97
Sonradan ədəbiyyat tarixinə «60-cılar» kimi düşəcək şair və yazıçılar bir
tərəfdən həmin dövrdə baş verən ictimai-siyasi proseslərin nəticəsi kimi yetişir,
meydana çıxırdılarsa, digər tərəfdənsə, özləri həmin dəyişikliklərin qidalandırıcısı,
sürətləndiricisi qismində iştirak edirdilər. Ədəbiyyat ideoloji silahdan, cəmiyyətin
siyasi taleyini həll edən alətdən fərdin xarakter, hiss, fikir və duyğularının bədii
tərənnümü olan söz sənətinə çevrildikcə sətirlər cəmiyyətə nüfuz edən, ona hakim
kəsilən təbii gücə, qüvvəyə dönür. Milli nəyi varsa, hamısının – dili, adət-ənənəsi,
həyat və düşüncə tərzi, psixologiyası üzərinə kölgə salınmış oxucu, sovet rejiminin
əsarət və inhisarından çıxmaq üçün çapalayan ədəbiyyatı narahatlıqla izləyir,
kitabları sətiraltı, yaxud məcazi məna
tapmaq eşqi, həvəsi ilə vərəqləyir.
Ədəbi anlamda «60-cılar» riyazi onluqda nəzərdə tutulan çərçivəyə sığmır.
Azərbaycanda «60-cı illər ədəbiyyatı» istilahı adı altında anlaşılan yeni ədəbi
mərhələnin rüşeymləri 50-ci illərin sonunda əmələ gəlmiş, 60-cı illərdə
formalaşmağa başlamış, 70-ci illərdə ən məhsuldar dövrünü yaşamış, 80-ci illərin
ikinci yarısınadək – yenidənqurma və aşkarlıq siyasətinin elan edildiyi dövrədək
davam etmişdir. Bu, Azərbaycan sovet və ümumiyyətlə Azərbaycan ədəbiyyatı
tarixində mövzusu, forması, ideyası, dili, üslubi sənətkarlığı ilə fərqli bir
mərhələdir, onun spesifik xarakteristikası var.
Bu dövr ədəbiyyatının yaradıcılarından və aparıcılarından biri Xalq yazıçısı
Elçindir. Elçin tarixi baxımdan 60-cı illərin əvvəllərindən ilk yaradıcılığa başladığı
üçün yox (həmin vaxt yazanların, yaxud yazmağa başlayanların hamısı «60-cılar»
ədəbi nəslinə mənsub deyil ki!), yeni ədəbi hərəkatın və həyatın öndərlərindən
olduğuna görə, 60-cılardan sayılır. 60-cılar əslində inqilabçı yox, islahatçı, bir
qədər obrazlı desək, körpüsalanlardır. Onlar sovet dövründə (!!!) rejimin ötən
illərində qırılmış milli ədəbi rabitəni, eybəcər hala salınmış, təftiş olunmuş
ənənələri bərpa etdilər. Ədəbiyyatı sənətə çevirdilər.
Elçinin qəhrəmanları yaradıldığı tarix baxımından ehkamçı və totalitar
sosialist realizmin ərsəyə gətirdiyi obrazlarla çox yaxındır. Amma bu qəhrəmanlar
milli xarakter, düşüncə tərzi, hiss və duyğuları, davranış və danışığı ilə daha çox
M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev, Mirzə Cəlil personajları ilə
qohumdurlar. Sovet dövründə qələmə alınmış Baladadaş (Baladadaşın ilk
məhəbbəti) sovet ədəbiyyatının kolxozçu, komsomol, kommunist, qırmızı papaq
qəhrəmanlarından ruhən və mənən Novruzəliyə (Poçt qutusu) daha doğmadır.
Xatırlanan hekayələrin mövzu, məzmun, süjet, kompozisiya, obrazların reallığı,
dinamikliyi, elə lap dil, üslub fərqlərindən xeyli danışmaq olar, lakin kamil bədii
sənət nümunəsi olan bu hekayələri birləşdirən tellərin təbii və möhkəm olduğu
fikrinə yəqin ki, etiraz edən olmaz. 60-cı illər ədəbi nəslinin bu xidməti – milli
klassik ədəbiyyatla varisliyin bərpası probleminin araşdırılması, dəyərləndirilməsi
müasir ədəbiyyatşünaslığın yeni, həm də aktual vəzifələrindəndir…
Sosialist realizminin ehkam və çərçivələrini darmadağın edən Elçin və
qələmdaşları yeni tip əsərləri ilə, belə demək mümkünsə, ədəbiyyatı öz işi ilə
məşğul olmağa vadar etmiş, milli ənənələrlə çağdaş mədəniyyətin vəhdətindən,
sintezindən parlaq sənət nümunələri yaratmışdır.
Üç il əvvəl Elçin ilk yaradıcılığından ötən 32 il ərzində qələmə aldığı 40-a
yaxın hekayəni «Baladadaşın ilk məhəbbəti» adı altında nəşr etdirmişdir (Bakı,