58
məcmuəsində «XVIII əsrin əvvəllərinin Azərbaycan tarixçisi Abbasqulu ağa
Bakıxanov» məqaləsi, 1933-cü ildə həmin məcmuədə «Qarabağ dialekti və
folkloru», 1930-cu ildə Londonda «Asiatie Review» məcmuəsində «Azərbaycan
mətbuatı tarixi» və b. əsərləri çap olunur. C.Hacıbəyli «Kavkaz» jurnalının fransız
nəşrinə Parisdə, «Azərbaycan» jurnalına Paris və Münxendə redaktorluq etmişdir.
Fransız dilini mükəmməl bilməsi ona bu dilə öz vətəninin folkloru, tarixi,
ədəbiyyatı, musiqisi və s. mövzularında tərcümələr etməyə, həm də bu dildə ciddi
əsərlər yazmağa, onları dərc etdirib öz düşüncələrini Qərb oxucuları ilə bölüşməyə
imkan vermişdir.
Yazıçı-publisist Qafqaz mühacir mətbuatında fəal iştirak etmiş, «La Revue
dü monde musulman» (burada o digər məqalələri ilə yanaşı, «Pervaya
musulmanskaya respublika – Azerbaydjan» əsərini çap etdirmişdir), «Le bulletin
dü comite France-Orient», «La Revue contemporaine», «La Revue Politique et
Parlamentaire», «La Revue des Jeunes», «Le Fiqaro» və s. kimi mətbu orqanlarla
birgə işləmiş, bir neçə il ərzində məşhur «La Revue de deux Mondes» fransız
jurnalının əməkdaşı olmuşdur.
C.Hacıbəyli irsini böyük həvəs və tükənməz enerji ilə araşdıran Mirzəbala
Əmrahov «Seçilmiş əsərlər»də oxuculara təqdim olunan yazıları da geniş tədqiqata
cəlb edir. O, həmin əsərlərin mövzusu, məzmunu, ideya istiqaməti barədə ciddi
elmi-nəzəri mühakimələr söyləyir, işin aktuallığı və əhəmiyyəti barədə maraqlı
mülahizələr irəli sürür.
İstedadlı tədqiqatçı M.Əmrahovun gərgin əməyi, faydalı axtarışlarının
bəhrəsi kimi ərsəyə gələn bu kitab C.Hacıbəyli yaradıcılığının, bütövlükdə
mühacirət irsinin tədqiqi sahəsində növbəti uğurlu addımdır.
“Xalq qəzeti”, 12 aprel 2006
Həsən bəy Zərdabinin vurğunu
Azərbaycanın ədəbi, mədəni, mətbu, ictimai-siyasi həyatında, ölkənin
azadlığı və müstəqilliyi uğrunda mücadilə tarixində parlaq iz qoymuş yazıçı-
publisist, tərcüməçi, diplomat, tədqiqatçı Ceyhun Hacıbəylinin bir sıra görkəmli
yazıçı və şairlərimiz haqqında yazdıqları da son dərəcə dəyərlidir, əhəmiyyətlidir
və aktualdır. Bu mənada böyük qələm sahibinin milli mətbuatımızın banisi Həsən
bəy Zərdabi haqqında qələmə aldıqları onun jurnalist fəaliyyətində xüsusi yer tutur.
«Kaspi» qəzeti ilə məhsuldar əməkdaşlıq edən C.Hacıbəyli (Dağıstani)
H.Zərdabinin həyat və fəaliyyəti ilə bağlı bir neçə sanballı, ibrətamiz məqalə
yazmışdır.
Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibəti ilə
respublika Prezidenti Heydər Əliyevin jurnalistlərlə görüşü neçə il əvvəl arxivdə
rast gəldiyim «Kaspi» qəzetində dərc olunan (1912-ci il, № 269 və 1914-cü il, №
267) Ceyhun Hacıbəylinin «Həsən bəy Məlikovun xatirəsi» və «Müsəlmanın
qeydləri» rubrikası ilə «Yeddi il» adlı məqalələrini yadıma saldı. Mənə elə gəldi ki,
görüşdə Səttar Zərdablı «Əkinçi»nin nəşr olunduğu mətbəə, H.Zərdabinin yaşadığı
59
bina, mərhumun qəbri mövzusunda danışanda qürbətdə dəfn olunan
C.Hacıbəylinin narahat ruhu o zalda idi və acı təbəssümlə deyirdi: bunları mən hələ
o vaxtlar demişdim və ümid edirdim ki, sonrakı nəsil bizim qüsurlarımızı
düzəldəcək. Təəssüf, min təəssüf…
Aktuallığını nəzərə alaraq, C.Hacıbəylinin həmin yazılarını oxucuların
diqqətinə təqdim edirəm.
Həsən Bəy Məlikovun xatirəsi
Bu gün 28 noyabrdır. Düş beş ildir ki, Qafqaz müsəlmanları Həsən bəy
Məlikovu itirmişlər.
İctimai özünüdərki, ictimai ruhu oyatmaq üçün hər bir jurnalistin borcudur
ki, hər il bu mühüm tarixi günü qeyd etsin.
Bu itkidə, bu sirli, müəmmalı misteriyada insan psixikasının, təxəyyülünün
çevik hərəkəti üçün müxtəlif mənbələr mövcuddur. Bəzən belə olur. Başçı həlak
olduqda onun döyüşçülərinə yetimlik, kimsəsizlik, köməksizlik hissi hakim kəsilir,
ruh düşkünlüyü, cəsarətsizlik sağlam düşüncəyə qalib gəlir və döyüşçülər qaçmağa
başlayırlar. Belə də olur ki, başçının ölümü döyüşçülər arasında panika yaratmır,
əksinə onları səfərbər edir, döyüşə səsləyir. Döyüşçülər başa düşürlər ki, başçı
onlar üçün müqəddəs olan ideya uğrunda həlak olmuşdur. Odur ki, bu amil
döyüşçülərin ruhunu dirildir və onlar nəyin bahasına olursa-olsun başçının
ideyasını həyata keçirməyə çalışırlar.
Biz (müsəlmanlar – azərbaycanlılar – T.A.) öz başçımızı itirəndə bu iki
hissdən hansını yaşayırıq? Bu barədə danışmayacağam – özlüyündə aydındır. 28
noyabr tarixi təkcə Həsən bəy Məlikovu itirdiyimiz matəm günü kimi yox, həm də
mənəvi borcumuzu, əqli duyğularımızı oyadan, xatırladan gün kimi yaddaşlara
həkk olunmalıdır.
Məhz buna görə də bir də təkrar edirəm ki, hər bir jurnalist hər il 28 noyabrı
qeyd etməlidir. Və bu zaman Həsən bəyin özünəməxsus frazası rəhbər tutulmalıdır:
«Bir damla su vaxt keçdikcə böyük qayanı deşir, söz də, həqiqi söz də tədricən
insanın başını deşir, nəhayət, onun beyninə işləyir, ona təsir edir».
Həsən bəyin bütün ömrü öz xalqının tərəqqisinə həsr olunmuşdur, ictimai
hərəkatın, həyatın bir çox sahələri də onun xatirəsi ilə bilavasitə bağlıdır.
Mərhumu xatırlatmaq – onun adı ilə sıx bağlı olan bir sıra ictimai məsələlərə
toxunmaqdır.
İndi biz – mədəniyyətsiz ataların mədəni övladları hər hansı xeyirxah ictimai
məqsədlə keçirilən tədbir zamanı qarşıya çıxan azacıq maneəyə rast gələn kimi
qaynar xörəkdən ağzı yanan adamın görkəmi ilə geri çəkilir və oradan uzaqlaşırıq.
Bizdə başlanan işi başa çatdırmaq üçün mətinlilik, mənəvi qüvvə, qüdrət çatmır.
Biz yalnız birinci səddə kimi gələ bilirik. Bundan əlavə, bizim ambisiyamız,
«mən»imiz digər hisslərimizə üstün gəlir. «Mən»in uğrunda biz şücaət də göstərə
bilərik, kollektiv fəaliyyətin məhsulunu alt-üst də edə bilərik.
Bizim qurbanlar ictimai həyatın nəfinə bundan o yana keçmir.