A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə23/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   19   20   21   22   23   24   25   26   ...   168

 77 

10 dəqiqədən sonra Leyla qara damsız göydə güclə seçilən 

iki yaşıl bir qırmızı işıqdı. 

Zeynəb xala dalda, Rüstəm qabaqda oturdu. Aerodromdan 

şosseyə çıxanda Əjdər yenidən göyə baxdı. İki yaşıl bir qırmızı 

işıq… Lakin bu bəlkə də içində Leyla olan yox, başqa təyyarə 

idi. 

Çoxdan Əjdərin ürəyi xoş və sevincli olmurdu. Nədən belə? 



Əjdər gecə maşın sürməyi çox sevirdi. O, bu ləzzətin 

qurtaracağı haqqında düşünmək istəmirdi. Hələ yol çox uzun 

idi. Rüstəm və Zeynəb xalanı Bakıya aparmaq, sonra da tək 

bağa qayıtmaq. 

Düzdü  Şəhla onu gözləmirdi. O, elə bilirdi ki, Əjdər səhər 

gələcək. İki kilo yağ gətirəcək. Bir də darçın. Amma Əjdər bu 

əsrarəngiz səyahətinin ləzzətindən əl çəkmək istəmirdi. Düzdür 

o bu ləzzəti sabah gecə, biri gün və hər hansı başqa bir gecə də 

ala bilərdi. Amma məhz bu gün istəyirdi. Məhz bu gecə xüsusi 

həvəsi vardı. Yağış çisələyirdi.  Şosse par-par parlayırdı. 

Maşının qabaq faralarının işığı yolun aynası üzərində üzürdü. 

Yol, təyyarə, göy, gecə, Rüstəm, Zeynəb xala, Şəhla, yol, 

Leyla,  Şəhla, təyyarə, Rüstəm, yol, Zeynəb xala, Bakı,  Şəhla, 

yol, təyyarə, Leyla, Bağ, Şəhla, Səhər, yağ, iki kilo yağ, Şəhla, 

darçın, yol, Leyla, təyyarə, Leyla, Rüstəm, gecə, Leyla, yol, 

Şəhla, bağ, dəniz, Şəhla, darçın, Şəhla, Leyla, yol, yol, təyyarə, 

gecə, Şəhla, Şəhla, Rüstəm, yol, Şəhla, yol, yol, Şəhla, yol, yol, 

Şəhla, Şəhla, Şəhla, hə Şəhla. Şəhla mən səni sevirəm. Ürəkdən 

sevirəm. Lakin bu azdır. Bu heç bir şeyi həll etmir. Şəhla, mən 

səni lap çox istəyirəm. Lakin bu bayağı dünya həqiqi,  əbədi, 

ülvi məhəbbətçün layiq yer deyil. Mən səni sevirəm  Şəhla. 

Sevirəm. Amma könlümüzün gecəsindən kimin xəbəri var? 

Çətindir,  Şəhla çətindir. Könlü mıxlamaq olmur, Şəhla. Mən 

səni sevirəm  Şəhla, lakin bu problemləri həll etmir. Mən səni 

sevirəm  Şəhla, çünki dünyada səndən gözəl qadın yoxdur. 

Lakin mən neyləyim, neyləyim, neyləyim ki, darçın, darçın, 

darçın… 



 78 

–Yatmısan? 

–Hə. – Əjdər diksindi. Cəld sükanı sola burdu. Sağ tərəfdən 

vıyıltıyla keçən yük maşını az qala onları vurmuşdu. 

Əjdər Rüstəmi söhbətə tutdu.  

Əvvəl Zeynəb xalanı evlərinə apardılar. 

Zeynəb xala Rüstəmə müraciətlə: 

–Bizi yaddan çıxartma – dedi – Əjdəri də gətir. 

–Mütləq 

Əjdər birinci sürətə qoşdu. Maşın tərpəndi. 

Şəhər yuxulu və səssiz idi. 

Əjdər birdən dedi: 

–Nahaq Leylanı  tək buraxdın. Gərək özün də  məzuniyyət 

alıb onunla gedəydin. – O əlavə etdi – nə olar öz hesabına 

alaydın. 

Rüstəm cavab vermədi. 

Ayrı vaxt olsaydı Əjdər inciyərdi. 

İndi kefi kök idi. 

–Gecən xeyrə qalsın. 

–Sağ ol – deyə Rüstəm maşının qapısını çırpdı. 

Yol hərəkətsiz, gediş–gəlişsiz idi. Tək–tük maşınlar böyük 

sürətlə gedirdilər.  Əjdər də sürəti 100 qaldırdı. Onun qəlbi 

fərəhlə doluydu. Pencəksizdi. Külək üzünə vurub köynəyini 

dalğalandırırdı. Amma üşümürdü. Küləyi toxunulan bir şey 

kimi qucmaq, saxlamaq istəyirdi. 

Hardansa Əjdərin fikrinə belə qəribə bir sual–cavab gəldi: 

–Əjdər, həyatınızın  ən gözəl,  ən xoş,  ən sevimli, ən təsirli 

xatirəsi nədir? 

–Qara damsız göydə güclə görünən iki yaşıl, bir qırmızı işıq. 

Leyla Rüstəmin nişanlısı idi. Rüstəm  Şəhlanın qardaşı idi. 

Şəhla Əjdərin arvadı idi. Əjdər arvadını ürəkdən sevirdi. Lakin 

o heç bir vax Leylanı xörəyə darçın tökən görməmişdi. 

Səhər Əjdərlə Şəhla çay içirdilər. Şəhla deyinirdi: 

–Mən elə düz bilmişdim ki, yağı yaddan çıxaracaqsan. 

Əjdər düşündü: "Görəsən darçını da yadına salacaq". O 



 79 

ürəyində bir şey tutmuşdu. Əgər Şəhla darçını soruşsa – onda 

belə, soruşmasa – belə. 

Şəhla dedi: 

–Yaxşı yadıma düşdü. Darçın da almadın hə. 

Əjdər dedi: 

–Şəhla. 

–Hə. 


–Heç. – Əjdər fikrini dəyişdi. 

Şəhla dedi: 

–Leylanı elə sənnən Rüstəm ötürürdü? 

–Yox anası da ordaydı. 

–Zeynəb xala? 

"Görəsən Leylanın Zeynəb xaladan başqa anası da var?" 

Əjdər özünü ələ aldı və sakit cavab verdi: 

–Hə. Zeynəb xala. 

Birdən Əjdər soruşdu: 

–Şəhla sən məni sevirsən? 

–Bıy… 

Şəhla təəccüblə Əjdərə baxdı. Sonra başa düşdü. Ciddiləşdi: 



–Hə.  Əlbəttə. Sevmək söymək sözündəndir. Mən səni 

sevirəm, deməli, söyürəm, çünki… 

Əjdər dedi: 

–Dayan  Şəhla. Mən zarafat eləmirəm. Ciddi soruşuram bu 

çox vacibdir. 

Şəhla bunu da bilirdi. 

–Mən də lap ciddi deyirəm ki, – lakin o birdən  Əjdərin 

üzünün ifadəsini görüb susdu. Sonra təəccübləndi. 

Gülümsündü və dedi: 

–Əlbəttə sevirəm, Əjdər, özün bilmirsən. Birdən bunu niyə 

soruşdun.  

Doğrudan da o bunu niyə, axı niyə soruşdu? 

Sonra Şəhla nə haqqındasa düşündü və soruşdu: 

–Bəs sən? Sən necə, sən də məni əvvəlki kimi sevirsənmi? 

Əjdər dedi: 



 80 

–Sevirəm. Lap-lap çox sevirəm.  Əvvəlkindən də yüz dəfə 

çox. Min dəfə, milyon dəfə, milyard dəfə  çox. 

O doğrudan da Şəhlanı lap, lap çox istəyirdi, sevirdi. Məhz 

buna görə  də onlar ayrılmalı idilər. Bu Əjdərin son və  qəti 

qərarı idi. Amma o bilirdi ki, heç bir vaxt bu qərarını icra edə 

bilməyəcək. 

–Şəhla mənə bir stəkan çay tök. 

–Bu saat, qaynasın. 

Sonra onlar dənizə çimməyə getdilər. 



 

Bakı, 1958 

 

 

 

 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə