92
ədəbi söhbəti eyni təsir bağışlayır. Burada da oxucu ərəb dünyasının bir parçası
Tunisin tarixi və müasir görkəmli simaları, yerli əhalinin məşğuliyyəti barədə çox
maraqlı, yaddaqalan məlumatlar alır. Müəllifin də yazdığı kimi, otellərin gəldi-
gedəri nömrələrində, Əbdülrəhmanın sürdüyü maşında, Mustafagilin hər küncü
yazmaqdan, qələm işindən xəbər verən, başdan-başa yazıçı ovqatı ilə nəfəs alan
evində, Tunis Mədəniyyət Nazirliyinin, Ədəbiyyat departamentinin keçirdiyi rəsmi
tədbir və yığıncaqlarda, Tunis Yazıçılar Birliyində, eləcə də ölkənin görkəmli
yazıçı və ədəbiyyatşünasları – Nurəddin Səmmudla, Ömər ben Salemlə, professor
Mühəmməd Fantarla, Mədəniyyət İşləri üzrə Milli Komitənin rəisi Ömər Süxeyri
və bir çox başqaları ilə bədii ədəbiyyatın predmeti, müasir dövrdə oynadığı rol və
vəzifələri barədə geniş söhbətlər, ədəbi mübahisələr canlı, ehtiraslı dillə nəql edilir
və böyük maraq doğurur.
«Dyula Çak ilə söhbət» adlı oçerki həm Macarıstana səfər, həm də macar
ədəbiyyatına – onun tarixinə və bu gününə səyahət adlandırmaq olar. Müəllif
oçerkdə Budapeştlə bağlı ilk təəssüratını, - «Yevropa» nəşriyyatı tərəfindən macar
dilində «Gümüşü furqon» adı ilə kitabının nəşri haqqında xəbəri oxucu ilə
məmnunluqla bölüşdükdən sonra söhbəti orijinal forma ilə davam etdirir:
«İştirakçılar: Dyula Çak, mən, tərcüməçimiz və mənim dostum Adam, bir də
ki, maqnitofon.
Məkan: Budapeşt. Macarıstan Yazıçılar İttifaqı.
Zaman: 27 yanvar 1983. Saat 10
30
».
Bu cür təqdimatdan sonra sərhədsiz sənət-ədəbiyyat mövzusunda iki
yazıçının maraqlı mübahisəsi başlayır. Ədəbi cərəyanlar, mövzu, forma, söz
sənətinin həyata təsiri, ədəbiyyatda milli, bəşəri problemlər, əsl sənətin
göstəriciləri kimi məsələlər ətrafında ciddi müzakirələr dünya, Azərbaycan və
Macarıstan ədəbiyyatının klassiklərinin irsindən nümunələr gətirilməklə aparılır.
Fikir mübadiləsi nə qədər qızğın, ehtiraslı olsa da, qənaətlər bir o qədər dolğun və
yaxındır: «…hər bir yazıçı qələmi ilə ağ kağızın üzərində yalnız özünü deyil, eyni
zamanda, özü ilə birlikdə öz xalqını da ifadə edir»; «Milliliyin fövqündə bəşərilik
olmadığı kimi, cəmiyyətin də fövqündə, ümumiyyətlə, ədəbiyyat yoxdur»;
«Ədəbiyyatın vətəndaşlığı… həmin ədəbiyyatın milliliyindən asılıdır»; «Elm
təbiəti, xarici aləmi dərk və izah edir, ədəbiyyat isə, - söhbət istedaddan gedir! –
insanın daxili dünyasını dərk və izah etməlidir»; «Tənqid bir tərəfdən ədəbiyyatı
dərk etmək üçün oxucuya köməklik göstərməlidir, digər tərəfdən isə dünyanı dərk
etmək üçün yazıçının özünə köməklik göstərmək iqtidarında olmalıdır»; «Yazıçı
sözü oxucu üçündür. Tənqidçi isə öz sözünü həm oxucuya, həm də yazıçıya
deməlidir»; «…formaya etinasız yanaşmaq da, formaya aludə olmaq kimi
zərərlidir» və s. və i.
… «Başqa bir şəhərdən gəlmiş bir impressario zırpı bir kişini bazar başında
qurduğu səhnəyə çıxarıb camaata
göstərir, tərifləyir ki, ay camaat, bu kişi dünyanın
ən böyük pəhləvanıdır, dünyada bundan güclü məxluq yoxdur, bir dəfə bir öküzün
buynuzlarından yapışıb yerə mıxlayıb, bir dəfə də yumruğu ilə kəlin belini sındırıb,
bir dəfə də filan işi görüb. Bazardakı adamlardan heç kəs onların yanında ayaq
saxlamır, hərə öz işi ilə məşğul olur. İmpressario yanından ötən bir nəfəri saxlayıb
soruşur ki, mən bu şəhərə belə bir məşhur pəhləvan gətirmişəm, niyə heç kim