322
çıxarsanız, general ədasıyla (azı polkovnik təşəxxüsüylə)
qapının ağzını kəsdirib dayanmış şveysar sizə elə pis-pis baxar
ki, lap özünüzün də özünüzdən zəhləsi gedər; işdir vizit
vərəqini itirmiş olsaz və başqa müvafiq sənəd tapa bilməsəz, o
nəinki sizinlə heç kəlmə də kəsməz, bəlkə, hələ qolunuzdan
tutub mitilinizi çölə atar. Əhsən, afərin, belə qapıçıya.
Mehmanxanalar və mehmanxana tipli göydələnlər üçün təsdiq
edilmiş qayda və təlimatların keşiyində necə də vüqarla, ayıq-
sayıq dayanıb! Bəs onda nə üçün tunc heykəl kimi əzəmətlə
dayanıb durmuş bu general ədalı qapıçının ovcuna, yaxud
cibinə bir üçlük, lap elə əzik bir təklik basanda, onun bayaqkı
məğrur yenilməzliyindən əsər-əlamət qalmır? O nəinki
çamadanınızı, hətta sizin özünüzü də əl üstə alıb aparmağa
hazırdır... Bayaq qarışqaya baxan kimi sənə baxan bu "məğrur"
insan indi qarşında elə canfəşanlıq edir ki, adamı xəcalət təri
bürüyür. O nəinki dilənçi payını özünə ar bilmir, əksinə, bu
payı umur, bu paya ümid eləyir...
Doğrudur, tapşırılmış sahəyə nəzarət eləmək onun borcudur,
amma ədəbsizlik, heyvərəlik hesabına yox. Ədəbsizliyi isə
ondan irəli gəlir ki, özündə ləyaqət olmadığından sizin də
ləyaqətinizi alçatmağa ehtiyac duyur. Mən təkcə
mehmanxanaya gələnlərə ayıq-sayıq göz qoyan tələbkar
şveysara deyil, əzik-üzük manatdan hiddətlə üz döndərən
(beləsini hələ görməmişəm) şveysara da hörmətlə baxardım...
Mehmanxana qapıçısı bir yana, pulumuzun artığını vüqarla geri
qaytaran ofisianta çoxmu rast gəlmişik?..
…Gündüzlər müştərisi olmayan boş restoran.
Ezamiyyətdəsən, restorana da eyş-işrət üçün yox, adi bir nahar
eləməyə gəlmisən. Salonda qırx boş yer, üç müştəri (sən
dördüncüsən) və cavan, sağlam, bəy balası kimi geyimli-
kecimli on iki ofisiant var. Hamısı da bir yerə yığışıb sənə
məlum olmayan, amma görünür çox vacib və təxirəsalınmaz
mövzuda şirin-şirin söhbət edirlər. Bu boy-buxunlu
"pəhləvanların" səndən yan ötən, laqeyd, saymazyana
323
baxışlarını tutmağa çalışaraq, vaxtın belə qıt olduğu bir dövrdə
itirdiyin dəqiqələrə, saatlara heyfsilənirsən... Bir xeyli ümid və
yalvarışla baxandan, him-cimlə, başınla, əlinlə çağırdıqdan
sonra boynu bantlı "pəhləvanlardan" biri, deyəsən, rəhmə gəlib,
tənbəl-tənbəl sənə ancaq ona görə yaxınlaşır ki, bu stola xidmət
göstərilmədiyini bildirsin. Nə üçün xidmət göstərilmir? Niyə
məhz bu stola? Məlum deyil. Bilmək olmur ki, bu stol
qabaqcadan sifariş vermiş müştərilər üçün saxlanılıb (sifarişi
kim verib, və vaxt verib, necə verib, hansı müddətə verib?),
yainki minalanıb bu stol - arxasında oturmaq qorxuludur.
Başlayırsan ürəyində özünü danlamağa: salonda qırx boş stol
olduğu halda, məhz bu stolun arxasında oturmaq hardan ağlına
gəldi? Ancaq əminəm ki, harda otursaydım da dəxli yoxdu,
məhz həmin stola xidmət göstərilmədiyi məlum olacaqdı.
Burada əsas məsələ, mənim xidmət göstərilən stolu
"hesablayıb" tapmaq bacarığımda deyil, ofisiantın öz mənini
sübut və təsdiq etmək istəyindədir. Əsas məsələ ondadır ki, sən
adi bir həqiqəti dərk edəsən; həyatının müəyyən və çox qısa bir
məqamında ofisiant sənə xidmət göstərməyə məcbur olsa da,
elə bu fürsətdəncə istifadə eləyib, taleyin bu haqsızlığının (o
heç şübhəsiz ki, özünü səndən layiqli, lakin bəxtsiz hesab
eləyir) əvəzini çıxmağa çalışacaq. Burada hakimi-mütləq odur
və bunu sənə sübut etmək üçün yüz üsulu var. Məsələn, səni
bəyənib seçdiyin yerdən qaldırıb başqa yerdə əyləşdirər. Qırx
boş stol ola-ola, bir dəstə adamın yeyib-içdiyi, şənləndiyi
stolun arxasında oturda bilər. Özü də dəxli yoxdu ki,
tanımadığın bu adamların məclisində çağırılmamış qonaqsan,
bəlkə onlar heç səninlə bir yerdə oturmaq istəmirlər, onların
söhbətinə mane olursan, öz yersiz gəlişinlə keflərinə soğan
doğrayırsan. Nəhayət, bəlkə, heç sənin özün başqaları ilə bir
yerdə çörək yemək istəmirsən. Bəlkə yemək yeyəndə ağzını
marçıldadırsan... Yaxud onlar marçıldadırlar... Bir sözlə, ayrıca
stolun arxasında oturmaq istəyirsən. Bir halda ki, salonda bu
qədər boş yer var. Nə üçün də bu kiçicik istəyin yerinə
324
yetməsin?! Buna sənin haqqın var. Ancaq tələsmə. Buna
haqqın olduğunu hələ sübut eləməlisən. Yaxşı, deyək ki,
əlləşib-vuruşub sübut elədin və böyük güzəşt göstərib səni
yerindən tərpətmədilər, başqa stol arxasında oturtmadılar. Nə
dəxli, sənə dərs vermək üçün ofisiantın sərəncamında hələ çox
üsullar var. O, "bu dəqiqə", "bu dəqiqə" deyib səni neçə saat
gözlədər və sonra da bildirər ki, sanitar saatının vaxtı yetişdi,
daha restoran bağlanır. "Yaddaşım yaxşıdır, yaxud qələmim
yoxdur" deyə sifarişinizi qeyd eləməz, sonra da qovurma
əvəzinə toyuq kotleti gətirib gələr və inandırmağa başlayar ki,
sən məhz bu yeməyi sifariş vermişdin və ümumiyyətlə, bu
sənin ən xoşladığın xörəkdir. Bir sözlə, adamın kefinə soğan
doğramağın yolları çoxdur. Hər şey ofisiantın fantaziyası və
ruhi vəziyyətindən asılıdır. Səninsə cansıxıcı mübahisəyə
girişməyə, hansısa qanunlara istinadən haqqını tələb eləməyə,
uzun-uzadı münasibətləri aydınlaşdırmağa nə vaxtın, nə
həvəsin var, onsuz da bütün günü əsəb içindəsən. Bir də ki, sən
bura höcət etməyə, əsəblərini korlamağa yox, qarnını
doydurmağa gəlmisən, ən başlıcası isə istəmirsən ki, bu cür
vecsiz və xırda işdən ötrü ləyaqətini alçaldasan.
Kobud ofisiantın bütün günahlarından yenə də keçərdim,
mən ona yalnız bir şeyi — zəhrimara dönmüş yeməkdən sonra
məndən çay pulu alarkən, əsl aktyor kimi göz qabağındaca
necə dəyişildiyini (Stanislavski sistemiylə) bağışlaya bilmirəm.
Onun dəyişmə qabiliyyətinin dərəcəsi aldığı artıq pulun
miqdarından asılıdır. Gözlərinə inana bilmirsən. Yox, bu, artıq
həmin o adam deyil! İnsan bir dəqiqənin içində bu cür dəyişə
bilməz! İndi qarşında büsbütün başqa ofisiant dayanıb —
qulluqdar və tərbiyəli, mülayim və nəzakətli, qılıqlı və
hörmətcil; sən haqq-hesabı ödəyib ayağa qalxanda, cəld stulu
kənara çəkir, sənə yol verir, pencəyinin tozunu çırpır.
Bu adamda ləyaqətdən əsər-əlamət yoxdur, di gəl, "Jiquli"si
var, bizim verdiyimiz artıq pulların hesabına aldığı par-par
parıldayan maşını restoranın qabağında onu gözləyir. İstər-
Dostları ilə paylaş: |