühafizə vasitələrinin dövlət sınağı pestisidlərin və aqrokimyəvi maddələrin
dövlət sınağı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada həyata keçirilir. Bitki mühafizə vasitələrinin dövlət sınağını həyata
keçirən qurumlar bitki mühafizə vasitələrinin tətbiqi, onların qalıq miqdarının kənd
təsərrüfatı məhsullarında və ətraf mühit obyektlərində yol verilən həddi barədə
normativləri işləyib hazırlayırlar. Dövlət sınağından keçmiş bitki mühafizə vasitələri
müəyyən edilmiş qaydada qeydiyyata alındıqdan sonra kənd təsərrüfatında və meşə
təsərrüfatında istifadəsinə icazə verilən preparatlar siyahısına daxil edilir.
Dövlət sınağından keçmiş pestisidlərin, bioloji və digər bitki mühafizə vasitələrinin
qeydə alınması, habelə onların tətbiqinin məhdudlaşdırılması və qadağan olunması
bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağı və qeydiyyatı üzrə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən sanitariya-epidemioloji, ekologiya və
təbiəti mühafizə, baytarlıq nəzarəti üzrə dövlət xidmətləri ilə razılaşdırıldıqdan sonra
həyata keçirilir.
Bu və başqa ölkələrdə dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə
istifadəsi qadağan olunmuş preparatların istehsalı, satışı, xaricdən gətirilməsi və
tətbiqi qadağan olunur.
V fəsil
Bİtkİ mühafİzəsİ sahəsİndə müəssİsələrİn, İdarələrİn, təşkİlatların, torpaq
İstİfadəçİlərİnİn və vətəndaşların vəzİfələrİ
Maddə 13. Məhsulun istehsalı və satışı ilə əlaqədar vəzifələr
Mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı bitkilərinin becərilməsi və
kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan müəssisələr, idarələr, təşkilatlar,
torpaq mülkiyyətçiləri, torpaq istifadəçiləri və Azərbaycan Respublikasının digər
vətəndaşları:
bitkilərin ziyanverici, xəstəlik və alaq otlarının kütləvi inkişafının, onların
yayılmasının, məhsul itkisinin qarşısının alınması məqsədi ilə müntəzəm olaraq
kompleks mübarizə tədbirlərini həyata keçirməyə;
bitki mühafizə vasitələrinin saxlanmasında, daşınmasında və istifadə edilməsində
müəyyən olunmuş reqlamentlərə və qaydalara riayət etməyə, ətraf mühitin və
bitkiçilik məhsullarının pestisidlərlə çirklənməsinə, onların insan və heyvanlara zərərli
təsirinə yol verməməyə;
əkin sahələrinin, çoxillik əkmələrin, meşələrin, otlaqların və biçənəklərin fitosanitar
vəziyyəti, bitkiçilik məhsullarının qorunması üçün həyata keçirilən tədbirlər, bitki
mühafizə vasitələrinin istehsalı və istifadəsi haqqında dövlət bitki mühafizə xidmətinə
məlumat verməyə borcludurlar.
Maddə 14. Zəhərli maddələrin qalıq miqdarına dövlət
nəzarəti
Kənd təsərrüfatı məhsullarında, yemdə, ərzaq məhsullarında, torpaqda və ətraf mühit
obyektlərində pestisidlərin, nitratların və insan və heyvanların həyatı üçün təhlükəli
olan digər zəhərli maddələrin və birləşmələrin qalıq miqdarına dövlət nəzarəti
müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Kənd təsərrüfatı məhsullarının emalına və satışına məhsulun tərkibində pestisidlərin,
nitratların və insan və heyvanların həyatı üçün təhlükəli olan digər zəhərli maddələrin
və birləşmələrin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olmamasını
təsdiq edən sertifikat olduqda icazə verilir. Həmin sertifikatların tətbiqi mərhələləri və
qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
İstehsalçıya sertifikat müvafiq dövlət orqanı tərəfindən toksikoloji qiymətləndirmə
əsasında verilir. Məhsulun tərkibində pestisidlərin, nitratların və insan və heyvanların
həyatı üçün təhlükəli olan digər zəhərli maddələrin və birləşmələrin qalıq miqdarı yol
verilən normativ səviyyədən artıq olarsa, onun satışına icazə verilmir. Bu halda
məhsulun istifadə edilməsi haqqında qərar sanitariya-epidemioloji və baytarlıq üzrə
dövlət xidmətləri tərəfindən verilir. İstifadəsi mümkün olmayan kənd təsərrüfatı və
ərzaq məhsulları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada geri alınır, utilləşdirilir və ya məhv edilir.
İdxal edilən kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyəti təhlükəsizlik
baxımından Azərbaycan Respublikası standartlarının tələblərinə uyğun gəlməli,
müvafiq sertifikatlarla müşayiət edilməlidir.
VI fəsil
Bİtkİ mühafİzəsİ haqqında qanunverİcİlİyİn pozulmasına görə məsulİyyət. Bİtkİ
mühafİzəsİnə daİr mübahİsələrİn həllİ
Maddə 15. Vəzifəli şəxslərin və vətəndaşların məsuliyyəti
Vəzifəli şəxslər və vətəndaşlar:
bitkilərin ziyanverici, xəstəlik və alaq otlarına qarşı nəzərdə tutulmuş kompleks
tədbirləri pozmaqla və ay aparmamaqla ziyanverici obyektlərin kütləvi yayılmasına və
inkişafına, bununla da əkinlərə ziyan vurulmasına və ya onların məhv edilməsinə
şərait yaratdıqda;
bitki mühafizə vəsaitlərinin istifadə edilməsi texnologiyasına və reqlamentinə riayət
etməməsi nəticəsində başqa torpaq mülkiyyətçilərinə, torpaq istifadəçilərinə və
vətəndaşlara ziyan vurduqda, kənd təsərrüfatı məhsullarını
və ətraf mühiti pestisidlərlə və digər vasitələrlə çirkləndirdikdə;
tərkibində pestisidlərin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olan
məhsulları satdıqda və bitki mühafizəsi haqqında qanunvericiliyin pozulmasının digər
hallarında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada
intizam, maddi, inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər.
Maddə 16. Bitki mühafizəsi haqqında qanunvericiliyin
pozulmasına görə vurulan ziyanın ödənilməsi
Təqsirli olan şəxslərə qoyulan cərimələr və bu Qanunun 15-ci maddəsində göstərilmiş
digər başqa cəzalar vurulmuş ziyanın tam həcmində ödənilməsindən azad etmir.
Vurulmuş ziyanın həcmi və ödənilməsi qaydası Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
Maddə 17. Mübahisələrin həlli
Bitki mühafizəsinə dair mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada məhkəmələr tərəfindən həll olunur.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 3 dekabr 1996-cı il
№ 210-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə
241)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
Dostları ilə paylaş: |