A ğ saqqals ö z ü



Yüklə 185,49 Kb.
səhifə2/3
tarix26.09.2017
ölçüsü185,49 Kb.
#2094
1   2   3

Abdun qağa, son vaxtlar kənd yuxularımdan çıxmır . Rəhmətlik Əsli mamamın anamın üstündə dediyi bayatılar yadıma düşəndə işdə olsam da, gözümün yaşın saxlaya bilmirəm, bahar yağışı kimi axıb gedir:

Ana dağı


El dağı , ana dağı

Hər dərd yaman olmaz,

Yamandır, ana dağı.

Rəşid toyda oynayıb, yasda-vayda ağlayarlar . Şəhərin xoşlamadığım cəhətlərindən biri də adət- ənənəmizin getdikcə unudulmasıdır . Düz deyirsən , kəndimizin yas məclislərini ana-bacılarımız urvatlı edirdi. Rəhmətlik Pərnazın üstündə Fatmənsənin, Balaxanımın , Yasəmənin , Mələyin , Mamayın ,Səltənətin, Dadaş arvadı Fatmanın və başqa qonşuların ediləmələri yaddaşımızdan çıxarmı ?!

Ay mələr

Bulud ağlar , ay mələr.

Cavan ölən anayçün,

Balaları , ay mələr!

Səlbi qadınların səsini eşidib özünü saxlaya bilmədi :

Neylədi


Fələk bağrım teylədi.

Girdi gülşən baxçama,

Ələk-fələk eylədi!

Allaha şükür, Kərimxan uşaqları böyütdü, hərəsi bir iş sahibidir. Uşaqlar indi Sumqayıtda yaşayırlar. Zümrüdün mərifətindən, qanaçağından hamı razıdır, çox istiqanlı , qohum yolunda əzab-əziyyətə qatlaşan qızdır. Kəndə gələn kimi qohumlara bir-bir baş çəkir . Sənəyi boş olanın suyunu gətirir, hazır yeməyi olmayana yemək bişirir, kiminin həyət-bacasın süpürür, kiminin qab-qacağını yuyur, nə bilim e , çalışır ki, hamıya əl tutsun, hamını sevindirsin.

Biz də Pərnazın yadigarı kimi Zümrüdü çox istəyirik, xoşbəxt olsun.

Qağa , adət- ənənədən söz düşmüşkən , “Novruz” bayramını yenə təmtəraqlı keçirirsinizmi?

-Yadında saxla, qaranlığın qənimi işıqdır , çay olan yerdə balıq da olar, xeyirlə şər qardaşdır . Bunu mən demirəm e , atalar deyib . “Novruz” bizi yasdan çıxarır , bizə yeni qüvvət verir , sevinc gətirir . Belə bir bayramı unutmaqmı olar ?!

Allah kömək olmuş Talıb bu bayramı çox yüksək səviyyədə təşkil edir , il ərzində dünyasını dəyişənlər xatırlanır, ailə quranlar, uşağı olanlar, müvəffəqiyyət qazananlar təbrik edilir, küsülülər barışdırılır. Çalğıçılar tapmayanda başqa rayonlara gedib, oradan gətirir.

Abış yenə xan bəzənir, gözü- könlü tox, sayalı-qədəmli, namuslu, qeyrətli adamdır. Yekunda da xan bir stəkan suyu alnının ortasına qoyub gözəl bir oyun oynayır, tədbir alqışlarla yekunlaşır.

Əsli bahar qızı olur , Baratla Bayrış keşikçi , bizim Nəriman kosa , Həsi keçəl rolunu oynayırlar. Çox şurlu-məzəli keçir bayram. Bizim Teliş “O tayda qoç yatıbdı” , Hacı “Almanı atdım xarala”, qızı Qızxanım”Ceyran” mahnısını oxuyur. Həsi ilə Gülnazın oyunu , Hacının “Koroğlu cəngi”si , Xoşqədəmin “Qaçaq Nəbi”si , Sarabəyimin “Vağzalı”sı , Sevgilinin “Heyvagülü”sü , Əsli ilə Sədəfin “Kəsmə hava”sı, Mənsumənin xanım-xatın oyunları qəlbləri şadlandırır . İbrahimin qara zurnada çalmağına , Allahverdinin şövqlə ritmik qaval vurmağına kim oynaya bilməz ki?!

Çox heyf ki, belə tədbirləri lentə alıb saxlamırlar.

- Özün də oynayırsan ?

- Mənim qol qaldırıb , oynamağım yadıma gəlmir. Dodağım qaçar, qəhqəhə çəkib bərkdən gülmərəm. Allah qoysa , ta nə qalıb bu gün sabah böyük çillə yerin təhvil verir ortancıl qardaşa – kiçik çilləyə. Yığışıb gələrsiniz, bayram sevincimizdən, Rozanın bişirdiyi kömbədən, fəsəlidən sizə də pay düşər.

Rəşid, yadında qalsın, xatirə söyləmək qocalığın əlamətidir. Çiyinlərimdə illərin ağrısı, zamanın yükü yatıb, ancaq nədənsə, ötüb keçənləri danışanda dincəlirəm, təsəlli tapıram. Artıq qocalıq mənə də əl dolayıb , alnımıza nə yazılıbsa, o da olacaq , çiçək açmış ömrümüz bir gün solacaq . Xoş o adamın halına ki , o dünyasını qazanmış olsun, özündən sonra xoş xatirələri yaşasın, xatırlananda gözlərdə yaş gilələnsin. Nəvələr qonaq gələndə xoş xatirələr dil açsın.Təki balalar, nəvələr xoş gün görsünlər, uzun ömürlü xoşbəxt həyatlarını yaşasınlar.

Amin!

Yadıma uşaqlığınızla bağlı bir xatirə düşdü:



Müharıbə yenıcə qurtarmışdı. Mən , Abasqulu, bir də Şirin oğlu Ləmiş bostan becərirdik. Kəndin ehtiyac içərisində yaşayan bir qrup uşaqları bostana girib xiyar yemək istəyiblər. Sədr də “oğruları” tutub , at-döş edərək “Seyidimli”də biçincilərin yanına aparmışdı. Biçinçilərin yanında tənbeh edəndə özünü uşaqlara sipər edən rəhmətlik Zeynal oğlu Həsən də deyib ki , sədr, özünü gicirtkənlə silmə . Ağıllı adam başla , ağılsız daşla danışar , aslan dişinə , kişi işinə güvənər . O uşaqlar nə günahın sahibidirlər ? Axı onlar bizim gələcəyimizdir . Ac qılınc çapar , ay sədr. Yetimə çörək vermək borcumuzdur . Sən gərək kənd sovetinin deputatı olmağına hörmət qoyub, uşaqları incitməzdin . Əkiblər yemişik , əkirik yesinlər , dayna . Dərin çay səssiz axar , ay sədr , böyüklüyünü göstər, böyük insanların yolu bağışlamaqdır. Uşaqlarla işin olmasın , səbrli ol , uşaqların yediyi xiyarın haqqını mənim əməkgünümdən tutarsan . Hər şey vədəyə baxsa da , vədə heç nəyə baxmaz , onların da vədəsi gələr , tələsimə. Kiminin axırı , kiminin əvvəli , təki onların axırı yaxşı olsun. Görərsən , bir kişi olsunlar ki !

Sonra tam yetişməmiş qaraqılçıq sünbüllərdən yığıb, bizim palıdın gölgəsində bərbadıq edib uşaqları yedirtmişdir. Biçinçilər Həsənin bu hərəkətindən çox razı qalmışdılar. Sədr də səhvini başa düşüb , sarı kürən atını mınıb getmişdi.

Həsən qamətli, məğrur, zəhmətkeş və qədirbilən kişi idi. Kolxoz ilk dəfə qurulanda elə kolxozumuzun sədri də o olmuşdu. Həyat yoldaşı Mədinə də zəhmətkeş , abırlı-həyalı , hazırcavab qadındır .

Yaz günləri idi , həyət-baca gül-çiçək ətrinə bürünmüşdü , iydə çiçəyinin ətri adama xüsusi ləzzət verirdi . Mən də baxçada arılara baxırdım . Qonşu arvadları bir-birini heç nədən “yuyub-sərdilər“. İkisi də “az aşın duzu” deyildi.

Gördüm ki, belə getsə, lap biyabırcılıq olacaq, səsləndim ki , ay Mədinə baci , sən niyə bircə dəfə də olsa, məndən abır-həya etməyənlərə qoşulmursan ?!

Dedi ki , Abdun qağama bax e , eşitməmisən ki , qızı olan ana ağsaqqal yanında, ər yanında quzu olar ?! Mən də onlar kimi olsam, Həsənin sizin yanınızda danışmağa dili olar? Onları qır quyusuna düşsünlər, uşağı-böyüyü də saymırlar. Bilirlər ki, Həsən bu gün nobatdadır, yoxsa indi onların səslərini çoxdan kəsmişdi, səslərin atıblar başlarına, abırı tökülmüşlər.

Sağ olsun , Həsənin başını həmişə uça edib Mədinə. Elə anası rəhmətlik Qızyetər mamam da çox abırlı-həyalı, sakit təbiətli qadın idi.

Həsən müdafiə etdiyi uşaqların hamısı böyüdü , indi oğul-uşaq sahibidirlər, ancaq onlardan şəhərdə yaşayanlar Həsən kişi rəhmətə gedəndə düz iş görmədilər . Biri də onun yas məclisinə gəlmədi . Belə olmaz , Rəşid, unutqan olmayın! Eldən üz döndərən dilindən , dinindən, ata-anasından da üz döndərər . Əlinizə imkan düşəndə kasıbları, uşaqları , yetim-yesirləri unutmayın. Kəramətli olun, kəramətli adam öz bəxşişi ilə öyünər , xəsis isə öz var–dövləti ilə nazlanar.

Özünüzə rəva bilmədiyinizi başqalarına yön görməyin. Mərd olun , çörəyinizi gizli yeməyin , çörəyiniz dizinizin üstə olmasın, ömrünüzü əyləncəyə çevirməyin, var-dövlət dalınca qaçmayın, dünyanın varını ha yığ, ha qazan, 5-6 metr bez aparacaqsan, var yığanda ar-namus olmaz .

Bununla bağlı molla Pəpiş də mənə bir hadisə danışıb, hər yadıma düşdükcə qəlbim odlanır .

Kəndimiz 1953-cü ilə kimi Qubadlı üstündə gedirdi , ora baxırdıq. Qonşu Qiyaslı kəndindən Məhəmməd adlı bir nəfər müharibədə sağ ayağını itirdiyindən tərxis olunmuşdu . Hesab-kitabı yaxşı bilirmiş . Sədr ona anbardar olmağı məsləhət bilir . Əvvəl razı olmur, kənd ağsaqqalları təkidlə tələb edəndən sonra razılaşır , ancaq bir şərtlə .

Sədr deyir , razıyam , şərtini de .

-Xahiş edirəm , quduran kimi məni işdən azad edərsiniz .

Sədr kişinin nə demək istədiyini tam başa düşməsə də , razılaşır .

Bir gün əsgər ailəsindən bir qadın uşaqların dolandırmaq üçün sədrin adına ərizə yazır , sədr də ərizəni anbardarın üstünə yazır ki , 5kq buğda, 1kq yağ verilsin.

Qadın üç gün axşam tərəfləri briqadirdən içazə alıb gəlsə də, anbardarı tapıb ərzaq ala bilmir . Nəhayət , dördüncü gün anbardar qapını surquşlayanda yetirir , nə qədər yalvarır, Məhəmməd məhəl qoymur, qapını bağlayıb , şöytüyə-şöytüyə gedir evinə . Arvad ağlaya-ağlaya yollanır yalınqat divarlı, kərə evinə .

Məhəmməd evə çatır , görür ki , arvadı beçəli plov bişirib, ərinin işdən gəlməyini gözləyir . Bir anlığa düşünür , arvadına deyir ki , qazanı götür , gedirik Xanımzərgilə. Arvadı da insafən, heç nə demir, səbrlə işin sonunu gözləyir.

Belə də edirlər . Çatanda uşaqların acından sız-sız sızıldadıqlarını, ananın qan-yaş tökərək, dillə ağladığını eşidirlər:

Əzizim , necə dağlar,

Qarşıda neçə dağlar,

Yetim yanağı bilər ,

Göz yaşı necə dağlar.

Çəltik belimdə qaldı ,

Düyüm həlimdə qaldı.

Evin uçsun , Məhəmməd,

Torbam əlimdə qaldı...

Məhəmməd etdiyi əməlindən çox peşman olur , qapını döyüb içəri girirlər , işarə edir , arvad qazanı açır, yemək çəkir , uşaqları yedizdirir, qalan yeməyi də orda qoyub evə qayıdırlar. Bu haqda heç kəsə, heç nə demir . Sabahısı gün sübh tezdən kolxozun idarəsinə gedib , sədrin adına bu məzmunda ərizə yazır :

- Qudurduğuma görə məni işdən azad edin .

Sədr deyir ki, anbarda yeyinti yox , kimsə səndən şikayət etməyib , eybi yoxdur , səhvini düzəldərsən , qal işlə .

Məhəmməd inadından əl çəkmir, razı olmur ki , olmur .

Rəşid, belə əhvalatları eşidəndə hər birimiz düşünməyi bacarmalıyıq, bir-birimizin qeydinə qalmalıyıq , bu , bizim insanlıq borcumuzdur .

O vaxtlar bizi saxlayan zəhmətkeşliyimiz və əməksevərliyimiz oldu. Deyir yazda düşünən , qışda ac qalmaz , üşüməz . Düşünürdük ki , yaxşı rəncbər çörəyini daşdan da çıxarmağı baçarmalıdır . Adamın üstündə Allah var, sədr Mədəd də müharibə vaxtı camaatımıza çox kömək etdi.

Bərşaddan gəlirdilər bir pud arpa -buğda üçün nələr vermirdilər. Yazıqların neçəsi kənddə acından öldü . Kənd camaatı onları Allah xatırınə dəfn etdilər , ehsan verdilər. Şükür Allaha, çətinlik çəksək də, ölüm-itim olmadı. Uşaqlarımız daha da mətinləşdi , bərkidi , elmə-biliyə marağı artdı. Elə biri sənin özün , kimin var idi , özün öz gücünə bu pilləyə yüksəlmisən. Ancaq səndən bir xahişim var , şəhərə çox da bel bağlama , kəndlə əlaqəni kəsmə. Nəvə-nəticələrinə ad seçərkən bər-bəzəkli adlardan qaç , dədə-baba adlarını yaşadın.

Halal-haramın nə olduğunu onlara uşaqlıqdan başa salın. Rəhmətlik Cəlil əmim həmişə deyərdi ki , uşaqlıqda öyrədilən öyüd daşa yazılan yazı kimi əbədi və unudulmaz olar . İnanırsan, uşaq vaxtı dədəm “Quran”ı necə örgədibsə, bir hərfi də yadımdan çıxmayıb . Qardaşım Əbdülə də, mənə də hər gün bir saat dərs keçərdi. Rəhmətlik dinib-oturub tez-tez deyərdi ki , oxumaq üçün hər əzaba qatlaşın , elm öyrənin, ağıllı adamın adı da qalar, odu da . Elmin sonu səbir , ölümün sonu qəbirdir . Peyğəmbərimizin özü deyib ki , beşikdən ta qəbr evinə kimi bilik öyrənin . “Quranı “özünüzdən sonra gələn nəsillərə öyrədin. Mən də əmim oğlu Camala öyrətdim. Onun kimi güclü yaddaşa, hafizəyə malik heç birimiz ola bilməzdik. O, çox istedadlı oğlan idi. Kənddə kolxoz təzə qurulmuşdu, Həmid əmim hələ kolxoza qoşulmamışdı, Çamal torpaqlarımızın bir hissəsin götürüb üzünə kolxoz yaratmışdı.Qapılarındakı tut ağacından Bacıxanım mamasıgilin qapısındakı tut ağacına simlə telefon cəkmişdi. Təəssüf ki, əcəl aman vermədi, dünyasını tez dəyişdi. Allah rəhmət eliyər.Ondan sonra Məsti bacım da yaşıya bilmədi, dünyasını dəyişdi, canı can qucaqladı, hər ikisini “Sofular “da yan - yana dəfn etdik. Ruhları şad, torpaqları yüngül, yerləri daim cənnət olar.

Dünyanı dərk edəndən bu günə qədər, bir dəfə də olsun , namazımın vaxtın ötürməmişəm , Allah imkan verib , hər il orucumu tutmuşam . Allah qarşısında borcumu yerinə yetirməyə çalışmışam. Tanrının buyurduğu cızıqdan çıxmamışam . Əməllərimə görə peşman da deyiləm. Ona görə də çoxları and içəndə Abdunun qıldığı namaz , oxduğu “Quran” haqqı deyir .

Dədəm necə əsr bundan əvvəl yazılmış “Quran”ı mənə əmanət etdi . O ili krişaya ot yığmışdım, od düşdü , ev yandı , şükürlər olsun ki , “Quran”a heç nə olmadı . Allah qoysa, fikrim var , mən də müqəddəs kitabımızı İlmana əmanət edim. Uşaqların hamısı etibarlı və sədaqətlidir , ancaq İlmanın mənəvi dünyası daha zəngindir. Mənə elə gəlir ki, babalarımın yadigarı əsrlər boyu yaşayacaq .

Qardaşım Əbdül məndən də bacarıqlı idi. O, təkcə ərəb- farsı deyil , dünyəvi elmləri də öyrənirdi. Dədəm pristavın köməkçisi işləyəndə Əbdül rus dilini də öyrənmişdi . Hökumət də bacarığını görüb ona qulluq verdi . Müharibəyə zabit kimi getdi . Dəfələrlə ünvanımıza təşəkkür məktubu gəldi . Qəhrəmanlığına görə neçə dəfə təltif olunub , uzun müddət Qubadlı , Laçın , Göyçay rayonlarının raykom aparatında işləyib. İndi Zəngilanın özündə yaşayır , həm məktəbdə uşaqlara dərs verir , həm də rayon ağsaqqallar şurasının sədridir .

Böyük hörmət və nüfuza , zəngin dünyagörüşə , təbiət və cəmiyyət haqqında özünəməxsus düşüncə tərzinə malikdir, yaxşı dostları var. Vəzifəli adamlar onunla hesablaşırlar, ondan məsləhətlər alırlar . Hərdən məni də tərifləyir , deyir ki, qağa , səndən həssas ata yoxdur, övladlarını əzizləyərək yaxşı təlim-tərbiyə verirsən. Uşaqlarının fikrinə çox hörmətlə, diqqətlə yanaşırsan , çalışırsan ki , bütün istəklərini yerinə yetirəsən .

Doğrudan da , təkcə uşaqların yox , hər bir kəsin istəyinə , tələbinə çox hörmətlə yanaşıram . Rəhmətlik Həmid əmim deyərdi ki , can deməklə , candan can əskik olmaz, buğda çörəyiniz olmasa da , buğda diliniz olsun, çor da, can da üç hərfdir, çor deyib nifrət qazanınca , can deyib hörmət qazanın , bir kəsin qəlbin sevindirməyəcəksənsə , heç qəlbini qırma da .

Kimsənin yanında başı aşağı olmamışıq , indən sonra da Allahın köməkliyi ilə olmarıq. Atam Hacı 12 para kəndin mollası idi , həm də necı il pristavın koməkcisi olub. Dünyəvi elmlərə marağı var idi . Kəndin mollası idi . Ondan sonra kəndimizdə dini mərasimləri mən idarə etmişəm. Özü də təmənnasız. Halal , halal xoşları olsun . Çalışmışam ki , dünyasını dəyişənləri urvatlı edim .

Keçən il Ağakişi rəhmətə gedəndə qohumlarla yığışdıq , getdik Şirvana . Ağır bir məclis oldu. Şirvanın buxarı papaqlı, dəmbə göz mollaları məclisi idarə edirdilər. Çox gözlədim , məni dəvət edib bir söz deyən olmadı .

Nəhayət , başda oturanların yanına gedib , özümə layiq tərzdə ədəb- ərkanla , bir də görüşdüm və “Yasin” oxumağıma icazə vermələrini xahiş etdim . Sağ olsunlar , icazə verdilər. İstifadə etmək üçün əllərindəki kitabı da mənə uzatdılar , qəbul etmədim. Rəhmətlik dədəmin öyrətdiyi kimi əzbərdən, gözəl avazla başladım , nə başladım. “Tiləvat”a çatanda yanımda oturan, özündən razı olan axundlardan , mollalardan , məşədi , kərbəlayi, hacılardan əsər-əlamət yox idi. Hamısı qaçıb getmişdilər. Etiraf etdilər ki , bizim sənin yanında oturmağa haqqımız yoxdur. Sən dəryasan ki !

Məclisə girəndə deyəsən ,” üstümü unlu görüb , məni dəyirmançı” hesab etmişdilər.

Sənin insanı düşündürən ağlına qurban, ay qağa . Sən elə-obaya gərəkli, qənimət adamsan . Allahın köməkliyi ilə indiyə qədər kimsənin yanında başı aşağı olmamışıq , inşallah bundan sonra da olmarıq .

Rəşid , mənim ən çox qorxduğum unutqanlıq , bir də əməyə xor baxmaqdır. Neçə gündür burdayam , fikir verirəm , şəhər adamlarının əksəriyyəti günortadan sonra yerindən durur . Rəhmətlik Həmid əmim deyərdi ki , günortadan sonra çıxan günəşin istisi olmaz. Yaxşı , saat on ikidə , birdə duran uşaqdan nə gözləmək olar? Bu, məni çox düşündürür, ona gorə də uşaqları kəndə qaytarmaq istəyirəm.

Bu kiçik kəndlərimizdən bilirsən nə qədər böyük adamlar çıxıb? Yazıçıların , şairlərin , dövlət adamlarının formalaşmasında bünövrəylə yanaşı, mühitin , zamanın da rolu çox böyükdür.

Kəndimizin oğlanları gəldilər oldular şəhərli . Hərəsi də özünə şəhərdən ömür - gün yoldaşı seçdi. O vaxtlardan da soy-kökümüzdə cırlaşma başladı. Kəndin təmiz havası , təmiz ərzaq məhsulları ilə böyüyən qızlarımız dünyaya sağlam övladlar gətirir, iynəsiz , dəva-dərmansız da böyüdürlər . Şəhər uşaqları da həkimlərdə qalıblar. Rəhmətlik Güllübəyim arvad uşaqların göbəyin kəsməklə böyüməkləri bir olurdu . (Yaradanın izni ilə Güllübəyim çoxlarını həyata qaytarıb. O, əsl loğman idi ). Bizim Ədif məktəbə gedirdi , nənəsi ona yenə süd verirdi. Dəva-dərmanla böyüyən gənclərdən sağlam uşaq gözləmək ağılsızlıqdır. Ona görə də , vaxtında kənd-kəsəyə qayıtmaq lazımdır. Biz öz sağlamlığımızın qeydinə qalmasaq , xarici ölkələr bizi ərzaqla xəstələndirəcək.

Qağa, məni sənin söhbətlərin bərk tutdu. Məzuniyyətimin vaxtıdır, səninlə gedəcəyəm kəndə.

-Rəşid, kiçik çillənin soyuğu , təndirə təpər toyuğu. Gedib kənddə nə iş görəcəksən? Qışda kəndə kömək adı ilə gedənlərə acığım tutur. Gözlə, yayda gələrsən. Həm dincələrsən , həm də göydən-göyərtidən yeyib, müalicə alarsan. Yarpızlı , acıqıcılı , mərövcəli , xəzəzli dərələr , kəkotulu, xıncılovuzlu, çiyələkli yamaclar , laləli düzlər , bənövşəli , nənənərgizli , güllü-çiçəkli həyət-bacalar səni gəncliyinə qaytarar.Qız-gəlinlər dadlı-ləzzətli göylərdən xitəb bişirərlər, nehrə yağıyla, camış qatığıyla yeyərsən, ağzın tama gələr.

Təbiətin gülən vaxtı, bahar xalı toxuyanda, quşlar nəğmə oxuyanda, ot-ələfi yaz yağmuru sevindirəndə, şeh otlara layla çalanda , yaz dumanı dərələrlə sürünüb zirvələrə üz tutanda , üfüqlərdən dan söküləndə, qaranlıqlar çəkiləndə , günəş qızılı şəfəqlərini yamaclara səpəndə cıxarsan Yalzəmiyə - Qurbanoğlu Abasqulunun biçənək yerindən Bakıya uzanan yollara , cənnətməkan əkin-bicin , örüş yerlərimizə baxarsan . İsanın qoyun-quzu sürüsü, İdrisin at ilxısı , Abışın öküz otardığı örüş yerlərinə , yaylaqlara , Abasqulunun kəhər atın belində gəzdiyi əkin-biçin sahələrinə , Xəlilin kəklik ovladığı güneylərə, qayalıqlara , ucsuz- bucaqsız meşə zolaqlarına , kəndin dörd tərəfində paqqıldayıb çıxan bumbuz, şəfaverici bulaqlara, Gəzərəxondan kəndimizə qədər uzanıb gələn ərik , alma -armud , tut , üzüm bağlarına baxıb ləzzət alarsan. Təbii məhsullardan yeyib, müalicəvi sulardan içib əmələ gələrsən .

Qağa, səhvimi başa düşdüm , bağışla, mən belə düşünmədim.

Abdun qağa , deyirəm kəndimizdə yaşamış azman kişilərdən, görəsən, az da olsa , yazan , cızmaqara edən oldumu gələcək nəsillərə? Rəhmətlik Güllübəyim nənənin , Əsli arvadın türkəçarə müalicəsini davam etdirən olacaqmı?

Sualına cavab verə bilməyəcəyəm, bağışla, o sizin işinizdir, məndən niyə soruşursan? Sənə adlı-sanlı kişilərdən olan Nəsir kişinin bir qəhrəmanlığını xatırladım. O, bir gün Xivel dərəsində ayı ilə qarşılaşır. Ayı Nəsiri parçalamaq istəyəndə ayını qulaqlayıb Xivelin yalına kimi, 2 km sürüyüb gətirmişdi. Kəndə hay düşdü , gedib köməkləşib, ayını gətirdilər kəndə. Kənd camaatı Nəsirin gücünə məətdəl qalmışdı.

Şərif əmimin xırmanı yadındadırmı? Xırmanın qabağında hörülmüş daşların hər biri aşağısı bir ton, ton yarımdır. Kişidə qüvvəyə bax ki, o daşlarla divar hörüb. Yaxşı ki , Talıb onu mühafizə edib saxlaya bildi. Kəndin ən böyük və yelkənli xırmanı olduğu üçün kolxoz vaxtı da elə bu xırmandan istifadə edirdik. Bərəkətli və uğurlu xırmandır.

Müharibədən sonrakı illər idi. Xırmanda işləyən qadınlardan hərəsi bir torba bəcik yığmışdı. Sədr gəldi, gizlədə bilmədilər. Təmizlənmiş buğdanı cəkəndə sədrin başı qarışdı, Həsən tez torbaları samana qatıb yığanlayıb saldı Həmid əmimin mərəyinə. Xırmancılar evə gedəndə sədr nə qədər axtardı torbaları tapmadı. Həsən kişidən soruşdu ki, torbaları kim apardı?

Dedi:


-Yığan apardı.

-A kişi, düzünü de, axı burdan hec kim getməyib.

-Mən neynim, sən başa düşmürsən.Yığan apardı, yığan, yığan.

Rəhmətlik Həmid əmim də çox qüvvəli, özünü kəndə sipər eləyən kişilərdən biri idi, kimsənin qabağında susmamışdı, cəkinəcəyi bir qüvvə də yox idi. Qonşu kənddə yaşayan mərdimazar tayfanın adamları şikayət etmişdilər. Piristav gəlib Qarababada yığıncaq eləyib, dədəmin xətrinə dəyən söz deyəndə Həmid əmim pirisdavı vurmuşdu. Yaxşı da silah işlədirdi. Bütün silahlardan istifadə edə bilirdi. İranlılar anahatlıq dövründə əmimin qorxusundan bizim kəndə oğurluğa gələ bilmirdilər. Yaxşı cüt bağlayırdı, vəl düzəldirdi, vəlin altına daş vurardıq ki, sünbülləri yaxşı əzzin. Hər daşdan da istifadə etmək olmazdı, gərək gedib çaxmaq daşı tapıb gətirərdik. Cox zəhmətkeş kişi idi.

- Ay qağa, Həmid dayımın atası Şərif kişi sənin yadına gəlir?

- Əlbəttə, uşaq vaxtı məni iş dalınca çox buyurub. Küy olmasın kürəyinin eni bir metr olardı , sarıbəniz sifəti, uzun , yoğun barmaqları, hündür boyu,qaməti, tökmə bədəni, enli, qalın buğları var idi. Biləyi mənim ortam yoğunluqda idi. Rəhmətlik qohumcanlı, işgüzar və çox mülayim, səliqə-səhmanı sevən adam idi. Mədəndə işləyəndə xaricilərin dilini də öyrənmişdi. Bir hündür kəhər atı var idi, bayır-bacağa gedəndə həmişə atın minib gedərdi.

Elmə böyük marağı var idi , elə ona görə də Cəlil əmimin Bakıya gedib oxumağına icazə verdi.

Kəndimizdə qızıl olub, Əbülhəsən uşağında , Şərif əmimdə, bir də bizdə . Doğrudan da, qızıl sahibinə qismət olmur , bir o qədər qızıldan heç birimizə qalmadı.

Bir şeyi də unutma ki , yaradan bilir kişiləri nə vaxt yaratmaq lazımdı. Kişinin əvvala, nəsli-kökü olmalıdır , ikincisi , kişilər əməlləri, hünərləri, vüqarları, çörəkləri ilə tanınıblar. Rəşid, yadında saxla ki, quş uçuşundan, ceyran qaçışından, kəklik yerişindən, insanlar, xüsusən kişi baxışından tanınar.

Rəşid, Yusif Vənədli kəndində işləyirdi , İbrahimin qızı Mənsuməni görüb, bəyənmişdi . İdrislə elçi getdik, vermədi , dedi ki , kimin hünəri var, mənim qızıma tərəf baxa, onun adını tuta. Bir də bu qapıya o niyyətlə ayaq basmayın. Biz də kor-peşman qayıtdıq, gəldik.

Bu söhbəti Talıb kimdənsə eşidib. Bir gün məndən bu iş haqda soruşdu, hər şeyi olduğu kimi dedim , ancaq tapşırdım ki , bir daş altdan, bir daş üstən, heç kəs bilməsin . Bir həftədən sonra eşitdim ki , Talıb qızı qaçırıb Yusifə. Yığışıb xeyir-dua verdik. Üç aydan sonra getdik barışığa. İbrahim soruşdu ki, qızı qaçıran oğlan gəlibmi?

Talıb çalgeçirli taxta karafatın lap başında oturmuşdu, şəstlə qalxdı ayağa, dedi ki, qızı mən qaçırmışam.

-Kimlərdənsən?

-Həmidin oğluyam.

-Orda iki Həmid var.

- Mən Şərif oğlu Həmidin oğluyam.

Kişi arxaya dönüb yoğun səslə Həcər, ay Həcər,- deyə yoldaşını səslədi.

Həcər ağzında yaşmaq gəldi, sakitcə dayandı ərinin yanında.

-Həcər, elçilər yaldakı saqqızın yanın aşan kimi sənə nə dedim?

-Ay camaat, o qardaşımın yaralı goru haqqı, Abdun qağamgil yalı aşan kimi İbrahim mənə dedi ki , Həcər səhv elədim , gərək deyərdim ki, Şərifin törəməsindən başqa , hünəri olan varsa, bu niyyətlə o yaldan bəri baxsın !

İbrahim də ağsaqqal adam idi, olub-kecənləri bağışladı. Xeyir-dua verdi, Allaha şükür , çox uğurlu ailə də oldu. Mənsuməni də sağ olsun, ailəcanlı adamdır, indiyə qədər bir adam ondan narazı qalmayıb. Sayalı-qədəmli gəlin oldu, o gələndən sonra Yusifi məktəb direktoru qoydular, indiyə qədər də işləyir.

Abdun qağa, kənd adamlarından yuxularımda ən çox gördüyüm Abasqulu kişidir, sən Allah , onun adına bu cümə axşamı “Yasin “ tapşırarsan.

Kəndin tanınan azman kişilərindən biri də Qurban oğlu Abasqulu idi. Deyirdin bəs yaranaldı . Çox səbirli , təmkinli, insaflı, ədəb-ərkanlı kişi idi. Çörək verməyi bacaran adam idi, özü də yaxşı xörəklər bişirirdi, əlinin duzu yaxşı idi. Tüstü güdənlərdən heç xoşu gəlməzdi, hərdən onların ünvanına”yağlı” sözlər də deyərdi.

Yaxşı yoldaşlığı var idi, kimlə yoldaş olsaydı, bəxti gətirərdi.Onunla yoldaşlıq edənlər əsla ziyan çəkməzdilər. Ona görə də kim dəyirmana getsəydi, bir səfərə çıxsaydı, çox vaxt Abasquluyla yoldaşlıq edərdi.

Onun dəyənəyinə tab gətirən canlı tapılmazdı. Demək , bir dəfə tüfəng açılmamışdı , tulamazlı ilə canavarı vurub öldürmüşdü . Solaxay idi, zalım oğlunda fil gücü var idi . Heyvandarlıqla yanaşı , təsərrüfat işlərənə də yaxşı bələd idi . Uzun müddət kolxozda ferma müdiri işlədi , ömrünün son günlərinə qədər kolxoz işlərinə kömək etdi .

Öləndə əzrail ona yaxın gələ bilmirdi. Üç gün çəliyini əlindən yerə qoymadı, əzraillə vuruşdu.Üçüncü axşam qohum - əvlad hal - əhval tutmaq üçün yenə başına yığışmışdıq. Məni səslədi, yaxınlaşdım lap yasdığının yanına. Başının çalmasını acdı, alnının tərini silib, dərindən ah çəkib, aramla son sözlərini deməyə başladı:

- Abdun, hamınıza halallıq verirəm, anamla Tamam gəlmişdilər məni aparmağa, dedim ki, camaatla halallaşıb, sübh tezdən gələcəyəm. Alllah qoysa, sübh tezdən gəlib “Yasin”imi oxuyarsan . Sonra sakitcə uzanıb yuxuya getdi.


Yüklə 185,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə