“Xalq qəzeti”. - 2011.- 27 dekabr. - № 287. – S.3-5.
Azərbaycan Prezidenti İlham Əliyevin İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail
Qusmana İTAR-TASS agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibəsi
Bakı, 26 dekabr (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İTAR-TASS-ın
baş direktorunun birinci müavini Mixail Qusmana İTAR-TASS agentliyi və “Rossiya 24” telekanalı üçün
müsahibə vermişdir. AzərTAc həmin müsahibənin mətnini təqdim edir.
-Cənab Prezident, Sizinlə görüşmək imkanına görə çox sağ olun.
İcazə versəniz, söhbətimizi adətən bizim “Hakimiyyət formulu” adlanan proqramın sonunda
verilən sual ilə - hakimiyyət haqqında sual ilə başlamaq istərdim. Siz səkkiz ildir ki,
hakimiyyətdəsiniz. Hakimiyyətin ləzzətini və onun bütün cəhətlərini artıq bilirsiniz. Bu gün,
Prezident vəzifəsində səkkiz il işlədikdən sonra Sizin üçün hakimiyyət nədir və Sizin fikrinizcə,
hakimiyyətin hansı alətləri daha vacibdir?
-İlk növbədə deməliyəm ki, mən Prezident hakimiyyətini və gördüyüm işləri xalq qarşısında böyük
məsuliyyət və ölkənin taleyi üçün məsuliyyət kimi qəbul edirəm. Prezident respublikalarında bu
hakimiyyət yəqin ki, ikiqat məsuliyyətli olmalıdır. Bundan əlavə, hakimiyyət, əlbəttə dövləti qurmaq və
yaratmaq, möhkəmlətmək, siyasi təsisatları inkişaf etdirmək, insanların günbəgün daha yaxşı yaşaması
üçün şərait yaratmaq imkanı verir. Mən xalqın mənə verdiyi səlahiyyətləri məhz bu baxımdan – böyük
məsuliyyət kimi və öz ölkəsi üçün bəlkə hər kəsdən artıq iş görmək imkanı kimi qəbul edirəm.
Deməliyəm ki, bu vəzifədə olduğum səkkiz ildə mənim hakimiyyət haqqında təsəvvürlərim
dəyişməmişdir. Deyim ki, mən bu qiymətləri özümün prezidentliyimin ilk dövrlərində də söyləmişəm. Bu
gün hakimiyyət haqqında bu anlayış məndə yalnız möhkəmlənmişdir.
-Amma hər halda yada salmağa çalışın, bu səkkiz ildə hansı qərarları qəbul etmək Sizin üçün
daha çətin olmuşdur, belə qərarlar isə yəqin ki, olmuşdur. Məsələn, hansı qərarların qəbul edilməsi
Prezident İlham Əliyevə yuxusuz gecələr bahasına başa gəlmişdir?
-Deməliyəm ki, yuxusuz gecələrim olmamışdır. Dövlətimizin inkişafında mürəkkəb dövrlər
olmuşdur. Xüsusən mən Prezident vəzifəsinə seçiləndə mürəkkəb dövr idi, müəyyən qüvvələr şəraitin
sabitliyini pozmağa cəhdlər göstərirdi. Prezident seçkilərindən sonra, 2005-ci ildə keçirilən ilk parlament
seçkiləri və istər ölkənin daxilində, istərsə də onun hüdudlarından kənarda müəyyən dairələrin sabitliyi
pozmağa cəhdləri. Bu iki mürəkkəb dövrdən başqa tarixi prosesin qalan hissəsi kifayət qədər sakit, rəvan
keçmişdir. Buna görə də mən elə bir mürəkkəblik hiss etməmişəm.
Qəbul edilmiş mühüm qərarlara gəldikdə isə, mən onların arasında Azərbaycanın strateji inkişafına
təsir göstərənləri qeyd etmək istərdim. Bu, ilk növbədə ölkənin regional inkişafı proqramıdır. Bu, mənim
ilk ciddi siyasi addımlarımdan, təşəbbüslərimdən biri idi. Çünki aydın idi ki, paytaxt ilə regionlar arasında
qeyri-mütənasibliyi azaltmaq və tamamilə aradan qaldırmaq zəruridir. Bu proqram konkret maliyyə
resursları ilə, əlbəttə, qəbul edilmiş qərarların icrasının idarə edilməsi və onlara nəzarət üzrə çox səmərəli
siyasətlə dəstəklənmişdi. Lakin bu proqram dövlətin ümumi inkişafı, Azərbaycanın artıq postsovet
ölkəsindən gələcək üçün çox böyük perspektivləri olan, dinamik inkişaf edən ölkəyə rəvan
transformasiyasının və strateji inkişafının proqramına çevrildi. Əslində Azərbaycanın bütün gələcək
inkişafı məhz 2004-cü ildə qəbul edilmiş bu proqramla müəyyən olunmuşdur.
Əlbəttə, həyat bir yerdə dayanmır və bu gün biz elə layihələr haqqında düşünürük ki, səkkiz il
bundan əvvəl onları bəlkə heç xəyala da gətirmək mümkün deyildi. Bu, onu göstərir ki, ölkə irəliyə doğru
inkişaf edir. Beləliklə, keçən dövrü mən belə səciyyələndirərdim. Əlbəttə, həm daxili həyatda, həm də
xarici siyasət sahəsində qəbul edilməli qərarlar çox idi. Bu illərdə Azərbaycan öz müstəqil fəaliyyət
xəttini həyata keçirən ölkə kimi möhkəmlənmişdir. Bu, çox xoşdur, lakin heç də həmişə asan deyil. Buna
görə də xarici siyasi təşəbbüslər, ətrafımızda baş vermiş və baş verən hadisələrə münasibət, əlbəttə, dürüst
ölçülüb-biçilmiş xarici siyasət kursu, habelə bizim milli mənafelərin qorunmasında kifayət qədər cəsarət
tələb edir.
-Siz dəf edilməli çətinliklərdən danışdınız. Amma hər halda hamı etiraf edir ki, Azərbaycanın
uğurları çox güclü təsir bağışlayır – sənayedə, iqtisadiyyatda, kənd təsərrüfatında, beynəlxalq
aləmdə. Sizin fikrinizcə, bu uğurların rəhni, əsas amili nə olmuşdur? Siz necə hesab edirsiniz, bu
uğuru təmin edərkən nəyə güvənirdiniz?
-Şübhəsiz, bu uğurun və bütövlükdə Azərbaycanın bu uğurlu tarixinin rəhni, ilk növbədə siyasi
kursun varisliyidir. Mən prezident vəzifəsində işə başlayanda və hətta ondan əvvəl, seçkiqabağı dövrdə
elan etmişdim ki, mənə etimad göstəriləcəyi təqdirdə atamın siyasətini davam etdirəcəyəm. Zaman sübut
etmişdir ki, bu, yeganə düzgün siyasətdir. Bu siyasət Azərbaycanı hərc-mərclik, nizamsızlıq və faktiki
parçalanma dövründən çıxarmışdır. Bu siyasətə sadiqlik yeganə düzgün seçim idi və Azərbaycan xalqı, o
cümlədən 2003-cü ildə də bu seçimi dəstəklədi.
Bununla yanaşı, hakimiyyətin varisliyi və rəvan tərzdə keçməsi faktı Azərbaycan xalqının böyük
əksəriyyəti tərəfindən dəstəkləndi və həm də bu fakt müasir Azərbaycanın tarixində yeni məqam oldu.
Buna görə də bu, uğurun əsas rəhni idi. Lakin təbii ki, həyat bir yerdə dayanmır. Yerində saymaq və
yalnız bugünkü günlə yaşamaq olmazdı. Buna görə də Azərbaycanın hərtərəfli inkişafı strategiyası işlənib
hazırlandı. Qarşıya olduqca iddialı məqsədlər qoyuldu. Birinci mərhələdə onlar bəlkə də həyata
keçirilməsi mümkün olmayan, hətta qeyri-real və vaxtından əvvəl müəyyənləşdirilmiş məqsədlər kimi
görünürdü. Mən isə belə hesab edirdim ki, məhz əlçatmaz görünən hədəfə daha asanlıqla nail olmaq
mümkündür. Ölkənin inkişafının düzgün seçilmiş strategiyası, əlbəttə, Azərbaycandakı şəraitin bütün
müsbət və mənfi cəhətləri ilə bərabər, düzgün təhlilinə, habelə dövlətin səmərəli idarə edilməsinə və
qəbul olunmuş qərarların həyata keçirilməsinə çox təsirli nəzarətə əsaslanırdı. Əlbəttə, gizli deyil, çox
vaxt elə olur ki, düzgün qərarlar qəbul edilir, sonra onlar unudulur, ya da bürokratiya onları bir növ
pərdələyir. Buna görə də qərarların qəbul edilməsi, onların yerinə yetirilməsi, nəzarət mexanizmi, ən
başlıcası, bizim bütün proqramlar və qərarlar həm maliyyə bazası ilə, həm də reallaşdırılma mexanizmi
ilə möhkəmləndirilmişdi. Uğurlu inkişaf üçün imkan yaradan da bunlar olmuşdu. Güclü artım prosesi
başlanan kimi inersiya qüvvəsi işə düşdü. Yəni, artıq yerlərdən yeni təşəbbüslər irəli sürülməyə başlandı,
onlar bizim proqramları tamamlayır, gücləndirirdi. Cəmiyyətdə tamamilə nadir quruculuq ruhu
yaranmışdı, hər bir vətəndaş öz sahəsində, öz həyətində, öz küçəsində həyatı daha yaxşı və daha gözəl
etməyə çalışır. Bax, bu cür ictimai ruh yüksəkliyi bizə çox kömək edir. Əvvələn, biz bütün
təşəbbüslərimizin dəstəklənməsini hiss edirik, digər tərəfdən, bu proseslərdə bütün cəmiyyətin iştirakı
olmadan uğur qazanmaq mümkün deyil. Düşünürəm ki, mənim qeyd etdiyim bu strateji istiqamətlər bu
gün belə deməyə imkan verir ki, Azərbaycan həqiqətən çox dinamik və səmərəli inkişaf edir.
-Siz Azərbaycanın beynəlxalq aləmdə uğurunu xatırlatdınız. Bu yaxınlarda Azərbaycan
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, çox böyük nailiyyətdir. Özü də çox
dramatik, bir neçə turdan ibarət mübarizə gedirdi – məncə 16 tur oldu. Azərbaycana azarkeşlik
edənlərin hamısı bu mübarizəni onlayn rejimdə izləyirdi. Lakin reputasiya hissəsindən əlavə,
praktiki baxımdan Siz Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi vəzifələrini,
imkanlarını nədə görürsünüz?
-Əvvələn, deməliyəm ki, bu qələbə müstəqil Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib,
ən əhəmiyyətli və sanballı qələbədir. Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə
gördüyümüz bütün işləri əks etdirir. Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə, sizin
dediyiniz kimi, gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləmişdir. Lakin deməliyəm ki,
Azərbaycan bu mübarizədə ilk turdan başlayaraq liderlik edirdi və bütün mərhələlərdə böyük fərqlə
irəlidə gedirdi. Nəticədə biz beynəlxalq birliyin çox böyük dəstəyini qazandıq. Məhz beynəlxalq birliyin -
çünki yalnız bu cür format elə dünya birliyi, beynəlxalq birlik deməkdir. Bu, çox böyük siyasi qələbə,
diplomatik qələbə, çox böyük məsuliyyət, həm də ölkəmizə, siyasətimizə hörmətin ifadəsidir.
Açığını deyim ki, bu 155 ölkənin heç də hamısı ilə bizim çox fəal münasibətlərimiz yoxdur.
Əksəriyyəti ilə var, lakin bəzi ölkələr sadəcə olaraq bizə inanmış və etimad göstərmişdir. Onlar
inanmışlar ki, Azərbaycan Təhlükəsizlik Şurasında və bütövlükdə xarici siyasətdə müstəqil xətt
yeridəcəkdir. Onlar inanmışlar ki, biz orada ədalət ideallarını müdafiə edəcəyik. Mənim fikrimcə, ilk
növbədə buna çox böyük zərurət var – bugünkü aləmdə ədalət və beynəlxalq hüquq ideallarını müdafiə
etmək lazımdır. Əlbəttə, bu məsuliyyət bizim üzərimizə yeni funksiyalar qoyur. Bu, ilk təcrübədir, biz
hələ başlamamışıq, biz yenicə hazırlaşırıq. Əminəm ki, sizin dediyiniz kimi, reputasiya, imic
xarakterindən əlavə, bizim Təhlükəsizlik Şurasında üzvlüyümüzün praktiki səmərəsi olacaqdır. Özü də
təkcə ölkəmizin maraqlarını təmin etmək üçün yox. Hərçənd, əlbəttə, biz çalışırıq ki, qarşıdakı iki ildən
maksimum səmərə ilə istifadə edək, maraqlarımızı, o cümlədən bizim üçün ən mürəkkəb və çətin
məsələdə - Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində maraqlarımızı təmin edək. Əlbəttə,
biz bu mövzunu daim Təhlükəsizlik Şurasının diqqət mərkəzində saxlayacağıq. Lakin biz həm də qlobal
miqyasda sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsi işinə töhfəmizi verməyə çalışacağıq. Bu
gün beynəlxalq birliyin bu yeri bizə etibar etməsi faktının özü ona dəlalət edir ki, Azərbaycan dünyada
baş verən qlobal proseslərə töhfə verən və daha çox töhfə verə biləcək bir ölkə kimi qəbul edilir.
-Siz, mənim başa düşdüyümə görə, ən ağrılı problemə - Dağlıq Qarabağ probleminə
toxundunuz. Siyasi problemlərin, əlbəttə, həlli tələb olunan mürəkkəb düyününə. Sizin fikrinizcə,
bu, ipləri bir-bir dartmaqla açmaq mümkün olan düyündür, yaxud kəsib doğramaq mümkün olan
qordi düyünüdür?