340
alışmışdım – onun bir az yorğun, bir az istehzalı, bir az kədərli
səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun
güclə sezilən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara.
Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox
az şey. Bilirdim ki, adı Mədinədir, tək yaşayır. Bilirdim ki,
gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq
heç nə bilmirdim.
Bir dəfə soruşdum:
–Neçə yaşındasınız?
–Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, – dedi və
mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də
bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə
vəziyyətindən. Mən də inad edib soruşmurdum. O özü də bu
barədə məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi
doqquz yaşım var, subayam, elmi idarədə işləyirəm. Bircə
adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad
demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da əsil adı
Mədinə deyildi, başqa idi.
–Axı biz haçan görüşəcəyik?
–Neylirsiz görüşməyi? – dedi. – Bəyəm belə pisdi? Sizi
bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur.
Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən
saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram,
üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm,
o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib,
heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?!
Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər.
Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər,
bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq.
İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın.
O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü?
–Yox. Ərizə vermişəm, gedirəm ordan.
–Hara?
–Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz?
341
O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim.
Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin – Rasimlə
Fəridə də gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın
arxasına keçdik. Masanı Firuzun arvadı, başqa arvadların
iştirakıyla çox yaraşıqlı düzəltmişdilər. Mən hamıdan gec
gəlmişdim, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi,
işığı adama daha xoş gəlirdi.
Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya,
hamıya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il
tarixi il olacaq – Seymur evlənəcək. Biz bir qədəh də içdik və
Firuz məni kənara çəkdi. O, axşamdan içmişdi, lap dəm idi və
qədəhin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi.
Özü də ancaq mənə deyirdi.
–İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd,
prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq
gözlə baxasan. Bilirəm ürəyində mənə gülürsən, bəlkə də nifrət
edirsən. Elə bilirsən ki, mən də bax bütün bunlardan – o par–
par parıldayan təzə mebelini göstərdi, – ya da Səmayənin
şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt
vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki,
vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən.
Amma… – o, pauza verdi, – amma gərək adamın ağlı başında
olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa. Elə yer var
gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək
qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda
işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə getməyəsən.
–Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq—hesab
çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə
idmandan baş çıxara bilmirəm.
O, əlini yellədi:
–Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən?
–Qəzetdə, – dedim. – Dünəndən əmrim verilib.
–Özün bilən yaxşıdır, amma məndən soruşsan nahaq getdin.
342
O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu.
Bizim radionun son mahnılarından biri idi. Birdən mənim
yadıma qammalar, sonra isə radio düşdü.
–Tost demək istəyirəm, – dedim.
Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-
zad deyən deyiləm.
–Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır.
Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir?
Məsələn, növbətçilər, yol baxıcıları.
–Kim, kim? – deyə ordan-burdan səsləndilər.
–Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların
cədvəlini əzbər bilir, təpə-tənha daxmalarından gecə vaxtı,
qarda-çovğunda yola çıxıb qatarları ötürürlər.
Rasim:
–Dinməyin, deyəsən aşnamız dəmdir, – Hamı bərkdən
gülüşdü. Firuz tez mənə baxdı və ayağa durdu:
–Dayanın, dayanın, – dedi. – Deyəsən xətrinə dəydi. Xahiş
edirəm gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının
sağlığına, eləmi Seymur?
Hamı qədəhləri qaldırdı.
–Yox, — dedim, — mən yol baxıcılarının sağlığına demək
istəmirdim. Sözümü ağzımda qoyduz. Mən başqa bir adamın
sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən
inciməyin.
–Pah atonnan. Yaxşı, de gəlsin...
–Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına
içmək istəyirəm. İndi o, oturub radionun qabağında. O, bütün
radiostansiyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı
qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin
qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu
dünyayla birlikdə o necə təkdir...
Mən bir qurtuma qədəhi başıma çəkdim.
Hamı səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey
demədi. Bir azdan sonra isə başqa şeylərdən danışmağa
Dostları ilə paylaş: |