192
hüququm yoxdur. Amma əgər məndən soruşursunuzsa, mən
sizi anlayıram.
–Bir yaxşı–yaxşı düşünün. Mən caniyəm. Mən adam
öldürmüşəm. Mən arvadımın qatiliyəm.
–Siz cinayətinizin cəzasını çəkmisiniz. İztirab sizin
günahınızı silmişdir.
–Belə bir cinayətin cəzası varmı? Hansı cəza bu cinayətə
layiqdir?
–Yox, – dedim. – Bu cinayət məcburidir. Siz arvadınızı
sevdiyiniz üçün öldürmüşsünüz. Sizin ayrı yolunuz yox idi.
–Tələsməyin, – deyə o qışqırdı – Yalvarıram, tələsməyin.
Unutmayın ki, bütün danışdıqlarımı siz mənim baxışımdan
qəbul etmisiniz. Bəlkə bütün bu dəhşətli mənzərələr mənim
qorxaqlığımın böyüdücü şüşəsinin altından göründüyüçün bu
qədər dəhşətlidir. Bəlkə orada mənim arvadımı heç də dəhşətli
şəhvət oyunları gözləmirmiş. Bəlkə...
Mən etiraz etmək istədim. O, ağzımı açmağa qoymadan
davam etdi:
–Axı mən tək arvadımı öldürməmişəm. Mən həm də onun
bətnindəki yeni bir insan həyatını tələf etmişəm. Oğlumu, ya
qızımı, bəlkə gələcək dahi bir rəssamı, bəlkə insanları xərçəng
xəstəliyindən xilas edəcək bir təbibi öldürmüşəm. Dünyada
insan həyatının yaranmasından böyük möcüzə və insan
həyatını məhv etməkdən böyük cinayət varmı? Bunu da
bağışlamaq olarmı? Mən isə birini yox, gör neçəsini
öldürmüşəm. Arvadımı. Bir. Onun uşağını. İki. Bəlkə arvadım
əkiz doğacaqmış. Onda üç. Üç nəfər. Yox, dörd.
–Dörd niyə? Dördüncü kimdir?
–Dördüncü də mən özüm. Axı mən də ölmüş kimiyəm.
Mənim yaşamağımın heç bir mənası yoxdur. Məndən də böyük
cinayətkar varmı? Hamısı da qorxaqlığımın üstündə. Axı mən
sonra bildim. Arvadımı heç bir təhlükə gözləmirmiş. Onun
başından bir tük belə əysik olmayacaqmış. Onu tutmağa yox,
şahidliyə də yox, elə–belə söhbətə çağırırlarmış. Tamamilə
193
başqa bir məsələ üçün. Tamamilə kənar bir məsələ üçün. Mən
bunu çox sonralar bildim. Onu kənar bir məsələyçün
çağırırlarmış, eşidirsinizmi, çağırırlarmış, tutmurlarmış, yox, o
bir–iki saatdan sonra evə qayıdacaqmış, eşidirsinizmi,
qayıdacaqmış. Mən onu nahaq öldürmüşəm, eşidirsinizmi,
nahaq? Qorxaqlığımdan.
Mən dedim:
–Bir də zamanın hökmündən. Hər gecə mənzilləri boşalan
qonşularınızın taleyi, Kərim kişinin qara fırçası, Sənanın azğın
zarafatları üzündən. Mən bunların hamısını çox gözəl başa
düşürəm. Özünüzü qınamayın. Siz arvadınızı dəlicəsinə
sevirsinizmiş. Sizi əfv etmək olar.
–Sizi əfv etmək olar, – deyə o məni yamsıladı. Sonra o
mişar səsini, diş yonan maşın səsini andıran paslı və xırçıltılı,
adamın bütün əsəblərini yerindən oynadan bir gülüşlə
qaqqıldadı. Ağzını düz uzümə tutub:
–Sən hər şeyi bağışlayırsan? – dedi – Bilirsənmi mən
kiməm?
Mən onun üzünün ifadəsindən və səsindən diksindim.
Bilmirəm nədən, lakin məndə belə bir hiss vardı ki, bütün bu
axşam eşitdiklərimdən daha qəribə bir şey eşidəcəm. Bu sövqi-
təbii hiss məni aldatmadı.
Qonağım:
–Bilirsənmi mən kiməm? – deyə bağırırdı, – bu çapığı
görürsənmi?
Qonağım ilan kimi yumşaq, sürüşkən, çiriş bir səslə, qılığa
girici, aldadıcı bir ahənglə qulağıma pıçıldayırdı.
–Sənanın gözləri qırmızıydı. Qara bığları vardı, qulaqları
kiçikdi, burnu düzdü, dodaqları – o bərkdən gülməyə başladı –
dodaqlarında... – yenidən gülüşlə sözünü kəsdi – dodaqlarında
bax belə çapıq vardı – deyə kəskin hərəkətlə yerindən qalxdı.
–Çapıq? – Elə bil məni ildırım vurdu. Deyəsən, ağlım
çaşırdı. Birdən özüm dəli kimi qışqırmağa başladım.
–Sənan sənsən, Sənan sənsən!
194
O tam bir sakitliklə:
–Mənəm, – dedi.
Məni gic gülmək tutdu. Qarşımdakı kişiyə baxıb durmadan
gülürdüm:
–Deməli, deməli siz – deyə heç sakit ola bilmirdim –
sürgündə zadda olmamısınız, ha, ha, ha.
O ciddi və sakit idi.
–Yox, – dedi. – O gecə mənim də taleyimi həll etdi.
Bayaqdan bəri sizə öz adımdan danışdığım əhvalat doğrudan
da olmuş işdir. Doğrudan da belə bir kişi vardı. Doğrudan da o
öz arvadını bərk sevirmiş. Nədən bilirəm? Ondan ki, yalnız çox
bərk sevərkən o edəni etmək olar. Mən bu ailə haqqında bircə
onu bilirdim ki, onlar xoşbəxt idilər, bizi gözləyirdilər, mənə,
Sənana böyük nifrət bəsləyirdilər... Bir də onu bilirdim ki,
onlar xoşbəxt ola bilərdilər. Lakin ola bilmədilər. Çünki biz
qoymadıq. Ən qəribəsi də o idi ki, bizim doğrudan da onları
tutmaq fikrimiz yox idi. Lakin bir də o vardı – siz dediyiniz
kimi, – onların qonşularının mənzilləri tez–tez boşalırdı. Kimin
tutulması, kimin qalması o zaman məgər boş bir təsadüfdən
asılı deyildimi. Hə, Kərim kişi və onun fırçası da uydurma
deyil. Lakin o başqa evdə idi. Mən o dövrdə gördüyüm
müxtəlif şeyləri, necə deyərlər, bir növ ümumiləşdirib sizə
danışıram. Mən bu barədə bir əsər yazmışam. Odur ki, bu
mənimçün o qədər də çətin deyil. Bəli, mən bu şeylər haqqında
çox fikirləşdim və qərara gəldim ki, bildiklərimi yazmasam
olmaz. Qoy başqaları da bilsin. Lakin belə əsəri heç yerdə çap
eləmək istəmirlər. Odur ki, mən də şifahi danışmağa
məcburam. Mənim bütün hiss-həyəcanlarım da artistlik deyildi.
Bütün bu şeylər bu günə qədər məni sarsıdır.
O susdu. Qulaqlarıma inanmırdım. Təəccüblü baxışlarımı
görüb sözünə davam etdi:
–Yəqin sizə qəribə gəlir, nə cür olub ki, mən, həmin Sənan,
indi...
Haqlısınız... Özümə söz vermişdim ki, rolumu axıra qədər
Dostları ilə paylaş: |