332
Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və
deyirdim: əzizim, əlin niyə belə soyuqdur?
Səni görməyə də bilərdim, amma məsafədən belə
duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə
onu duyduqları kimi.
İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı.
Min dəfə təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə.
Amma bir də telefon.
Hər şey Rasimin toyundan başlandı.
Firuz tostunu davam etdirirdi:
–Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı:
onlar beş nəfər idi. Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi
bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar
saldı – bizim xanımlar. Hələ evdə də bir çətən külfətimiz var –
oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı – hamı gülüşdü.
– Bu gün də biz Rasimi itiririk. Heyf ondan. Əlbəttə, mən
zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu
səadət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı
olasınız. Amma sizin sağlığınıza içmişik, yenə içəcəyik. İndi
bu badələri mən axırıncı igidin saqlığına – bizim canımız-
ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-
sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma.
Hamı mənə baxırdı, gülüşlərin və badələrin cingiltisi
arasından tanış üzləri görürdüm – dostlarımın üzlərini. Üzlərdə
sevincli, bir qədər də təəccüblü ifadə vardı.
Qonaqlar dağılışanda biz hamımız – Firuz, Kamal, Murad
arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış
şəhərin gecəli küçələriylə addımlayırdıq və birdən Firuzun
arvadı mənim qoluma girdi:
–Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik?
–Uzaq gələcəkdə.
–Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? – O,
şıltaq bir nəvazişlə ərinin böyrünə qısıldı. – Elə bilirsən ki, ailə
həyatı cəhənnəmdir.
333
Firuz:
–Özünə layiq qız tapa bilmir, – dedi.
–Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız
tapaq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən?
–Mütləq, – dedim, – ancaq bir şərtlə. Gərək, bax elə bu saat,
bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm.
–Kamal:
–Gözümün işığı, – dedi, – gecənin bu vaxtında sənə hardan
qız tapacağıq? Küçədən tapmayacağıq ki... həm də gecənin bu
vaxtında küçələri gəzən qızı almazsan yəqin.
–Bəli, – dedim, – tamamilə doğru buyurursunuz. Odur ki, bu
söhbəti xətm edək.
–Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaq.
Budur, bax, avtomat da var.
–Gözəl fikirdir, – dedim, – amma iki qəpikliyim yoxdur.
Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.
–Nömrəni deyin.
Firuz:
–Əşi, ağlına gələn nömrəni çək, – dedi. – Məsələn... –
birdən o, sözünü yarımçıq qoydu. – Yox, qardaş, keçəl suya
getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan
mənim xirtdəyimdən.
–Qorxaq, – dedim, – məsələ də bundadır. Evlənmək ciddi
işdir. Heç kəs məsuliyyəti boynuna götürmür. Kamal, bəlkə sən
deyəsən.
–Mənim bir təklifim var, – deyə Firuzun arvadı sözə qarışdı.
Onun həmişə bir təklifi olurdu, – heç kəs boynuna məsuliyyət
götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir
rəqəm desin.
Firuz:
–Əla, – dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. –
İki. Mən iki çəkdim. Firuzun arvadı:
–Doqquz, – dedi.
Kamal:
334
–Sıfır, – dedi və arvadına baxdı, – sən de.
–Mən? Nə deyim, bilmirəm... yaxşı, dörd.
Murad:
–Beş, – dedi.
Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən
artıq kəsik siqnallar eşidilirdi.
–Nişanlım yatıb, — dedim. Hamı gülüşdü. Mən dəstəyi
asdım.
Yolumuza davam etdik, yavaş–yavaş dağılışdıq, hərə öz
evinə getdi və mən, nədənsə, özümü çox tənha hiss elədim.
Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı
dolandım, qaranlıq dənizə və uzaqdakı rəngbərəng buylara
baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadıma düşdü.
Gecə saat iki idi. Mən yaxındakı avtomat budkasına girdim,
yarığa iki qəpiklik saldım və nömrəni yığdım.
Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də
deyildi, belə – azacıq yorğun, azacıq da təəccüblü.
–Bəli.
–Salam.
–Salam. Kimdir?
–Mənəm. Gəlin tanış olaq.
Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya
da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən
asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.
–Axı tanışlıq üçün vaxt bir az gecdir.
–Gecdir? Xeyr, əsla! Əsil vaxtdır. Mən bu saat ən yaxın bir
yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum
idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.
–Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli
deyilsiniz?
–Yox. Bəs siz ərdəsiniz?
O güldü.
–Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək
istəyirsiniz?
335
–Bağışlayın, siz allah. Elə bilməyin ki, mən telefon
xuliqanlarındanam. Yox, nədənsə, təklikdən bağrım çatlayır.
Odur ki, dedim zəng eləyim, bir adamla danışım.
–Bəs mənim nömrəmi hardan tapdınız?
–Təsadüfən. Ağlıma gələn rəqəmləri yığdım, vəssalam.
–Əcəbdir.
–Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss
eləyirəm.
–Olur, eybi yoxdur.
–Sizinlə görüşə bilərik?
–Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq. İndi
gecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün
dərdi-qəminiz uçub gedəcək. Görərsiz.
–Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq
istəyirəm sizinlə.
–Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə də
görsəz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin.
–Doğrudan?
–Doğrudan. Gecəniz xeyrə qalsın.
–Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.
Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə
addımlayarkən mənə elə gəlirdi ki, daha mən də tək deyiləm.
Mənim də kimimsə var.
Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz
əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə
gündən sonra iş planının müzakirəsində laboratoriya
müdirimizlə möhkəm toqquşdum. O həm də mənim elmi
rəhbərim idi.
Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla
bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu,
deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama. Əgər
haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif
formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi
inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun.
Dostları ilə paylaş: |