231
Bəlkə bunun nəticəsidir ki, indi ABU-nun həyətində gözümə toxunan «Məktəb
qibləgahımdır» sözləri dərhal xəyalımı qanadlandırdı.
Bəs akademik Hüseyn Əhmədov nə vaxt və necə bu qənaətə gəlmişdir?! Bu
sualın arxasında gərgin, axtarışlarla zəngin, mənalı bir ömür durur. Onu
vərəqlədikcə, cavab axtarmağa da ehtiyac qalmır, o özü yetişir. Hüseyn Əhmədov
hələ 20 yaşı tamam olmayanda taleyini birdəfəlik müəllimliklə bağlayır. Daim
yaratmaq, axtarmaq həvəsi, yanğısı, tükənməz enerjisi, ehtirası onu tədrisin,
təhsilin pillələri ilə aramla, inamla, inadkarlıqla irəliləməyə sövq edir. Əvvəlcə,
Gəncə Pedaqoji Universitetini (1947), sonra həmin şəhərdəki H.Zərdabi adına
Pedaqoji İnstitutu (1951), daha sonra indiki Azərbaycan Dövlət Pedaqoji
Universitetinin aspiranturasını bitirir. Azərbaycan məktəbi və pedaqogikasının
tarixi ilə tanışlıq H.Əhmədovu sehrləyir: elmə, tərəqqiyə, mədəniyyətə aparan
Azərbaycan məktəbi nə qədər məşəqqətli, eyni zamanda nə qədər şərafətli bir yol
keçmişdir! Ətalət, cəhalət, mövhumat, nadanlıq, laqeydlik, biganəlik, biveclik
buzunu sındırmağı qarşısına məqsəd qoyan Azərbaycan məktəbini susdurmaq,
onun nümayəndələrini məhv etmək üçün nələrə əl atmamışlar: təhdidlər, təzyiqlər,
təqiblər, təhqirlər, hədələr – bunlar cəmiyyətin aşağı təbəqəsindən gəlirdi.
Sürgünlər, terrorlar, edamlar – bunları dövlət həyata keçirirdi. Azərbaycan
məktəbi, onun nümayəndələri bütün məhrumiyyətlərə, rəzalətlərə, əzab və
işgəncələrə dözür və fədakarlıqla tarixi və milli missiyasını yerinə yetirməkdə
davam edirdi. Məktəb bizdə təkcə təhsil, təlim, tərbiyə müəssisəsi olmamışdır.
Məktəb döyüş və qəhrəmanlıq meydanı olmuşdur.
Bax, belə bir ziddiyyətlərlə zəngin, maraqlı sahənin tədqiqi ilə məşğul olan
H.Əhmədov Azərbaycanın məktəb xəritəsinə zərrəbinlə baxmışdır – desək, burada
mübaliğə axtarmayın. O, ölkənin ən mötəbər mənbə və məxəzləri ilə yanaşı
Moskva, Leninqrad, Tiflis, Həştərxan, İrəvan arxiv və kitabxanalarını da ələk-
vələk etmiş, az qala əsr yarım Azərbaycan məktəbi və pedaqoji fikir tarixi ilə bağlı
sənədləri saf-çürük etmiş, təhlil süzgəcindən keçirmişdir.
Ölkəmizdə müasir tipli məktəbin yaranması, inkişafı, onların milli-mənəvi
inkişafımızdakı rolu və yeri, ilk «rus-tatar» məktəblərinin meydana gəlməsi, bu
təhsil sisteminin mahiyyəti, metodikası və s. kimi mühüm məsələlər alimin 1972-ci
ildə müdafiə etdiyi «XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi» adlı
doktorluq dissertasiyasında fundamental şəkildə işlənmişdir.
Akademik Hüseyn Əhmədovun axtarış diapozonu kimi yaradıcılıq sahəsi də
genişdir. O, Azərbaycan ədəbi-mədəni, maarifçilik, mətbuat və pedaqoji fikir
tarixində misilsiz xidmətlər göstərmiş N.Tusi, A.Bakıxanov, S.Ə.Şirvani,
M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi, S.M.Qənizadə, R.Əfəndiyev, F.Köçərli,
N.Nərimanov, Ü.Hacıbəyov və bu kimi parlaq simaların tərbiyəşünaslıq, təhsil,
məktəb, maarif sahəsindəki fəaliyyətlərini tədqiqata cəlb etmiş, ümumiləşdirmiş,
təhlil etmiş, müasir tələblər baxımından dəyərləndirmişdir. O, eyni zamanda rus və
digər xarici ölkə pedaqoqlarının, o cümlədən çex Y.A.Komenski, rus K.D.Uşinski,
A.S.Makarenko, alman İ.B.Bazedov, X.Q.Zalsman, E.X.Trap, B.B.Blaşe və
başqalarının irsini araşdırmış, ideya və baxışlarına münasibət bildirmiş, dəyərli
elmi-nəzəri qənaətlər hasil etmişdir.
232
Akademik H.Əhmədovun yaradıcılıq axtarışları bunlarla da məhdudlaşmır.
O, Azərbaycan ədəbi-mədəni, mətbu, ictimai-siyasi, maarifçilik və xeyriyyəçilik
həyatında və hərəkatında silinməz iz buraxmış «Əkinçi» qəzeti, «Nəşri-maarif»,
«Nicat», «Səadət» xeyriyyə cəmiyyətləri haqqında da araşdırmalar aparmışdır.
Akademik H.Əhmədov Azərbaycan məktəbinin yaranması və inkişaf tarixini
təkcə sənədlərdən tədqiq etməmişdir, kitabxana və arxivlərlə kifayətlənməmişdir.
O, respublikanın kənd, rayon və şəhərlərini qarış-qarış dolanmış, bir arxeoloq, bir
tarixçi kimi, az qala məktəb binalarının daş-kəsəyini də araşdırmışdır. Nəticədə
«Nuxada ilk qəza məktəbi», «Bakıda ilk qəza məktəbi», «Gəncədə ilk qəza
məktəbi», «Salyanda ilk qəza məktəbi», «Qutqaşen məktəbinin 90 yaşı var»,
«Şamaxıda ilk qəza məktəbi», «Naxçıvanda dünyəvi təhsil», «Lənkəranda ilk
dünyəvi təhsil məktəbi», «Yüz yaşlı Vəndam məktəbi», «Qubadlının 100 yaşlı
məktəbi» kimi salnamə-məqalələr ərsəyə gəlmişdi. Başqa sözlə, H.Əhmədov
Azərbaycan məktəbinin coğrafiyasını tərtib etmişdir.
Akademik H.Əhmədovun tədqiqatlarının faydası həm də ondadır ki, bu
araşdırmalar əsasında müəllif, müstəsna əhəmiyyətli dərsliklər, dərs vəsaitləri
hazırlamışdır və artıq 30 ildən də çoxdur ki, həmin mənbələr gələcək müəllimlərin
pedaqoji peşəyönümünün formalaşmasına xidmət edir.
«Pedaqogikaya giriş» (1973), «Pedaqogika tarixi kursunun mühazirələri»
(1987), 3 hissədən ibarət «Azərbaycan pedaqogika tarixindən» (1990, 1992, 1994),
«N.Nərimanovun pedaqoji fikirləri», «Azərbaycanda məktəb və pedaqoji fikir
tarixi», «XIX əsr Azərbaycan məktəbi» və onlarca digər əsəri bu qəbildəndir.
Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Təhsil
Akademiyasının akademiki, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının
akademiki, Azərbaycan Respublikasının Əməkdar ali məktəb işçisi, Azərbaycan
Respublikasının maarif əlaçısı – bunlar Hüseyn Əhmədovun ad və təltiflərinin
hamısı deyil. İlk fərqlənmə diplomundan axırıncı ali təltifə, mükafata qədər bir ad
dəyişməyib: müəllim. Bütün bunlardan sonra Hüseyn müəllimin məktəbi
«qibləgah» adlandırması çox təbii görünür.
Həm də təkcə buna görə yox. Hüseyn müəllim məktəb, pedaqoji fikir
tarixinin izinə düşəndə Xəqani Şirvanidən
Mənim könlüm müəllimdir, dizim üstü qəbistanı,
O şagirdəm ki, öyrəndim, sükut ilə əlifbanı;
Saib Təbrizidən
Küçədə torpaq ilə oynayan o oğlana bax,
Kim ki, nadandı bu dünya onu da oynadacaq;
Nizami Gəncəvidən
Elm oxuyla ovla, əgər istəyirsən təmiz şikar,
Elm ilə ov, şikar elə, ov itilə nə işin var? ;
Dostları ilə paylaş: |