A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə107/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   103   104   105   106   107   108   109   110   ...   168

 375 

adam tələsəndə sağla solu çaşdıranda idman müəllimimiz 

deyərdi ki, solu-sağı yadında saxlaya bilmirsənsə, yadında 

saxla arpa bu yana, buğda o yana. Bu da onun zarafatı idi. Biz 

taksiylə  Əsmərgilin evinə çatıb maşından düşdük. Qapılarının 

ağzında ayrılanda Əsmər birdən diqqətlə (indiki vaxtım olsaydı 

deyərdim ki, işvəylə) mənə baxıb xəbər aldı: 

–Bəs sən mənə bir şey demək istəmirsən?  

Yenə  də görünür ki, fikir axınımız bir mənzilə çatdı  və 

Əsmərin sözlərinə bu səfər də təəccüblənmədim: 

–Yadında o axşam mənim çəkməmin dabanı  çıxmışdı, sən 

də məni ötürürdün. — Bir az susandan sonra əlavə etdi. —Hər 

şey başqa cür ola bilərdi. 

Ancaq mən keçmişi çözələmək istəmirdim. Uşaqlıqdan biz 

daima nə isə itiririk. Bəzən adam lap mat qalır. Adam harda, 

haçan bu qədər şey yığıb ki, elə hey itirə-itirə yenə də nə nə isə 

saxlayır. 

—Acmamısan ki, hələ? 

—Hələ yox. Bir-iki saatdan sonra. 

—Yaxşı. İndi saat ikidir. İki saat da vaxtımızı öldürək. 

—Əcəb nəzakətlisən. Deməli, mənimlə  sən vaxtını 

öldürürsən. 

—Yaxşı, sözdən söz çıxartma. İstəyirsən, gedək kinoya. 

—Kinoya? Gedək. 

Biz filmin lap əvvəlinə çatdıq. Sənədli film idi. "Yaponiya 

müharibələrdə". Mən sənədli filmləri xoşlayıram — bu filmdə 

isə yapon xronikasının nadir kadrları vardı: ölümə  məhkum 

pilotlar —kamikadzelər uçuşqabağı. Adamın əti ürpəşirdi. 

—Bir onların sifətlərinə bax, —deyə  Əsmər qulağıma 

pıçıldadı. —Dəhşətdir. 

Uçuşdan qabaq onların hamısına sake-yapon arağı 

verirdilər, təyyarəyə qalxa–qalxa onları  çəkən kino-kameraya 

baxarkən bilirdilər ki, qarşıda onları yalnız ölüm gözləyir və 

artıq heç bir şey onları bu ölümdən qurtara bilməz. 

–Görəsən, onlar havaya qalxanda nə düşünürmüşlər? —deyə 



 376 

Əsmər soruşdu. — Fikirlərini dəyişmirlərmiş ki?  

Ona diktor cavab verdi: 

–Kamikadzelər yerdən qalxan kimi həyatla  əbədi 

vidalaşırdılar. Geri qayıtmaqçün onların təyyarələrinə benzin 

tökmürdülər. 

Sağ əlimdə Əsmərin barmaqlarının əsəbi titrəyişini duydum. 

Sonra sağ yanağımda onun saçlarını, sağ çiynimdə onun başını 

hiss etdim. Lap yaxından onun vurduğu  ətrin xoş, məstedici 

qoxusu gəldi. Məndə  dəli bir uşaq istəyi oyandı, onu öpmək 

istədim, amma yenə də, neçə il bundan qabaqkı kimi öpmədim. 

İşıq yandı. Film qurtardı. 

–Bu dəhşətdən sonra yaxşıca nahar eləmək lazımdır, —deyə 

o, qayğısız və şən gülümsədi. — Yaman acmışam. Yaxşı kabab 

yemək istəyirəm. Deyirlər burda əntiqə bir kababxana açıblar. 

–Hə. Biri var Binəqədidə. Amma ora uzaqdır. Biri də 

Bayıldadır. Gedək ora. 

–Gedək. 


Kababxana kişilərlə dolu idi. Əsmər qadın çinsinin yeganə 

nümayəndəsi idi. Onun qeyri-adi görkəmi, geyimi hamının 

diqqətini cəlb edirdi və bizi hər tərəfdən süzürdülər. Hamı bir 

balaca, ya əməlli-başlı  dəm idi və biz bu baxışların tən 

ortasında dayanmışdıq. Hələ ki, ancaq baxırdılar, amma 

qorxurdum söz-zad da atsınlar, odur ki bura gəldiyimizə lap 

peşman olmuşdum. Yaxşı ki, bufetçi məni tanıdı, məsələni 

dərhal başa düşdü və bizə yanaşıb pəncərə qabağındakı 

masanın arxasına apardı. Mən arxam dənizə  tərəf oturdum. 

Əsmər isə arxası camaata, üzü dənizə oturmuşdu və mən sifariş 

verən müddətdə çiynim üstündən dənizə  və üfüqdə görünən 

çatılmaz Nargin adasına baxırdı. 

–Nə içəcəyik? 

–Şampan, — dedi. — Bilirəm, bu lap görməmişlikdir, 

kababla  şampan içməzlər, amma mən istəyirəm. Yadındamı o 

axşam, sizdə... 

Bəli, yadımda idi. Yadımda idi ki, o axşam bizdə  Əsmər 



 377 

həyatında ilk dəfə  şampan içmişdi. Amma onun uşaqlıq 

xatirələrinin sentimental qüssəsi məni yavaş-yavaş 

əsəbiləşdirirdi. Həyatın pozulmaz məntiqinə görə keçib 

gedənləri qaytarmaq cəhdi kimə  gərəkdir.  Əsmər niyə bütün 

olub keçənləri qaytarmaq, xatirələri oyatmaq istəyir. Bura niyə 

gəlib? Ötən günlərinə ziyarətəmi? Kimə lazımdır bu ziyarət? 

Hiss edirdim ki, ovqatım getdikcə  təlx olur, qarşıdakı 

pəncərədən səkiyə mismar kimi vurulmuş dümdüz ağaclara 

baxırdım və qanım daha da qaralırdı. 

Kabab gətirdilər, göy-göyərti, turşu... 

–Yüz ildir kəvər yeməmişəm, —deyə Əsmər ləzzətlə kəvərə 

girişmişdi. Xidmətçi şampanları açırdı. 

–Sənə gülməli bir şey danışım. Bir dəfə balaca bir 

diplomatik məclis vardı. Camal da xidmətçini gözləmədi, 

şampanı özü açmağa başladı. Tərs kimi şampanın tıxaçı sıçradı, 

gedib düşdü Latın Amerikası ölkələrindən birinin səfirinin 

boşqabına. Camalın rəngi-rufu qaçdı, mən də qorxumdan 

əsirdim. Amma allaha şükür, səfir baməzə adam imiş, zarafata 

saldı, keçib ketdi. —Əsmər bir qurtum şampan içdi. —Yaxşı, 

sağ ol, içək sənin sağlığına. 

–Yox, bir dayan, tələsmə. Birinci tost sənin sağlığına. Mən 

çox şadam, çox, lap çox şadam ki, sən gəlmisən. 

Birinci badəni içən kimi başa düşdüm ki, bu gün mənə 

şampandan bir şey olmayacaq, daha əsaslı bir şey lazımdır. 

–Etiraz etmirsənsə mən özümçün araq sifariş eləyim. 

–Elə də. 

Araq stəkanını başıma çəkdim və hiss etdim ki, bütün 

təfərrüatlar, xırda detallar hamısı  əriyib gedir və  əsas  şeylər 

qalır. Mənim xəyalımda da keçmiş oyanırdı, tikə–tikə, parça-

parça oyanırdı. Amma qeyri-real uşaqlıq illərinin keçmişi yox. 

O keçmiş illərin  ərzində hissi varlığını itirmişdi, sadəcə 

hadisələr, faktlar sadalığı kimi qalmışdı, ona görə  də heç bir 

duyğu oyatmırdı. Mənim xəyalımda yaxın keçmiş —hələ solub 

sönməmiş, uzaqlaşıb itməmiş keçmiş —təhsil illərim, Moskva 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə