176
onun buna ehtiyacı yox idi. O güclüydü, mən isə onun kimi
deyildim, mən zəif idim. Mən bunsuz bacarmazdım. Mən hər
gecə on birdən gecə qalmırdım və hər gecə yatmazdan əvvəl
qüvvətli dozada yuxu dərmanı içirdim. Ondan gizli içirdim. O
bilsəydi, mənə nifrət edəcəkdi. Çünki onun bu dərmana
ehtiyacı yoxdu. O güclüydü. Mən isə zəif idim. Mən bu
dərmansız qala bilməzdim. Məni qınamayın, mən hər gecə
qüvvətli dozada yuxu dərmanı içirdim. Yerimə girən kimi və
heç bir şey haqqında düşünməmək və o saat yuxulamaqçün
içirdim. Təsadüfən gecə yuxudan ayılıb qulaqlarımı
şəkləməmək, hər pıçıltıdan, hər ayaq səsindən, hər şaqqıltıdan
diksinməmək, səssiz küçədən keçən hər maşının tormoz səsini
dinləməməkçün içirdim. Gözlərimi qaranlıq tavana dirəyərək
nəyisə, nəyisə, nəyisə gözləməmək, gözləməmək,
gözləməməkçün içirdim. Kərim dayının qara lövhədə
familiyamı pozan fırçasını yuxuda görməmək, ayrı, daha
dəhşətli yuxular görməməkçün, bərk, daş kimi, ölü kimi yatıb
yalnız səhər oyanmaqçün, bu gecə də keçdi – deməkçün
içirdim. Mən kimdən və nədən qorxurdum? Bəlkə, mən adam
öldürmüşdüm, ev yarmışdım, hər nəysə bir cinayət eləmişdim,
ifşa olunmaqdan qorxurdum. Bəlkə, mən siyasi bir qəbahət
eləmiş, qeyri-ciddi bir söz demiş və ya yanımda deyiləndə
eşitmişdim. Yox, bu cəhətdən mənim vicdanım təmiz idi.
Amma mən ondan qorxurdum ki, günahsızlığına başımla
zəmanət verəcəyim 9 nömrəli mənzildə yaşayan, uzun illərdən
bəri tanıdığım bəstəkar dostumun da heç bir təqsiri yoxdu,
lakin bir səhər mən siyahi-lövhədən rəqəmlərin yeni düzülüş
sırasını öyrəndim: səkkizdən sonra 10 gəlirdi.
Mən zəif, gücsüz, iradəsiz, aciz, bəlkə də qorxaq adam idim.
Amma allaha and olsun ki, mən özümçün qorxmurdum. Mən
onunçun qorxurdum – Şairə yoldaşımçün qorxurdum. Ən
böyük qəbahət istedad, ən böyük cinayət ad–san, şöhrət,
hörmət, ən böyük təqsir seçilmək və sevilmək, ən böyük günah
öz ağlınla düşünmək sayılan bir çağda mən onun aqibətiyçün
downloaded from KitabYurdu.org
177
qorxurdum. Onun parlaqlığından, qurbanı olacaq
parlaqlığından qorxur, onu gözləyən şeyləri təsəvvür edəndə
dəhşətə gəlirdim. Onu şer kürsülərində gurultuyla, alqışla
qarşılayan, qədəminə güllər tökən gənclərin fərəhi və pərəstişi
müqabilində onu qara zirzəmilərdə gözləyəcək intiqam, hayıf,
qisas məni dəli eləyirdi. Mən bilirdim orada xalq məhəbbətini,
xalq fərəhini bağışlamırlar. Dinləyicilərinin gözlərində qürur
və sevinc oxuyan şair ən ağır cəzaya məhkum olur. Xalqın
məhəbbəti ona ən böyük ittihamnamədir.
Onu dinləyənlər özlərində insanlıq ləyaqəti, insanlıq qüruru,
insanlıq fərəhi duyurlar. Onu eşidənlər özlərini azad bilirlər.
Ona qulaq asanlar özlərini millət sayırlar. Məgər bu günahları
ona bağışlamaq olardımı? Mən bilirdim ki, ora düşsə, orada bu
hayıfı onda qoymayacaqlardı. Bütün bunlardan başqa o qadın
idi. İncə, gözəl, zərif, həssas və həzin sənətkar bir qadındı,
şairə idi. Ora düşən kişilər haqqında danışılan dəhşətlər ən dahi
bir rəssamın çəkə biləcəyi cəhənnəm mənzərələrindən müdhiş
idi. Ora düşən qadınlar haqqında danışılanları, on beş dəmir
qapı dalından süzülüb xeyli yumşalaraq bizə, hələ çöldə
gəzən adamlara gəlib çatan müdhişliklər haqqında mən söhbət
açmaq istəməzdim. Əvvəla ona görə ki, siz hələ çox gəncsiniz.
Əgər siz daha yaşlı olsaydınız belə mən bildiklərimi və
eşitdiklərimi danışmazdım. Belə şeyləri insan-insana
danışmamalıdır. Belə söhbətlər, belə mənzərələr yaddaşda yara
kimi qalan bu dəhşətlər qurd kimi adamın öz içini yeməlidir.
Danışılmamalı-danışılmamalı – deyə o əsəbi və qırıq–qırıq
deyirdi. – Adamlar belə şeyləri danışmamalı, yox ümumiyyətlə
görməməli, bilməməlidir. Bunu görən, bilən, eşidən adam
insanlıq ləyaqətini, nə isə ona insan olmaq haqqı verən bir
hüququ itirir. Onunçün qadın idealı, əbədi qadınlıq idealı
yoxdur. Bunları eşidən, görən, bilən qadın haqqında, dəhşətsiz
düşünə bilməz. Bunu eşidən, bilən, görən öz anası haqqında
düşünməməlidir, onu xatirinə, yadına gətirməməli, gözləri
qarşısında canlandırmamalıdır. Bunu görən, eşidən, bilən
downloaded from KitabYurdu.org
178
bacısının gözünə baxmamalıdır. Bunu görən, eşidən, bilən
allaha, allah yoxdursa, bilmirəm kimə, bəlkə mamaçaya dua
etməli, yalvarmalıdır ki, heç bir vaxt ona: "Gözün aydın, qızın
oldu" deməsin. Bunu görən, eşidən, bilən əgər arvadını bərk
sevirsə onu öldürməlidir.
Qonağım qışqırıb hıçqırmağa başladı. Mən yenidən güclə
onu sakit etdim.
O, dərhal yenidən danışmağa başladı:
–Ora düşən qadınlardan eşitdiyimə görə yalnız biri xoşbəxt
olubmuş. Onun xasiyyətindəki qəribəlik haradansa qadının
taleyini həll edənlərin qulağına çatıbmış. Bu qadını xilas
etmişdir. Bu qadın cavan və üzdən süfayi olmasına
baxmayaraq "uşaqları" yalnız bir cəhətdən – "psix"liyi
cəhətdən maraqlandırmışdır. Onlar qadının bir qədər qəribə
olmasını və qorxu maniyasını şən zarafatlarına hədəf edərək
gecələr müxtəlif qorxunc qiyafələrdə, maskalarda, əcaib səslər
çıxararaq qadın qalan tənha və qaranlıq kameraya gəlir, qadını
ürəyi gedənəcən qorxuzur, yalnız o hərəkətsiz qalıb qəşş
edəndən sonra gülə–gülə çıxıb gedirdilər. Onlar bununla
kifayətlənirdilər. Bu arvad xoşbəxt imiş. Düzdür, iki–üç belə
seansdan sonra o sağalmaz bir halda dəli oldu və bir həftə
sonra məhbəs xəstəxanasına düşdü. Ora düşən qadınlardan mən
eşitdiyimə görə bu ən xoşbəxti imiş.
Qalanları isə... Siz boksçuların kim olduğunu bilirsinizmi? –
deyə o birdən birə mənə müraciət etdi.
Mən cavab verməyə imkan tapmamış o sözünə davam etdi:
–Yox, o siz bilən boksçuları demirəm, idmançıları demirəm.
Yəni onlar da idmançılardır. Onlarda da idman azarı, müəyyən
həvəs və ehtiraslar var. Küçədə onları görsəniz bir-birlərini
"bizim uşaqlarımızdandır" deyə adlandıran bu gənclər çox
gözəl və səliqəli, son moda üzrə geyinmiş, son dərəcə mədəni,
nəzakətli, həmişə bir qulağı ayıq, xoş təbəssümlü, kos bəbəkli
adamlardır. Bəziləri hətta bu kos bəbəklərini bir anlığa bir
nöqtədə saxlayıb insanların gözlərinin içinə düz baxmağı da
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |