264
meydanına qədər yaşıllığa bürünmüş böyük bir sahə Nizami meydanının yaşıl
kompleksi ilə üzvi surətdə birləşmişdir. Bu yaşıllığın yuxarı hissəsində 1958-ci ildə
heykəltəraş Cəlal Qaryağdı tərəfindən yaradılmış Azərbaycanın görkəmli satirik şairi
M.Ə.Sabirin heykəli ucalır (memarlar Ə.İsmayılov və Q.Əlizadə). Hər iki sahə dərin
düşünülmüş, gözəl bir memarlıq ansamblıdır.
Cəlal Qaryağdının yaradıcılığından danışarkən onun Nizami muzeyi üçün
"Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad dağı yarır" qorelyefini
xüsusi qeyd etmək lazımdır. C.Qaryağdı bu əsərində həm obrazların, həm də
mənzərənin təsvirində müəyyən şərtiliyə yol verir. Fiqurların arxasında görünən
dağların miniatür üslubuna bənzər bir səpkidə verilməsi buna misal ola bilər. Lakin
bu şərtilik əlamətləri heç də əsəri realizmdən uzaqlaşdırmır, əksinə, ayrı-ayrı detalların
miniatür üslubunda həll edilməsi qorelyefi Nizami poeziyasına yaxınlaşdırır, onu
poemanın ruhuna uyğun bir şəklə salır.
Azərbaycan monumental heykəltəraşlığının sonrakı inkişafı 1950-1960-cı
illərə təsadüf edir. Bu illərdə monumental heykəltəraşlığımıza yeniliklər gətirən bir
qrup istedadlı sənətkarlarımız fəaliyyət göstərmişdir. Bunlardan T.Məmmədov,
Ö.Eldarov, M.Mirqasımov, E.Hüseynova, E. Şamilov və başqalarının qeyd etmək
olar.
Tokay Məmədovun Ömər Eldarovla birlikdə 1963-cü ildə yaratdığı
Akademik Milli Dram Teatrının binası qarşısında ucaldılan Məhəmməd Füzuli
abidəsi nəinki bu müəlliflərin, hətta Azərbaycan heykəltəraşlığının yüksək
nailliyyətlərindən sayıla bilər.
Altı metrlik boz qranit kürsü üzərində ucalan tunc heykəl yüksək romantik
əhval-ruhiyyə ilə aşılanmışdır.
Heykəldə böyük şair başını azacıq əyərək, sanki Məcnunun yaşadığı
zəmanədə məhəbbətin ülvi mənasının unudulduğu üçün dərin xəyallar, düşüncələr
aləminə dalmışdır. Yüksək plastik hissiyata, sərbəst formalarda və ahəngdar
həcmlərdə işlənmiş bu sənət əsərində ölməz sənətkarın mənəvi zənginliyi,
müdrikliyi, poeziyanın məna dərinliyi yüksək plastik səpkidə rəsm edilmişdir.
Heykəlin bədii təsvirini qüvvətləndirən mühüm əlamətlərdən biri də Şərq aləmində
məhəbbətin əbədi rəmzinə çevrilmiş Leyli və Məcnun təsvirlərinin kürsüdə
verilməsidir.
Bu illərdə yaradılmış maraqlı monumental heykəltəraşlıq sənətinin
nümunələri sırasına Mirəli Mirqasımovun Naxçıvandakı Cəlil Məmmədquluzadənin
və görkəmli dramaturq Cəfər Cabbarlının on bir metrlik bütöv qranit heykəlini aid
edə bilərik.
Heykəltəraşlığın monumental janrında axtarışlar aparan sənətkarlarımız XX
əsrin axırlarında da bu sahədə bədii xüsusiyyətlər kəsb edən bir sıra əsərlər
yaratmışlar. Belə əsərlər sırasına İ.Zeynalovun "Şah İsmayıl Xətayi", A.Əsgərovun
"Akademik Y.Məmmədəliyev" abidələrini aid etmək olar.
Monumental sənətimizin bu illərdəki uğurlarından danışarkən bir neçə
xatirə abidələrini də yada salmaq lazımdır. Bunlar ilk növbədə heykəltəraş
265
E.Şamilovun Qazax bölgəsinin Şıxlı kəndindəki şair Vidadiyə həsr edilmiş
məzarüstü abidəsi və T.E.Zeynalov qardaşları tərəfindən Lənkəranda ucaldılan tunc
heykəl kompozisiyasıdır.
Azərbaycan heykəltəraşları monumental janrla yanaşı, portret janrı sahəsində
də yüksək nailiyyətlər əldə etmişlər. Ö.Eldarovun, T.Məmmədovun, M.Mirqasımovun,
F.Nəcəfovun, A.Əsgərovun bu janr sahəsində yaratdıqları əsərlər ifadə tərzinin
dəqiqliyi, obrazların psixoloji həlli cəhətindən diqqəti cəlb edir.
Bu tipli portretlər sırasına Ö.Eldarovun ağacdan yonulmuş "Şairə Natəvan",
T.Məmmədovun "Nizami Gəncəvi", "Xalq şairi Səməd Vurğun" portretlərini, Cəlal
Qaryağdının orijinal kompozisiyalı bəstəkar Qara Qarayevin mərmərdən düzəldilmiş
obrazını aid etmək olar.
Azərbaycan heykəltəraşları 1970-1990-cı illərdə müxtəlif materiallardan
düzəldilmiş kiçik janrlı plastika sahəsində də xeyli nailiyyətlər əldə etmişlər. Bu
janrda yaradılmış əsərlər üzərində heykəltəraşlardan F.Salayev, A.Əsgərov,
N.Əliyev, N.Dadaşov, X.Əhmədov çox fəal yaradıcılıq işləri aparmışlar. Qeyd
olunan müəlliflərin kiçik janrlı plastika əsərləri müxtəlif vaxtlarda respublika və
beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmiş, hətta bəziləri yüksək mükafatlara
layiq görülmüşdür.
İncəsənətimizin başqa növ və janrlarında görünən yeni meyillər axır
vaxtlar heykəltəraşlığımızda da açıq-aydın tərzdə nəzərə çarpır. Bu meyil realizm
metodlarından nisbətən uzaqlaşaraq, daha çox ulu keçmişimizin sənət abidələrinə üz
döndərməkdən ibarət olmuşdur.
Yeni yaradılan əsərdə məqsəd tək gözəllik axtarmaq yox, dərin məzmun,
xırdalıqdan qaçaraq ümumiləşdirilmiş obraz yaratmaq, bir sözlə, kiçik məkan
dairəsində böyük ideyalar təlqin etmək idi. Buna misal keçmişlərə aid Azərbaycan,
Mərkəzi Asiya və s. ərazilərdə tapılmış bütləri göstərmək olar.
Bu səpkidə Azərbaycanda bir qrup heykəltəraşlar yaradıcılıq axtarışları
aparmışlar. Onların içərisində Fazil Nəcəfovun yaradıcılığı xüsusilə maraqlıdır.
F.Nəcəfovun əsərləri müxtəlif materiallarda yaradılmışdır. Lakin o daşı hamısından
üstün tutur. Bu da təbiidir, çünki Azərbaycan ərazisində ilahiləşdirilmiş təbii
obyektlərdən ən qədimi daş olmuşdur. Azərbaycanda daşa sitayiş, daşdan müalicə
vasitəsi kimi istifadə etmək, ondan insan, heyvan heykəlləri düzəltmək uzaq
keçmişlərdə olmuşdur.
Bu baxımdan onun daşdan yonulmuş lakonik tərzdə icra edilən "Çılpaq
qadın" fiquru diqqəti daha çox cəlb edir. Müəllif burada da o biri əsərlərində
olduğu kimi istifadə etdiyi materialın bütövlüyünü, tutumunu qoruyub saxlamışdır.
F.Nəcəfovun "Dua edən qadın", "Əsrin əks-sədası" və başqa əsərləri də bu
qəbildəndir.
Yaradıcılıq fəaliyyətinə axır vaxtlarda başlamış istedadlı gənclərimiz milli
heykəltəraşlıq sənətimizə yeni ruh, yeni duyğular gətirirlər. Həyatı kor-koranə
köçürməkdən əl çəkib, yeni formalar axtaran belə heykəltəraşların axtarışları maraq
doğurur.
Dostları ilə paylaş: |