64
M.P.Vaqifin ələ düşən əşarının məcmuəsi»ni (Bakı, 1908-ci il, «Təzə həyat»,
Kaspi mətbəəsi, 115 səh.) çap etdirmişdir.
Alovlu publisistin «İrşad», «Həyat» qəzetlərindəki sanballı yazıları
dövrünün qabaqcıl ziyalıları arasında böyük əks-səda doğurmuşdu. Ümumiyyətlə,
Haşım bəy Vəzirov onuncu illər ədəbiyyatı və mətbuatında nüfuzlu, qüdrətli söz
sahibi idi.
Arxivdə işlərkən istedadlı qələm sahibi, Azərbaycan ədəbiyyat və
mədəniyyətinin böyük təbliğatçısı və təəssübkeşi C.Hacıbəylinin (Dağıstani)
H.Vəzirovun vəfatı ilə bağlı «Kaspi» qəzetinin eyni nömrəsində çap etdirdiyi iki
yazısı diqqətimi cəlb etdi. Həmin yazıların oxucu və ədəbiyyatşünaslar tərəfindən
maraqla qarşılanacağını, aktuallaşdığını nəzərə alıb onu diqqətinizə təqdim edirəm.
Xalq xadiminin xatirəsi
Amansız ölüm Qafqaz müsəlmanlarının (azərbaycanlılarının – T.A.)
cərgəsindən bütün həyatını qəlbən sevdiyi xalqının tərbiyəsi və tərəqqisinə həsr
etmiş görkəmli ictimai və maarif xadimlərindən birini apardı.
Haşım bəyin öz xalqı qarşısında xidmətləri böyükdür. Təəssüf ki, mərhumun
sağlığında onun fəaliyyəti layiqli təhlilini və qiymətini almamışdır.
Hətta indi, Haşım bəyin ölümündən sonra belə, mərhumun öz xalqı
qarşısındakı xidmətlərini araşdırmaq, layiqincə dəyərləndirmək çətindir. Lakin
gələcəkdə Qafqaz azərbaycanlılarının həyatını araşdıracaq tədqiqatçı fakt və
materialları topladıqda Haşım bəyin adını xalq xadimlərinin siyahısında fəxri
yerlərdən birinə yazacaqdır.
Nəinki digər həmvətənlər arasında, hətta azərbaycanlılardan bir çoxları üçün
də Haşım bəyin adı qaranlıqda qala bilər. Onu olsa-olsa, kiçik bir qəzetin təvazökar
bir redaktoru kimi yada salarlar.
Lakin vaxt gələcək Haşım bəyin xidmətləri, öz xalqının maraqlarını,
mənafeyini qorumaq nöqteyi-nəzərindən rəngarəng, faydalı fəaliyyəti geniş kütləyə
məlum olacaq, o zaman onun adı tarixə düşəcəkdir.
Ola bilər ki, öz xalqının marağı məsələsində Haşım bəyin bəzən də ümumən
qəbul edilən prinsiplərdən fərqli öz mövqeyi, öz baxışları var. Lakin məhz bu
keyfiyyətləri, cəhətləri onun müstəqil, orijinal, yaradıcı istedad, zəngin zəkalı
natura olduğunu sübut edir.
Odur ki, heç bir opponent cəsarət edib onun öz xalqını sevmədiyini deyə
bilməz. Amma bu fikrin əksini hər kəs söyləyə bilər: Haşım bəy öz xalqının
fanatikidir və bu fanatik sevgi naminə o, hər cür fədakarlığa hazır olmuşdur, o, hər
cür fədakarlıq etmişdir.
Xalqına olan səmimi və hərarətli məhəbbəti sayəsində Haşım bəy özünün
son dərəcə böyük səyi, sözün həqiqi mənasında ecazkar enerjisi ilə, heç nəyi
olmadan və heç kəsdən təmənna ummadan yüksək mövqeyə çatmışdı. Xalq
mənafeyi tələb edərkən, o, tərəddüd etmədən bu mövqeyini qurban vermiş, şəxsən