89
çətinlik nə qədər çoxdursa, bu işin şirinliyi də bir o qədər artıqdır» - deyən
E.Ozaydın çəkir. Elçin həyatını «milli vətəndaş xidməti»nə həsr edən həmvətəni
ilə qürur duyduğunu, onunla fəxr etdiyini gizlətmir, qəlbində oyanan xoş hissləri
oxucu ilə bölüşür: «…heç kim onu məcbur etmir ki, sən min bir əziyyətlə, həm də
əlinə keçən bütün xırda-xuruş paranın hesabına «Həmşəhri» qəzeti çıxar; bu,
müqəddəs və qüdrətli bir duyğunun nəticəsidir».
1979-cu ildən İstanbulda nəşrə başlayan «Xəzər» aylıq «Ədəbiyyat
dərgisi»nin (sahibi Həmid Turan, yazı işləri müdiri Kamal Güngörən, məsləhətçisi
Xavər Aslanqızı, texniki katibi Cumhur Turan) başlıca məqsədi 1-ci nömrəsində
verilmiş proqram məqaləsində deyildiyi kimi, Azərbaycan ədəbiyyatı və
mədəniyyətini tanıtmaq, köklü, klassik ədəbiyyatımızı türk oxucularına
sevdirməkdir. Jurnal xəbər verir ki, oxucular dərgidə Azərbaycan ədəbiyyatı
haqqında elmi-nəzəri araşdırmalarla yanaşı, klassik və çağdaş şeir və nəsrimizdən,
folklordan gözəl və dolğun örnəklərlə də tanış olmaq imkanı tapacaqlar. Bu xoş
xəbərlərlə öz oxucusunu müjdələyən Elçin haşiyəyə çıxır və təəssüflə bildirir ki,
Türkiyədə Azərbaycan ədəbiyyatı az çap olunur, az tədqiq və təbliğ edilir. Elçin 32
səhifəlik jurnalın ilk 3 nömrəsinin demək olar ki, bütün materiallarını təhlil edir,
yüksək dəyərləndirir.
Oçerk müəllifi Türkiyədə Azərbaycana olan marağı gizlətmir, əksinə bunu
gur səslə bəyan edir: «onlar Azərbaycanla maraqlanır desəm, əslində heç nə
deməmiş oluram; onlar bizim həyatımızla yaşayırlar…». Etiraf edək ki, SSRİ-nin
ideoloji və hərbi (NATO – Varşava) düşməni olan bir ölkədəki həmvətənlər
haqqında belə mehr-məhəbbətlə söz açmaq böyük cəsarət və Vətən sevgisi tələb
edirdi. Elçin Türkiyəyə, «müasir mədəniyyətin mərkəzi» İstanbula sevgisini
gizlətmir. Zəngin Osmanlı tarixinə müraciət edir, oxucunu «Topqapı», Aya-Sofiya,
Süleymaniyyə məscidi, muzeylər, məşhur türk memarı Sinanın yaratdığı nadir
incilərlə tanış edir.
İnformasiya ötürücülərinin – onlarca teleradio kanallarının, yüzlərlə qəzet,
jurnalın, kitabların, xüsusi ilə internet xidmətinin sədd-sərhəd tanımadığı, üstəgəl
Azərbaycan-Avropa, o cümlədən Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə
vüsət aldığı indiki zamanda «dəmir pərdə» dövrünün qayda-qanunlarını
xatırlamaq, mənzərəsini təsvir etmək belə ağırdır…
Elçin Türkiyə həyatının ən müxtəlif sahələrindən, fərqli mövzulardan qürur,
fəxarət, sevgi hissi ilə yazır: Türkiyə tarixi. «1921-ci il yanvar ayının 10-da İnönü
kəndinin yaxınlığında 15 minlik türk ordusu 60 minlik, dövrün ən yeni silahları ilə
silahlandırılmış, arxasında Antanta dayanmış yunan ordusunu darmadağın etdi və
bu, türk milli-azadlıq hərəkatının gələcək parlaq qələbələrinin başlanğıcı oldu; 15
minlik, demək olar ki, silahsız, ərzaqsız, sursatsız türk ordusu azadlıq
ideallarından, milli qürur hissindən qüvvət alaraq bir daha sübut etdi ki, qəsbkarlıq
öz mahiyyəti etibarı ilə ölümə məhkumdur».
Rəssamlıq. «Türkiyə karikaturası müasir dövrdə dünyanın ən yüksək bədii-
estetik səviyyəli karikaturalarından biridir. Mən İstanbul Karikatura Muzeyində
«İnsan hüququ» mövzusunda açılmış karikatura sərgisinə baxdım və uzun müddət
bu sərginin təsiri altında qaldım».
90
Kino. «… «onuncu sənət» başqa ölkələri olduğu kimi, Türkiyəni də fəth
etməyə başladı və hazırda Türkiyə hər il 250 bədii film istehsal edən və 300 xarici
filmi türk dilinə dublyaj edən bir kino ölkəsidir: burasını da qeyd edim ki,
Türkiyədə ilk milli film (xronika) 1914-cü, ilk bədii film (komediya) 1917-ci ildə
çəkilmişdir».
Ədəbiyyat. «Bugünkü türk ədəbiyyatı, bir tam halında və sözün yüksək
mənasında, özünü ifadə və təsdiq edə bilən bir ədəbiyyatdır». «Müasir türk
ədəbiyyatı bir küll halında öz xalqını tanıyan, onun həyatına, arzularına, təbiətinə
bələd olan psixoloji bir ədəbiyyatdır». «Türkiyədə uşaq ədəbiyyatı çox inkişaf
etmiş və geniş yayılmışdır: poliqrafiya və tərtibat baxımından nəfis şəkildə
buraxılan uşaq kitabları çox çap olunur, çox satılır və çox oxunur».
Atatürkə məhəbbət və əlifba islahatı: «Türkiyədə dini fanatiklərin, eləcə
də həmişə hər cür yeniliyə qarşı çıxış edən reaksiyanın kəskin müqavimətinə
baxmayaraq, Atatürkün polad iradəsi ərəb əlifbasını latın əlifbası ilə əvəz etdi və
bu, əhalinin savadlanmasında əhəmiyyətli rol oynadı». 70-80-ci illərin gəncləri bu
sətirlərin sevgisi ilə sehrlənmiş və onların qəlbinə Türkiyəyə məhəbbət közü,
qığılcımı düşmüşdür.
Elçinin Nazim Hikmətə, Əziz Nesinə, Yaşar Kamala olan sonsuz sevgisi
ötən əsrin 70-80-ci illər oxucusuna sirayət etmişdir. Ümumiyyətlə, oçerk türk
ədəbiyyatı tarixi və müasir dövrü barədə məlumatlarla zəngindir. Bu da təbiidir.
Səfər Yazıçılar İttifaqı tərəfindən təşkil edilmişdir və nümayəndə heyəti Türkiyə
Yazarlar Sindikasının dəvəti ilə Türkiyədə qonaqdırlar. Məqsəd müasir türk
yazıçıları, mədəniyyət xadimləri ilə tanışlıq və ən müxtəlif problemlər ətrafında
fikir mübadiləsidir. Maraqlıdır ki, müəllif səfərin məqsədi barədə məlumat
verərkən bura «hər birimizin bir yazıçı kimi fərdi marağımız» sözlərini də əlavə
etmişdir. Elçinin «fərdi marağı» təbii ki, «ictimai və milli mənafe» anlamındadır və
bu maraq ədəbi-bədii, sənət çərçivələrilə məhdudlanmır. Məhz buna görə də oçerk,
əslində Türkiyənin bütün mənzərəsi – ictimai-siyasi, iqtisadi, tarixi, ədəbi-mədəni
həyatına bir işıq salır. Bununla belə, türk ədəbi mühiti əsərdə daha geniş əksini
tapmışdır.
Elçin türk ədəbi nümunələrini dünya, o cümlədən Azərbaycan ədəbiyyatı ilə
müqayisədə təhlil edir, maraqlı və qəti qənaətə gəlir: vicdanlı ədəbiyyat. Elçin
Atatürkün Tofiq Fikrət haqqında söylədiyi «bütün həyatı boyu yalnız öz vicdanının
sözünə baxan bir şair» fikrini o dövrdə yaşayıb yaratmış bir çox türk yazıçı və
şairlərinin xarakterik cəhəti kimi xüsusi qeyd edir və yazır ki, onuncu illərin sonu,
iyirminci illərin əvvəllərində türk milli-azadlıq hərəkatı və bu hərəkatın rəhbəri
Atatürk qabaqcıl türk ədəbiyyatının böyük mənəvi dayağını hiss etmişdir.
Diqqətçəkəndir ki, müəllifi cəmiyyətin müxtəlif təbəqələrinin fikirləri də
düşündürür. O, fəhlədən, taksi sürücüsündən, şəhər bələdiyyəsinin əməkdaşından
da hansı əsəri oxuduğunu soruşur. Polis nəfərinin, məmurun Nazim Hikməti
oxuyub-oxumadığı ilə maraqlanır. Elçinin Nazim Hikmət sevgisi suyu gözünə
sığmayan, daim çağlayan bulağa bənzəyir: aşıb-daşır. Gah bu qüdrətli türk şairini –
«hündür boylu, sarışın, göy gözlərindən işıq və hərarət saçan yaraşıqlı insanı» ilk
dəfə gördüyü günü və heç vaxt unutmadığını xatırlayır, gah Gülxanə parkında
ceviz ağacı axtarır, tapmayanda içdən kədərlənir, gah bugünkü Türkiyədə
Dostları ilə paylaş: |