242
Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili
və Ədəbiyyatı İnstitutunun Rus dili və Ədəbiyyatı fakültəsini fərqlənmə diplomu
ilə bitirdi (1975). Bir müddət kənd məktəbində pedaqoji fəaliyyətlə məşğul olan
N.Məmmədovda baş qaldıran peşəkar tədqiqatçı olmaq arzusu onu məzunu olduğu
İnstitutun aspiranturasına gətirdi (1980-1984). İxtisasını və ruhunu (Səməd Vurğun
yaradıcılığı) birləşdirən «S.Vurğunun pyeslərinin rus tərcümələri və səhnə
təcəssümü»
mövzusunda elmi-tədqiqat işini uğurla bitirib namizədlik
dissertasiyasını müdafiə etdi(1986). Gənc alim N.Məmmədov hər dəfə əlçatmaz
hesab etdiyi zirvəni fəth etdikcə, qarşısında daha böyük yüksəklik görən və ona can
atan alpinist kimidir. O, ədəbiyyatşünaslıqla bağlı bir mövzuya girişir, onu
tamamlayır, sonra mövzu yeni mövzu gətirir, onun qarşısında təzə üfüqlər açılır. O,
irəliləyir, arxada isə tədqiqatçı alimin tədricən araşdırmalarından ibarət zəngin irsi
formalaşır…
İlk uğurlarından ruhlanan N.Məmmədov S.Vurğunun bir əsəri timsalında
rus-Azərbaycan ədəbi əlaqələri mövzusunda özünü sınayandan sonra cəsarət tapıb
daha geniş və fundamental problemə girişir: «XX əsr rus poeziyası Azərbaycan
tərcümələrində». O, bu mövzuda doktorluq dissertasiyasını uğurla müdafiə edir
(1992) və bir müddət sonra (1994) alim, Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülür.
Bu, «XX əsr rus ədəbiyyatı», «Türk xalqları ədəbiyyatı», «Azərbaycan ədəbiyyatı»
fənlərindən rus və Azərbaycan bölmələrində mühazirələr oxuyan, kurs, buraxılış,
magistr, namizədlik işlərinə rəhbərlik edən, dərslik, dərs vəsaitləri, dərs
proqramları yazan, respublika mətbuatında saysız-hesabsız elmi məqalələr dərc
etdirən Nizami Tağısoyun halal əməyinə verilən qiymətdir. Professorun elmi
fəaliyyəti çoxşaxəli, çoxplanlıdır: tərcümə nəzəriyyəsi, ədəbi əlaqələr,
komparativistika, türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, epik
təfəkkürü, ənənələri, folkloru, klassik və müasir ədəbiyyatı, çağdaş ədəbi proses.
İti zəkası, geniş təfəkkürü N.Tağısoya ədəbiyyatşünaslıq kimi böyük
ümmanda problemləri görmək, çözmək, sistemləşdirmək, dəyərləndirmək bacarığı
vermişdir. Türkdilli xalqların ədəbi xəzinəsinin araşdırılması ilə N.Tağısoy
Azərbaycanda türkologiyanın inkişafına ciddi töhfə vermişdir: qazax, özbək,
qaqauz, qaraqalpaq, qaraçay, qırğız, Kibrıs, malkar, xəzər və başqa türk qövmləri
ilə bağlı qələmə aldığı çoxsaylı əsərlər həm aktuallıq, həm də problemə yanaşma
metodu ilə diqqəti çəkir. Müəllifin «XX əsr rus poeziyası Azərbaycan
tərcümələrində» (Bakı, ADPİ nəşriyyatı, 1992, 134 s. – rus dilində), «Qazax
ədəbiyyatı» (Bakı, APRDƏİ nəşriyyatı, 1983, 70 s. – rus dilində), «Əslin milli
özünəməxsusluğu və tərcümə» (Bakı, «Mütərcim» nəşriyyatı, 1998, 68 s. –
dilində), «Səməd Vurğunun dramaturgiyası» (Bakı, 1999, «Səda» nəşriyyatı, 132 s.
– rus dilində), «Poetik tərcümə» (Bakı, «Maarif» nəşriyyatı, 2001, 245 s. – rus
dilində), «Qaraqalpaq ədəbiyyatı» (Bakı, «Kitab aləmi» nəşriyyatı, 2007, 296 s. –
rus dilində), «Nəsrin axarı: zaman və məkan konteksti» (Bakı, BQU nəşriyyatı,
2008, 152 s.), «Şilyan: özü, sözü – çeşmənin gözü» (Bakı, «Mütərcim» nəşriyyatı,
2009, 172 s.), «Səftər Həsənzadə. Vətən həsrəti, barıt qoxulu sətirlər» (Bakı,
«Mütərcim» nəşriyyatı, 2009, 76 s.) kimi monoqrafiya və kitabları elmi
243
ictimaiyyətin və təhsil auditoriyasının daim diqqətində olmuş, mütəxəssislər,
xüsusi ilə türkoloqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
İstedadlı alim öz yaradıcılığında ədəbi mühitə, ədəbi prosesə iki
istiqamətdən yanaşır və onun elmi-nəzəri qənaətləri bu aspektlərdən formalaşır. Bir
tərəfdən o, ümumən, ədəbi problemləri araşdırır, analiz edir, sahənin nəzəri
materiallarını zənginləşdirirsə, digər tərəfdən ayrı-ayrı yazıçı və şairlərin
yaradıcılığını tədqiqat müstəvisinə çıxarır, onların əsərlərində mövzu, dil-üslub,
sənətkarlıq məsələlərini təhlil süzgəcindən keçirir. Bu baxımdan professorun Elçin,
Anar, S.Əhmədli, M.Cəlal, K.Abdulla, eləcə də A.Blok, S.Yesenin, K.Simonov,
A.Tvardovski və digərlərinin irsi ilə bağlı özünəməxsus mülahizələrə, maraqlı
mühakimələr və elmi nəticələrlə zəngin məqalələri diqqəti çəkir.
Prof.N.Tağısoyun etnoqrafiya, folklor nümunələri ilə bağlı cəfakeş fəaliyyəti
qeyd olunmasa, onun portretində müəyyən ştrixlərin yeri görünər. 25 ilə yaxındır
ki, Nizami müəllim dərviş dözümü, pərvanə sevgisi, Fərhad fədakarlığı ilə öz
sevdasının – şifahi xalq nümunələrinin türklər demiş, peşindədir. Onun
etnoqrafiya, etnik-milli düşüncə və həyat tərzi ilə bağlı topladığı şifahi söz
nümunələri türkdilli xalqların ortaq milli-mənəvi dəyərlərinin müqayisəsi,
qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Doğulub boya-başa
çatdığı doğma Şilyan kəndindən misqal-misqal topladığı, mirvari dənələri kimi
sıraladığı alqışlar, qarğışlar, andlar, sınamalar, ayamalar, ləqəblər, bayatılar,
laylalar, lətifələr, habelə dini-tarixi abidələrlə ziyarətgah və ocaqlarla bağlı
rəvayətlər nəinki oxucuların ürəyinə, eləcə də mütəxəssislərin yaradıcılıq
laboratoriyasına yol tapacaq, professorun dediyi kimi, onları «düşünüb
fikirləşməyə, fikirləşib düşünməyə sövq edəcək, onlar sözün gücündən zövq
alacaq, ona heyran qalacaq, xalq fəlsəfəsi və müdrikliyi haqqında dərindən
düşünəcək», bu zəngin, mənalı irslə bağlı müəyyən qənaətlərə gələcəklər.
Professorun portretində tərcüməçilik və lüğətçilik fəaliyyətinin də xüsusi
yeri var. Tərcümə nəzəriyyəsi və bədii tərcümə məsələləri sahəsindəki işinə bir
cümlə ilə qiymət vermək olar: o, bu sahədə peşəkardır. O, Azərbaycan
türkologiyasında ilk dəfə «Qaraqalpaq xalq nağılları»nı (Bakı, 2006,
«Mütərcim» nəşriyyatı, 220 səh.) və qazax qəhrəmanlıq eposu «Koblandı-batır»
(Bakı, 2010, Folklor İnstitutu nəşriyyatı, 200 səh.) Azərbaycan türkcəsinə
uyğunlaşdırmış, bir neçə şeir, poema kitabını rus dilinə tərcümə etmiş,
prof.R.Manafoğlu və dos.Rüstəm Kamalla birlikdə ölkəmizdə ilk dəfə «İzahlı
tərcüməşünaslıq terminləri lüğəti»ni (Bakı, 2010, «Mütərcim» nəşriyyatı, 164 səh.)
hazırlamışdır.
Prof.N.Tağısoyun elmi, bədii yaradıcılığını onun ictimai və pedaqoji
fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Bu fikri başqa cür də ifadə
etmək olar: bu fəaliyyət sahələri N.Tağısoyun timsalında bir-birini tamamlayır, bir-
birindən qidalanır, bir-birini zənginləşdirir.
Və sonda. Yuxarıda yazılanlar prof.N.Tağısoyun yaradıcılıq portretinin
ştrixləridir. Nə qədər uğurlu, qənaətbəxşdir – deyə bilmərəm. Bu, bir qələm
dostunun cəhdidir. Amma peşəkar rəssam əlində fırça onun kətan üzərində
portretini işləmək eşqinə düşsə, məsləhət görərdim ki, Nizami Tağısoyun
Dostları ilə paylaş: |