A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə22/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   18   19   20   21   22   23   24   25   ...   168

 73 

 

 

KÖNLÜMÜZÜN GECƏSİ 

 

–Hə, bəs o necə oldu? 



–Kim? 

Rüstəm,  Əjdər və  Şəhla dəniz kənarında qumun üstündə 

uzanıb özlərini günə verirdilər. 

Əjdər təəccüblə Şəhlaya baxdı. 

–O da – deyə təkrar elədi.  

Şəhla başa düşdü. 

–Hə, o? Məktəbə girdi də.  

–Orta məktəbə? 

–Hə. Birinci sinifə. 

–Axı o deyəsən institutda oxuyurdu. 

–Bəli. İnstitutu qurtardı, sonra da getdi girdi birinci sinfə. 

Rüstəm beli üstündə uzanmışdır. Başını qaldırıb: – yenə 

başladınız – deyə narazı baxışlarla  Əjdərə  və  Şəhlaya baxdı. 

Şəhla həvəssiz gülümsündü. Əjdər dedi: 

–Buna bax, inanmır. Kişi birinci sinifdə oxuyurdu da.  

–Hə də – deyə Şəhla söhbəti davam elədi.  

–Oğlunu birinci sinifə götürmədilər. Odur ki, özü gedib girdi.  

–Hə. Sonra öldü. Öləndən sonra evləndi. Evlənəndən sonra 

arvadı öldü. Arvadı öləndən sonra uşağı oldu. Uşaq "uşi" 

sözündəndir. Yəni qulaq asmaq. Qulaq cinayətkar olduğu üçün 

onu asmışlar və s. və s. və s. – deyə Rüstəm bacısını və onun 

ərini yamsıladı – bu səfsəfələr zəhlənizi tökmədi?  

Şəhla Rüstəmə baxıb gülürdü. Əjdər nədənsə birdən birə 

dalğınlaşdı.  

Araya sükut çökdü. 

Şəhla dedi: 

–Yaxşı, neyləyək, sən susursan, biz də danışanda acığın 

tutur. 


–Danışın e, amma ağıllı bir söz danışın da, yoxsa dəli kimi 


 74 

səfəhləyirsiniz.  

Şəhla dedi:  

–Ağıllı söz danışmaqçün çox fikirləşmək lazımdır. 

Fikirləşəndə də, çox fikirləşəndə də – deyə o əlavə etdi – adam 

axmaq işlər görür. 

Əjdər dedi: 

–Ağıllı sözlər hamısı deyilib qurtarıb. Yalnız axmaq sözlər 

qalıb. 

Yenidən susdular.  



Sonra Rüstəm: 

–Amma bu gün yaman istidir – dedi. 

Şəhla: 

–Hə – dedi – həm də günün ən isti vaxtıdır. Saat neçədir ki? 



Əjdər kənara qoyduğu ağ parusun şalvarının cibindən qol 

saatını  çıxarıb baxdı, saat neçə olduğunu bildi, lakin Şəhlaya 

deməyi unutdu. 

Rüstəm ayağa durdu: 

–Gedək çimək, sonra çıxaq gedək. 

–Hara tələsirsən. 

–Yox, daha bəsdir. Həm də mən şəhərdə tez olmalıyam. 

Əjdər və Şəhla etiraz eləmədilər. Bu gün Leyla gedirdi.  

Hər üçü dənizə yüyürdülər. 

Suda Əjdər özünü bəxtiyar hesab eləyirdi. Ona elə gəlirdi ki, 

o, daha cavan, daha sakit, daha yaxşıdır. Ona elə  gəlirdi ki, 

bütün işlər düzələcək, bütün problemlər həll olunacaq və o, öz 

həyatını yenidən qurmağa  əzm və iradə göstərə biləcəkdir. O, 

Şəhlaya baxır, onun qeyri-adi, göz qamaşdırıcı gözəlliyini 

görür və qəribədir ki, heç də iztirab çəkmir, əksinə sevinirdi. 

Şəhla dedi: 

–Dayan orda suyun altıyla  yanına üzüb gələcəm. Amma 

tərpənmə. O, suya baş vurub üzməyə başladı. Yaxınlaşanda 

Əjdər bir addım dala çəkildi. Şəhla sudan çıxıb: 

–Ay haramzada – dedi – dala çəkildin. 

Əjdər özünü tülkü ölümcülüyünə qoyub danmaq istədi. 



 75 

Amma həvəsi gəlmədi. 

Şəhla dedi: 

–Gəl ötüşək. 

Əjdər cavab vermədi. 

Rüstəm dedi: 

–Yaxşı, bəsdir. Çıxaq. Mən elektrik qatarına çatım. 

Şəhla dedi: 

–Dizelnən get. Hər yarım saatdan bir gedir. 

Qəfilcən Əjdər dedi: 

–Şəhla gəlsənə mən də şəhərə gedim. 

–Sən niyə? 

–Bir az işim var. Onsuz da sabah getməliyəm. Qoy elə bu gün 

Rüstəmlə bir yerdə gedim. Rüstəmi də maşınla apararam. 

–Özün bil. 

Şəhla qurulandığı dəsmalın bir ucunu Əjdərə uzatdı. 

Rüstəm dedi: 

–Yox mənə görə gedirsənsə, mən dizelnən də gedə bilərəm. 

Bir də artıq zəhmət çəkmə. 

–Yox elə. 

Şəhla dedi: 

–Onda şəhərdən gələndə yağ gətir. 

–Nə qədər? 

–İki kilo bəsdir. Bir də darçın al. 

–Yaxşı. 

–Daha bir şey qalmadı ki – deyə Rüstəm qumun üstündən 

ayaqqabılarını götürdü və ətrafa nəzər saldı. 

Əjdər: 


–Yox – dedi. – hər şeyi götürdük yığışdırdıq. 

O saçını darayırdı. 

–Onda gedək. 

–Dayan qoy Şəhla da gəlsin. 

Şəhla çimmək paltarını dənizdə yaxalayırdı. 

–Şəhla – deyə Rüstəm çağırdı. 

Şəhla paltarını  sıxa-sıxa onlara tərəf gəldi. Paltardan damcı-



 76 

damcı tökülən sudan qumun üstündə zəncirli bir iz qaldı. 

Qayaların yanında qızmış qum ayaqları yandırırdı. 

Ayaqqabılarını geyindilər. 

Rüstəmlə Əjdər otaqda geyinəndə Şəhla dedi: 

–Əjdər bağdan bir az üzüm yığ. Leylaya apar. 

Rüstəm etiraz eləmək istədi. 

–Yox, yox. Qoy aparsın. Leyla yolda yeyər. Orda üzüm 

harda görəcək. 

Əjdər sanki ilk dəfə Leylanın çox uzun müddətdə tamamilə 

başqa bir yerə getməsi haqqında düşündü. Və nədənsə bir qədər 

kədərləndi. 

Səbət yaman ağır oldu. Rüstəm və  Əjdər ikisi götürməli 

oldular. Şəfiqə onları qapıya qədər ötürdü. O arxayın və rahat 

idi. Əjdərin ürəyi dumanlı idi. Rüstəm fikirliydi. 

Gecə saat 12-də Leyla, Rüstəm,  Əjdər və Leylanın anası 

Zeynəb xala aerodroma gəldilər. Əjdər neçə gün idi ki, Leylanı 

görməmişdi. 

–Niyə heç bağa gəlmədiniz – dedi. 

–Nə bilim vallah, yola hazırlaşırdım. – Leyla özü nə qədər 

incə  və  zərif idisə  səsi bir o qədər qalın və yapışıqsız idi. – 

Başım yaman qarışıqdı. 

Əjdər dedi: 

–Təqsir Rüstəmdədir. Gərək o sizi mütləq gətirəydi. Bağın 

indi çox yaxşı vaxtıdır. 

Leyla gülümsündü. 

"O nahaq yerə pomada çəkir – deyə Əjdər düşündü. – Belə 

gülüş solğun dodaqlara daha yaxşı yaraşar. Amma bəlkə  də 

Rüstəm pomadalı dodaqların gülüşünü daha artıq bəyənir". 

Təyyarəyə minmə başladı. Leylayla Zeynəb xala bir–

birlərinə sarmaşdılar. Zeynəb xala ağlamağa başladı.  Əjdər 

qəribə bir maraqla Leylayla Rüstəmin görüşməsini gözləyirdi. 

Leyla Rüstəmə  əlini uzatdı.  Əjdər elə bildi ki, Rüstəm onun 

əlindən öpəcəkdir. Amma Rüstəm sadəcə olaraq nişanlısının 

əlini sıxdı. Əjdər kimi. 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə