52
münasibətilə «Kaspi» qəzetində dərc etdirdiyi «İsmayıl bəy Qasprinskinin
xatirəsinə» adlı yazısında («Kaspi», 1914, № 204, Cey Dağıstani) aydın görmək
olur. Ceyhun bəy 1914-cü ilin əvvəllərində Petroqradda İsmayıl bəylə görüşmüş və
bu görüş C.Hacıbəylidə böyük təəssürat oyatmışdır: «Onun işləmək ehtirası ilə
nəfəs alan simasına, canlı, ağıllı gözlərinə baxdıqca qocalıqdan uzaq, qüdrətli,
güclü səsinə qulaq asdıqca, mən öz-özümə demişdim: bax, bu insan öz zəhmətinin
bəhrəsini görəcəkdir. Və mən o zaman yanılmamışdım».
İsmayıl bəyin xəstələnməsi xəbəri bütün müsəlman dünyasını
həyəcanlandırmışdı, qəzetlər «nəhəng publisistin» səhhəti barədə xəbərlər dərc
edir, adamlar ibadət zamanı «əziz xəstənin» sağalmasını dua edirdilər. Müsəlman
mətbuatının və ictimaiyyətinin bu həyəcanı İsmayıl bəyə olan məhəbbətin təzahürü
idi. «Və həqiqətən də İ.Qasprinski kimi xadimi qiymətləndirməmək mümkün
deyildi. Özünü müsəlman sayan kəs bütün həyatını xalqa həsr etmiş, 35 il ərzində
xalqın maddi, mənəvi keşiyində durmuş insanın taleyinə laqeyd qala bilməzdi.
Özünü müsəlman sayan kəs bəzən həyata keçməyən, lakin nəcibliyini,
faydalılığını az da olsa itirməyən böyük fikir və ideyalar sahibinin ölümünə bütün
qəlbi ilə yas saxlamaya bilməzdi».
Ceyhun bəy «Tərcüman»ın redaktorunun xatirəsinə həsr etdiyi məqalədə
oxucunun diqqətini İ.Qasprinski kəlamının, nüfuzunun təkcə öz xalqı arasında yox,
bütün Rusiya, dünya müsəlmanları, Avropa mətbuatı və şərqşünasları arasında
hakim, həlledici olduğuna yönəldir: «…Onun sahib olduğu erudisiyaya nəinki
bütün dünyanın tək-tək müsəlmanları, hətta hər hansı bir avropalı həsəd apara
bilərdi». «…Şərq dünyası ilə məşğul olan Avropa mətbuatı etiraf etmişdir ki,
İ.Qasprinskinin hər bir sözü və fikri onların arasında böyük çəkiyə sahibdir».
«Onun səsini demək olar ki, bütün dünya müsəlmanları eşidirdi». «…Onun
Hindistanda, Misirdə, Türkiyədəki mühazirələrinin bəhrəsini görürük».
C.Hacıbəylinin fikrincə, İ.Qasprinski siyasətçi deyildi, siyasət məsələləri,
beynəlxalq münasibətlər, bu və ya başqa qrupun hüquqi vəziyyəti onu yalnız bir
jurnalistə lazım olan səviyyədə maraqlandırırdı. C.Hacıbəyliyə İ.Qasprinskinin
fikir və ideyaları çox yaxın, doğma idi. Odur ki, Ceyhun bəy İsmayıl bəyi
düşündürən, narahat edən problemləri, onun məqsəd və məramlarını çox məharətlə
açıqlayırdı: «Uşaq doğulduğu mühitdə öz mənsubiyyətini ən əvvəl dili ilə izhar
edir. Onu əhatə edən mühiti digərlərindən fərqləndirən dini və sair münasibətlər
hələlik uşağa məlum olmasa da, körpə başqalarından fərqini özünəməxsus vasitə
ilə – dillə bildirir».
C.Hacıbəyliyə görə, sadə və ilk baxışdan diqqəti cəlb etməyən bu amil – dil
bəşəriyyət üçün böyük və birinci dərəcəli əhəmiyyət kəsb edir. İnsanları bir-birinə
bağlayan, onlar arasında əlaqə, ünsiyyət vasitəsi rolunu oynayan dildir. Məhz bu
amil eyni dildə danışanların qohumluğuna, birliyinə dəlalət etmirmi? C.Hacıbəyli
göstərir ki, İ.Qasprinski bu fikri rəhbər tutaraq, Rusiya türklərinin dilində
«Tərcüman» qəzetinin nəşrinə başlamışdır. Qəzet bütün türklərin dilinin
cilalanmasına, ortaq varianta gətirilməsinə və birləşməsinə xidmət etməli idi.
Ceyhun bəy yazırdı: «O, (İ.Qasprinski nəzərdə tutulur – T.A.) deyirdi: Rusiya
tatarları adlandırılanlar hamısı bir ailədəndir: uyğur türk ailəsindən. Onların bir
ümumi dili var – türk dili. Ayrı-ayrı ailələrdə bu dildə baş verən dəyişikliklər, türk
53
dilinin dialektlərə bölünməsi tarixi-siyasi hadisələrin nəticəsində baş vermişdir».
İ.Qasprinskinin fikrincə, bütün türklər onlar üçün nə vaxtsa, ümumi və doğma dil
olmuş türkcədə birləşməyə çalışmalıdırlar. Böyük idealistin bu mütərəqqi, bəşəri
ideyasının həm müsəlmanlar, həm də rus şərqşünasları arasında əleyhdarları vardı.
Lakin İsmayıl bəy öz fikrindən dönmür və bu yolda fədakarlıqla çalışırdı.
C.Hacıbəyliyə görə İ.Qasprinski bu sahədə çox şeyə nail olmuşdu: «Onun
«Tərcüman»ını – Rusiya müsəlmanlarını dillə birləşdirən orqanını Volqaboyunda
və Sibirdə, Türkmənistanda və Krımda, bizim Qafqazda oxuyurlar. Və başa
düşürlər. Mərhum idealist də bunu arzulayırdı».
C.Hacıbəyli məqaləsinin sonunda göstərir ki, 32 il ərzində Rusiyanın türk
müsəlmanlarını birliyə çağıran İ.Qasprinski ölümü ilə də onları birləşdirdi. İsmayıl
bəyin vəfatı onların ümumi kədərinə çevrildi.
İllər uzunu Sovet təbliğat maşını ilə «panislamist», «pantürkist», «millətçi»
kimi ibarələrlə gözdən salınan, ideya və istəkləri xalqdan gizlədilən İ.Qasprinski
haqqında C.Hacıbəylinin yazdıqları iki cəhətdən qiymətlidir. Bu məqalə bir
tərəfdən İ.Qasprinskinin türk dünyasındakı yeri, xidməti və nüfuzu haqqında
məlumatları zənginləşdirirsə, digər tərəfdən C.Hacıbəylinin özünün mövqeyi,
idealları, məram və istəkləri barədə təsəvvürü genişləndirir.
Əlimərdan bəy Topçubaşov İ.Qasprinskinin ölümü münasibətilə yazırdı:
«İnsan kimi doğuldun, insan kimi yaşadın, insan kimi vəfat etdin». («Kaspi», 1914,
№ 204). Ə.Topçubaşovun bu sözlərini tərəddüdsüz olaraq türk dünyasının hər iki
böyük oğluna şamil etmək olar.
“Azərbaycan” qəzeti,
18 yanvar 1995
C.Hacıbəyli A.Bakıxanov haqqında
Mühacirətdən sonra da Ceyhun Hacıbəyli qələmdən ayrılmamışdır. Bu dəfə
isə öz fəaliyyətini daha çox xaricdə Azərbaycanın ədəbiyyat, mədəniyyət və
incəsənətini təbliğ etməyə yönəltmişdir. Bu mənada onun fransız mətbuatında –
qəzet və jurnallarında dərc etdirdiyi məqalələri daha çox diqqətəlayiqdir.
Cəsarətlə
mədəniyyətimizin
fədaisi
adlandıra biləcəyimiz Ramiz
Abutalıbovun Parisdən gətirərək Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə
(MDƏİA) təhvil verdiyi C.Hacıbəylinin arxivində belə sənədlər çoxdur. Onlardan
biri – Abbasqulu Ağa Bakıxanov haqqında 1934-cü ildə «İki dünyanın jurnalı»nda
dərc etdirdiyi məqalə (MDƏİA, fond 649, iş № 20) bu gün də aktual və
əhəmiyyətlidir.
Ceyhun Hacıbəyli məqalənin əvvəlində göstərir ki, Qafqaz xalqlarının
tarixinə həsr edilmiş əsərlər çox azdır. Qədim tarixçilər, xüsusilə ərəb, yunan və
farslar bu barədə təsadüfdən-təsadüfə, daha çox müdaxilə və basqınları təsvir
edərkən bəhs etmişlər. Ceyhun bəy təəssüflə yazırdı ki, biz öz tariximizi, xüsusilə
monqol müdaxiləsindən başlamış rus işğalınadək olan dövr haqqında çox az bilirik.
Dostları ilə paylaş: |