A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə21/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   17   18   19   20   21   22   23   24   ...   168

 69 

–Bir dörd almışam. 

–Nədən? 

–Fizikadan. – Hiss olunurdu ki, Gülarəni bu söhbətlər 

maraqlandırmır, o, anasına nə isə başqa bir şeydən danışmaq 

istəyirdi. 

Fatma xala isə: 

–Canın sağ olsun. Sabah beş alarsan, – deyə  qızına təsəlli 

verirdi. 

–Lap yaxşı bilirdim. Başladı əlavə suallar verməyə. 

–Əşi, zərər yoxdur, canın sağ olsun. 

–Hə, onsuz da bu rübdə fizikadan iki beşim var. 

–Rüblük beş olacaq? 

–Yəqin.  İki beş, bir dörd, gərək beş olsun. – Sonra Gülarə 

əlavə etdi. – Amma onu bilmək olmaz. Elə əntiqə adamdır ki. 

Bir də görürsən bəhanə gətirdi ki, beşləri əvvəl almısan, dördü 

sonra, demək axıra yaxın korlamısan. Beş versəm 

arxayınlaşarsan, gərək dörd verəm ki, çalışasan. 

–Onda bir də cavab ver, beş al. 

–Hardan? Sinifdə otuz adam var. Rübə az qalıb. Mənə 

növbə çatmaz,. 

– Hə–ə!.. 

–Onsuz da tarixdən – dörd olacaq. Nə təfavütü var, bir dörd, 

ya iki dörd. 

– Qalanlar beşdir? 

–Hə. İdmandan üçdü, amma o heç. 

–Hə,  əşi, idmandan zərər yoxdur. Amma çalış  gələn rüb 

hamısını beş elə. 

– Niyə? 

Fatma xala təəccüblə baxdı. 

 – Necə yəni niyə? 

–Eh! Nə təfavütü var? Beş olsun, dörd olsun, üç olsun. 

Fatma xala istehza ilə dedi: 

–Ay bərəkallah! Əcəb ağıllı sözlər danışırsan! – Sonra əlavə 

etdi. – Səhərdən acsan! Yəqin ona görə belə  hətərən–pətərən 



 70 

danışırsan. Yemək istəyirsən? 

–Hə! 

–Dovğa hazır olana qədər götür, bir az pendirnən çörək ye. 



Gülarə rəfdən çörək və bıçaq götürdü. Bir parça çörək kəsdi, 

üstünə bir az pendir qoydu, həvəssiz, iştahasız yeməyə başladı. 

–Ana! 

–Hə! 


–Hə, nə deyirsən? 

Hiss olunurdu ki, nə isə bir söz gəlib xirtdəyinə dirənmişdi. 

Bu sözü çıxarmaq istəyirdi. Amma bacarmırdı. Cürətimi 

çatmırdı? 

Nəhayət qərara gəldi: 

–Ana, bu bizim qonşumuzun oğlu var, ha? Bəstəkar.  

Səsi əsirdi. Fatma xala bunu duydu: 

–Hə... Nədi ki? 

–Əşşi, qəribə axmaq oğlandır. 

–Niyə, ay Gülü, axmaq niyə olur ki? 

–Əşi, bu gün dərsdən evə  gəlirəm... O da yuxarıdan 

eyvandan baxır... 

Gülarənin dili dolaşırdı. 

–Hə... Yuxarıda dayanıb... Əlində bir dəstə gül vardı... Mən 

həyətə girəndə düz qabağıma atdı... Bilmirəm, bəlkə də əlindən 

düşüb. Güllər düz qarşıma səpələndi. Yəqin  əlindən düşüb, – 

deyə Gülarə yenidən tələsik əlavə etdi. Elə bil o, inanmadığı bir 

şeyə inanmaq istəyirdi. 

–Gülləri götürüb yığdın? – deyə Fatma xala soruşdu: 

–Yox, onun nökəri-zadı deyiləm ki! – Gülarə yalançı bir 

məğrurluqla cavab verdi, – əlindən salıb, özü yığsın! Mən o 

saat evə qaçdım ki, birdən mənə deyər gülləri gətir, sonra 

aparmasam, yaxşı olmaz. 

–Hə!..  


–Qəribə adamdır o, bir dəstə gülü də  əlində  ağıllı–başlı 

saxlaya bilmir. 

Fatma xala gülümsündü: 



 71 

–Yox, Gülarə, – dedi, – yəqin o, özü qəsdən gülləri sənə 

atıb. 

Ən xəfif,  ən gizli, öz-özünə belə etiraf edə bilmədiyi, 



arzuladığı bir şeyi eşidərkən Gülarə qəribə bir hal keçirdi. Bu, 

onunçün bayram idi. Bu, hələ  məhəbbət bayramı deyildi. Axı 

Gülarənin vur-tut on beş yaşı vardı. On dörd-on beş. Lakin bu, 

başqa bir bayram idi. Bu, qadın qəlbində  məhəbbətdən çox 

erkən oyanan və  məhəbbətdən çox sonra sönən bir hissin, 

riqqətləndirici və güclü bir istəyin – diqqət istəyinin, pərəstiş, 

səcdə, xəfif, həssas, incə bir nəvaziş istəyinin bayramı idi. 

Gülarə pörtüb həyəcanla pıçıldadı: 

–Bıy, mənə niyə atsın ki? 

–O, uşaqlıqdan səni çox istəyirdi. Sən bir yaşında idin, o da 

on yaşında bir oğlan idi. Tez–tez səni quçağına alardı. Bir dəfə 

səni qucağına alanda sən yaramaz oğlanın burnunu dişləmişdin. 

Gülarə uğunub getdi. 

–Doğrudan? 

–Hə. Özü də, səni yaman çox istəyir. "Mənim balaca 

bacım"– deyir. İndi gülləri də sənə sataşmaqçün atıb. Bilib ki, 

sən qorxub qaçacaqsan. Uşaqlıqda da həmişə  sənə sataşardı. 

Səni inandırmışdı ki, guya ayda yaşayır, gündə ordan 

təyyarəylə uçub gəlir. 

Gülarə hələ də gülürdü. 

–Doğrudan? 

O, aramsız gülürdü. 

–Bilirsən, – deyə indi daha artıq cəsarətlə danışmağa 

başladı, – srağagün mən evə  gələndə o, yoldaşlarıyla 

dayanmışdı, mən keçəndə... 

Bu vaxt qapı açıldı. Qonşu Dilşad xala gəldi. Gülarə susdu. 

Dilşad xala Fatma xala ilə bərkdən danışmağa başladı. 

–Nə var, nə yox? Dovğa bulayırsan? 

–Hə. 

–Həngaməni də eşidirsən də. 



–Nə həngamə? 


 72 

–Ay arvad, eşitmirsən? Həyətdə bir həngamə qalxıb ki! 

Yuxarıda Xədicəgil paltar sərir. Suyu bütün həyətə süzülüb. 

Hər yandan qonşular çıxıb, dava başlayıb. Dəmir tutqac da 

Xədicənin  əlindən düz Faiqin başına düşüb. Az qalıb uşağın 

başı yarılsın. 

Gülarə söhbətə diqqət verdi. 

Dilşad xala fasiləsiz danışırdı. 

–Gör yazıq uşağın başına necə bərk dəyib ki, əlindəki gülləri 

də töküb həyətə. 

Fatma xala məzəmmətlə Dilşada baxıb başını buladı. Dilşad 

heç bir şey başa düşmədisə  də, Fatma xalanın tutulduğunu 

görüb təəccüblə susdu. 

Fatma xala yenə dovğasını buladı. 

Məstan pişik tənbəl-tənbəl döşəməyə  sərələnib özünü günə 

verirdi. İri divar saatının kəfkiri sağdan-sola, soldan-sağa var-

gəl edir, küçədən qutab satan arvadın cır səsi eşidilirdi: 

–Qutab var a! Qutab var a! 

Bürkü idi. Kimsə radionu bərkdən qurmuşdu. Muğamat 

oxunurdu. 

Həyətdəki su kranını bağlamağı unutmuşlar. Su hey axır, 

axırdı... 

Gülarə başını mizin üzərinə qoydu, için-için ağladı... 

 

12 sentyabr 1958 




Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə