491
MARAQLI TƏDQİQAT
Gənc tədqiqatçı Səf Səfəyev neçə ildir ki, "Bir naməlum şair
haqda" adlı maraqlı mövzu üzərində çiddi tədqiqat işi aparır.
Bu günlərdə o dissertasiyasını tamamlamışdır. Aşağıda həmin
dissertasiyadan bir parçanı hörmətli oxucularımıza təqdim
edirik:
"Tədqiqatımızın əsas mövzusuna keçməzdən əvvəl mən
faydalı məsləhətləri, qayğıkeş münasibəti, dərin zəkası, həssas
qəlbi, həlim xasiyyəti, mehriban davranışı, xoş niyyəti, iti
qələmiylə mənə yaxından kömək etmiş hörmətli və məşhur
alimlərimizdən A.-ya, B.-yə, V.-yə, Q.-yə, D.-yə... (Cəmisi
otuz iki hərf — Redaksiyadan) öz səmimi və dərin
təşəkkürümü bildirmək istəyirəm.
Habelə bu işin yazılmasında yaxından iştirak etmiş şəxslərə
— Mövzunu tapan Tələt Tələtova, mənbələri araşdıran Müdhət
Müdhətova, mənbələri müəyyənləşdirən Əhəd Əhədova,
dəqiqləşdirən Əsəd Əsədova, əlyazmaları oxuyan Qüdrət
Qüdrətova, əlyazmaları tərcümə edən Hidayət Hidayətova,
sözləri, adları və istilahları izah edən Fikrət Fikrətova, bu
vasitəylə əldə alınan materialı sistemləşdirən Əhməd
Əhmədova, ümumiləşdirən Məmməd Məmmədova,
yekunlaşdıran Nemət Nemətova, dissertasiyanı karandaşla
yazan Şövkət Şövkətovaya, mürəkkəb qələmlə yazan İzzət
İzzətovaya, makinada yazan İsmət İsmətovaya və nəhayət.
cildləyən Karapet Aristakesova öz dərin minnətdarlığımı
bildirirəm.
Mənim elmi əsərim naməlum əsrdə naməlum bir şəhərdə
yaşayan naməlum bir şairə həsr olunmuşdur. Bəzi fərziyyələrə
görə bu şairin adı təxminən Çinar olmuşdur. Biz onu şərti
olaraq Çinar Girdimani-Beyləqani adlandırırıq. Çünki heç bir
şübhə ola bilməz ki, əgər o, Girdimanda dünyaya gəlmişsə, tam
492
bir hüquqla Girdimani, Beyləqanda doğulmuşsa eyni haqla
Beyləqani təxəllüsünü daşıya bilərdi. Çox təəssüf ki, uzun
illərin araşdırmaları sayəsində Çinar Girdimani-Beyləqaninin
şəxsiyyəti və tərcümeyi-halı haqqında heç bir məlumata rast
gəlmədik. Ancaq tam bir cəsarətlə deyə bilərik ki, o, öz
dövrünün gözüaçıq, savadlı, ensiklopedik biliklərə malik olan,
daima istismar edilən xalqın tərəfini saxlayan məğrur və
məşhur bir sənətkarı olmuşdur. Təəssüf ki, əlimizdə olan bir
neçə şerin Çinar Girdimani-Beyləqaniyə aid olub-olmadığını
qəti təsdiq etməyə əsaslı dəlillərimiz yoxdur. Ancaq heç bir
şübhə ola bilməz ki, böyük humanist və realist sənətkar kimi
Çinar Girdimani-Beyləqani ölməz şer bülbülləri sırasında
əbədi, möhtəşəm və özünəməxsus bir yer tutur. Bəzi alimlər
göstərirlər ki, "Gülün qədrini bül-bül bilər" aforizmini
ədəbiyyat tariximizdə ilk dəfə məhz Çinar Girdimani-
Beyləqani işlətmişdir. Bəzi tədqiqatçılar daha irəli gedərək,
hətta "Gül solanda, bülbül ağlar" aforizmini də ona isnad
edirlər. Biz bu sahədə daha cəsarətli bir addım ataraq, indiyə
qədər müəllifi məlum olmayan bir ifadəni də məhz Çinar
Girdimani-Beyləqani qələminin məhsulu saymaq istəyirik.
Həmin ifadə belədir: "Gül-güllükdə bitər". Bizcə, bu ifadəni
birinci dəfə Çinar Girdimani-Beyləqani işlətmişdir.
Bu müddəanı irəli sürdükdə nəyə əsaslanırıq: a) Bu ifadənin
müəllifi məlum deyil. Çinar Beyləqani-Girdimaninin bu ifadəni
yaradıb-yaratmadığı da məlum deyil. Deməli tam bir qətiyyətlə
demək olar ki, bu ifadənin Çinar Girdimani–Beyləqani
tərəfindən yaradılmadığını söyləməyə heç bir əsasımız yoxdur
və beləliklə bu ifadəni ona aid etməyimizə də heç kəsin etirazı
ola bilməz. b) Çinar Girdimani-Beyləqaninin əsərlərində
dəfələrlə "gül" "güllük", "bitər" sözlərinə və defisə rast gəlirik.
Deməli bu obrazlar, bu dil, ifadə tərzi, təhkiyə onunçün
səciyyəvidir. v) Bu fikirdəki dahiyanə sadəlik, dərin hikmət,
müşahidə və ümumiləşdirmə qüdrəti məhz püxtələşmiş bir
sənətkarın, dünyanın hər üzünü görmüş, geniş həyat
493
müşahidəsinə malik olan bir dühanın qələmindən xəbər verir.
Çinar Girdimani-Beyləqaninin neçə il ömür sürdüyü bizə
məlum deyil. Deməli güman etmək olar ki, onun uzun,
keşməkeşli və zəngin bir həyatı olmuşdur və qoca yaşlarında
həyatın hər üzünü görmüş sənətkar müdrik bir kəlam söyləyirsə
burada təəccüb doğuracaq bir şey yoxdur.
Aşağıda Çinar Girdimani-Beyləqaninin əruz vəzni ilə
yazılmış və hələ tapılmamış "Divani-Çinarından" bir qəzəli
oxucularımıza təqdim edirik.
DİVANİ-ÇİNAR
Necə ah eyləməyim gözləri qara getdi,
Dərdimə, möhnətimə dəvayi-çarə getdi.
Ol boyu sərv-rəvan, gözləri cənnət qapısı
Bizi cənnətdən edib qoydu avara getdi.
Dili-suzanımızı vədə ilə aldadıb
Yenə bu dərdi bizə bəxş edib hara getdi.
Canı qurban edəriz püstə dəhanına onun
Neylə küsdürdük onu, neylədik yara getdi.
Niyə zülm etdi bizə cövrü-cəfanı kəsdi
Dərd–möhnət işinə verdi bir ara getdi.
Ol mah üzlü gözəlin dişləri dürdanə–sədəf
Özü xoş oldu qami verdi Çinara getdi.
Qeyd: Bu qəzəlin "Divani-Çinardan götürüldüyünü,
"Divani-Çinarın" məhz Çinar Girdimani-Beyləqaniyə mənsub
olduğunu, habelə belə bir divanın mövcud olub-olmadığını
təsdiq edəcək faktlar, təəssüf ki, hələ əlimizdə yoxdur. Bəzi
fərziyyələrə görə Çinar Girdimani-Beyləqani qoşma da
yazmışdır. Aşağıdakı qoşma, təxminən onunku ola bilərdi.