185
–Mən çox gözəl bilirəm ki, məni və səni nə gözləyir. Lakin
hələ heç bir şey yoxdur. Bilirsən nə var? Bu barədə düşünmə.
Bəla gəlməmiş yas qurmaq lazım deyil. Heç bir şeydən
qorxmadan, heç bir dəhşət gözləmədən yaşamaq, ciyər dolusu,
ürək dolusu, beyin dolusu yaşamaq, işləmək, yaratmaq,
qurmaq, sevinmək və xoşbəxt olmaq lazımdır.
Belə danışmaq onunçün çətin deyildi. O güclü və mətin idi.
O xoşbəxt olmağı bacarırdı, o heç nədən qorxmurdu.
Bəs mən? And olsun allaha, mən yalnız onunçün
qorxurdum. Lənətə gəlmiş xəyallarım mənə dəhşətli lövhələr
çəkirdi. Mən o gözəli, o zərifi, o incəni Sənanın və Sənan kimi
dodağına gülüş yapışdırılmışların qıllı əlləri arasında çapalayan
görürdüm.
Aman, bu vahiməli lövhələr indi də mənim gözlərim
qarşısındadır. Onlar ölənə qədər məni təqib edəcəklər.
O, axırıncı sözləri boğuq hıçqırıq içində dedi. Sonra yavaş–
yavaş özünü ələ aldı. Susdu və sakit davam etdi.
–Onlar elə həmin gecə gəldilər. Amma bilirsinizmi, bu
təfərrüat da maraqlıdır. Həmin gecə yerimizə girməmişdən
əvvəl o qəflətən mənə dedi:
–Bu gecə iki doza at. Oyanmayasan.
Mən dik atıldım. O gülümsündü. Məni elə bil ilan çaldı.
Deməli o hər şeyi bilirmiş. Mənə elə gəldi ki, o mənə nifrət
edir. Mən ona sual verməyə cəsarət etmədim. Yerimin içində
qovrulurdum. Birdən onun səsini eşitdim.
–Hələ yuxulamamısan ki?
–Yox.
–Onda yuxulamamışdan sənə deyim, bil. Dünyada heç kəs
mənə səndən əziz olmamışdır.
Nədənsə məni ağlamaq tutdu.
O dedi:
–Geçən xeyrə qalsın.
Qarşı qonşumuzgildə qonaqlıq idi. Musiqi səsi gəlirdi.
Yorğun səsli bir qız qəmli bir muğam oxuyurdu. Deyəsən
downloaded from KitabYurdu.org
186
"Humayun" idi.
Həmin o gecə mən yuxumda dənizi, bulvarı və arvadımı
görürdüm.
Həmin bu gecə saat on üçün qarşıdakı qonşugildə qonaqlar
toplanmağa başlandı. Qarşı qonşumuzgilin oğullarının ad
gününü bayram edirdilər. Bir neçə gün əvvəl ev yiyəsinin yaxın
dostu tutulmuşdu. Bu işdən zərrə qədər də qəmlənmədiyini və
bu köhnə dostuyla heç bir əlaqəsi olmadığını camaata isbat
etməkçün qonşumuzgil bu gecədəki ziyafəti xüsusi bir
təntənəylə hazırlamış və xüsusi bir hay–küylə keçirirdilər.
Həmin bu gecə saat on birdə Kərim dayı bir həftə
işlənmədiyinə görə qabda quruyub bərkimiş rəngə və
qərtməklənmiş fırçasına baxıb arvadına dedi:
–Çoxdandı bir səs yoxdu a – tavana, yuxarı mərtəbələr
səmtinə baxıb mənalı gülümsündü.
Həmin bu gecə saat on ikidə Sənan geyinib çıxmağa
hazırlaşırdı. Qoca anası:
–İşin necədir? – deyə soruşdu:
Sənan dedi:
–Sən yat. Mən gec gələcəm.
–Paltonu çiyninə sal, soyuq olar, – deyə ana böyük bir
nəvazişlə oğluna baxdı. Sənan əyilib anasının alnından öpdü və
səssizcə qapını ardınca bağlayıb getdi. Ananın gözlərində
sonsuz bir fərəh vardı.
Həmin bu gecə saat birdə bizim qapımız döyüldü.
Oyanmazdan bir qədər əvvəl (real həyatda bir neçə an, yuxuda
isə bu bir neçə an mənə uzun bir müddət kimi göründü) kimsə
məni döyürdü. Ağrı hiss etmirdim.
Lakin kəsik–kəsik, aramla, səbirlə vurulan zərbələrin səsini
eşidirdim. Oyananda bu zərbələrin qapıya vurulduğunu
anladım. Saniyənin yüzdə biri belə keçmədən hər şeyi
qavradım. Sanki axır ayların bütün dəhşətli hissləri, ən amansız
şübhələrim, ən qorxunc fərziyyələrim, qorxularım, təlaşım,
intizarım birləşib təmkinli zərbələrlə qapını döyürdülər. Mən
downloaded from KitabYurdu.org
187
nə edəcəyimi bilmirdim. Bu saatları min–milyon dəfə
xəyalımda canlandırıb hər anını, hər hərəkətini yüz dəfə ölçüb–
biçmişdimsə və hər şey də məhz mənim zənn etdiyim kimi
olurdusa da hər halda mən nə edəcəyimi bilmir, milyon dəfə
hazırladığım, düşündüyüm, hətta məşq elədiyim sözləri və
hərəkətləri bir an içində unutmuşdum. Bir-birindən dəli fikirlər
başımda atlanıb–düşürdü. Qapını açmamaq, sındıranacan
gözləmək. YOX, pəncərədən atılmaq, xurd–xəşil olub ölmək.
YOX, ağır kağızbasanı içəri girən birinci adamın başına
çırpmaq, YOX, əlimə nə keçsə qapıya, hələ açılmamış qapıya
vıyıldatmaq, sonra yenidən əlimə nə keçsə girənlərin başına
çırpmaq, YOX, tutulanacan vuruşmaq, qollarım bağlanandan
sonra vuruşmaq, yerə sərilmək, dişləmək, yıxılmaq,
təpikləmək, ölənəcən, ürəyim partlayanacan fiziki müqavimət.
BƏS O? YOX, içəri girənlərin ayağına yıxılmaq, yalvarmaq,
YOX, bədənimdən atılıb çıxmaq, quş olub uçmaq, YOX.
Allaha, bu dəqiqə inandığım Allaha yalvarmaq, YOX,
ağlamaq, YOX, qəhqəhə çəkib gülmək, YOX, sakit olub
uzanmaq, özünü yuxululuğa, ölülüyə qoymaq, YOX, attanıb
düşmək, YOX, oturmaq, YOX, dəli olmaq, YOX, pəncərədən
bağırıb kömək istəmək, YOX, özümü ələ alıb, mühakimə və
tədbirlə tərpənmək, rahat ürəklə qapını açmaq, xoş üzlə, təmiz
vicdanla qarşılamaq, YOX, qaçıb stolun altında gizlənmək,
YOX, onu yuxudan oyatmaq, YOX, oyatmamaq, YOX, bəs nə
etmək, nə etmək, nə etmək?
Birdən kəsik–kəsik, aramla, səbirlə, inamla döyülən qapı
tappıltılarının tənəffüsündə, axırıncı tappıltının səsi əriyib
sükuta qarışanda və yeni tappıltı passajı başlananacan araya
çökmüş lal bir sakitlikdə əsməyən, amiranə, arxayın və əmin
bir səs eşitdim.
–Qapını aç.
Bunu o dedi. O ayıq imiş. Amma gözləri qapalı idi. Üzü
sakit idi. Qaranlıqda rənginin qaçıb–qaçmadığını təyin etmək
çətin idi.
downloaded from KitabYurdu.org