43
İnsan yalqızdır. O, insanlıq dənizinin içində böyük
fırtınalarda iştirak edə bilər. Lakin həyatın əsas müşküllərini o
özü tək, kimsəsiz həll etməlidir, açmalıdır.
Ömür. Tale. Məhəbbət. Yaradıcılıq. İztirab. Ölüm.
Bu əzəli və əbədi qüvvələr qarşısında insan təpə-tənha
dayanmışdır. Quyu təkin.
İnsan quyu kimidir. Quyunun suyunu içirlər. Lakin onun
dibinə düşənlər çoxmudur? Həyat insanın güzgüsündə –
quyunun suyunda əks olunur. Lakin günəşi, ağacları, otları,
bütün ona baxanları üzünə yapışdıran bu suyun altında nələr
vardır? Quyunun dibindən xəbərdar olanların çox qismi onun
suyundan ikrah etmir?
İnsan təkdir. Həyat, ölüm, eşq, yaradıcılıq problemlərini o
tək etməlidir.
O Robinzondur. Həyat – Cümə. O – Robinzondur. Ölüm –
Cümə. O – Robinzondur. Sevgi – Cümə.
O heç yerdən kömək diləmir, heç kəsdən yardım istəmir. Nə
atadan, nə anadan, nə arvaddan, nə bacıdan, nə qardaşdan, nə
övladdan, nə də dostdan.
İnsan kiçik dənizdir. O böyük dənizdən – İnsanlıqdan su
sızmaz, ün keçməz qayalarla – öz "mən"iylə, fərdiylə, taleiylə
ayrılmışdır. O, heç vaxt böyük dənizlə qovuşa bilməyəcəkdir.
İnsan əkiz doğulduqda belə dünyaya tək gəlir. Sevdiyilə,
sevdikləriylə, necə deyərlər "can bir qəlb" olsa da, hərfi
mənada "can bir qəlb" ola bilmir. Yüz min adamla birlikdə bir
bombadan, bir minadan bir partlayışdan ölsə belə tək ölür.
İnsanlıq – insanlardan ibarətdir, fəqət insan insanlığın
ayrılmaz bir hissəsi deyil. Ayrılan, hər an ayrıla bilən bir
hissəsidir. Məsələ bundadır. Hər kəs insanlığın səadəti və ya
bədbəxtliyi barəsində düşünür. Lakin insanlıq hər kəsin səadəti
və ya bədbəxtliyi haqqında düşünmür. İnsanlığın nə borcuna?
İnsanlığın dərdlərini çiynindən atan adam özü haqqında
düşünməyə başlayır. O, mərəzlərin ən dəhşətlisi olan
özünüanaliz mərəzinə tutulur. Quyunun dibinə, qəlbinin
44
quyusuna, könlünün gecəsinə düşür. O, öz daxilində həqiqət
axtarır ki, həyatın həqiqətini də anlaya bilsin. O həyatın
inkaredilməz həqiqətlərini" öz daxili varlığının təcrübəsiylə
yoxlamaq istəyir. Ona elə gəlir ki, əsl həqiqət – insanın özünün
şəxsən tapdığı həqiqətdir. O, bu həqiqəti axtarır, tapır, bəli,
tapır, amma dalına qulaq asın, tapır, …tapır və şübhələnir,
tərəddüd edir, bir də, on da, yüz də yoxlayır və …itirir.
Yenidən axtarır, yenidən tapır və yenidən itirir. Təzədən
axtarır, tapır, itirir və s və i.a. Axır ki, o qəribə bir həqiqət icad
eləyir: yeganə həqiqi həqiqət yeganə həqiqi həqiqətin
olmamasıdır. Bütün qalan həqiqətlər nisbidir. Hər şey. Varlığın
dərk olunub olunmaması haqqında mübahisə edən filosoflardan
tutmuş bir kilo almanın qiyməti haqqında mübahisə edən
alıcıyla satıcıya qədər bütün insanların rəyləri, fikirləri,
əqidələri nisbidir.
Bu böyük həqiqəti tapan insan, onu tapdığı gün insanların
əksəriyyətinin gözündə öz insanlığını itirir.
Doğrudan da artıq o meyitdir. Canlı meyit. O Xeyir və Şəri
dərk etməkdən acizdir, deməli yaşamır, çünki insanların
çoxunun fikrincə yaşamaq – bu iki qüvvədən birinin tərəfinə
durmaq deməkdir. Həqiqətin nisbiliyini anlayan insan heç bir
tərəfə keçə bilmir. Çünki hər iki tərəf özünü Xeyir – müqabilini
Şər sayır. Belə insan tərəfləri ayırmır. Onunçün hər tərəf
eynidir. Şimal qütbündə dayanan adamçün hər tərəf cənub olan
kimi. Şimal qütbündə dayanan adam özünün Şimal qütbündə
dayanıb dayanmadığından da şübhəlidir. Bəlkə də o Cənub
qütbündə dayanmışdır və hər tərəf onunçün Şimaldır. Axı
qütblərin adı da nisbidir.
Qütbdə durub-durub üşüyürük. Darıxırıq. Donuruq.
Hisslərimiz donur. Beynimiz buz bağlayır. Ürəyimizdə altı ay
gecə olur.
Boz, nimdaş, rəngi getmiş taksilər sevdiklərimizi bizdən
aparırlar. Onları saxlamağa cəhd etmirik. Laqeydliyimizin
buzunu əridə bilmirik.
45
Çünki yaxşı bilirik, taksini saxlamaq mümkündür. Vaxtı
saxlamaq olmaz. Qadını qaytarmaq mümkündür. Keçib gedən
dəqiqələri qaytarmaq olmaz.
İztirab çəkirik. Amma bilirik, yaxşı bilirik ki, bu iztirab belə
keçəri, gedəridir, "gəlimli-gedimlidir. Son ucu ölümlüdür".
Ağrıyırıq, amma bilirik, yaxşı bilirik ki, ağrı da dönükdür,
vəfasızdır. Vaxt onu bizdən döndərəcək, başqasına yar
edəcəkdir. Ağlayırıq. Amma bilirik ki, göz yaşlarımız hərcayi
muncuqlar kimidir. Vaxt sabah onu bizdən alıb başqasının
gözünü bəzəyəcəkdir.
Yarəb! Bəlayi – eşq ilə…
Olmaz! Elə ona görə ağrıdır. Uzun zaman iztirab çəkirsən,
həqiqətən ağrıya bilmədiyinçün ağrıyırsan, hönkür-hönkür
ağlaya bilmədiyinçün hönkür-hönkür ağlayırsan.
Bəzən də aldanırsan. Könlün gecəsində məhəbbət
ümidlərinə inanırsan, Təskinat, Təsəlli axtarırsan.
Bəzən məhəbbətin və onun işgəncələrinin ağrısı elə güclü
olur ki, könlündəki diş ağrısını müalicə etməkçün Vaxt-təbibə
yox, Ölüm-təbiətə müraciət edirsən. Lakin bu az-az olur.
Yalnız hekayə
qəhrəmanları sevgilisinin paltosunun
vəfasızlığına dözməyib intihar edirlər. Bir də həyatda bu
qəhrəmanları yamsılayanlar. Qalan adamlar yaşamaqçün
qalırlar. Çox yaşayırlar. Uzun yaşayırlar. Qocalanda isə onlara
yalnız cihazların sabit ünsiyyəti qalır. Radionun, televizorun,
maqnitafonun. Bir də telefonun.
Bəzən içirəm. Amma bu bir yol deyil. Onsuz da axşam
içəndə sabah ayıq olursan. Elə bil yuxudan ayılırsan. Yuxu –
içkisiz sərxoşluqdur. Sərxoşluq-yatmaqsız yuxu, həmişə
yuxularla keçinmək olmaz. Səhərlər sərt, mütləq və
amansızdırlar.
Daha bizə nə qalır?
Yazmaq. Yazmaq. Mümkün olmayan şeylər haqqında
yazırıq. Qəhrəmanlıramızı bəxtiyar edirik. Qəhrəmanlarımızın
sevdikləri taksilərdə əbədi getmirlər. Getsələr də qayıdırlar.
Dostları ilə paylaş: |