Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə



Yüklə 3,63 Mb.
səhifə4/14
tarix02.12.2017
ölçüsü3,63 Mb.
#13559
1   2   3   4   5   6   7   8   9   ...   14

4.Zifaf20 gecəsi

Günəş qürub edəndən sonra həzrəti-Mühəmməd(s) Ümmü Sələməyə buyurdu:



__Fatimə(s.ə)-ni buraya gətir.

O, Fatimə(s.ə)-ni paltarının ətəyi yerlə sürünə-sürünə Atası(s)-nın yanına gətirdi. Utandığından xanım Zəhra(s.ə)-nın çöhrəsindən tər axırdı, buna görə də içəri girəndə ayağı büdrədi. Bu zaman Peyğəmbər(s) buyurdu:



__ Allah-təala səni dünya və axirət büdrəməyindən qorusun.

Fatimə(s.ə) Rəsuli-əkrəm(s)-in qarşısında dayananda Atası(s) onun niqabını üzündən qaldırdı. Əli(ə.s) Xanım(s.ə)-ın camalını gördü. Sonra Peyğəmbər(s) Fatimə(s.ə)-nin əlini Əli(ə.s)-nin əlinə qoyub buyurdu:



__ Allah-təala Peyğəmbər qızını sənə mübarək etsin. Ey Əli, Fatimə yaxşı həyat yoldaşıdır. Fatimə, Əli də yaxşı həyat yoldaşıdır. Öz evinizə gedib məni gözləyin.

Əli(ə.s) buyurur ki, Fatimə(s.ə)-ni evin bu biri tərəfində oturtdum. Hər ikimiz xəcalətdən başımızı aşağı dikmişdik.



5. Peyğəmbər(s)-in bəy və gəlini təbrik etməsi

«Əli(ə.s) deyir ki, bir də hiss etdim ki, Peyğəmbər(s) evin qapısına yaxınlaşdı və soruşdu:



__Burada kim var?

Dedim:


__ Ey Allahın Rəsulu, içəri keçin.

Rəsuli-əkrəm(s) evə daxil olub Fatimə(s.ə)-ni yanında oturdub buyurdu:



__Fatimə, dur bir az su gətir.

Fatimə(s.ə) qalxıb bir kasa su gətirdi. Həzrəti-Mühəmməd(s) o sudan bir az Fatimə(s.ə)-nin başına səpib buyurdu:



__ Üzünü mənə çevir.

Fatimə(s.ə) üzünü ona tərəf çevirdi. Peyğəmbər(s) o sudan bir az ağzında qarqara edib yenə kasaya tökdü. Sonra o sudan bir az Fatimə(s.ə)-nin başına, sinəsinə çilədikdən sonra bir az da saçlarının arasına səpdi, belə bir dua oxudu:

«İlahi, bu, mənə hamıdan əziz qızımdır. Allahım, bu isə (Əli(ə.s)) mənim qardaşım və mənə hamıdan əziz olan şəxsdir. Onu yer üzünə vəli və yavər qərar ver, ailəsini isə mübarək et».

Sonra Əli(ə.s)-yə üzünü çevirib buyurdu:



__ Öz ailənə yaxınlaş. Allah mübarək etsin, həm də Tanrının şükr və bərəkəti sənə olsun».

Başqa bir rəvayətdə Əmirəlmöminin Əli(ə.s)-nin dlindən belə nəql olunur:

«Fatimə(s.ə) mənim evimə gələndən sonra Peyğəmbər (s) üç gün evimizə ayaq basmadı. Çərşənbə günü, sübh çağı bizə gəldi. O vaxt Əsma binti Ümeys də bizdə idi. Rəsuli-əkrəm(s) Əsmaya buyurdu:

__ Kişi burada ola-ola, sən niyə burada qalmısan?

Əsma ərz etdi:



__ Atam-anam sənə fəda olsun! Qız ər evinə gedəndə və zifaf mərhələsini keçirəndən sonra qadın xeylağına ehtiyac duyur. Elə buna görə də mən burada qalmışam.

Rəsuli-əkrəm(s) Əsmaya buyurdu:



__ Əsma, Allah-təala sənin dünya və axirət hacətlərini yerinə yetirsin21».

Əmirəl-möminin Əli(ə.s.) söyləyir:

«O gün hava çox souyq idi. Mən və Fatimə(s.ə) əbaya bürünmüşdük. Peyğəmbər(s)-in səsini eşidən zaman ayağa qalxmaq istədik. Həzrəti-Mühəmməd(s) buyurdu:

__ Sizi boynunuzda olan haqqıma and verirəm, mən içəri daxil olsam da, bir-birinizdən ayrılmayın.

Rəsuli-əkrəm(s) içəri keçib üst tərəfdə əyləşdi. O da ayaqlarını əbanın altına saldı. Mənimlə Fatimə(s.ə) o Həzrət(s)-in ayaqlarını isindirdik. Mənə buyurdu:



__ Kuzədə su gətir.

Mən bir kuzə su gətirdim. Rəsuli-əkrəm(s) suya üç dəfə üfürərək «Quran»dan bir neçə ayə oxudu. Sonra yenə buyurdu:



__ Bu suyu içib dibində bir az saxla.

O Həzrət(s)-in buyurduğuna əməl etdim. Peyğəmbər(s) suyun qalanını mənim başıma, sinəmə səpib buyurdu:



«Allah-təala çirkinliyi səndən uzaqlaşdırdı səni pak etdi, ey Əbəl-Həsən»

6. Peyğəmbər(s)-in Fatimə(s.ə)-yə olan buyruqları

İmam Əli(ə.s) söhbətinin ardınca ərz edir:

Peyğəmbər(s) bizimlə görüşəndən sonra mənə buyurdu:

__ Sən çıx bayırda gözlə.

Mən Atası(s) ilə Fatimə(s.ə)-ni evdə qoyub çölə çıxdım. Onların arasında belə bir xüsusi söhbət baş verdi:

Peyğəmbər(s):

__ Qızım, kefin necədir? Ərini necə qəbul edirsən?

Fatimə(s.ə):



__Atacan, ərimi ən yaxşı həyat yoldaşı bilirəm, ancaq Qüreyş qadınlarından bəzisi yanıma gəlib mənə deyir ki, Rəsuli-əkrəm(s) səni yoxsul bir şəxsə ərə vermişdir.

Peyğəmbər(s):



__ Qızım, nə atan yoxsuldur, nə də həyat yoldaşın. Fatimə, məgər bilmirsənmi, Allah-təala bəşərə nəzər salanda onların arasında atanı seçib peyğəmbərliyə təyin etdi. Yerin bütün qızıl və gümüş xəzinələrini Tanrı mənim ixtiyarımda qoydu, lakin mən Allah dərgahında olan mükafatı bəyəndim (seçdim). Əziz qızım, əgər atan bildiyi şeyi sən bilsəydin, dünya sənin gözündə puç görünərdi. Allaha and olsun ki, sənin barəndə heç bir xeyir işi əsirgəməmişəm. Allah-təala sonra ərini seçdi. O zaman mənə vəhy etdi ki, səni ona ərə verib özümə canişin təyin edim. Sənin ərin İslamda hamıdan əvvəl, elmdə hamıdan səbirlidir. Qızım, Tanrımız xüsusi diqqət yetirəndə yer üzündə iki nəfər kişi seçdi__ onlardan birini sənin atan, digərini isə ərin təyin etdi. Qızım, sənin ərin yaxşı ərdir, bütün işlərdə ona itaət elə.

7.Peyğəmbər(s)-in Əli(ə.s) ilə söhbəti

Əli(ə.s) söhbətini belə davam etdirir:

Peyğəmbər(s) sonra məni səslədi. Mən evə keçdim. Həzrəti-Mühəmməd(s) buyurdu:

__ Öz evinə keç! Həyat yoldaşını sev və ona mehribanlıq göstər. Çünki Fatimə(s.ə) mənim cismimin parəsidir. Kim onu incitsə, məni incidib, kim onu sevindiribsə, məni sevindiribdir. Sizi Allaha tapşırıram. Allah sizə yar olsun.

Həzrəti-Əli(ə.s) buyurur: «Allaha and olsun ki, Tanrım bizi ayıranadək Fatiməni heç vaxt incitmədim, bir işi görməyə məcbur etmədim. O da məni incitməmiş və mənim itaətimdən boyun qaçırmamışdır. Nə zaman ona baxsaydım, bütün qəmim, kədərim və ağrılarımı unudardım».



8. Kənizin əvəzində gözəl bir dua

Sonra Rəsuli-əkrəm(s) ayağa durub getməyə hazırlaşarkən Fatimə(s.ə) ev işlərində ona kömək etmək üçün kəniz istədi. Peyğəmbər(s) belə buyurdu:



__ Kənizdən daha yaxşı şey istəyirsənmi?

Fatimə(s.ə)-yə dedim:



__ De, bəli.

Fatimə(s.ə) də dediklərimi təkrar etdi.

Həzrəti-Mühəmməd(s) buyurdu:

__ Hər gün Allaha 33 təsbih, 33 dəfə həmd, 34 dəfə isə təkbir de. Bu təsbih min mükafatın ölçüsünə (əməllərin tərəzisində) bərabərdir. Fatimə, əgər bu təsbihatı hər gün səhər desən, Allah-təala sənin dünya və axirət istəklərini inşaallah lazımınca ödəyər.

Şeyx Tusi «Misbahül-mütəhəccid» kitabında qeyd edir ki, Peyğəmbər(s) Fatimə(s.ə)-ni zilhiccə ayının əvvəlində ərə verdi.

Bəzi rəvayətlərdə isə həmin günün zilhiccə ayının altısı olduğu qeyd edilmişdir.

(«Kifayəmüt-talib» səh. 296, «Məcməüz-zəvaid» VIII c, səh. 253, İbn Səbbac «Əlfüsülül-mühümmə» səh. 281, İbn Məqazəli «Mənağib» səh. 101, «Yənabiül-məvəddət» səh. 92, Əmini «Əlğədir» III c, səh. 23, «Əlmüraciat» səh. 244.)


Üçüncü hissə

Peyğəmbər(s)-in vəfatından sonra Səqifə əhvalatı.

Səqifə əhvalatını Şeyx Tusi «Təlxisüş-şafi», İbn Əbil Hədid (sünnilərin məhşur alimlərindəndir) «Şərhi-nəhcül-bəlağə», Əhməd ibn Əbdüləziz Cövhəri isə özünün «Əssəqifə» kitabında ətraflı şəkildə qələmə almışlar.

Onun xülasəsi belədir:

1.Mədinə müsəlmanlarının toplanışı

Rəsuli-əkrəm(s) vəfat edən kimi ənsar (Mədinə müsəlmanları) Bəni-Saidə səqifəsində (üstü örtülü yığışma mərkəzi) toplandı. Səd ibn Ubadəni (Xəzrəc tayfasının başçısı) Peyğəmbər(s)-in xəlifəsi və müsəlmanların rəhbəri təyin etməkdən ötrü evindən səslədilər. Xəstə olduğundan onu elə yatağındaca oraya gətirdilər. Səd ibn Übadə nitq söyləyib xalqı onu rəhbər seçməyə çağırdı.

Oradakıların hamısı (ənsarlardan) onun dəvətini qəbul etdikdən sonra öz aralarında söhbətə başladılar ki, əgər mühacirlər (Məkkə müsəlmanları): «Rəsuli-əkrəm(s)-lə biz birgə hicrət etmişik və elə Peyğəmbər(s)-in ilk səhabələri də biz olmuşuq, bundan əlavə o Həzrətin qohumları bizik, bəs belə olan surətdə nə üçün Rəsuli-əkrəm(s)-in vəfatından sonra xilafət və hökumət işlərində bizimlə çəkişirsiz?»-deyə soruşsalar, o zaman nə cavab verəcəyik deyə düşündülər.

Onlardan bir qrupu dedi ki, biz belə etiraz edərik: «Bir başçı siz seçin və bir başçı da biz seçək. Bu təklifdən başqa heç bir təklifi qəbul etmərik.» Səd ibn Ubadə Mədinə müsəlmanlarının bu söhbətini və tərəddüdünü eşidəndə dedi: «Bu, süstlüyün başlanğıcı və beyətə qarşı olan ilk müxalifətçilikdir». (İbn Əbil Hədid «Şərhi-Nəhcül-bəlağə» VI c, səh. 6)



2.Ömər və Əbu Bəkrin iztirabı və Əbu Bəkrin nitq söyləməsi

Ömər ibn Xəttab bu məsələni eşitdikdə Əbu Bəkr üçün xəbər göndərdi ki, tez evdən çıxıb yanıma gəl. Əbu Bəkr isə cavabında: «Hələ işim var. Sonra gələrəm»,-dedi.

Ömər ikinci dəfə Əbu Bəkrə xəbər göndərdi ki, elə bir hadisə üz vermişdir ki, sən gərək orada olasan, hökmən gəl.

Əbu Bəkr qalxıb Ömərin yanına getdi. Ömər onu görən kimi dedi:



__ Məgər bilmirsən ki, mədinəlilər Bəni-Saidə səqifəsində yığışıb istəyir ki, xilafəti Səd ibn Ubadəyə tapşırsın? Onların arasında ən yaxşı və sayılan şəxslərin təklifi bu idi ki, bir nəfər biz, bir nəfər də siz tərəfdən seçilməlidir.

Əbu Bəkr qorxuya düşdü. Ömərlə birlikdə tələsik səqifəyə gəldilər. Əbu Übeydeyi Cərrah da onlarla birgə idi. Səqifəyə daxil olanda orada çoxlu adam gördülər. Ömər deyir:



__ Mənim fikrimdə olan söyləyəcəyim sözlərin hamısını Əbu Bəkr öz nitqində söyləyəcək.

O, Allaha həmd və şükr edəndən sonra yenidən sözünə başladı:

«Böyuk Allah Mühəmməd(s)-i xalqa peyğəmbərlik, risalət və hidayət etmək üçün seçmişdi. Onu öz ümmətinə şahid etdi ki, ümməti yeganə olan Allaha sitayiş edib hər növ şirkdən uzaqlaşsın. Bir halda ki, adamlar özləri üçün cürbəcür allahlar seçib onlara pərəstiş edirdilər. Belə başa düşürdülər ki, bu məbudlar öz pərəstişkarlarını şəfaət edib onlara mənfəət yetirəcək, amma həqiqətdə isə onlar daşdan və ağacdan yonulmuşdular».

Sonra o, sözünə davam edərək bu ayəni oxudu:



«Allahdan başqa elə şeylərə pərəstiş edirlər ki, onlara ziyanı, onlara bir xeyri var». («Yunis», 18).

Öz ata-babalarının dinini tərk edib atmaq ərəblərə ağır gəldiyindən Allah-təala Peyğəmbər(s)-i təsdiq edib ona iman gətirmək imtiyazını Həzrət(s)-in qəbiləsindən olan ilk mühacirlərə nəsib etdi. Onlar fədakarlıqla onu himayə edərək çətin bir şəraitdə müşriklərin əzab və əziyyətinə səbirlə qatlaşdılar. Mühacirlər Yer üzündə Allaha və Peyğəmbər(s)-ə iman gətirib ona pərəstiş edən ilk şəxslər olmuşlar. Mühacirlər Peyğəmbər(s)-in dostlarından və xanədanından olanlardır. Peyğəmbər(s)-dən sonra rəhbərlik etməyə ən layiqli adamlar da məhz onlardır. Hər kim bu barədə onlara müxalif çıxsa, zülmkardır. Siz, ey mədinəlilər, onların dindəki üstünlük və islamdakı qabaqcıllığını inkar edən deyilsiniz. Allah-təala sizi dinin və Peyğəmbər(s)-in köməkçiləri kimi qəbul edib Rəsuli-əkrəm(s)-in mühacirətini sizə tərəf yönəltdi. Peyğəmbərin zövcələrindən və səhabələrindən çoxu sizlərdəndir. Əvvəlki mühacirlərdən sonra heç kim bizim yanımızda sizin qədər əziz ola bilməz. Rəhbər bizdən, vəzir isə sizdən seçilsin. Biz sizinlə məşvərət etməkdən boyun qaçırmarıq».



3.Başqa bir əshabın söhbəti

Əbu Bəkrin nitqindən sonra Mədinə müsəlmanlarından Hübab ibn Munzir ibn Cumuh ayağa qalxıb dedi:



__ Ey Mədinə müsəlmanları, öz qərarınızda möhkəm dayanın, çünki xalq sizin sayənizdə başını dolandırır. Heç kimin sizinlə müxalifətçilik etməyə haqqı yoxdur. Sizin icazəniz olmadan bir nəfər də rəhbəriyyətə sahib çıxa bilməz. İzzət və əzəmət sahibi, eləcə də çoxluq təşkil edən, güclü və möhtərəm olanlar sizlərsiniz. Xalq sizin qərarınızla ayaqlaşır. Buna görə də bir-birinə qarşı etiraz etməyin ki, bütün işləriniz korlanar. Əgər onlar (mühacirlər) dediyim sözləri qəbul etməsələr, onda bizim qərarımız budur ki, bir nəfər sizdən, bir nəfər də bizdən rəhbər seçilsin.

Bu zaman Ömər ibn Xəttab qalxıb dedi:



__ Heyhat! Heç vaxt iki qılınc bir qında yerləşməz. Mühacirlər razı olmazlar ki, siz mədinəlilər onların rəhbəri olasınız. Ona görə ki, Peyğəmbər(s) sizin qəbilənizdən deyildir, ancaq ərəblər həzrəti-Mühəmməd(s)-in mənsub olduğu qəbilənin rəhbərliyinə etiraz etməz. Peyğəmbər(s)-ə məxsus olan rəhbərlik məqamını ələ keçirmək üçün bizimlə döyüşən kimdir? Bir halda ki, biz Rəsuli-əkrəm(s)-in dostlarından və onun qohumlarındanıq.

Bu vaxt Hübab ibn Münzir yenə ayağa qalxıb cavab verdi:

-Ey mədinəlilər, öz sözünüzün üstündə möhkəm durun. Bu şəxsin (Ömər) və əshabının sözünü qəbul etməyin ki, sizi fikrinizdən döndərməsinlər. Əgər müxalif olsalar, onları öz şəhərimizdən qovun. Çünki xilafətə siz layiqsiz. Onları Mədinədən çıxartmaq sizin qılıncınızdan asılıdır. Xalq bu işdə sizinlə əlbir və sizə arxadır. Mən bu yolda möhkəm və yıxılmaz bir sütun kimi dayanmış, dəvələrin yatağında öz çirkin bədənlərini qaşımaq üçün basdırılmış dirək kimi (xilafət işlərini qaydaya salmaq üçün) müqavimət göstərərəm. Mən heç kimdən qorxmayan şir ürəkli bir adamam. Allaha and olsun! Əgər istəsəniz, mən onun (Ömərin) qollarını arxasına çataram.

Ömər ibn Xəttab dedi:



__ Onda Allah səni öldürsün.

Hübab cavab verdi:



__ Allah səni öldürər.22.

Bu zaman Əbu Übeydeyi Cərrah məclisdəkiləri sülhə çağırdı:



__ Ey Mədinə müsəlmanları! Siz Peyğəmbər(s)-ə (Mədinədə) kömək edən ilk şəxslər olmuşsunuz. Barı indi İslam hökumətini bir-birinə vurmaqda birinci olmayın.

Noman ibn Bəşirin atası Bəşir ibn Səd irəli çıxıb: «Ey mədinəlilər! Bilin ki, Mühəmməd(s) Qüreyş qəbiləsindəndir. Onun qohum-əqrabası o Həzrət(s)-ə daha yaxındır. Məni xilafət məsələsində onlarla müxalif bilməyin», __ deyə söylədi.



4.Əbu Bəkrin qərarı və ona beyət

Bu vaxt Əbu Bəkr ayağa durub təkrar etdi:



__Bu, Ömər və Əbu Übeydiyyədir. Onlardan birinə __ hansına istəyirsiniz, beyət edin.

Ömərlə Əbu Übeydə dedilər:



__ Allaha and olsun ki, xilafətə gəlmək üçün səndən qabağa keçmərik. Sən mühacirlərin ən yaxşısı, dinin ən gözəl qanunu olan namazın bərqərar olunmasında Peyğəmbər(s)-in canişinisən. İndi əlini uzat ki, biz sənə beyət edək.

Əbu Bəkr Ömərə və Əbu Übeydeyə beyət etmək üçün əlini uzatdıqda Bəşir ibn Səd: «Əbu Bəkrə beyət etməsəniz, Xəzrəc tayfası onunla əlbir olacaq»,__ deyə onları qabaqladı.

Bu vaxt adamlar hər tərəfdən gəlib Əbu Bəkrə beyət edirdilər. Bu arada öz yatağındaca xəstə-xəstə bura gətirilmiş Səd ibn Übadə az qaldı ki, ora yığışanların ayaqları altında qalıb tapdansın. O, ucadan qışqırdı:

__ Məni öldürdünüz.

Ömər dedi:



__ Sədi öldürün. Allah öldürsün onu.23
5.Sədin Ömərə münasibətinin soyuması və ona beyətdən imtina etməsi

Bu zaman Sədin oğlu (Qeys ibn Səd) sıçrayıb Ömərin saqqalından tutaraq hədələdi:



__ Ey döyüşlərdən qorxub qaçan, camaat içində gizlənib özünü şir kimi aparan Səhhakın oğlu. Allaha and olsun! Əgər Sədin başından bir tük belə əksik olsa, səni elə günə salarıq ki, üzünün sümüyü görsənər.

Əbu Bəkr Ömərə:



__ Sakit ol, güzəşt elə, çünki güzəştə getmək yaxşı və bəyənilmişdir.

Səd ibn Übadə Ömərə dedi:



__ Ey Səhhakın (Ömərin nənəsi olan Həbəşistanlı kəniz) oğlu! Allaha and olsun! Əgər xəstə olmasaydım, ayağa qalxmağa taqətim olsaydı, səni və Əbu Bəkri Mədinənin küçələrində süründürərdim. O vaxt olsaydı, nənəmin qorxusundan Mədinədən qaçardınız. Sizin hər ikinizi elə tayfaya qatardım ki, nəinki başqaları sizə tabe olmazdı, əksinə, özünüz onların qarşısında zəlil və müti olardınız. Ey xəzrəclilər, məni bu çuxurdan qaldırın.

Onlar Sədi yatağından qaldırıb evə apardılar. Sonra Əbu Bəkr Səd üçün xəbər göndərdi ki, xalq mənə beyət etdi, sən də beyət et.

Səd dedi:

__ Allaha and olsun! Oxum qurtarmayana və nizəmlə sizi al qana boyamayana qədər sizə beyət etmərəm. Nə qədər ki əlimdə qılınc var, sizinlə döyüşəcəyəm. Allaha and olsun! Cinnü-ins yığışsa, mən sənə beyət etməyəcəyəm.

Sədin sözünü Əbu Bəkrə yetirdilər. Ömər dedi:



__Heç bir çarə yoxdur, o beyət etməlidir.

Bəşir ibn Səd Ömərə belə məsləhət verdi:



__ Ömər, Səd ölənə qədər də beyət etməyəcəyək. Əgər o öldürülsə, Ovs və Xəzrəc tayfalarının hər ikisi onunla bir öləcəklər. Onu öz ixtiyarında qoyun. Sədin evdə oturmağı sizin işinizə xələl yetirməz.

Ömər və onun həmfikirləri Bəşirin sözünü qəbul edib, Sədi öz başına buraxdılar.

Səd ibn Übadə onların namazında iştirak etmir, ziddiyyətli məsələlərdə qəzavət etmək üçün onların yanına getmirdi. Əgər arxası olsaydı, onlarla döyüşərdi. O, Əbu Bəkrin xilafəti dövründə beləcə dövran keçirirdi. Əbu Bəkrdən sonra Ömər ibn Xəttab xilafət başına gələndə də Səd bu minvalla öz yolunu (beyət) etməmək) davam etdirirdi. Ömərlə üzləşməmək üçün Şama tərəf gedərək bir müddət sonra Ömərin xilafəti zamanında Həvəran ölkəsində onların heç birinə beyət etmədən dünyadan köçmüşdü. Gecə vaxtı Sədi oxla vurub öldürmüşdülər. Şəhərdə onun cin tayfası tərəfindən öldürülməsi şayiəsi yayılmışdı.24

6. Sədin cinlər tərəfindən öldürülməsinin saxta dastanı.

Məşhur tarixçi Bilazəri yazır ki, Ömər ibn Xəttab Xalid ibn Vəlidlə Məhəmməd ibn Müslimeyi Ənsariyə Səd ibn Übadəni öldürmələri barədə göstəriş vermişdi. Nəticədə, onların hər biri Sədə bir neçə ox ataraq onu öldürmüşdülər. Sonra xalq arasında belə şayiə yaydılar ki, guya Sədi cinlər öldürüb və adamların dilinə bu şeri saldılar (ki, cinlər deyir): «Xəzrəc tayfasının rəisi Səd ibn Übadəni biz öldürdük. Ona iki ox atdıq, oxlar xətaya uğramayıb onun ürəyinə batdı».



7. Səqifə əhvalatı barəsində İbn Əbil Hədidin söylədiyi başqa bir rəvayət

İbn Əbil Hədid də məşhur mənbələrə istinad edərək belə yazır: «Elə ki Peyğəmbər(s) dünyadan köçdü, mədinəlilər ibn Übadənin ətrafına yığışdı. Əbu Bəkr, Ömər və Əbu Übeydə də onların yanına getdilər. Ənsardan olan Hübab ibn Münzir dedi: «Gəlin bir nəfər bizdən və bir nəfər də sizdən seçilsin. Allaha and olsun, biz xilafət barəsində sizə paxıllıq etmirik. Yalnız bundan qorxuruq ki, sizdən sonra atalarını, oğullarını və qardaşlarını öldürdüyümüz şəxslər bizə hakim kəsilib hökmranlıq edələr (Bəni- Üməyyə kimi)».

İbn Əbil Hədid yazır:

«Bu rəvayəti Əbu Cəfər Yəhya ibn Məhəmməd Ələvi üçün danışanda dedi: «Mən Hübab ibn Münzirin fərasət və uzaqgörənliyini təsdiqləyirəm. Elə onun söylədiyi və qorxduğu şey də oldu. O vaxt Yəzid ibn Müaviyə Hicrətin 63-cü ilinin zilhiccə ayında (təxminən 643-cü il miladi) Mədinədə baş verən qanlı «Hərrəh» hadisəsində Bədr döyüşündə öldürülmüş müşriklərin qanını Mədinə müsəlmanlarından aldı. (Bu hadisə İbn Müaviyənin vasitəsilə baş vermişdi. Mədinə müsəlmanlarından 10 000 nəfərdən çoxu kütləvi surətdə qırılmışdı. Hübab ibn Münzir də hakimiyyət başına belələrinin gəlməyindən qorxurdu.

Rəsuli-əkrəm(s) də müşriklərin qanını tökmüşdü və bilirdi ki, əgər qızı və qızının övladları zülmkar hakimlərin hökmranlığı altına keçsəydilər, dəhşətli xətərə məruz qalacaqdılar, buna görə də həmişə hakimiyyəti özündən sonra əmisi oğluna (Əli(ə.s)-yə) vəsiyyət edirdi ki, Əhli-beyti bu xətərlə üzləşməsin.25 Əgər xilafətə Peyğəmbər(s)-in itrəti keçsəydi, Əli(ə.s) və Əhli-beyti həmişə amanda qalacaqdı, lakin qəza və qədər, zalım hakimlərin tamahı ona müsaidə etmədi. Hər şey elə alt-üst oldu ki, həzrəti-Mühəmməd(s)-in övladlarının aqibətinin necə olduğundan özün də xəbərdarsan».

Əli(ə.s) və Bəni- Haşimin Səqifə toplanışında olmaması

Böyük alim Şeyx Müfid (413 h.c.,993 miladi) öz «İrşad» adlı kitabında belə yazır:

«Peyğəmbər(s) vəfat edəndən sonra İmam Əli(ə.s) onun mübarək bədəninə qüsl verib kəfən tutmağa və dəfn işləri ilə məşğul idi. Nəhayət, Əli(ə.s)-nin və Bəni-Haşimin iştirakı olmadan Əbu Bəkrin xilafəti bərqərar oldu. Beləliklə də, Mədinə müsəlmanlarının arasına ixtilaf düşdü, lakin Məkkənin fəthində azad olmuşlar dəstəsi və Peyğəmbər(s)-in qəlblərini satın almaq üçün İslama daxil olmalarına icazə verdiyi şəxslər xilafət məsələsinin təxirə düşməsini istəmirdilər. Ona görə Bəni-Haşimin başı işdən açılmamış məsələni bitmiş hesab edib Əbu Bəkri xəlifə seçdilər, çünki o, Səqifə toplanışında idi və plan da onun məqsədinə uyğun qurularaq tamamlanmışdı.

2.Əli(ə.s)-nin söhbəti

Rəvayət olunmuşdur ki, Əbu Bəkrə beyət edilmə mərasimi sona yetən kimi bir nəfər həzrəti-Əli(ə.s)-nin hüzuruna gəlib gördü ki, o Həzrət əlində bel Rəsuli-əkrəm(s)-i qəbrini hamar edir. Söylədi:



__ Camaat Əbu Bəkrə beyət etdi. Mədinəlilərin arasında ixtilaf düşdüyündən onlar xilafət məsələsində məğlub oldular. Tüləqa (Məkkənin Fəthində azad olmuşlar) sizin xəlifə olmağınızdan qorxaraq qabağa düşüb tez bu kişiyə (Əbu Bəkrə) beyət etdi.

Həzrəti- Əli(s) beli yerə söykəyib buyurdu:



«Mehriban və bağışlayan Allahın adı ilə. Əlif lam mim. Elə bilirlər ki, iman gətirdik deyib öz başlarına buraxılarlar və imtahan olunmazlar? Biz onlardan qabaqkıları imtahan etdik. Gərək Allahın elmi yalan və doğru deyənlərin barəsində həqiqəti aşkara çıxarsın. Günah iş görənlər elə bilirlər ki, bizim qüdrətimizin çərçivəsindən uzaqlaşa biləcəklər? Necə də nahaq qəzavət edirlər?»26

3.Əbu Süfyanın təklifinin rədd olunması.

Əbu Süfyan Peyğəmbər(s)-in evinə gəlmişdi. Əli(ə.s) və Abbas (Peyğəmbər(s)-in əmisi) ona baxdılar ki, görsünlər nə deyir və bunun istədiyi nədir? Əbu Süfyan bir şer oxudu: (şerin məzmunu təxminən belədir.)

«Ey Bəni-Haşim xanədanı, başqalarını öz xilafətiniz barədə tamaha saldırmayın, əsasən də Təym ibn Mərrə (Əbu Bəkr) və Ədiyy (Ömər) tayfalarını. Xilafət siz Bəni-Haşimindir və sizə də qayıdacaqdır, xüsusilə Əbülhəsən Əli(ə.s)-nindir. Ey Əbülhəsən, xilafət vasitəsilə öz arxanı möhkəmlət. Çünki ümid bəslədiyin xilafətə sən layiqsən».

Sonra o, ucadan dedi:



__ Ey Bəni- Haşim, Ey Əbdül Mənaf övladları, siz razısınızmı, Əbu Süfyan alçaq oğlu alçaq sizin hakiminiz olsun? Allaha and olsun, əgər istəsəniz, süvari və piyadadan ibarət bir qoşun hazırlayaram ki, onları sıxışdırıb çıxararlar.

Əli(ə.s) onun çirkin niyyətindən xəbərdar olduğundan Əbu Süfyana dedi:



__ Çıx get! Çünki Allaha and olsun, dediyin sözlər Allaha görə deyildir. Sən həmişə İslamı parçalamaq və zərər yetirmək fikrində olmusan. Biz Rəsuli-əkrəm(s)-i torpağa tapşırmaqla məşğul idik. Hər kəs öz əməlinin mükafatını alacaq. Allah-təala zəhmət çəkənlərə kömək edər.

Əbu Süfyan pisniyyətli və fürsətdən istifadə etmək fikrində olduğundan məyus olub oradan birbaşa məscidə getdi. Bəni-Üməyyə tayfasının məsciddə yığışdığını görüb onları xilafəti ələ almağa çağırdı. Bəni-Ümməyə də Əbu Süfyanın ardınca getdi. Beləliklə, elə bir fitnə qalxmışdı ki, hamı ona düçar olmuş, cürbəcür bəhanələr ortaya çıxmışdı. Şeytan hökmranlıq sürürdü. Zalımlar əl-ələ vermişdilər. Möminlər isə xar və pərişan olmuşdular. Budur, Allah kəlamının batini mənası:



«Fitnədən qorxun ki, təkcə sizin zülmkarlarınıza yetişmir». (Əksinə, hamını əhatə edir.) («Ənfaq», 25).

Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə