Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə


Fatimə(s.ə)-nin xütbəsindən sonra Əbu Bəkrin cəsarəti



Yüklə 3,63 Mb.
səhifə11/14
tarix02.12.2017
ölçüsü3,63 Mb.
#13559
1   ...   6   7   8   9   10   11   12   13   14

Fatimə(s.ə)-nin xütbəsindən sonra Əbu Bəkrin cəsarəti.

Məşhur sünni alimi İbn Əbil Hədid Fədək barədə Əhməd ibn Əbdül Əziz Cövhərinin yazdığı «Əssəqifə» kitabına əsaslanaraq yazır:

«Əbu Bəkr Fatimə(s.ə)-nin Fədək barədə söylədiyi xütbəsini eşitdikdə həzrəti-Zəhra(s.ə)-nın sözləri ona çox ağır gəldi. Camaatın qarşısındaca minbərə çıxıb dedi:

__ Ey camaat! Bu nə vəziyyətdir? Siz niyə hər sözə qulaq asırsınız? Bu arzular Peyğəmbər(s)-in zamanında harada idi? Kim bu barədə həzrəti-Mühəmməd(s)-dən bir şey eşidibsə, desin. Hər kim orada olubsa, cavab versin. (Aşağıdakı naqis cümlələrin tərcüməsinə görə üzr istəyirik.) O, fitnəkarlıq edir. O deyir ki, əvvəlki halətə__ hərc-mərcliyə qayıdaq. Qocaldığından zəiflərdən kömək istəyir, qadınları köməyə çağırır. O, əxlaqsız adamların sevimlisi olan Ümmü Təhhal kimidir. Bilin, əgər istəsəm, deyərəm və əgər desəm, aydınlaşdıraram. Lakin indi sükutu seçmişəm.

Sonra Əbu Bəkr üzünü ənsarlara tutub dedi:



__ Ey Mədinə camaatı! Peyğəmbər(s)-ə qovuşmağa layiq olduğunuza baxmayaraq, ağılsızlıq edirsiniz. Çünki Peyğəmbər(s) sizin aranıza gəldi. Siz ona öz aranızda yer verib kömək etdiniz. Bilin! Mən dilimi və əlimi bu məqamı bizimki bilməyənlərə sarı uzatmaram.

Sonra o, minbərdən aşağı düşdü. Fatimə(s.ə) də evə qayıtdı».78

İbn Əbil Hədid yazır: «Mən Əbu Bəkrin söylədiklərini ustadım Yəhya ibn Əbi Zeyd Bəsri üçün oxuyub soruşdum:

__ Əbu Bəkr bu söhbətində kimə işarə edir? Nəzərində tutduğu şəxs kimdir?

Dedi:


__ O ki açıq-aşkar söyləyir.

Soruşdum:



__ Əgər açıq-aşkar söyləsəydi, səndən soruşmazdım.

Ustadım gülüb dedi:



__ Nəzərində tutduğu şəxs Əli ibn Əbu Talibdir.

Mən:


__ Bütün bu sözlər Əli(ə.s)-nin barəsindədirmi?

Ustadım:



__Bəli, ey oğul! Bu padşahlıq da gəldi-gedərdir, yaxın-uzaq tanımır.

__ Mədinəlilər bu barədə nə dedilər?

O dedi:



__ Əli(ə.s)-ni xatırladılar (Əlini haqq bildilər), Əbu Bəkr onların bu sözündən dəhşətə gəlib mədinəliləri belə sözlər danışmaqdan çəkindirdi.

Ümmü Sələmənin Fatimə(s.ə)-ni müdafiə etməsi.

Şamlı fəqih Cəmaləddin Yusif ibn Hatəmin yazdığı «Durrun- nəzim» adlı kitabda belə qeyd olunur:

«Ümmü Sələmə (Peyğəmbər(s)-in zövcələrindən biri) Əbu Bəkrin Fatimə(s.ə)-yə dediyi sözlərdən xəbər tutduqda demişdi: «Heç rəvadırmı, Fatimə(s.ə) kimi bir xanıma belə sözlər deyilsin?! Allaha and olsun, Fatimə(s.ə) Ünsiyyeyi-Hövra və Allahın Elçisi(s)-nin qızıdır. Mələklər onu qucaqlarına almışlar. Zəhra pak qadınların qucağında böyümüş, gözəl və mükəmməl tərbiyə altında boya-başa çatmışdır. Siz belə güman edirsiz ki, həzrəti-Mühəmməd (s) onu öz irsindən məhrum edib və ona bu barədə heç bir şey deməmişdir? Halbuki Allah-təala öz Peyğəmbərinə belə buyurur:

«Və ən yaxın qohumlarını qorxut!»

Rəsuli-əkrəm(s) Fatimə(s.ə)-nin məsum olmasını inakrmı edib? Halbuki Fatimə(s.ə) dünya qadınlarının ən yaxşısı, cənnət gənclərinin Ağasının anası və İmran qızı Məryəmlə bir səviyyədədir. Allahın risaləti onun Atasının vasitəsilə xətm olundu. Allaha and olsun, Peyğəmbər(s) Fatimə(s.ə)-ni həmişə isti-soyuqdan qoruyardı, sağ əlini onun başı altına mütəkkə kimi qoyub sol əli ilə üstünü örtərdi. Ey müsəlmanlar! Sakit olun. Siz Peyğəmbərin gözü qarşısındasınız. O, sizə baxır. Siz böyük Allahın hüzuruna daxil olacaqsınız. Vay olsun sizə, tezliklə öz əməllərinizin bəhrəsini görəcəksiniz».

Söyləyirlər ki, həmin il Ümmü Sələmənin aylıq hüququ bu etiraza görə kəsildi.

Əbu Bəkrlə Fatimə(s.ə)-nin söhbəti.

İbn Əbil Hədid həmçinin «Əssətfeyi-Cövhəri» kitabında yazır: «Fatimə(s.ə) Əbu Bəkrə buyurdu:



__ Ümmü Əymən (İslamın əvvəllərindən hidayət olmuş hörmətli xanımlardan) şəhadət verir ki, Allahın Rəsulu(s) Fədəyi mənə bağışlamışdır.

Əbu Bəkr:



__ Ey Allah Rəsulunun qızı! Allaha and olsun, onun yaratdıqları içində mənim üçün Mühəmməddən sevimlisi yoxdur. Mən istəyirdim ki, o Həzrətin vəfatı günü yerlə göy birləşsin, dünya dağılsın. Allaha and olsun, Ayişənin kasıb olmağı mənim yanımda sənin kasıb olmağından daha yaxşıdır. Sən mənim barəmdə belə düşünürsən ki, mən hamının haqqını ödəyirəm, lakin haqqını ödəməkdə sənə zülm edirəm? Hərçənd ki, sən Peyğəmbər(s)-in qızısan, lakin bil və agah ol ki, bu mülk (Fədək) hzrəti-Mühəmməd(s)-in şəxsi mülkü deyildi, əksinə, bütün müsəlmanların idi. Peyğəmbər(s) bunun gəliri ilə müsəlmanları cihada göndərir və yaxud Allah yolunda, ümumi mənfəətə görə ondan paylayırdı. Peyğəmbər(s)-dən sonra rəhbəriyyət mənim əlimə keçmişdir. Bu mülkün də sahibi mənəm.

Fatimə(s.ə):



__ Allaha and olsun, bundan sonra səninlə heç vaxt danışmayacağam.

Əbu Bəkr :



__ Vallah! Mən səndən heç vaxt uzaqlaşmaram.

Fatimə(s.ə):



__ Allaha and içirəm ki, sənə nifrin (qarğış) edəcəyəm.

Fatimə(s.ə) ölüm yatağında olanda vəsiyyət etdi ki, Əbu Bəkr onun cənazəsinə namaz qılmasın. Buna görə də onu gecə ikən dəfn etdilər. Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından 72 gün sonra dünyadan köçdü. Abbas (Peyğəmbər(s)-in əmisi) onun cənazəsinə namaz qıldı.79



Əbu Osman Cahiz Bəsrinin irs barədə yazdıqları.

Əbu Osman Cahiz Bəsri görkəmli ustad və mütəfəkkirlərindən biri (vəfatı 768-775 h. q.) Seyyid Mürtəza Ələmülhüdaya əsaslanaraq belə yazır: «Müsəlmanlar elə başa düşür ki, həmin iki nəfərin, yəni Əbu Bəkrlə Ömərin söylədikləri rəvayətin doğruluğuna dəlil Peyğəmbər(s): «Biz özümüzdən sonra irs qoymuruq» buyuruğudur. Odur ki, onlar bu rəvayəti həzrəti-Mühəmməd(s)-dən nəql edəndə səhabələr bunu ağlabatan bilib qəbul etdilər.

Belə düşünən şəxslərə deyirik: həqiqət insanların onu qəbul edib-etməməsi ilə ölçülə bilməz. Şəxsiyyət həqiqətin deyil, həqiqət şəxsiyyətin meyarıdır. Əbu Bəkrin təsirinə düşən də, həzrəti-Fatimə(ə.s)-nin sağlam məntiqə söykənən, alovlu nitqinin qarşısında susub onu qəbul edən də həmin camaat idi

Fatimə(s.ə) vəsiyyət etmişdi ki, vəfatından sonra Əbu Bəkr onun cənazəsinə belə namaz qılmasın. Fatimə(s.ə) Əbu Bəkrin yanına gəlib öz haqqını tələb etmək üçün sübut gətirəndə Əbu Bəkrə belə buyurmuşdu:



__ Əgər sən ölsən, səndən kim irs aparacaq?

Əbu Bəkr cavab verdi:



__ Ailəm və övladlarım.

Fatimə(s.ə) soruşdu:



__Necə olur ki, biz Peyğəmbər(s)-dən irs aparmırıq, lakin sənin övladların səndən irs aparırlar?! Mən səndən Allaha şikayət edəcəyəm. Bundan sonra heç vaxt səninlə danışmayacağam.

Əbu Bəkr:



__ Mən də səndən heç vaxt uzaqlaşmayacağam.

Onu da unutmamalıyıq ki, səhabələr də Əbu Bəkrə etiraz edib, onun bu hərəkətinə mane olmaq istəyirdilər. Bu özü də xanım Fatimə(s.ə)-nin haqlı olmasına bir sübutdur. Maraqlı burasıdır ki, Əbu Bəkr və Ömərdən başqa heç kəs o Xanımın öz ata mülkü Fədəyi geri qaytarmaq cəhdinə qarşı çıxmrdı. Əgər həzrəti-Fatimə(s.ə) öz tələbi ilə haqsızlıq etmiş olsa idi, onda hamı buna etiraz edib həqiqəti ona anladardı».

Cahiz (kitabın müəllifi) sözünün davamında belə yazır: «Biz Fatimə(s.ə) ilə Əbu Bəkrin yuxarıda qeyd etdiyimiz mükaliməsinə nəzər salanda ilk növbədə belə bir məqam diqqətimizm cəlb edir:

Həzrəti-Fatimə(s.ə) Əbu Bəkr ilə həmişə qəzəblə rəftar edir, Əbu Bəkr isə bunun müqabilində onunla mülayim davranırdı. Məsələn, həzrəti-Zəhra(s.ə): «Sənə həmişə nifrin edəcəyəm, heç vaxt səninlə danışmayacağam!» __ dedikdə, Əbu Bəkr isə əksinə: «Mən isə sənin üçün dua edib, səndən heç zaman uzaqlaşmayacağam», __ deyə mehriban və mülayim davranırdı. Əbu Bəkr xanım Zəhra(s.ə)-ya: «Mənim üçün səndən əzəmətli və hörmətli bir şəxs yoxdur, lakin nə etmək olar! Mən Peyğəmbər(s)-dən belə eşitmişəm ki, biz peyğəmbərlər irs qoymarıq. Bizdən qalan nə varsa, ancaq sədəqədir», __ deməklə ilk baxışdan xeyirxah və ədalətli rəhbər təsiri bağışlayır. Oxucuya elə gəlir ki, həzrəti-Zəhra(s.ə)-nın qəzəb və nifrini müqabilində belə Əbu Bəkr o Xanım(s.ə)-ın yüksək məqam və ehtiramını qoruyub saxlayır.

Lakin bütün bunlar ilk təəssüratdır. İlk təəssürat isə çox vaxt aldadıcı olur. Əslində isə, bütün bu ehtiram və mehribanlıq, mülayim rəftar, alicənablıq nümunəsi olan bu saxta təmkin Əbu Bəkrin seçdiyi mövqe, hiylə idi. Müəyyən məqsədlər naminə özünü lütfkar və insaflı göstərmək istəyən şəxsi biz heç bir əsasla ədalətli adlandıra bilmərik».80

Osmanın Ayişəyə söylədikləri.

Tanınmış tarixçilərdən__ Təbəri və Səqəri öz tarix kitablarında belə yazırlar:

Osmanın xəlifəliyi dövründə Ayişə onun yanına gəlib belə dedi:

__ Atam Əbu Bəkrin, ondan sonra Ömərin mənə verdiyi bəxşişi81 sən də mənə verməlisən.

Osman dedi:



__ Əbu Bəkr və Ömər ürəkləri istəyib, sənə bəxşiş veriblər, ancaq mən bu barədə «Quran» və sünnətdə bir kəlmə olsun belə, görməmişəm. Mən belə bir iş tuta bilmərəm.

Ayişə:


__ Peyğəmbərdən qalan mirası mənə ver.

Osman:


__Nə tez unutdun? Məgər Fatimə atanın yanına gəlib Peyğəmbərdən ona qalan mirası tələb etdikdə sən Ayişə və Malik ibn Əvs şəhadət vermədinizimi ki, Peyğəmbər(s) irs qoymayıb?!! Sən Fatimə(s.ə)-nin haqqını batil hesab etmədinmi? İndi də məndən irs istəyirsən?! Yox! Mən sənə heç nə verməyəcəyəm».

Təbəri əlavə edib yazır ki, bu sözləri deyən vaxt Osman söykənmişdi, amma Ayişənin sözünü eşidən kimi dik oturub dedi: «...Məgər sən deyildinmi, öz nəcasəti ilə dəstəmaz alan ərəblərlə birgə: «Peyğəmbərdən irs qalmaz», __ deyə şəhadət verən?!»



İslamda ilk batil şəhadət

Şeyx Müfidin «İxtisas» adlı kitabında İmam Sadiq(ə.s)-in bu əhvalatla bağlı söylədikləri belə təsvir olunmuşdur:

«Peyğəmbər(s) vəfat etdikdən sonra Əbu Bəkr onun canişini olduqda Fatimənin Fədək bağında qalan vəkilinə xəbər göndərib onu bağdan çıxartdı.

Bu zaman xanım Fatimə (s.ə) Əbu Bəkrin yanına gəlib buyurdu:



__ Əbu Bəkr! Atam Rəsullullah(s)-ın yerində oturduğun bəs deyil, hələ bir vəkilimi də Fədəkdən çıxarmısan. Sən özün bilirsən ki, Rəsuli-əkrəm(s) bu bağı mənə bağışlayıb, mənim şahidlərim də var.

Əbu Bəkr :



__ Peyğəmbər(s) özündən sonra irs qoymayıbdır. Bu, ola bilməz.

Əmirəl-möminin Əli(ə.s) həzrəti-Fatimə(s.ə)-yə məsləhət görmüşdü ki, vərəsəlikdən söhbət düşəndə belə desin: «Sən Peyğəmbərin özündən sonra irs qoymasını inkar edirsən, halbuki vaxtilə Süleyman peyğəmbər Davud peyğəmbərdən, Yəhya isə Zəkəriyya peyğəmbərdən irs aparmışdı.82 Mən nəyə görə atamdan irs aparmamalıyam?!»

Fatimə(s.ə) Əbu Bəkrin yanına gəlib bu sözləri ona söylədikdə Ömər dedi:

__ Bunları sənə öyrədiblər.

Fatimə(s.ə) buyurdu:



__ Bu sözləri mənə əmim oğlu, həyat yoldaşım Əli(ə.s) öyrədib.

Əbu Bəkr:



_­­_ Ayişə və Ömər şəhadət verirlər ki, həzrəti-Mühəmməd(s)-dən bu sözü öz qulaqları ilə eşidiblər ki, Peyğəmbər özündən sonra irs qoymaz.

Fatimə(s.ə) buyurdu:



__ Bu iki nəfərin verdiyi şəhadət İslamda ilk batil (yalan) şəhadətdir.

Fədək atamın mənə bağışladığı mülkdür. Mənim iki adil şahidim var.

Əbu Bəkr:

__ Get şahidlərini bura gətir.

Fatimə(s.ə) qayıdıb Əli(ə.s)-ni və Ümmü Əyməni Əbu Bəkrin yanına gətirdi. Əbu Bəkr Ümmü Əymənə dedi:



__ Sən Peyğəmbər(s)-dən Fatimə haqqında bir şey eşitmisən?

Ümmü Əymən və həzrəti-Əli(ə.s) dedilər: Biz Peyğəmbərdən belə eşitmişik:



«Fatimə behişt qadınlarının xanımıdır».

Sonra Ümmü Əymən sözünə davam edib dedi:



__ Behişt qadınlarının xanımı olan adam özünün olmadığı bir şeyi yalandan öz malı adlandırmaz. Mənim özüm də behişt qadınlarındanam. Peyğəmbərdən eşitmədiyim sözü heç vaxt dilimə gətirmərəm.

Ömər:


__ Bu sözləri boşla görüm. Fatimə haqqında nə şəhadət verə bilərsən?

Ümmü Əymən:



__ Mən Fatimə(s.ə)-nin evində oturmuşdum. O vaxt Peyğəmbər(s) də evdə idi. Bu zaman Cəbrayıl göylərdən enib o Cənab(s)-a buyurdu: «Ey Mühəmməd! Dur mənimlə gəl. Allah mənə Fədəyin sahəsinin həddini öz qanadlarımla xətləməyimi əmr etmişdir». Peyğəmbər(s) ayağa qalxıb Cəbrayıl ilə getdi. Bir müddət keçdikdən sonra həzrəti-Mühəmməd(s) qayıtdıqda xanım Fatimə(s.ə) ondan soruşdu: «Atacan, hara getmişdin?» Peyğəmbər(s) buyurdu: «Cəbrayıl Fədəyin sahəsini mənim üçün müəyyənləşdirdi». Fatimə(.s) dedi: «Ata, səndən sonra yarana biləcək maddi ehtiyacların fikrini çəkirəm. Bu ehtiyaclarımı ödəməkdən ötrü Fədəyi mənə bağışlayarsanmı?» Peyğəmbər(s) buyurdu: «Bu mülkü sənə bağışladım».

Ümmü Əymən sözünə əlavə edib dedi:



__Bəli, Rəsulullah(s) mənə və Əli(ə.s)-yə buyurdu: «Şəhadət verərsiniz. İndi də biz şəhadət veririk.
Ömər dedi:

__ Sən qadın olduğuna görə sənin şəhadətini qəbul etmirik. Həmçinin Fatimənin həyat yoldaşı olduğuna görə Əlinin də şəhadətini qəbul etmirik.

Fatimə qəzəbli halda ayağa qalxıb dedi:



__ İlahi, bunlar__ Əbu Bəkr və Ömər sənin Peyğəmbərin qızına zülm edib, haqqını əlindən aldılar. Sən özün onların cəzasını ver.

Həzrəti-Əli(ə.s) və Fatimə(ə.s) 40 gün mədinəlilər və mühacirlərin evlərinə gedib onlardan dəstək istədilər.



Fədək sənədlərinin cırılması.

Kitabda belə bir fakt da qeyd edilir:

Əli(ə.s) Fatimə(ə.s)-yə buyurdu:

__ Əbu Bəkr tək olan zaman onun yanına get, çünki o, başqalarına nisbətən mülayimdir. Ona belə deyərsən: «Sən atamın yerində oturmusan. Əgər Fədək sənin mülkündürsə və mən bu mülkü səndən istəyirəmsə, gərək bu mülkü mənə qaytarasan!»

Fatimə(s.ə) Əbu Bəkrin yanına gedib bu sözləri eynilə ona çatdırdı.

Əbu Bəkr dedi:

__ Düz deyirsən.

Beləliklə, Əbu Bəkr Fədəyin Fatimə(s.ə)-yə qaytarılması haqqındakı sənədi imzaladıqdan sonra onu Fatimə(s.ə)-yə verdi.

Fatimə evə qayıdarkən yolda Ömərlə rastlaşdı. Fatimə buyurdu: «Fədəyin mənə qaytarılması haqqında sənədi Əbu Bəkrdən aldım». Ömər Fatimədə olan sənədi tələb etdikdə Fatimə sənədi Ömərə vermədi.

Ömər Fatimə ilə kobud davranaraq sənədi ondan alıb iki yerə böldü. Ömərin bu qəzəbli rəftarı Fatimənin yorğan-döşəyə düşməsinə səbəb oldu. Həzrəti-Fatimə(s.ə) 75 gündən sonra dünyasını dəyişdi. O Xanım(s.ə) vəfat etməmiş Əli(ə.s)-yə də vəsiyyət etdi ki, məni gecə vaxtı dəfn et ki, həmin iki nəfərin (Əbu Bəkr və Ömər) bundan xəbəri olmasın. Əli(ə.s) də onun vəsiyyətinə əməl edərək gecə ikən Fatimə(s.ə)-ni dəfn etdi.



Fidyənin Zeynəbə bağışlanması.
Bədr döyüşündə (hicrətin ikinci ili) Əbul As ibn Rəbi (Xədicənin bacısı oğlu və Peyğəmbər(s)-in qızı Zeynəbin həyat yoldaşı) kafirlərin qoşununda müsəlmanlara qarşı vuruşmuşdu. Müsəlmanlar Əbul As ibn Rəbini əsir tutub Mədinə şəhərinə gətirdilər.83

Məkkə əhli öz əsirlərini fidyə verməklə (pul və yaxud qiymətli əşya) azad edirdi. Peyğəmbər(s)-in qızı Zeynəb də Məkkədə idi. O da ərinin azad olunması üçün müəyyən miqdar mal və bir boyunbağı Mədinəyə göndərdi. Bu boyunbağını anası Xədicə toy gecəsi öz qızı Zeynəbə toy hədiyyəsi etmişdi. Peyğəmbər boyunbağını görən kimi tanıdı və çox mütəəssir oldu. Müsəlmanlara buyurdu:



__ Əgər icazə verirsinizsə, Əbul Ası azad edib bu boyunbağını da geri qaytaraq.

Müsəlmanlar dedilər:



__ Ey Peyğəmbər! Bizim canımız və malımız sənə qurbandır. Əlbəttə, icazə veririk.

Peyğəmbər(s) Əbul Ası fidyəsiz azad etdi və boyunbağını ona verib Məkkəyə Zeynəb üçün göndərdi.

Əhli – təsənni alimlərindən biri olan İbn Əbil Hədid bu barədə belə yazır:

«Mən bu hədisi müəllimim Əbu Cəfər Yəhya ibn Əbl Zeyd Nəqibə oxudum. O (Əbu Cəfər) dedi:



__ Məgər bu hadisəni Əbu Bəkr və Ömər görməyiblər? Heç olmasa, belə mülayim rəftarı Rəsuli-əkrəm(s)-dən öyrənib, Fədəyi Fatimə(s.ə)-yə bağışlaya bilərdilər. Məgər Fatimə(s.ə)-nin məqamı bacısı Zeynəbin məqamından üstün sayılmırmı? Fatimə(s.ə) behişt qadınlarının xanımıdır. Əlbəttə, bu hadisə o vaxt mümkün olardı ki, Fədək Fatimənin mülkü olmasın.

Əbil Hədid müəllimi Əbu Cəfərə dedi:



__ Əbu Bəkrdən belə rəvayət olunub ki, Fədək bütün müsəlmanların malıdır və elə buna görə guya onun Fədəyi Fatiməyə verməyə haqqı yox idi.

Əbu Cəfər cavabında söylədi:



__ Əbul Asın fidyəsi də (boyunbağı) müsəlmanların idi, lakin Allahın Rəsulu(s) boyunbağının icazəsini müsəlmanlardan alıb Zeynəbə qaytardı. Əgər Əbu Bəkr müsəlmanlardan Fədəyin icazəsini alıb Fatiməyə qaytarsaydı, müsəlmanlar buna etiraz edəcəkdilər? Sözsüz ki, razılıq verərdilər. Çünki Fatimə(s.ə) Peyğəmbər(s)-in qızıdır.

İbn Əbil Hədid:



__ Qaziyül qüzat Əbul Həsən Əbdül Cəbbar ibn Əhməd də belə fikirdədir.

Əbu Cəfər:



__ Həqiqət budur ki, Əbu Bəkrlə Ömər Fatimə ilə çox insafsız rəftar ediblər».

Seyyid Cəzuinin nəzmə çəkdiyi şerin məzmunu.

(Şer ərəbcə olduğuna görə kitabda ancaq onun məzmunu verilib).

«Fatimə Peyğəmbər(s)-dən ona qalan irsi tələb etmək üçün iki nəfərin (Əbu Bəkr və Ömər) yanına gəldi, lakin irsi ona qaytarmadılar.

Ey kaş, biləydim ki, niyə görə «Quran»ın göstərişlərinə əməl etmirlər, bir halda ki «Quran»da irs haqqında ayə var. Məgər «Quran»ın irs haqqında ayələri qüvvədən düşmüşdür? Yoxsa bunlar «Quran» ayələrini təhrif etdilər?

Məgər «Məvəddət» ayəsi («Şura» surəsi, 23-cü ayə) həzrəti- Fatimə(s.ə) və onun qohumları haqqında nazil olmayıbdır?

Sonra özlərindən: «Atan özündən sonra irs qoymayıb», __ deyə yalandan iqrar etdilər. Dedilər: «Qədimdən adətdir ki, peyğəmbərlər özlərindən sonra irs qoymazlar» və bu sözlə də Fatimə(s.ə)-nin irs aparmasına mane oldular.

Əgər həzrəti-Mühəmməd(s) belə bir söz deyibsə, bəs niyə Fatimə(s.ə)-nin budan xəbəri yoxdur?

Fatimə(s.ə) Peyğəmbər(s)-in tən yarısıdır. Məgər O, Atasının sözünə əməl etməzdimi? Sözsüz ki, Fatimə atasının sözündən heç vaxt çıxmamışdı. Çünki Fatimə Allah yanında ən təqvalı və pak adamdır. Onların haqsız olduğunu müəyyən etmək üçün «Nəhl», «Məryəm» surələrinə nəzər sal.

Hər iki surədə Yəhyanın və Süleymanın irs aparmasından bəhs olunur. Hər kim Fatimə(s.ə)-nin haqlı olmasını öyrənmək istəyirsə, bu iki surəyə diqqət yetirə bilər. Sonra Fatimə(s.ə) göz yaşı tökərək Allaha şikayətləndi».

Dördüncü hissə

Fatimə(s.ə)-nin Atasının vəfatından sonrakı vəziyyəti.

Allahın Rəsulu(s) vəfat edən zaman böyük–kiçik, kişi–qadın, qoca–cavan, ümumiyyətlə bütün Mədinə əhalisi matəm saxlamışdı. Elə bir müsəlman tapmazdın ki, Peyğəmbər(s)-in vəfatına görə qəmgin olmasın. Bir sözlə, Mədinə şəhəri ah-nalə səsinə qərq olmuşdu. Bu ayrılıq ən çox həzrəti-Mühəmməd(s)-in yaxınlarına, xüsusən əmisi oğlu Əli(ə.s)-yə daha çox təsir etmişdi. Hətta bəziləri həyəcandan danışa bilmirdi. Əgər bu qəm-qüssə dağlara üz tutsaydı, dağların belə buna dözümü çatmazdı.

Lakin heç kim həzrəti-Fatimə(s.ə) kimi qəmgin ola bilməzdi. Yalnız Allah özü buna şahid idi.

Get-gedə kədər artır, göz yaşı isə dayanmırdı.



Fatimə Atası(s)-nın qəbri kənarında (VIII gün).

Ravi yazır: «Peyğəmbər(s)-in vəfatından 7 gün sonra səkkizinci gün Fatimə(s.ə) Atasını ziyarət etmək niyyəti ilə evdən ağlaya-ağlaya qəbir üstünə yollandı. Xanım(s.ə)-ın ağlamaqdan gözləri qaralmışdı. Narahatlığın təsirindən çadrası yerlə sürünürdü. Atasının qəbrinə gözü sataşan kimi özündən gedib məzarın üzərinə yıxıldı. Mədinə qadınları onun köməyinə çatıb, həzrəti-Zəhra(s.ə)-nın üzünə su səpib onu huşa gətirdilər. Daha sonra Fatimə ağlaya-ağlaya Atasına xitab edərək belə buyurdu:

«Atacan, qüvvətim tükənib, səbrim qurtarıb, düşmənim sevinir, qəm-qüssə isə məni öldürür. Ey əziz Atam! Daha tənha qalmışam, səndən sonra səsim kəsilib, belim bükülüb, həyatım bir-birinə dəyib. Səndən sonra dəhşətli günlərimi keçirirəm. İndi məni sakitləşdirən də yoxdur. Qəm- qüssəm gündən- günə artır. Atacan, səndən sonra kim bu ümmətin fəryadına yetişəcək? Ey Ata, səndən sonra camaat bizdən üz döndərdi. Görəsən, nə vaxt yanına gələcəyəm? İlahi, mənim ölümümü tezliklə yetir, çünki dünya və həyat mənim üçün artıq daralıb».

Fatimə(s.ə)-nin kədəri və Mədinə camaatının təklifi.

Ağlayıb qəlbini boşaltdıqdan sonra Fatimə(s.ə) evə qayıtdı. O, gecə-gündüz ağlayıb göz yaşı tökürdü. Mədinə böyüklərindən bir dəstə həzrəti-Əli(ə.s)-nin yanına gəlib belə dedi:



__ Fatimə gecə-gündüz aglayır. Gecələr onun ah-naləsindən yata, gündüzlər isə dincələ bilmirik. Səndən xahiş edirik, Fatiməyə deyəsən, heç olmasa, ya gecə ağlasın, biz gündüzlər dincələk, yaxud gündüzlər o ağlasın, gecələr biz dincələk.

Həzrəti-Əli(ə.s) buyurdu:



__ Çox yaxşı, mən sizin xahişinizi ona çatdıraram.

Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin yanına gəlib onu ağlar gördü. Fatimə Əli(ə.s)-ni görüb bir az sakitləşdi. Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:



__ Mədinə böyükləri məndən xahiş ediblər ki, ya gecə, ya da ancaq gündüz ağlayasan.

Fatimə(s):



__ Ey Əbul Həsən! Mən bu camaatın arasında çox az yaşayacağam və tezliklə bunlardan ayrılacağam.

Əli(ə.s):



__ İxtiyar sahibisən.

Sonra Əli(ə.s) Mədinə evlərindən uzaqda, Bəqi qəbirstanlığında Fatimə(s.ə) üçün (ağlamaq üçün) kiçik bir ev düzəltdi. Bu evi «Beytül-əhzan», yəni «Qəm evi» adlandırdı.

Fatimə hər gün sübh vaxtı Həsən(ə.s) və Hüseynlə(ə.s) bu evə gedib ağlayardı. Əli(ə.s) axşam gəlib Xanım(s.ə)-ını evə aparardı.

Bilal Həbəşinin azan verməsi.

Ravi yazır: «Bir gün Fatimə(s.ə) buyurdu:



__ Ürəyim çox istəyir ki, Atamın müəzzini azan versin və mən də onun səsini eşidim.84

Bu xəbər Bilala çatdıqda Bilal azan verməyə başladı: «Allahu Əkbər. Allahu Əkbər».

Fatimə bu səsi eşidən kimi Atasının zamanı yadına düşdü. Özünü saxlaya bilməyib, ağlamağa başladı.

Fatimə «Əşhədu ənnə Mühəmmədən Rəsulullah» səsini eşidən kimi bihuş olub yerə yıxıldı. Camaat Bilala dedi: «Azanı saxla. Fatimə(s.ə) dünyadan getdi». Onlar belə güman etdilər ki, Fatimə(s.ə) vəfat edib.

Bilal azanı saxladı. Fatimə huşa gəlib ayıldıqdan sonra Bilala buyurdu: «Azanı axıra kimi oxu».

Bilal azanı davam etməyib dedi: «Ey xanımlır Xanımı, qorxuram, mənim səsimi eşitməklə sizə bir xətər yetişə».



Fatimə Ühüd şəhidlərinin qəbri kənarında.

İmam Sadiq(ə.s) bu barədə belə söyləyir:

«Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından sonra cəmi yetmiş beş gün yaşadı. Bu yetmiş beş gündə heç kim onu gülərüz görmədi. Həftədə iki dəfə(I və III günlər) Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. O Xanım vəfat edənə kimi bu işi davam etdirirdi».

Mahmud ibn Lübeyddən rəvayət olunub ki, həzrəti-Mühəmməd(s) vəfat etdikdən sonra Fatimə(s.ə) Atası(s)-nın qəbri kənarına gəlib ağlayardı. Gördüm ki, Fatimə(s.ə) orada ağlayır. Sakitləşəndən sonra Fatiməyə yaxınlaşıb dedim: «Ey xanımlar xanımı! Sizin bu halınıza dözə bilmirəm».

Fatimə(s.ə) buyurdu: «Ey Əbu Ömər! Ağlamağın yeri var. Çünki mən ataların ən yaxşısını itirmişəm. Ürəyim çox istəyir, atamı görəm».

Həzrəti-Zəhra(s.ə)-nın dua və vəsiyyəti.

İmam Baqir(ə.s) söyləyir: «Fatimə(s.ə) atası Peyğəmbər(s.ə)-in vəfatından altmış gün keçdikdən sonra xəstələndi. Həzrəti-Zəhra(s.ə) xəstə olarkən belə dua edərdi: «Ey Qadir və Diri olan Allah! Sənin rəhmətinə pənah gətirirəm, məni cəhənnəm atəşindən uzaq et və məni behişt əhlindən qərar ver».

Bu zaman həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu:

__ Allahdan arzum budur ki, səni tezliklə sağaldıb şəfa versin.

Fatimə(s.ə):



__ Ey Əbul Həsən, Allahımla görüşməyimə çox az qalıb.

Daha sonra Xanım(s.ə)-ı Əli(ə.s)-yə vəsiyyət elədi ki, məndən sonra bacım qızı Əmamə(Əbul Asın qızı) ilə evlənərsən.

Çünki yalnız o, (Əmamə) məndən sonra uşaqlarıma mehribanlıq göstərər».

Başqa bir rəvayətdə belə söylənilir:

«Fatimə(s.ə) Əli(ə.s)-yə dedi:

__ Mənim səndən bir xahişim var.

Əli(ə.s) buyurdu:



__ Ey Peyğəmbərin qızı, sözünü buyur, onu mütləq yerinə yetirərəm.

Fatimə:



__ Səni and verirəm Allaha və Atamın haqqına, Əbu Bəkrlə Ömər mənim cənazəmə namaz qılmasınlar. Allahın Rəsulu(s) mənə buyurmuşdur: «Sən mənim Əhli-beytimdən ilk adamsan ki, mənim yanıma gələcəksən». Bu xəbəri sənə vermək mənə çox ağır gəlir».

İmam Baqir(ə.s) buyurur: «Peyğəmbərin vəfatından 50 gün keçmişdi. Həzrəti-Fatimə(s.ə)-nin xəstəliyi güclənirdi. O xanım bilirdi ki, elə bu xəstəliklə də dünyadan gedəcək. Fatimə(s.ə) buyurdu: «Ya Əli, Allahın işinə səbir et və məni gecə qüsl edib kəfənləyər, dəfn edərsən». Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin vəsiyyətinə əməl etdi.

Fatimə(s.ə) söyləyir: «Atam Rəsulullah(s)-ı yuxuda gördüm. O Həzrətdən sonra bizim başımıza gələnlərin hamısını Peyğəmbər(s)-ə danışdım. Rəsuli-əkrəm(s) buyurdu: «Sizin üçün axirətdə əbədi ev var. Bu ev təqvalılar üçündür. Sən tezliklə bizim yanımıza gələcəksən».


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə